“Həmin günlərdə bizi institut müəllimlərindən yeganə müdafiə edən Zəfər müəllim oldu” - Eldar SABİROĞLU

  • 2019-01-29 23:41:33
  • |

“Həmin günlərdə bizi institut müəllimlərindən yeganə müdafiə edən Zəfər müəllim oldu” - Eldar SABİROĞLU

Bu gün hörmət və ehtiramla andığım müəllimim Zəfər Quliyevin vəfatının üç ili tamam olur. Politoligiya İnstitutunda o, bizə - Mehman Cavadoğluna, Fəxrəddin Abbasa və mənə dərs demiş, həm də əziz müəllimimizlə dost olmuşduq. Çox etibarlı, dəyərli, əqidəsinə və prinsiplərinə sadiq bir şəxsiyyət idi. Biz institutu bitirdik, Mehman, Fəxrəddin Müsavata, mən isə YAP-a yol açdıq. Partiyalarımız ayrı olsa da, tələbəlik illərinin səmimiyyətini qoruya bildik. Zəfər müəllimin dünyadan köçdüyünün üç ili tamam olduğu xəbəri də mənə Fəxrəddin bir statusu ilə çatdırdı. Unudulmaz müəllimimizin institutda baş verən hadisələr zamanı bizə dayaq durduğu anlar gəlib yadıma düşdü və bu yazını da onun xatirəsinə həsr etməyi ozümə borc bildim:

Fəxrəddin Abbasla bir-birimizi tələbəlik illərindən tanıyırıq. Mehman, o və mən Politologiya İnstitutunda bərabər oxumuşuq. O zaman bu ali məktəb Sov. İKP. MK-nın kurasiyasında idi. Burada gürcülər və ermənilər də təhsil alırdılar. Dövr Azərbaycanda xalq hərakatı illərinə təsadüf etdiyindən institut xüsusi nəzarətə götürülmüşdü. Moskvadan və bizim Mərkəzi Komitədən "hörmətli" şəxslərin biri gedib biri gələrdi. Erməni tələbələrə məxsusi diqqət göstərilirdi. Onları göz bəbəyi kimi qoruyurdular. Biz üçlükdə bir özək yaradaraq institutun Moskva MK-nın tərkibindən çıxarılması mübarizəsinə qoşulduq və bu barədə xüsüsi bəyanatla çıxış etdik. Ardıycan da institutda tətil elan edərək tələbələrin iştirakı ilə ümumi yığıncağın keçirilməsinə nail olduq. Bir həftə ali məktəbin fəalliyyəti dayandırıldı. Tələbə yoldaşlarımızın dəstəyi institut rəhbərliyi daxil olmaqla Azərbaycan Mərkəzi Komitəsinin böyük narahatlığına səbəb olmuş və vəziyyətin nizamlanması üçün V.Polyaniçkonun rəhbərliyi ilə yaradılan nəzarət qrupu bizi təqib etməyə, məktəbdən və partiyadan xaric etməklə hədələməyə başlamışdı. Bütün bunlar heç eynimizə də deyildi, əksinə, mübarizə əzmimizi bir az da artırırdı. Vəziyyətin gərginliyini nəzərə alan rektor rəhmətlik Tofiq Köçərli Mehmanı, Fəxrəddini və məni qəbul edərək institutda nizam-intizamı bərpa etməyi tələb etdi. Ədəb çərçivəsini aşmamaqla mövqeyimizdən geri durmayacağımızı rektora bildirdik. Bundan sonra institutun partiya komitəsinin katibi Oktay Əliyevin yanına dəvət edildik. Görüşdə indiki deputat, Vəzirovun, Mütəllibovun adamı olan, sonradan müsavatçıya və alovlu Əliyevçiyə çevrilən Rasim Musabəyov də iştirak edirdi. İnsafən, Oktay müəllim üzərimizə elə də gəlmirdi. Musabəyovun bizi kommunist partiyasına xəyanət etməkdə və respublikanı qarışdırmağa yönəlik pozucu fəaliyyət aparan klana xidmət göstərməkdə ittihamına dözməyib partkomun kabinetini tərk etməyə məcbur olduq və rəhmətlik Əbülfəz Elçibəyin şəxsi tövsiyəsi ilə institutda Xalq Cəbhəsinin özəyini yaratdıq və dərhal da cəbhə təşəbbüsümüzü qeydiyyata aldı. İnstitutun fəalliyəti demək olar ki, tam iflic duruma düşmüşdü. Məktəbi bitirənədək tədris prosesi bu cür davam etdi. Fəxrəddin Abbasın Zəfər müəllimi xatırlaması məni bu qeydləri qələmə almağa sövq etdi. Həmin günlərdə bizi institut müəllimlərindən yeganə müdafiə edən Zəfər müəllim oldu. Allah ona qəni-qəni rəhmət eləsin..!

 

Eldar SABİROĞLU

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA