Həyatına film çəkildi, qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın “Fəryad”ı (FOTOLAR)

Həyatına film çəkildi, qızı anasını öldürdü, özünün meyiti tapıldı – Döyüşçü Mehmanın “Fəryad”ı (FOTOLAR)

Əsirlikdə qaldı, işgəncələr gördü, sağ qurtuldu, evində tənha öldü… Həyatına film çəkildi, film kimi həyat yaşadı

Qarabağ müharibəsinin qazisi Mehman Hüseynov 1959-cu ilin sentyabr ayında Bakıda dünyaya gəlib.

O, Milli Ordumuzun ilk hərbi hissələrindən birində – Şıx batalyonda döyüşə yollanan birinci könüllülərdən olub. Hüseynov adı çəkilən batalyonda tağım komandiri olub.

1991-ci ilin dekabrında Qarabağın Kərkicahan qəsəbəsində Mehmanın tağımı düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, o zaman hərbçilərimizin silah-sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, onun özü və bir neçə nəfər yaralı vəziyətdə düşmənə əsir düşüb.

Əsirlikdən qurtulduqdan sonra Mehman Hüseynov

O əsirlikdən qurtulduqdan sonra müsahibəsində bunları deyib: “22 nəfərlə Kərkicahan qəsəbəsini ermənilərdən qorumağa gələndə, onlar bizim posta bütün gücüylə hücum etməyə başladılar. Gecədən səhərə qədər mövqelərimizi aramsız atəşə tutdular. Bizdə texnika yoxuydu, yalnız avtomat vardı. Qəsəbəni böyük qüvvə ilə mühasirəyə aldılar. Qaçmağa imkanımız vardı, amma postu qoyub getmədik. Ümid bəsləyirdik ki, kömək gələcək. 3 saata yaxın mühasirədə qaldıq. Əsgərlərin bəziləri atılan mərmilərdən həlak oldular, çoxusu yaralandı. Özümə 2 güllə dəydi. Ağır yaralandım. Patronlarımız qurtardıqdan sonra 9 nəfər əsir düşdük. Bizi əvvəlcə Xankəndinə milis şöbəsinə apardılar. Birinci gün vəhşicəsinə döyürdülər. Sonra əynimizdə nə var çıxartdılar, çılpaq halda həbsxanaya apardılar. Hərəmizi tək-tək kamerala saldılar. 3 gün nə su, nə yemək verdilər. Ancaq gəlib dindirmək və döyməklə məşğul idilər. Bir nəfər döyülməkdən həlak oldu. O qədər zərbə vurmuşdular ki, sifəti tanınmaz hala gəlmişdi. Moskvadan böyük bir qrup deputat, Almaniyadan, İngiltərədən zabitlər, müxtəlif təşkilatlardan nümayəndələr, jurnalistlər gəlirdilər. Onlardan yarım saat əvvəl kameraya girib avtomatı başımıza tuşlayıb xəbərdarlıq edirdilər ki, artıq-əskik söz desək, bizi güllələyəcəklər. Nümayədələr, deputatlar gələndə bizdən soruşurdular “sizi burada döyürlər” biz “yox” cavabı verəndə üzümüzdəki, kameradakı qanı görüb hər şeyi başa düşürdülər. Bilirdilər ki, məcburuq yalan danışmağa”.

“Fəryad” filmi, aktyor-rejissor Ceyhun Mirzəyev və Mehman Hüseynov

Mehman Hüseynovun döyüş yolu və əsir düşdüyü epizodlar sonralar istedadlı rejissor Ceyhum Mirzəyevin ekranlaşdırdığı “Fəryad” filminə salınıb, o, bu ekran əsərinin baş qəhrəmanının prototipi olub.

Qarabağ qazisi 55 yaşında 2015-ci ilin may ayında tənha yaşadığı mənzilində vəfat edib. Onun meyitini dostları aşkar ediblər. Belə ki, M.Hüseynovun telefon zənglərinə cavab vermədiyini görən dostları polislə onun evinə gəliblər, qapını sındırıb, mənzilə daxil olublar. Məlum olub ki, müharibənin od-alovundan keçmiş qazi Mehman tənha yaşadığı mənzilində keçinib.

Məryəm Namədzadə

Onun şəxsi həyatına gəldikdə deyə bilərik ki, burada da xoşbəxtlik qazinin üzünə gülməyib. Mehman iş qadını olan həyat yoldaşı Məryəm Namədzadədən ayrılıb. O, 2016-cı ildə amansızlıqla qətlə yetirilib. Namədzadə yaşadığı məzildə aldığı 43 bıçaq zərbəsindən sonra keçinib. Rəsmi məlumata görə, onun ölümündə qızı Günel Hüseynova və bacısı oğlu Nicat Eyvazov günahlandırılaraq istintaqa cəlb olunublar.

Günel Hüseynova

Sağlığında bizneslə məşğul olan qazinin həyat yoldaşı iş dünyasında “Qızıl Məryəm” kimi tanınıb.

M.Namədzadə həmçinin ölümündən illər əvvəl paytaxtda göydələn tikdirib. Məlumata görə, bu işdə ona əri Mehman Hüseynov xüsusi köməklik göstərib. O, həyat yoldaşına yeni bina tikilməsində dəstək versə də, sonradan onların münasibətləri soyuqlaşıb və Qarabağ qazisi evi tərk etməli olub.

Qarabağ qazisi Mehman Hüseynov Bakının Maştağa kəndində dəfn edilib.

Samir Mirzə
Minval.info

P.S: Mətndə olan məlumatlar yerli mediaya istinadla yazılıb.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA