“Heç kəs AXH-yə ləkə yaxa bilməz” - İSGƏNDƏR HƏMİDOV

“Heç kəs AXH-yə ləkə yaxa bilməz” - İSGƏNDƏR HƏMİDOV

“Hərəkat sona qədər davam edəcək”

Azərbaycan Xalq Hərəkatının sonuncu iclasında qarşıdurmalar yaşanıb. Belə ki, sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının hərəkatın İdarə Heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.

İ.Həmidov bunun ardından T.Abbaslının Hərəkatın İdarə Heyətindən uzaqlaşdırılması təklifini verib. Sabiq nazir arqument kimi T.Abbaslının gənc və yaşlı siyasətçilərlə bağlı verdiyi açıqlamanı və digər partiyalarla görüşməsini göstərib. T.Abbaslı təklifin əleyhinə çıxaraq, bunun Hərəkatın əsasnaməsinə zidd olduğunu bildirib. İ.Həmidovun təklifi keçməyib və AXH-nin dönəm sədri İdarə Heyətinin üzvü kimi qalıb.

AXH-nın növbəti iclasında baş verənlərdən görünür ki, İdarə Heyətində “təmziləmə” işləri aparılır və bu, davam edəcək. Əslində, bu Hərəkatın yaranması prosesində çox səhvlərin və burada hakimiyyətə yaxın qüvvələrin olduğunu etiraf edənlərin olması da bunu göstərir ki, hələ də Hərəkatda kənar qüvvələrin müdaxiləsi var. Çox güman ki, bu baxımdan, Hərəkatın “sağlamlaşdırılmasına” ehtiyac görürlər. Xatırlayırsınızsa, istiqlalçı deputat Hacıbaba Əzimov “Hürriyyət”ə açıqlamasında etiraf etmişdi ki, bu AXH-nin yaranması prosesində çox səhvlər oldu: “Xalq Hərəkatının içində də adını müxalifət qoyan hakimiyyətyönlü qüvvələr mütləq var. Elə bir qurum, partiya yoxdur ki, orada hakimiyyətin nümayəndəsi olmasın, hamısında var. Özlərini ən qatı, radikal müxalifət kimi göstərirlər, müəyyən partiyaların tərkibində iştirak edirlər, amma əslində, hakimiyyət tərəfindən göndərilmiş adamlardır. Hamısında, o cümlədən bu Hərəkatda da hakimiyyətyönlü adamlar var. Amma belə olan halda belə, bu Hərəkat çox iş görə bilər. Çünki onlar azlıqdır, çoxluq deyil və onlar əsas söz sahibi ola bilməzlər, ona imkan verilməməlidir. Çünki biz tanıyırıq kim kimdir, hansı təşkilatın, partiyanın əsl niyyəti nədir, hakimiyyətlə hansı əlaqələri var, yaxşı bilirik. Ona görə, mən istərdim ki, onlar bu Hərəkata daxil olmasın, amma təəssüf ki, oldular”.

Azadlıq Partiyasının sədri Əhməd Oruc da “Hürriyyət”ə demişdi ki, hər bir hərəkatda süzgəc daha böyük gözlü olur, ona görə buradan sızma, yəni Hərakata daxil olma imkanları çox genişdir: “Kimə deyə bilərsən ki, Hərəkata qatılma. Tutaq ki, deyə bilərsən, mən Azərbaycanı düşünürəm, deyər, mən səndən də çox Azərbaycanı istəyirəm və burada olmaq istəyirəm. Ona görə, onlara ilkin mərhələdə məhdudiyyət qoymaq olmur. Bu səbəbdən də, hakimiyyət bütün təşkilatlarda ya öz nümayəndəsini yerləşdirir, ya da içəridə bir az iradəcə zəif olanları, hanısısa məsələdə hakimiyyətin əlində quyruğu olan insanları özünün tərəfinə çəkib, onlardan istifadə edə bilir. Açığı, indiki Hərəkatda da bu cür görsənişlər var. Ancaq bu görsənişlər Xalq Hərakatını döndərməyə, məcrasından çıxarmağa kifayət etmir, ayrı yola aparmaq gücündə deyillər”.

Açığı, Hərəkat daxilində hanısısa məsələdə hakimiyyətin əlində maşa olan insanların olacağı təqdirdə AXH-nın növbəti iclaslarında da qarşıdurmaların yaşanması istisna deyil. Lakin Hərəkatın formalaşması prosesinin getməsi zaman alır ki, bu da Hərəkatın fəaliyyətinə xeyli zərbə vurur. Əslində, Hərəkat daxilində qarşıdurmların yaradılması özü də elə buna xidmət edir. Bu baxımdan, Hərəkatın rəhbərliyi süzgəcdən keçmə prosesini daha çevik addımlarla atıb, Hərəkatın fəaliyyətini daha səmərəli işlərə sərf etsə, daha doğru olardı.

Əslində, biz İdarə Heyətindən kənarlaşdırılan yaxud kənarlaşdırılması nəzərdə tutlan siyasilərin hakimiyyətyönlü olmasını deyə bilmərik. Amma Hərəkat daxilində qarşıdurmanın yaşanması Hərəkatın zəflədilməsi məqsədilə olduğu birmənalıdır. Ümid edək ki, Xalq Hərəkatını belə qarşıdurmalar zəiflətməyəcək, xalqın hərəkatı kimi fəaliyyətini davam etdirəcək.

“İsgəndər Həmidov arqumentlərini əsaslandıra bilmirdi”

Bu arada, Ağ Partiya sədri Tural Abbaslı sabiq daxili işlər naziri İsgəndər Həmidovla aralarında baş verən narazılıqdan danışıb.

T.Abbaslı “Report”a açıqlamasında deyib ki, İsgəndər Həmidov onu təmsil olunduqları Azərbaycan Xalq Hərəkatından çıxarmaq istəyir.

Onun sözlərinə, hərəkatın sonuncu iclasında İsgəndər Həmidov hərəkatdan çıxarılmağını təklif edib: “O bildirdi ki, Tural Abbaslı hərəkata daxil olmayan partiyaların rəhbərləri ilə görüşlər keçirir, müzakirələr aparır. Sonra dedi ki, guya mən müsahibələrimdə yaşlı siyasətçilərin geri çəkilməsini istəmişəm. Mən də ona cavab olaraq dedim ki, hərəkatın Əsasnaməsində bu cür hallara görə xaric edilmə nəzərdə tutulmayıb. Kiminlə görüşürəmsə, qərarı özüm verirəm, hər bir partiya rəhbəri bunu edə bilər. Burada gizli nə var ki? Ağ Partiyanın başqanıyam, hansısa hərəkatın adından çıxış etməyə ehtiyacım yoxdur. Müsahibələrimdə dediyim fikirlər də xaric edilməyimə səbəb ola bilməz. Onun arqumentləri absurd idi, heç cür əsaslandıra da bilmirdi. İsgəndər Həmidovla aramda gərginlik yaşandı. Səsvermə zamanı onun təklifi keçmədi”.

O bildirib ki, İsgəndər Həmidova xüsusi aqressiyası yoxdur, münasibət işçi qaydadır.

T.Abbaslı Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının Xalq Hərəkatından xaric edilməsinə də münasibət bildirib: “Səbəb onun fəaliyyətinin Xalq Hərəkatına ziyan vurması göstərilib. Konkret olaraq fikir budan ibarət idi ki, ikigedişli fəaliyyət ziyanlıdır, ona görə də Nemət Pənahlı xaric edilməlidir, bu da səsverməyə çıxarılaraq qəbul olundu. Mən isə bu məsələdə bitərəf qalmışdım”.

İsgəndər Həmidov Tural Abbaslını vurmaq istəyib?

Yeri gəlmişkən, mətbuat yazır ki, AXH-nin sonuncu toplantısında İ.Həmidovla T.Abbaslı arasında qarışıqlı ittihamlar səslənib: “T.Abbaslı sabiq naziri hər yerdə hərəkatın adından danışmaqda və həbsdən çıxan sabiq səhiyyə naziri Əli İnsanova "ağsaqqalım" deməkdə ittiham edib. Nəticədə, gərginlik daha da artıb və hər iki siyasətçi əlbəyaxa dava həddinə çataraq, üz-üzə belə gəliblər. Üç saat davam edən iclasda gərginlik sona qədər davam edib”.

“O mübahisələr iş prosesində olan şeydir”

AXH-nın gərgin keçən növbəti iclası ilə bağlı sabiq daxili işlər naziri İsgəndər Həmidov “Hürriyyət”ə dedi ki, Hərəkat davam edir: “Hərəkat sona qədər davam edəcək. Hərəkat qarşısına qoyduğu məqsədinə nail olacaq. Burada ikinci söhbət ola bilməz. O mübahisələr iş prosesində olan şeydir. Heç kəs Hərəkata ləkə yaxa bilməz. Bu, Hərəkat xalqınkıdır. Xalq aparıcı qüvvədir və xalq da qalib gələcək”.

“Hərəkat yaranandan bəri orada hökumətə yaxın olan adamların olması ilə bağlı fikirlər səslənir. Belə adamlara loyal münasibət göstərilirsə, ciddi nailiyyət əldə etmək mümkündürmü” sualına İ. Həmidov belə cavab verdi: “Orada hökumətə loyal sən kimi nəzərdə tutursan? Mən bilmirəm axı, hələ onu hiss etməmişik, hiss etsək, xüdahafizləşəcəyik”.

Şamo EMİN, Hurriyyet.org

P.S İstiqlalçı deputat Hacıbaba Əzimov və Azadlıq Partiyasının sədri Əhməd Oruc Hərəkatın daxilində hakimiyyətyönlü qüvvələrin olduğunu hiss edirsə, deməli, İsgəndər Həmidov da o adamların kim olduğunu bilir. Sadəcə, keçmiş daxili işlər naziri əlavə söz-söhbətə yol açmamaq üçün “hələ onu hiss etməmişik”, - deyir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA