“Heydər Əliyevin hədiyyəsini qəbul etmədim” - HEYDƏR OĞUZ

“Heydər Əliyevin hədiyyəsini qəbul etmədim” - HEYDƏR OĞUZ

“Lap erkən yaşlarımdan içimdə bir azadlıq yanğısı vardı...”

“...13 yaşımdan gizli təşkilatlarda fəaliyyət göstərirdim”

“Mən “birşeyşünas” olmaq istərdim, amma qismət elə gətirib ki, “hərşeyşünas” olmuşam”

“Hürriyyət”in “Səmimi söhbət” rubrikasının ilk qonağı bu günlərdə 50 illiyini qeyd edən şair, publisist, araşdırmaçı jurnalist Heydər Oğuzdur.

Yəqin ki, Heydər bəyin məqalələri, eləcə də şeirləri ilə tanış olan, şair kimi dəst-xəttinə, jurnalist kimi yazı üslubuna pərəstiş edən oxucularımız az deyil. Biz isə bu yazımızda onun tanınmayan tərəflərini oxucularımıza təqdim etmək istəyirik.

Şəxsən mən Heydər bəyi son dərəcə səmimi, sadə, təvazökar və abırlı bir insan kimi tanıyıram. Adamla danışanda elə ehtiyatla danışır, sözləri elə ehtiyatla seçir ki, sanki müsahibini incitməkdən qorxur.

Amma zahiri yumşaqlığı ilə yanaşı, dəmir qətiyyəti ilə də seçilir Heydər Oğuz. İllərdir layiqli qiymətini ala bilməməsinin, böyük ailəsi ilə birgə iki darısqal otaqda yaşamasınını səbəbi də elə çoxlarına xoş gəlməyən qətiyyəti, haqsızlıqla barışmamağı, sözünü şax üzə deməyidir. Onun şeirləri, publisistik yazıları ilə tanış olanlar Heydər Oğuz qələminin kəsərinə heyrandır.

Heydər bəyin illər öncə oğlu Nicata ünvanladığı “Oğlum” şeirində onun düşüncələri, daxili dünyası, həyat kredosu tam aydınlığı ilə ifadə olunub.

Elə bir ölkədə məskən salmışıq,

Halı ürək yaxar, qəlb dağlar, oğlum.

Namərdlər əlində girinc qalmışıq,

Namərdlər çağıdır bu çağlar, oğlum.

Mərdlər bu dünyadan binəsib gedər,

Qəbrinin üstündən yel əsib gedər.

Yaxşılar dünyadan tələsib gedər,

Pislərsə dünyada üz bağlar, oğlum

Sənə- “namərd ol” da deyə bilmirəm,

“Qəlbimə dərd ol” da deyə bilmirəm,

Atayam, “mərd ol” da deyə bilmirəm,

Mərdin gözlərindən sel çağlar, oğlum.

Qəlbimdə tutuşan alov dinməyir,

Ağlasam, yaşıma odum sönməyir.

Etiraf edim mi? Dilim dönməyir.

Yalandır, demişdim, -“qız ağlar”, oğlum.

“Vətəni sev”- desəm, sevən əzilir,

Söyənlər şah olur, öyən əzilir.

Ayaqlar altında güvən əzilir.

Qəlbimi göynədir bu dağlar, oğlum.

“Yurdu sevmə” desəm, necə deyəm ki,

Yurdu sevməmək də olar bəyəm ki.

Desəm, heç bilmirəm, mən neyləyəm ki,

Deməsin - “atam da sayaqlar” oğlum.

Bu dərd ki, bağrımı didib dağıdır,

Heydərəm, dağlara çıxmaq çağıdır.

İndi qansızlara keyf oylağıdır,

İgid qanı içən bu dağlar, oğlum.

Heydər Oğuzla çay süfrəsi ətrafında söhbətləşdik. Özü belə istədi. Dedi ki, belə daha rahat olar, daha səmimi alınar söhbətimiz. Həmin söhbəti “Hürriyyət”in oxucularına təqdim edirik:

- Xoş gördük, Heydər bəy. Əvvəla doğum gününüz, yubileyiniz münasibəti ilə sizi ürəkdən təbrik edirik. Sizə can sağlığı, uzun ömür, yaradıcılıq uğurları diləyirik. 50 yaş ömrün müdriklik çağına açılan bir pəncərədir. Sizə ən azından daha bir əlli il də yaşamağı arzu edirik.

- Təşəkkür edirəm. Hər zaman demişəm ki, Səməd Vurğun 50 yaşında dünyadan köçüb, mən isə 50 yaşımda hələ doğulmamışam. Həqiqətən də 50 yaşıma gəlib çatdım, amma hələ də doğulmamışam. Hələ də içimdə olan enerjini, potensialı ortaya qoya bilmirəm. Bunun da müxtəlif səbəbləri var. Özü də bu təkcə məndən qaynaqlanan bir məsələ deyil.

Səbəblərdən biri, müasir cəmiyyətimizin hələ mənim və mənim kimi azad fikirli insanların düşüncə və təfəkkürünü qəbul edəcək səviyyədə olmamasıdır. Yəni hər düşündüyünü söyləmək olmur, azad fikir boğulur, azad ruhlu insanlar təqib edilir, o üzdən cılız insanlar suzmağa üstünlük verir.

Mən düşündüklərimi bacardığım qədər ifadə edirəm, amma fikirlərimin cəmiyyətə nə dərəcədə çatıb-çatmadığını deməyə çətinlik çəkirəm. Mənə elə gəlir ki, yazdıqlarım cəmiyyətə yetərincə çatdırılmır. Hələ də məni bir şair, yazıçı, jurnalist kimi çox az insan tanıyır.

- Peşəkar mühitdə, yəni şairlərin, jurnalistlərin arasında yetərincə tanınırsınız. Ola bilsin, geniş oxucu auditoriyasını nəzərdə tutursunuz.

- Bəli. Misalçün, Səməd Vurğun 50 yaşında artıq məşhurluğunun zirvəsindəydi və o zirvəni aşıb dünyadan köçdü.

- Səməd Vurğunun dövrü başqaydı. Gəlin elə dövrləri müqayisə edək. Səməd Vurğunun dövrü və indiki dövr, bir də sizin gəncliyinizin dövrü. Bu üç fərqli dövr haqda düşüncələrinizi eşitmək istərdik.

- Səməd Vurğunun yaşadığı dövrlə hazırkı dövrümüz arasında siyasi baxımdan elə də böyük bir fərq yoxdur. O vaxt sovet repressiyası, Stalin repressiyası tüğyan edirdi (Çox guman ki, Səməd Vurğun repressiyalar zamanında yaşamasaydı, daha böyük şair olardı, istər-istəməz özünü qısdı, qısırlaşdırdı, bu üzdən də söyləyə biləcəklərini, çatdıra biləcəklərini mümkün olduğu qədər söyləyib çatdıra bildi, bir növ zəhəri bala batırıb yedi, əks halda o da qələmdaşları kimi zindanlara salına, güllələnə, yaxud Sibirdə çürüyə bilərdi), indi də repressiyalar var, bəlkə o vaxtkı kimi öldürmürlər, sürgün etmirlər, amma azad fikirli, fərqli düşüncəli insanlar bu gün də təqib olunur, təhdid edilir, ailəsi, övladları ilə şantaj edilir, çörəklə imtahana çəkilir, işsiz qoyulur, həbsxanaya düşən şəxs ordan çox nadir hallarda sağ-salamat çıxa bilir.

Sadaladıqlarımın heç biri mənə qarşı tətbiq edilməyib, amma mənim də bütün yollarımı bağlayıblar, bu gün də sözümlə, fikrimlə tanınmağım hər vəchlə əngəllənir. Məni ümumiyyətlə elə bir təhlükəyə çevirməyiblər ki, sonra da susdurmaq məcburiyyətində qalalar.

- Demək istəyirsiniz ki, heç bir başladığınız işi sona çatdırmağa imkan vermirlər?

- Elədir ki, var. Mən özümü tapa bilmirəm. Müxtəlif yerlərdə işləmişəm. 1998-ci ildən mətbuatdayam. Amma bu illərin böyük bir qismini diş düzəltməklə məşğul olmuşam. Hələ də o işi əlimdən buraxa bilmirəm, çünki o mənim çörək ağacımdır.
Amma özümə sual edirəm: “Bir jurnalist niyə diş texnikliyi etməlidi axı?” Jurnalistlik bütün dünyada ən gəlirli sahə hesab olunur, özü də mən az-çox Azərbaycanda tanınan jurnalistəm. Əslində mən statusda olan jurnalist sırf öz peşəsi ilə məşğul olmalı, çörək pulunu da qələmindən çıxarmalıdır.

Amma təəssüf ki, bizim cəmiyyətdə mənim kimi bir statusa malik jurnalist tamam başqa bir işlə məşğul olmaq məcburiyyətindədir. Ya gərək kiməsə yaltaqlana, bunların yalından nəsə uma, bunlara yarına, ya gərək çəkilib kənarda dura, pul qazanmaq üçün başqa yollar axtara. Bu da heç şübhəsiz, jurnalistin imkanlarını daraldan bir vəziyyətdir. Yəni istədiyini deyə bilmirsən.

Diş düzəldəndə istər-istəməz özünü informasiyadan, əsas peşəndən ayırırsan. Bir də ki, mən əslində heç jurnalist də deyiləm. Mən bu ölkədə daha çox bir şair kimi tanına, şair kimi fikrimi deyə bilərdim.

Mənə müxtəlif cür yanaşanlar var. Kimi mənə politoloq kimi, kimi şair kimi, kimi jurnalist, kimi də diş texniki kimi baxır. Halbuki, insanın bir peşəsi, bir sənəti olmalıdır. Belə adamlara el arasında “hərşeyşünas” deyirlər. Bu mənada mən də bir az “hərşeyşünasam”. Amma niyə mən “hərşeyşünasam”? Çünki bu ölkədə “birşeyşünas” olmaq mümkün deyil.

Xaricdə insanlar daha az işləmək üçün çalışır, 8 saatlıq iş günü tələb edir. Amma bizim ölkədə bir insan özünə eyni vaxtda 3-4 yerdə iş axtarır ki, evinə bir tikə çörək apara bilsin. Əslində bu çox ağrılı bir məqamdır. Sivil ölkələrdə hər bir insanın günün 8 saatını işləyib, digər saatları istirahət etmək hüququ olduğu halda, bizim ölkədə insanlar eyni vaxtda 3 yerdə işləmək məcburiyyətindədir. Hər işə 8 saat sərf edilirsə, həmin şəxs günün 24 saatı, yəni 1 sutka işləməli olur. Demək, istirahətə heç vaxt qalmır, bu isə çox böyük bir problemdir.

Məhz bu səbəbdən bizdə demək olar ki, hər kəs bir az hərşeyşünasdır. Deputatlarımızdan biri demişdi ki, müəllimin maaşı azdırsa, canı çıxsın, getsin bənna işləsin. Bizdə müəllim bənna da ola bilər, avtobus da sürə bilər, çayxanada öz tələbələrinin qarşısına çay da daşıya bilər. Yəni bu ayrı-ayrı fərdlərin, eləcə də mənim problemim deyil, ümumilikdə cəmiyyətin problemidir. Təbii ki, mən “birşeyşünas” olmaq istərdim, amma qismət elə gətirib ki, “hərşeyşünas” olmuşam.

- Bəs gənclik dövründə hansı arzularla yaşayırdınız? O dövrü necə xatırlayırsınız?

- Biz uşaq olanda böyüklər deyirdilər ki, biz Stalin dövrü, müharibə, aclıq, səfalət görmüşük, siz isə gözəl, əminaman bir vaxtda dünyaya gəlmiziniz, o üzdən bəxtiniz gətirib, xoşbəxtsiniz. O qədər dedilər ki, axırda bizi gözə gətirdilər.

Mən əsgəri xidmətimi çəkib vətənə qayıdanda SSRİ dağılmağa başladı. Atam dünyasını dəyişmişdi, yetim qalmışdıq, dolanışığımız çətinləşmişdi. O dövrdə ölkədə də iqtisadi problemlər yarandı. Ən pisi isə o oldu ki, sözə qiymət verən olmadı, yəni söz dəyərdən düşdü.

Ölkədə milli azadlıq hərəkatı gedirdi. Mən də həmin hərəkata qoşuldum. Əslində lap erkən yaşlarımdan içimdə bir azadlıq yanğısı vardı, 13 yaşımdan gizli təşkilatlarda fəaliyyət göstərirdim.

Naxçıvanda ermənilərlə mübarizədə mənim də az da olsa xidmətim oldu. Sonra Heydər Əliyev bizi Türkiyədə təhsil almağa yolladı. Bizi qardaş ölkəyə böyük təmtəraqla göndərdilər, hətta mənə Heydər Əliyevin kadrı kimi yanaşırdılar. Heydər Əliyev mənə Türkiyənin nüfuzlu universitetlərindən olan Ottinin tarix fakültəsində ingiliscə təhsil almağı hədiyyə etmişdi. Amma mən həmin universitetə getmədim. Çünki bu mənə hədiyyə edilmişdi, mən isə Heydər Əliyevdən heç nə götürmək fikrində deyildim.

Odur ki, Türkiyənin Uludağ universitetinin ədəbiyyat fakültəsinə imtahan verib, həmin universitetin tələbəsi oldum.

- Bəs Heydər Əliyevin hədiyyəsini nə üçün qəbul etmədiniz?

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA