“Hərbi xuntaçılar”ın İrəvanda hakimiyyəti devirmək PLANI

  • 2019-05-11 11:56:51
  • |
  • Region /

“Hərbi xuntaçılar”ın İrəvanda hakimiyyəti devirmək PLANI

Nikol Paşinyan özündən əvvəlki iqtidarların səhvlərini düzəltmək üçün demokratik addımlar atmaq siyasətini gündəmə gətirib

Bu il aprel ayının son həftəsində ötən il seçkilərində parlamentin xaricində qalan Daşnaksütyun Partiyası real hakimiyyətə qarşı yeni bir inqilab, yəni dövlət çevrilişi siyasətini gündəmə gətirməyə başlamışdır. Daşnaklar iddia edirlər ki, baş nazir Nikol Paşinyanın apardığı siyasi kurs Ermənistanın və dünya ermənilərinin maraqlarına xəyanət deməkdir. Ona görə də, daşnaklar parlamentdə təmsil olunan partiyalardan “Çiçəklənən Ermçənistan” və “Maarifçi Ermənistan”la ortaq işbirliyinə getməklə, mövcud koalisiya hakimiyyətini çökdürmək planlarını işə salmağa çalışır. Elə ilk addım kimi hakimiyyətə qarşı kütləvi etimadsızlıq ideyasını irəli sürübdür.

1998-ci ilin hərbi xuntasını gündəmə gətirmək çabası

27 oktyabr 1999-cu il tarixdə Ermənistan parlamentində qızğın müzakirələrin getdiyi bir zamanda Daşnaksütyun Partiyasını təmsil edən bir qrup terrorçu “jurnalist” adı altında salona daxcil olaraq deputatlara, nazirlərə və jurnaistlərə avtomat silahlardan atəş açdılar. Beləliklə dövlət çevrilişi baş tutdu. Olay zamanı parlamentin sədri Karen Dəmirçiyan və baş nazir Vazgen Sərkisyan, vitse spikerlər Yuri Baxşiyan və Ruben Miroyan, deputat Armen Armenakyan, operativ məsələlər üzrə nazir Leonard Petrosyan Ermənistan Elmlər Akademiyasının akademiki və deputat Mikael Kotanyan aldıqları güllə yarasından yerindəcə həlak oldular. Digər deputat və “Ayastan” (Ermənistan) qəzetinin baş redaktoru Henrik Abramyan aldığı güllə yarasından və infarktdan təcili yardım maşınında dünyasını dəyişdi. Həbs olunan terrorçular tələb ediblər ki, prezident Robert Köçəryanla görüşmək istəyirlər. Araşdırmalar zamanı bəlli olub ki, terrorçular Daşnaksütyun Partiyasının üzvləridirlər. Dağlıq Qarabağda Azərbaycan Respublikasının ərazilərinin işğalında yaxından iştirak ediblər. Komandirləri Ropbert Köçəryan olubdur. Halbuki, 1991-1998-ci illərdə ölkə prezidenti olmuş Levon Ter-Petrosyanın hakimiyyəti dönəmində bu partiyanın fəaliyyəti yasaq edilmişdi. Dünya Birliyi bu terror aksiyasını lənətləyən qərarlar qəbul etsə də, Ermənistanda bu dönəmdə hakimiyyətə gələn və 2018-ci ilə kimi ölkəni idarə edən “hərbi xunta” öz bildiyini davam etdirdi. Bu illər ərzində Ermənistan hərbi xuntanın rəhbərliyi altında “qara bazar” şərtləri daxilində yönləndirildi. Hərbi xuntanın başında duranlar Qarabağda əlində silah Azərbaycan dövlətinə qarşı döyüşənlərdən ibarət idi. Çünki, daha öncələr qanuni prezident Levon Ter-Petrosyan mətbuat konfransı keçirərək (sentyabr, 1997-ci il) belə demişdi: “Biz o zaman yaxşı yaşaya biləcəyik ki, Qarabağ konflikti Azərbaycanın ərazi bütövlüyü şərtləri daxilində həll olunsun. Yoxsa Ermənistan daim blokada şəraitində qalacaq”. Ertəsi gün Robert Köçəryan Levon Ter-Petrosyanla görüşərək irəli sürdüyü bu təkliflərdən imtina etməsini tələb etdi. 2000-ci illərdən etibarən İrəvanda hakimiyyətdə olan hərbi xuntaya qarşı əhalidə kəskin nifrət hissləri oyanmağa başladı. Çünki, hərbi xuntaçılar effektiv idarəetmə siyasətini apara bilmirdilər. L.T. Petrosyan 1 noyabr 1997-ci ildə dərc etdirdiyi “Hərb və sülh. Zaman daha ciddi sınaqlarla bizi üz-üzə qoyacaq” adlı məqaləsində bunları da etiraf etmişdi: “Ermənistan bir neçə ildən sonra Qarabağı əlində saxlaya bilməyəcək. Ona görə ki, biz böyük səhvlərə yol verdik”. R. Köçəryan isə prezident seçildikdən sonra onu Fransa hökuməti rəsmi dəvət etdi və başa salmağa çalışdılar ki, mərhələli şəkildə olsa da, Ermənistana məxsus hərbi qüvvələr Qarabağdan çıxmalıdır. Əgər belə olmazsa, Ermənistanı daha böyük fəlakətlər gözləyir. R. Köçəryan rəsmi Parisin bu təklifindən imtina etdi. 2018-ci il parlament seçkilərinə qatılan Daşnaksütyun Partiyası demək olar ki, seçicilərin 5 faiz səsini toplaya bilmədi. Digər yandan Robert Köçəryan, Serj Sərkisyan, Bako Saakyan, Arkadi Qukasyan və onların çevrəsindəki cəlladlar Qarabağda nə qədər qan töküblərsə, bu gün İrəvanda belə, həmin addımları atmaq üçün Daşnaksütyun Partiyasının əli ilə həyata keçirmək planını cızırlar. Ona görə də, terrorizmi dəstəkləyən və siyasi avantüralara rəvac verən bu partiyaya ümid edirlər.

Hakimiyyətə etimadsızlıq hədəfləri gündəmə gəlir

Nikol Paşinyan özündən əvvəlki iqtidarların səhvlərini düzəltmək üçün demokratik addımlar atmaq siyasətini gündəmə gətiribdir. Ermənistanın demokratik ölkə imicini yaratmaqla beynəlxalq birliyin maraqlarını sərgiləməklə bir sıra addımlar atır. Rüşvət və traybalizm prinsiplərini və hərbi xunta qaydaları ilə idarəetməni aradan qaldırmaqla göstərdiyi təşəbbüslər zahiri baxımdan müəyyən effektlər yarada bilibdir. Təkcə əldə edə bilmədiyi uğurlardan biri Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü şərtləri daxilində həll olunması məsələsidir.
Ölkədə hərbi xuntanın tör-töküntüləri mövcud koalisiya hakimiyyətini çökdürmək üçün “Çiçəklənən Ermənistan” və “Maarifçi Ermənistan” partiyalarının bu anlaşmaları bir kənara qoymasını tələb etməyə başlayıb. Durumun bu həddə çatmasının ardından təbii olaraq, hakimiyyətin böhranı ortaya çıxacaq. Beləliklə ölkə yeni seçkilərə getmək məcburiyyətində qala bilər. Daşnaklar ilk öncə əməkdaşlıq etmək istədikləri siyasi partiyaların parlamentdəki deputatlarının mandatlarından imtina etmələri şərtini irəli sürübdür. Onlar dünya ermənilərinin maraqlarını təmsil etmək iddiası ilə yenidən siyasi arenada gündəmə gəlməyi hədəf seçdiklərini heç gizlətmirlər də. Buna görə də siyasi baxımdan bütün avantüralara hazırdırlar. Eks prezident Serj Sərkisyanın dəstəyi ilə 2007-ci il parlament seçkilərində daşnaklar 16 deputatla təmsil olunmuşdu. Bu partiyanın çiçəklənən dövrü isə, Robert Köçəryannın iqtidarı çağına təsadüf edir. Serj Sərkisyanın iqtidarı çağında isə rəhbəri olduğu “Respublika Partiyası” ilə hakimiyyət ortağına çevrilmişdi.
Bu gün Nikol Paşinyan Daşnaksütyun Partiyasının hədəflərini yaxşı bildiyi üçün onları yaxın buraxmır. Ona görə ki, artıq bu partiyanın dünya erməni diaspor təşkilatlarında hər hansı bir etimadı qalmayıb. Daşnakların hal-hazırda əsas dayaqları Livan, İran və Suriya tipli ölkələrdir. ABŞ, Kanada, Fransa, İspaniya və digər inkişaf etmiş ölkələrdə erməni diasporu terrorçu imicini qazanmış bu partiyaya dəstək verməyə çox ehtiyat edirlər. Ruysiya, Ukrayna, Belorus və digər postsovet ölkələrindəki erməni diasporunun sosial yaşam tərzi fəlakətli durumda olduğu üçün, onlar daşnaklarla mənəvi həmrəyliyi göstərə bilirlər. Baş nazir N. Paşinyan durumun bu həddə çatdığını görərək xaricdəki erməni işadamları ilə daşnakların iştirakı olmadan görüşlərə qatılır və bir sıra təkliflərini asanlıqla irəli sürür. Bu da daşnakların konfrantasiyaya getmələrinə səbəb olan amillərdən biridir. Daşnaksütyun Partiyası qarşılaşdığı problemlərdən yan keçmək üçün İrəvanda güc nümayiş etdirməyə çalışır. Bunun üçün də mümkün qədər hakimiyyətin istefaya göndərilməsi yollarını arayır. N. Paşinyan Rusiya və Qərblə münasibətlərin balansını tənzimləmək xəttini götürməklə ölkəyə yatırımları cəlb etməyə çalışır. Ancaq, o da bəllidir ki, Qarabağla bağlı BMT-nin, Avropa Birliyinin və Avropa Şurasının dəstəyi ilə qəbul edilmiş beynəlxalq qərarlara görə Ermənistana hələ də ən yüksək səviyyədə yatırımların qoyulması mümkün deyil. Daşnaklar yaranmış şəraiti öz maraqları çərçivəsində yorumlamaqla inqilabi-romantik duyğuları dilə gətirərək məxməri deyil, birbaşa inqilab etmək ideyalarını sərgiləyirlər. Siyasi proseslərdə ön səhnəyə çıxmaq üçün, son aylar fəaliyyətlərini və təbliğatlarını gücləndiriblər. “Mifik böyük Ermənistan” ideyasını dövriyyəyə gətirmək iddialarını artıq Argentina tipli ölkılərdəki erməni diasporu qəbul etmək istəmir. O zaman sual olunur: “Daşnakar bu gün hansı mənbədən güc alırlar?” Bunun cavabını ötən ilin aprel ayında keçirilən parlament seçkilərinin ardından “Daşnaksütyun Partiyası”nın mərkəzi qərargahının Tehrana köçürülməsi, sonra Suriya və Livanda mövqelərini gücləndirmək üçün atdıqları addımlara nəzər yetirmək gərəkdir.

Tehran molla rejimi və daşnaklar

2018-ci il aprel ayında Ermənistanda keçirilən parlament seçkilərində Daşnaksütyun Partiyası ağır məğlubiyyətə uğradıqdan sonra, 130 illik tarixində ilk dəfə olaraq bu terror təşkilatı mərkəzi qərargahını İranın başkəndi Tehrana köçürdü. Çünki, İraq, Suriya, İran və Livandakı qara bazarda silah, narkotika və insan orqanlarının transplantasiyası üzrə ixtisaslaşmış daşnaklara bu gün dünyanın inkişaf etmiş ölkəsindəki erməni diasporu yaxın durmur. Bununla yanaşı, Suriyanın Hələb, Qamışlı və digər bölgələrində İran molla rejiminə bağlı “Hezbollah”çı terror birləşmələrinin yanında yer alan erməni silahlı çetelərinə daşnaklar nəzarət edirlər. O da bəllidir ki, Hələb-İrəvan aviareyslərinin fəaliyyət göstərməsinin sirri də bundadır. İrəvanda mövcud rejimi devirmək üçün atılan addımlar məhz buna hesablanıbdır. Tehrandakı siyasi analitiklərinn fikrincə, Azərbaycan Respublikası Avropa Birliyi və NATO ilə əməkdaşlığı genişlənəcəyi təqdirdə, Qarabağ və ətraf rayonların azad edilməsi prosesləri güclənəcəkdir. Beləliklə İrana qarşı beynəlxalq koalisiyanın sınırları genişlənə bilər. Bu gün İrəvanda daşnakların mövcud iqtidarı təhdid etmək, müxalif partiyaları öz tərəfinə çəkmək, hərbi xunta qanunlarını bir daha tətbiq etmək kimi siyasi hədəfləri həm də Tehrandakı molla rejiminə sərf edən amilllərdən biridir. Tehranda bu ideyanı demək olar ki, inkar etmirlər. Prezident Həsən Ruhani “İslam İnqilabının 40 illiyi” törənlərində açıq şəkildə olmasa da, örtülü formada Güney Qafqazla bağlı hədəflərində bu amilə xüsusi diqqət yetirdiklərini ifadə etmişdi. Onun Qarabağ probleminə işarə etdiyi üstüörtülü çıxışından ruhlanan daşnaklar məhz bu amilə görə fəallaşıblar. Çünki, Tehran rejimi ilə daşnakların maraqları 1991-1994-cü illərdə olduğu kimi üst-üstə düşür.

Qondarma Dağlıq Qarabağ “rejimi” ilə isti münasibətlər

Avropa Birliyi və NATO-nun Güney Qafqazda münaqişəli ocaqların sülh yolu ilə qısa zamanda çözülməsi üzrə bir sıra təklifləri vardır. Bu yöndə Gürcüstan, Ermənistan və Azərbaycan iqtidarları da bilgilidirlər. Gürcüstan “Abxaziya” və “Güney Osetiya” yönündə problemlərin çözümü adına bəzi addımları da atıbdır. Ermənistanın yeni iqtidarı olaraq Nikol Paşinyan və komandası da demokratik təsisatlar adı ilə ümumi prinsiplərə razı olduqlarını dolayı yolla ifadə etməyə başlayıblar. Etnik münaqişələri alovlandırmaq və buna “xristian-islam qarşıdurması” rəngini qatmaq, “xalqların öz müqəddaratını təyin etmək” tipli hoqqalarla Qarabağ düyününün çözümünə mane olmaq üçün Tehran molla rejimi də qollarını çırmalayıb. Çünki, Azərbaycan Respublikasında istədikləri ssenari və planların hamısı iflasa uğramaqdadır. Din pərdəsi altında və “milli azlıqları” etnik bölücü siyasətlərə sürükləmək kimi hədəfləri də boşa çıxıbdır. O da bəllidir ki, 2005-ci ildən sonra qondarma Dağlıq Qarabağ rejiminə beynəlxalq erməni diaposundan gözlənilən maliyyə yardımları ilbəil azalmaqdadır. Ona görə də, Tehran rejimi Xankəndi, Şuşa və digər işğal altındakı bölgələrimizdə ermənilərlə işbirliyini gücləndirməklə hərəkət edir. Cəbrayıl rayonunun Xudafərin körpüsünün yanında “Su Elektrik Stansiyası”nın, beton körpünün və digər infrastrukturların inşasında İran molla rejimi maliyyə dəstəyi veribdir. Hal-hazırda Xudafərin körpüsü vasitəsilə Xankəndindəki terrorçu rejim Tehranla ciddi işbirliyinə malikdir. Azərbaycanın işğal edilmiş ərazilərindəki bütün təbii sərvətlər 25 ildir istismar olunaraq Xudafərin körpüsü vasitəsilə İrana daşınır. Əldə olunan gəlirdən isə, qondarma Dağlıq Qarabağ rejimi faydalanır. İraq və Türkiyədə axtarışda olan PKK, YPG və digər terror qruplaşmalarının sığınacaq məkanına çevrilməsində qondarma Dağlıq Qarabağ rejimi ilə yanaşı, Tehran molla hakimiyyəti də məsuliyyət daşıyır. Bu hədəflər həm də daşnakların maraqlarının təmin edilməsi deməkdir. Fikrimizcə Avropa Birliyi və Azərbaycan arasında gözlənilən növbəti anlaşmaların nəticəsində 25 illik həsrətə son qoyulmasının zamanı yaxınlaşıbdır. Çünki, beynəlxalq “İpək Yolu”, yeni “Enerji Dəhlizi” və digər strateji hədəflərə görə artıq zaman itirməyin dönəmi çoxdan başa çatıbdır.

Ənvər BÖRÜSOY, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA