Hər dövrün öz memarına verdiyi qiymət... - II HİSSƏ

  • 2019-05-14 14:31:01
  • |
  • Tarix /

Hər dövrün öz memarına verdiyi qiymət... - II HİSSƏ

Tarixdə hər xalq öz qəhrəman oğullarının fədakarlıqları ilə tanınıb. Belə qəhrəman oğullar hansı zamanda, hansı məkanda olur olsun rastlaşdıqları mövcud reallıqlar qarşısında iradə, əzm göstərib öz xalqlarını düşdükləri çətin vəziyyətdən xilas etmək üçün qətiyyətli addımlar atıblar.

Belə qəhrəmanların öz zamanlarında xilas etmək istədikləri xalqın başqa nümayəndələri tərəfindən düzgün anlaşılmasalar, düzgün qiymətləndirilməsələr də onlar səbr və dözüm nümayiş etdirərək başladıqları işin sonunu gözləmiş və gələcək üçün yaratdıqları quruluşun həqiqi və xalqının gələcəyi üçün vacib olduğuna ümid etmişlər.

Hərdən öz dövrlərində və bir qədər keçdikdən sonra qəbul edilməyən belə qəhrəmanlıq göstərən insanlar 30 – 40 il və ya daha da çox keçdikdən sonra öz xalqları və bütün bəşəriyyət üçün gördükləri işlərə görə hörmət və ehtiramla yada düşürlər və öyrənilməyə başlanılırlar. Belə bacarığa, yaradıcılığa və idarəçiliyə malik istedad sahibi olan kişilər öz xalqının bütün xırda və gərəksiz şıltaqlıqlarına dözərək başladıqları mübarizəni Vətənə sevgi, məhəbbətlə sona çatdırmağı özlərinə borc biliblər.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/her_dovrun_oz_memarina_verdiyi_qiymet)

...M.Ə. Rəsulzadənin onun barəsində sözləri də yaddaşından silinməmişdi: “Vaxtilə məni Azərbaycan Fövqəladə Komissiyasında işdən çıxarıb Zaqafqaziya su təsərrüfatı idarəsinə işə göndərəndə Rəsulzadə mənim “qurbanlarımdan” söz açmışdı. O, fürsəti fövtə verməyib, özünün “Yeni Qafqasya” jurnalında yazırdı ki, Azərbaycan xalqının cəlladı Mir Cəfər Bağırovu su təsərrüfatına başçı qoymuşlar. Zənn edirəm ki, Zaqafqaziya çaylarının suları ona Azərbaycan oğullarının qanına bulaşmış əllərini yuyub təmizləməkdə kömək edəcəkdir”.

Mən, Mir Cəfər Bağırov, Müsavat liderinin haqqımda dediyi sözləri heç vaxt qəbul etməmişəm və indi də, həbsdə ikən də rədd edirəm. Nağıllardakı məktub aparan bir quş yuxuma girsəydi, ürəyimin dərinliyində saxladığım sözləri kağıza köçürərdim, nağıl quşunun qanadına bağlayıb, Türkiyəyə, Ankara şəhərinə göndərərdim. Rəsulzadəyə yazardım. Yazardım ki, Emin bəy, bil və agah ol. Mən də sənin kimi Azərbaycandan uzaqdayam. Səni Bakıda Bayıl türməsindən Stalin çıxarıb aparmışdı. Məni isə “Stalinçi” olduğum üçün Bakıdan - iş başından Samaraya gətirmişdilər. Emin bəy, əvvəla, mənim əllərim heç vaxt nahaq qana batmayıb. Zaqafqaziya su idarəsinə ona görə başçılıq etmişəm ki, düşmənlərimiz xalqımızın qanını su yerinə axıtmasın. Rica edirəm, gələcəkdə nəşr olunacaq kitablarında düzəliş edəsən. Əgər mən də sənin kimi mühacirətə üz tutsaydım, Azərbaycanda yenə birinci partiya rəhbəri erməni və ya rus olacaqdı. O zaman Azərbaycanda azərbaycanlı qalmayacaqdı. Azərbaycanda azərbaycanlıların kökünü kəsəndən sonra səni də orada asanca məhv edəcəkdilər. Emin bəy, bil və agah ol ki, sonbeşik oğlun Azər 1946-cı ildə Qazaxıstandan Bakıya gələndə, buradan sovet qoşunları içərisində Təbrizə gedəndə, ermənilər onu məhv edəcəkdilər. Əgər sənin “cəllad” adlandırdığın Mir Cəfər olmasaydı...

Emin bəy, bil və agah ol ki, Azər oğlun sağ və salamat Qazaxıstanda yaşayır, rəssamlıqla məşğuldur. Üzünü görmədiyin nəvələrindən birisi Naxçıvanda, o birisi Bakıdadır. Onlardan da xəbərim var. Emin bəy, bil və agah ol, sənin kimi mənim üçün də Azərbaycan xalqı nəhəng bir ailə kimidir. Ziyalısı da, bisavadı da, kommunisti də, bitərəfi də, azadəlikdə olanı da, zindana salınanı da...mənə indi, Azərbaycandan uzaqda həmişəkindən daha əzizdir.

...Mir Cəfər Bağırov bir şeyi bilmirdi. Bilmirdi ki, iki həftə əvvəl, 1955-ci il martın 6-da M.Ə. Rəsulzadə dünyasını dəyişmişdir. Nəriman Nərimanov vaxtilə yazmışdı: “Biz Azərbaycanda elə vəziyyət yaratmalıyıq ki, Sovet hakimiyyəti süngü ilə deyil, kütlələrin şüurluluğu ilə müdafiə olunsun”. Təəssüflər olsun ki, bu sözlər elə müəllifin arzusu kimi arxivlərdə qaldı. Sovet reallığı yalnız və yalnız süngü gücünə özünü müdafiə etdi və bəşəriyyətə də meydan oxumaq xəyalına düşdü. Süngü ilə hakimiyyətini saxlayan dövlət isə mütləq nahaq qanlar tökəcəkdir. Buna görə də Azərbaycanda kütləvi qırğınları və repressiyaları bir rəhbərin - Mir Cəfər Bağırovun adına bağlamaq ən azı ədalətsizlikdir. Azərbaycanda repressiyaların ilk qurbanı elə Nəriman Nərimanovun özü olmuşdur. 1917-ci ildən başlayaraq ta SSRİ dağılanadək, bu repressiyalar davam etmişdir, xalqımızın, eləcə də digər türk xalqlarının ən yaxşı oğulları erməni və rus şovinistlərinin əli ilə aradan götürülmüşdür. Bağırovun dövründə Qriqoryan, Markaryan və yemelyanovların qanlı əməllərini sonralar Qdlyan və İvanov Özbəkistanda təkrar etmişdir. Şıxəli Qurbanovun stomatoloq kreslosunda, Maqsud Əlizadənin ali məktəb prorektoru kabinetində, Ziya Bünyadovun yaşadığı mənzilin üç - dörd addımlığında...qətlə yetirilməsində məgər Mir Cəfər Bağırov günahkardır? Süngü ilə qorunan sovet rejimi öz sərhədlərini aşaraq Kubaya, Şərqi Avropa ölkələrinə, Əfqanıstana da sirayət etmişdi. Əsrimizin sonlarında bu qəddar rejim süqut etsə də, keçmiş SSRİ ərazisindən çəkilib getməmişdir. Çünki bu rejimin dünən də, bu gün də ancaq və ancaq gözəgörünməz idarə mərkəzi vardır - ermənipərəst Kreml !

Zaman ən vicdanlı hakimdir deyirlər. Əsrimizin sonlarında Azərbaycan xalqının nicatı barədə təkcə Məhəmməd Əmin Rəsulzadənin dedikləri həqiqətə çevrilməkdədir: “Gələcək - millətlərin süngü gücü ilə yapma rejimə boyun əydirmənin deyil, milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan istiqlalçılığındır”. Əgər M.Ə. Rəsulzadənin banisi oldugu Azərbaycan Xalq Cümhuriyyəti “rus süngüsü” ilə devrilməsəydi, “milli hakimiyyətə, haqqa və hürriyyətə dayanan” bir cəmiyyətdə müxtəlif siyasi düşüncəli soydaşlarımız bir - biri ilə “süngü” davası aparmazdı. Yeni nəsil köhnə nəsillərə məzar qazıb, “Ölülər” bağlarında “Gülüstan” sarayları qaldırmazdı. Onda Cümhuriyyətdə Nərimanovlara da, Mir Cəfər Bağırovlara da iş şəraiti yaradılmış olardı...

1956-cı ilin aprelində respublika mətbuatı səhifələrində bayram əhval - ruhiyyəli materiallar dərc olunmaqda idi. Daha düşünmürdülər ki, xalqımızı dilsiz - ağızsız kütlə halına salmışdılar. Mir Cəfər Bağırovu müdafiə edəcək adamlar ağızlarına su almışdılar. Haqsızlığın tüğyan qopardığı “süngü” cəmiyyətində başqa cür də ola bilməzdi. Təkcə Ordubad şəhərindəki 1 saylı orta məktəbin onuncu sinif şagirdi Əbülfəz Əliyev həyəcanını gizlətməyərək sözünü açıq demişdi. Xəbərçilər bunu məktəbin müdiriyyətinə çatdırmış və Əbülfəzi müəllimlər otağına çağırıb onu Mir Cəfər Bağırovu müdafiə etmək fikrindən daşındırmaq üçün xeyli zəhmət çəkmişdilər. Lakin nə orta məktəb müəllimləri, nə də ali məktəb professorları Əbülfəzi “Sovet adamı” edə bilməmişdilər. Universitetin Şərqşünaslıq fakültəsinin tələbəsi ikən ona dərs deyən alimlərdən biri orta məktəbin müəllimlər otağındakı “təkmilləşdirməni” davam etdirmişdi: “DTK-da fikir yaranıb ki, sənin gizli təşkilatın var, bir proqram da hazırlamısan”. Bu dəfə müzakirə nəticəsiz qalmadı. 1971-ci ilin yanvarında onu həbs etdilər. Qaradağ dustaqxanasında “tərbiyə olundu”. Ancaq yenə də əqidəsindən dönmədi, “Sovet adamı” olmadı. Misirdə mütərcim işlərkən, Xruşşovun Kipr məsələsində qeyri - obyektiv mövqeyinə öz münasibətini bildirmişdi. Hətta görüş zamanı onunla əl uzadıb görüşməmişdi də. Bakıya qayıdanda Xruşşovu təhqir etdiyinə görə onu DTK-da hədələmişdilər. Brejnev hakimiyyətə gələndən sonra çoxları Əbülfəzə haqq qazandırdılar. Gənclik illərində başına gələnləri xatırlayan Əbülfəz Elçibəy özünün “Deyirdim ki, bu quruluş dağılacaq” kitabında yazır: “Bir düşmənim vardı – imperiya ! Qalanları onun zavallı xidmətçiləri idi.”

Füzuli Baratov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA