HİMNİMİZİ ARVADI ERMƏNİ OLANLAR "ABIRA" SALACAQ?

HİMNİMİZİ ARVADI ERMƏNİ OLANLAR "ABIRA" SALACAQ?

Rəzalətə baxın, himnin qəbulundan bir qərinə keçib, indi isə kiminsə ağlına gəlib ki, onu ailəsi erməni olan bir qeyrət dağarcığı mütləq “abıra” salmalıdır...

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/95_manata_qurulan_cah-clal_-_ii_hiss)

Arzuladıqları rəyasətə çatmış, yeriyəndə də təşəxxüs satan saray ideoloqlarına müraciət edirəm, himn səslənəndə yalandan da ağzınızı tərpətmirsiniz, bunu başa düşdük, bəs niyə imkan vermisiniz ki, Üzeyir bəyin neçə marşının, kantatasının üzərinə “veto” qoysunlar? Üzeyir bəyin ev muzeyinin direktoru Sərdar Fərəcov çoxdandır ki, kişinin neçə-neçə marşını yığıb çap da elətdirib. Amma heç birisi, heç yerdə səslənmir...

“Stalin” kontatasının tayı bərabəri yoxdur, mətni dəyişdirməyə nə var? Əzəmətli musiqini biz hansı haqla arxivə göndərmişik?

Bir neçə il bundan əvvəl hansısa həpəndin razılığı ilə himnimizin aranjeman edilməsi Rauf Əliyev adlı birisinə həvalə olunmuşdu. Küçəyə çıxıb Rauf Əliyevin hansı peşə sahibi olduğunu, belə bəstəkarı tanıdığını soruşsan heç kim cavab verməz.

Öyrənirəm ki, bu subyektin arvadı erməni imiş, qızı da, kürəkəni də üç uşaqla Ermənistana köçüblər. Orada ağızlarını necə Allah yolunda qoyduqlarını da bilirik.

Rəzalətə baxın, himnin qəbulundan bir qərinə keçib, indi isə kiminsə ağlına gəlib ki, onu ailəsi erməni olan bir qeyrət dağarcığı mütləq “abıra” salmalıdır. Kişinin vəfatından görün neçə il ötüb... Bir bəstəkar onun ilahi romanslarının, misilsiz ariyalarının tozuna çatan əsər yarada bilməyib. Məxləs, əl-qolumu çırmalayıb düşdüm ortalığa , ora zəng, bura zəng, qəzetdə kəskin məqalə ilə çıxış etdim. İki min üzvü olan yazıçılar birliyindən, Şumerdən, Altaydan gəvəzələyən hərbgu cuhəladan səs çıxmadı.

Bəzən deyirlər ki, qəzet səhifələrində təhqirə yol vermək olmaz, kiminsə şərəfini alçaltmaq qəbahətdir. Amma millətin tarixini çirkaba batırıb, tarixi şəxsiyyətlərini karikatura gününə salmaq olar. Bunun üçün adama fəxri ad da verirlər, belə lap ənam da!

On illər boyu Bakıda çəkilmiş psevdotarixi filmlərdə dinimizin, imanımızın, keçmişimizin üzərinə o qədər çirkab atıb, o qədər hədyan söyləyiblər ki, adam başını itirir.

“26 Bakı komissarı”, “Dədə Qorqud”, “Nizami”, “Nəsimi”, “Babək”, “Fətəli xan”, “Yeddi oğul istərəm”, “Qatır Məmməd”, “Dəli Kür” və digər adlarını çəkə bilmədiyim psevdotarixi filmlərin bütün ekranları fəth etmələri, rəsmi məddah ordusu tərəfindən onların təriflənib ərsi-əlaya qaldırılması, bu müdhiş xalturaları yaradanlara hər cürə ənamın verilməsi sübut etdi ki, ölkədə sinəsini qabağa verib mərdi-mərdanə söz deyən ziyalının kökü kəsilib.

Hətta cəsarəti qarşısında həmişə baş əydiyim Ziya Bünyadov kimi nadir tarixçi Babəki ikinci dəfə şaqqalayan cahil rejissora, rəssama, ssenaristə iki kəlmə demədi.

Hakim bolşevik ideologiyasının bütün tələblərinə uyğun çəkilmiş “tarixi” filmlərin xaltura olduğunu istənilən məhkəmədə sübut etməyə hazıram.

Ölkənin ideoloji, siyasi, mənəvi təhlükəsizliyi üçün cavabdeh olanlar Güntay Gəncalp adlı birinin mənhus əməllərinə göz yumdular. “Qanun” nəşriyyatı da onun kitablarını çap edib yaydı. Əvvəl-axır ortaya çıxarılası bir şahımız vardı, onu da çirkaba batırdılar. Məni çörəksiz qoyan saray əyanlarının heç nə vecinə olmadı. Danışan mən bədbaxt oldum, özlərini ədəbiyyatın sərvəri sayan həpəndlər susdular. Pul var, nəvə-nəticələrin gələcəyi də təmin olunub. İstənilən mükafatı alıblar, valideynlərinin bütün bəd əməllərini iqtidar ört-basdır edib, Şah İsmayıl, Babək nələrinə lazımdır?

...Erməni cəlladlarının Sanasar kəndində yaratdıqları ölüm düşərgəsində Aida Nersesovna Saakyan adlı bir erməni “həkimi” əsir götürülmüş uşaqları, körpələri ağlasığmaz işgəncələrlə qətlə yetirirmiş. Elə gün olub ki, onlarla uşaq öldürülüb. Rövşən Novruzoğlunun araşdırmalarından, BMT-nin Uşaq Fondunun rəsmi şəkildə yayımlanmış hesabatlarından dəhşətli həqiqət üzə çıxdı: daxili orqanları kəsilib götürülmüş, xarici ölkələrin əxlaqsızlıq yuvalarına sürüklənmiş uşaqların, körpələrin sayı hesabı yoxdur. “Zerkalo” qəzeti bu barədə geniş məlumatları səhifələrinə çəxartmışdı.

Bu boyda məmləkətin bir titullu haramzadası dillənmədi!

Sabiq nazir Namiq Abbasov Milli Məclisin tribunasından 700-dən çox gözəgəlimli qız-gəlinin Yaxın Şərqin əxlaqsızlıq yuvalarına satıldığını deyəndə Qarabağ mövzusunu pul dağarcığına döndərən Elçin ağanın cınqırı da çıxmadı. Tarixdən məlumdur ki, hər hansı bir qövm, millət təhlükəyə məruz qalanda ilk növbədə xırda uşaqları, qız-gəlini, qocaları aradan çıxarıblar. Bizdə isə ən çox əsir-yesir düşən uşaqlar, cavan qız-gəlin idi.

Axı necə oldu ki, minlərlə valideyn uşağını, körpəsini, ismətli qız-gəlini qoyub qaçıb?

Əldə BMT-nin rəsmi sənədi ola-ola bizim bir qondarma partiya fürerimiz, bir korrupsioner məmurumuz, bir ziyanəvər ideoloqumuz indiyə qədər ağzını açıb söz deməyib.

Bəlkə xəcalət hissi, ya şərəf əzabı bunları susmağa məcbur edib? Yox, yox, yenə də yox! Son illərdə dəfələrlə sübut olunub ki, avantürist müxalifət, azğın feodala oxşayan ixtiyar sahibləri üçün şərəf əzabı anlayışı yoxdur.

Mən hələ layiq olmadığı halda əməlli-başlı prezident təqaüdü alan böyük bir zümrədən danışmıram. Bunların işi-gücü kövşəyə-kövşəyə, gəyirə-gəyirə həyatdan kam ala-ala kriminal xronikanı, futbolu, meyxana yarışlarını, əttökən şouları izləməkdir. Ev-eşik var, bağ var, oğul-uşağın işi sahmana düşüb... Belə bir güruh iş bərkə düşəndə nə çörək yediyi süfrəni, nə də onun sahibinin nüfuzunu qorumağı bacarmayacaq. Bəzən məni qınayırlar ki, inadkarlıqla eyni hədəfi vururam, hamının dərd-sərini çəkirəm.

Başqa əlacım yoxdur, mənimlə həmzəban olan dostlarım dünyadan köçüblər, qəzetlər üzümə bağlanıb, bir sayt yiyəsi qorxudan mənimlə danışmır. Ömrümün sonunda məni çörəksiz qoyan, ölkədə göz-görə ideoloji başlıq yaradan, xalqımı yenə də rus boyunduruğunun altına salmaq istəyən ziyanəvərlərə qarşı durmaq savabdır.

“Qurban, sizin vilayətin müsəlmanları çox biqeyrətdirlər!”

Mirzə Cəlil

“Usta Zeynal” hekayəsi

Elə bu əsnada xəbər çıxdı ki, bizim xarici işlər naziri hansısa mötəbər məclisdə nitq irad edəndə bağışlanılmaz səhvlərə yol verib. Loru dildə desək, bizim dədə-baba dilimizi şil-küt edi, əməlli başlı danışa bilməyib. Təyin olunmuş millət vəkillərinin bir neçəsinin qeyrət damarı qalxıb. Bu ağaların sözlərindən belə çıxıb ki, ay filan, filan südə, prezident cənabları neçə dildə, kağıza zada baxmadan dil-dil ötür, bəs sənə nə gəlib? Maraqlıdır, nazirin dil məsələsində çətinlik çəkdiyini bu ağalar indiyə qədər bilmirdilər? Görünür, bunların qulaqlarlına səs dəyib, Fəzail müəllimdə, Aqil Abbasda o cəsarət nə gəzirdi ki, Prezidentin iş başına qoyduğu şəxsə irad tutsunlar, özü də məhz dil məsələsində. Fəzail müəllimlə işim yoxdur, o kişinin xidmətlərindən xəbərdaram. “Hürriyyət” qəzetinin 2013-cü ildə çıxmış 39-cu sayında hər yerdə özünü vətənpərvər kimi gözə soxmaq istəyən Aqil Abbasa nə lazım gəlmişdi demişdim. Axırda da dünyadan kam alan bu konformisti açıq debata çağırmışdım. Bəzilərinə elə gələ bilər ki, guya mən iqtidarın böyük imtiyazlı nazirini atmacalardan qorumaq niyyətindəyəm. Əsla! Mən yaxşı bilirəm ki, rəyasətə çatmış ağaların evlərində rus dilində danışmağa üstünlük verirlər.

Bir azdan ölkədə rus dilli məktəblərin sayı 400-ə çatacaq, avam da görür ki, böyük sürətlə ruslaşdırma siyasəti aparırlar. Bakının bər-bəzəkli, axşamlar göz qamaşdıran küçələrini gəzin, əgər bir yerdə bizim dildə abırlı bir lövhəyə rast gəlsəniz, məni də çağırın tamaşa edim.

Aqil Abbas, niyə bunlardan danışmırsan? Şəhər sözün tam mənasında “priton”a dönüb, o elit əyləncə mərkəzi, o restoran, bar, massaj salonu yoxdur ki, orada insan alveri getməsin. Aqil ağa, siz nə vaxtdan bizim yavaş-yavaş şikəst olan dilimizin təəsübkeşinə dönmüsünüz?

Bir qərinə olar ki, bizim ziqiymət, münəvvər tarixi şəxsiyyətlərin üzərinə fasiləsiz çirkab atılır.

Şərqin ulu şeyxi Nizaminin şəklini konyak şüşələrinin üstünə çıxartdılar, Şah İsmayılımıza ən murdar söyüş verdilər, Mirzə Cəlilin misilsiz əsərinin başına oyun açdılar, Üzeyir bəyin neçə-neçə əsərinin üzərinə qadağa möhürü vurdular. Misir Mərdanov kimi ziyanpərvərin əli ilə keşiş-mason dünyası millətin təhsil sisteminin belini qırdı, hələ indiyə qədər də öz doğma dilində əməlli danışa bilməyən

Eldar Quliyevin əli ilə neçə-neçə tarixi sima gorbagor edildi. Bir nəfərin də cınqırı çıxmadı... 1941-ci ildən ta 1945-ci ilin qışına kimi Rusiyanın bütün adlı-sanlı qələm sahibləri hərbi paltarda idi. Mən hələ partizan dəstələrində vuruşanlardan danışmıram. Aqil Abbas, bəs siz neyləmisiniz? Dörd il bundan əvvəl yazdıqlarıma qayıtmaq istəmirəm. Amma, onu bilirəm ki, iqtidara sizin kimi siyasi flügerlər hava və su kimi lazımdır. İşinizdə olun, bisavad “jurnalislər” sizdən müsahibə alanda yalandan üzünüzə qayğılı ifadə verib üyüdün tökün. Hələlik dövran sizindir...

Məcburi ricət

25 il ərzində Rusiya imperiyasına qarşı kişi kimi vuruşmuş Şeyx Şamilin də orden və medalları vardı. Onları hər naibə, müridə verməyiblər. 1841-ci ildən buraxılan bu döş nişanlarının üzərindəki yazılar ərəb dilində idi. Medal rolunu oynayan nişanların birinin üstündəki yazı nəyə desəniz dəyər: “Bunu gəzdirən kişi adamdır”. İndi durub iki-üç kəlmə açıq söz desəm, dörd tərəfdən üstümə töküləcəklər.

Heydər Əliyev sağ olanda təltif mərasimlərini xatırlayın. Salon boyu cərgə-cərgə oturanların hamısı sovet hakimiyyəti dövründə neynim demədən yaşamış, hərəkatda (onun kimlər tərəfindən necə idarə edilməsindən, kimlərin bundan bəhrələnməsindən danışmıram) iki qara qəpiklik zəhməti olmayan, müstəmləkə mədəniyyətinin titullu xadimləri idi. Tək-tükü istisna edilməklə əksəriyyəti ali təltiflərə layiq deyildilər.

Abbasov kimi odioz fiqura “İstiqlal” ordeni veriləndə daha nə danışasan?

... SSRİ-nin ən hörmətli, ən bahalı “Qələbə” ordenini L.İ. Brejnev hörmətdən saldı. Statusa görə bu orden elə sərkərdəyə verilirdi ki, onun bir, ya da iki cəbhə miqyasnda apardığı əməliyyat müharibənin bütün gedişinə təsir göstərsin. Müharibə illıərində bu ali orden 19 nəfərə verilmişdi.

Keçən əsrin 70-ci illərindəı L.İ. Brejnevin mədhi zirvəyə çatmışdı. Elə bu zaman L. İ. Brejnev eləmə tənbəllik öz-özünü “Qələbə” ordeni ilə təltif etdi. Bi açıqdan – açığa bütün veteranları ələ salmaq idi. Hamı hiddətlənmişdi, elə müharibə veteranı, elə əməkdar zabit yox idi ki, orda-burda danışıb ürəyini boşaltmasın.

Amma bütün SSRİ-də kişi kimi mətbuatda sözünü deyən, İ. Brejnevi qınayan bizim Ziya Bünyadov oldu. Onun sözləri “Samizdat” yolu ilə bütün SSRİ-yə yayıldı, çox keçmədi ki, “Oqonyok” jurnalı da bu barədə ətraflı məlumat verdi. Cəbhəşi qoca generalların, marşalların ümumi etiraz və qınağından çəkinən mərkəzi hökumət Ziya müəllimə güldən ağır söz demədi. Çünki kişi haqlı idi. Bizdə isə bir nəfərdə kişilik çatmadı ki, cənab Prezidentə desin, vaxtilə millətin iftixarı sayılan şəxslərin qürurla gəzdirdikləri fəxri adları Aygünlərə, Faiqlər, Ədalətlərə, Elzalara vermək bağışlanılmaz səhvdir. Xalq belə şeylərə həm istehza, həm də ikrah hissi ilə baxır.

(Ardı var)

Firuz Haşımov

Loading...

QALEREYA