HƏMKARLAR İTTİFAQI KİMƏ VƏ NƏ ÜÇÜN LAZIMDIR... - SENSASİON ARAŞDIRMA - II HİSSƏ

HƏMKARLAR İTTİFAQI KİMƏ VƏ NƏ ÜÇÜN LAZIMDIR... - SENSASİON ARAŞDIRMA - II HİSSƏ

Səttar Möhbalıyev “könüllü vəkil” xidmətinə görə 32 il AHİK-in sədri olacaq

Ölkəmiz müstəqillik qazandıqdan sonra başqa nazirlik və qurumlar kimi, həmkarlar ittifaqlarının da yaranmasına ehtiyac yaranıb. İlk dəfə 1993-cü ilin fevralında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) təsis qurultayı keçirilib. Məlum olduğu kimi, təsis qurultayının iştirakçılarının yekdil təklif və səsi ilə Səttar Möhbalıyev AHİK-in sədri seçilib. S.Möhbalıyev 1998, 2003, 2008, 2013, 2018-ci illərdə də AHİK-in I, II, III, IV və V qurultaylarında bu vəzifəyə seçilib. Maraqlıdır ki, bəzi nazirlər 20 ildən çox keçməsinə baxmayaraq, yenə nazir kürsüsündə əyləşdikləri kimi S.Möhbalıyev də artıq 25 ildir AHİK-in sədri vəzifəsini tutur və guya, səsvermə yolu seçilir. Əslində, demokratik, şəffaf səsvermə proseduru həyata keçirilsə, bir adam 25 il eyni vəzifəni tuta bilməz. Görünən odur ki, S.Möhbalıyev AHİK sədri kimi heç zaman seçilməyib, təyin olunub.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/hmkarlar_ittifaqi_kim_v_n_n_lazimdir_-_sensasion_aradirma)

Həmkarlar ittifaqları heç vaxt üzvlərinin hüquqlarını müdafiə etməyiblərsə...

Yerigəlmişkən, “Həmkar ittifaqı haqqında” qanunun 11-ci maddəsinə görə, həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edir, dövlət məşğulluq siyasətinin hazırlanmasında iştirak edirlər. İşəgötürənin təşəbbüsü ilə müəssisənin və ya onun struktur bölmələrinin ləğv edilməsi istehsalın tamamilə və ya qismən dayandırılmasına, iş yerlərinin ixtisarına və ya əmək şəraitinin pisləşməsinə səbəb ola bilərsə, belə tədbirlər qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müvafiq həmkarlar ittifaqlarını azı üç ay qabaqcadan xəbərdar etmək və işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsi barədə onlarla danışıqlar aparmaqla həyata keçirilir. Həmkarlar ittifaqları öz səlahiyyətləri daxilində qanunvericilikdə nəzərdə tutulan qaydada məşğulluğun vəziyyətinə, məşğulluq sahəsində təminatlar haqqında qanunvericiliyə əməl olunmasına nəzarət edirlər.

Amma görək həmkarlar ittifaqları öz üzvlərinin əmək hüquqlarını müdafiə edirlərmi? Təbii ki, yox. Həmkarlar ittifaqları üzvlərindən üzvlük haqqı toplamasına rəğmən, qanunun imkan verdiyi çərçivədə belə, heç vaxt üzvlərinin hüquqlarını müdafiə etməyiblər. Hansı ki, mətbuatda dəfələrlə həmkarlar ittifaqlarının üzvlərinin hüquqlarını müdafiə etməməsi barədə fikirlər səslənib. Göründüyü qədər, həmkarlar ittifaqları formal bir qurumdur, heç vaxt işçilərin hüquqlarını müdafiə etmək niyyətləri də olmayıb. Maraqlıdır ki, bu formal quruma niyə bu qədər geniş imkanlar verilib? 1,5 milyon üzvdən topladıqları vəsait azmış kimi, AHİK-in tabeçiliyndə bir nazirliyə məxsus qurumlar var ki, bu da milyonlarla qazanc mənbəyi deməkldir.

“Həmkar ittifaqı haqqında” qanunun 12-ci maddəsinə görə, həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edə və məhkəmədə nümayəndəlik vəzifəsini yerinə yetirə bilərlər.

Həmkarlar ittifaqları öz üzvlərinə hüquqi yardım xidmətlərini müstəqil surətdə təşkil edir və bu məqsədlə həmkarlar ittifaqları hüquq müfəttişliyi, hüquqi ekspert qrupları, firmaları və başqa orqanlar yarada bilərlər.

Heç görəsən, həmkarlar ittifaqları öz üzvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edib? Təəssüf ki, belə bir hal eşitməmişik. Yəqin ki, həmkarlar ittifaqları öz üvlərinin hüquqlarını müdafiə etmək üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etsəydi, bu, mütləq mətbuata açıqlanardı.

“Həmkar ittifaqı haqqında” qanunun 15-ci maddəsinə görə, həmkarlar ittifaqlarının birlikləri səlahiyyətlərinə uyğun işçilərin sosial vəiqtisadi müdafiəsi, həyat səviyyəsinin əsas meyarları, qiymət əmsallarınındəyişməsindən asılı olaraq kompensasiyaların məbləğlərinin müəyyən edilməsi üzrə plan və proqramların hazırlanmasında, qanunvericiliklə müəyyən edilmiş dolanacaq minimumunun gözlənilməsinə, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət edilməsində iştirak edirlər. Heç hanısa müəssisədə, idarədə görmüsünüz ki, qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının vaxtında artırılmasına nəzarət etmək səlahiyyəti olan həmkarlar ittifaqları bir təşəbbüs qaldırsın? Bu, heç vaxt olmayıb. Həm də deputat mandatı olan S.Möhbalıyev bir dəfə də olsun Milli Məclisdə qiymətlərin artımından asılı olaraq əmək haqqının, pensiyaların, təqaüdlərin, müavinətlərin miqdarının artırılması ilə bağlı bir təklif edib? Heç eşidən varmı? Ola da bilməz. Çünki S.Möhbalıyevin nəyinə lazımdır ki, kim acdır, kim toxdur. Əsas odur ki, özü toxdur, vəssalam.

Qarabağ qazisinin özünü yandırmasından sonra S. Möhbalıyev AHİK sədriliyindən istefa verməli idi

“Həmkarlar ittifaqları haqqında” qanunun 13-cü maddəsinə görə isə həmkarlar ittifaqları “Əməyin mühafizəsi haqqında” qanununun və digər normativ aktların tələblərinə uyğun iş yerlərində işçilərin əməyinin mühafizəsini tənzim edən qanunvericiliyə, istehsal zədələri nəticəsində əmək xəsarətinə görə zərərin ödənilməsinə, əmək şəraiti, istehsal sanitariyası normalarına işəgötürən tərəfindən əməl edilməsinə nəzarətin həyata keçirilməsində iştirak edirlər. Amma görək hansısa müəssisədə, idarədə çalışan bir şəxs deyə bilərmi ki, həmkarlar ittifaqları əmək şəraitinə nəzarət edirlər? Bu barədə də heç vaxt eşitməmişik. Demək olar ki, heç bir idarədə, müəssisədə həmkarlar ittifaqları əmək şəraitinə nəzarət etmir. Əslində, həmkarlar ittifaqları nəinki işçilərin hüquqlarına müdafiə edir, əmək şəraitinə nəzarət edir, əksinə, həmklarlar ittifaqları idarə və müəssisə rəhbərləri ilə daima əlbir fəaliyyət göstərir, işçini işdən çıxaranda da, əmək şəraitinə görə xəsarət alanda da onlarla həmfikir olurlar. Göründüyü qədər nə həmkarlar ittifaqları, nə də AHİK-in sədri üzvlərinin hüquqlarını müdafiə edir. AHİK sədrinin heç insan hüquqlarını müdafiə etməsi də ağılabatan deyil. Çünki xatırlayırsınızsa, 2013-cü il dekabrın 25-də Qarabağ qazisi Zaur Həsənov Bakının mərkəzində, Həmkarlar İttifaqları Konfederasiyasının qarşısında üstünə benzin tökərək özünü yandırmışdı. Z. Həsənov 3 gün sonra dünyasını dəyişmişdi. Z.Həsənov iddia edirdi ki, özünü yandırmasına səbəb Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin onun mülkünü dağıtdırması olub. Belə ki, Konfederasiyasının iddiası əsasında “Şıx” sanatoriyasının yaxınlığında Z.Həsənovun çayxana kimi işlətdiyi, sonradan balıqxana etdiyi obyekt dağıdılmışdı. Bu fakt özü də isbat edir ki, AHİK sədrinin nəinki insan hüquqlarını müdafiə edir, əksinə insan hüquqlarını pozur. Əslində, bu hadisədən sonra S. Möhbalıyev AHİK sədriliyindən istefa verməli idi. Amma həmin vaxt mətbuatın qınaq obyekti olan S. Möhbalıyev heç bir şey olmamış kimi fəaliyyətinə davam etdi. Görünür ki, siyasi hakimiyyətə “könüllü vəkil” xidmətinə görə AHİK sədri ömrünün sonuna qədər bu vəzifəni tutacaq və AHİK-in tabeçiliyində olan qurumlar hesabına öz sərvətini daha da artıracaq.

Görün, milyonların gücü insanda necə bir xobbi yaradır

AHİK sədri haqqında mətbuatda dərc olunan yazılara və AHİK-in tabeçiliyində olan qurumlara nəzər yetirəndə həqiqətən də S.Möhbalıyevin böyük bir sərvət sahibi olduğu aydın olur. Görünür, böyük bir sərvət sahibi olan S. Möhbalyevin oğlu İsfəndiyev Möhbalıyev bir neçə il öncə bu varidatın çoxluğundan qürrələnib ədliyyə naziri Fikrət Məmmədovun oğlunu döyüb, çənəsini sındırıbmış. Deyilənə görə, İ.Mehbalıyevin bir xobbisi var. O sükan arxasına keçib “avtoş”luq edəndə kimsənin maşınının onun maşınının qarşısında olmasını sevmir. Görün, milyonların gücü insanda necə bir xobbi yaradır. Təəssüf ki, bu, bizim cəmiyyətin təzadlı bir mənzərəsidir, biz də seyrçi olmağa davam etməyə məcburuq.

AHİK-in mühasibləri necə olub ki, təşkilatın illik gəliri hesabatda qeyri-dəqiq səsləndirilib?!

AHİK kimi, qurumun ahik.org adlı saytının fəaliyyəti də səmərəsizliyi ilə diqqəti çəkir. Saytın fəaliyyətinə nəzər yetirərkən əsas menyunun fəaliyyət istiqmətləri bölməsini tıklayanda əməyin və sağlamlığın mühafizəsi, əmək hüquqlarının mühafizəsi və əmək hüquqlarına aid pəncələr açılır, həmin prəncələrdə əməyin və sağlamlığın mühafizəsi, əmək hüquqlarının mühafizəsi və əmək hüquqlarına dair heç bir informasiya yoxdur. Halbuki, saytın digər bölmələrində müəyyən infomasiyalar yerlşədirilib. Çox maraqlıdır ki, üzvlərinin hüquqlarını müdafiə etməli bir qurumun saytında əməyin və sağlamlığın mühafizəsi, əmək hüquqlarının mühafizəsi və əmək hüquqlarına dair bir cümlə belə yoxdur. Əslində, bu, AHİK-in lazımsız, formal bir qurum olduğunu sübut edir. Ancaq bu formal quruma son qurultayda təqdim edilən hesabata görə, dövlətin idarə və müəssisələrində çalışan insanlar tərəfindən illik 10-15 milyon manat köçürülür. Özəl sektordan isə daxil olmalar 5-10 milyon manat civarındadır. Ümumilikdə, təşkilatın yığımlardan illik gəliri 20-25 milyon manat civarında olur. Maraqlıdır ki, rəqəmlər də konkret deyil, ya 10-15 milyon, ya da 20-25 milyon manat civarında göstərilir. Görəsən, AHİK-in mühasibləri necə olub ki, təşkilatın illik gəliri hesabatda qeyri-dəqiq səsləndirilib?! Adətən görmüşük ki, idarə və təşkilatların illik gəliri və yaxud xərcləri ilin sonunda dəqiq açıqlanır. Bu, ilin əvvəlindən verilən proqnoz deyil ki, deyəsən illik gəlir 20-25 milyon manat olacaq. Hesabatdakı qeyri dəqiqlik də onu deməyə əsas verir ki, rəqəmlərdə saxtakarlıq var. Bu isə o deməkdir ki, həmin pullar silinir.

AHİK-in 5 ildə cəmi 1 milyon manat yardım göstərməsi nə dərəcədə doğrudur?

Bildirilir ki, hesabat dövründə AHİK-ə daxil olan 1580 ərizənin sahiblərinə 135,2 min manat, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə 57,9 min manat, “Günəşli” yatağında itkin düşmüş və xəsarət almış neftçilərin ailələrinə 49,5 min manat, “Ölkəmizi tanıyaq” tur-aksiyalarının maliyyələşdirilməsinə 483 min manat, Qarabağ müharibəsi əlillərinə 36,3 min manat, himayəyə götürülmüş ailələrə 169,1 min manat, mətbuat işçilərinə 17,2 min manat, AMEA-da keçirilmiş müsabiqələrin qaliblərinə 44,5 min manat, sahə həmkarlar ittifaqları tərəfindən 49 min 606 qaçqın və məcburi köçkün ailəsinə pul və ərzaq yardımları göstərilib. Ümumilikdə hesabat dövründə həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə bir milyon manat maddi yardım göstərilib.

Qeyd olunduğu kimi, ümumilikdə hesabat dövründə, yəni 5 il ərzində həmkarlar ittifaqları tərəfindən 31,2 milyon manat, o cümlədən AHİK üzrə bir milyon manat maddi yardım göstərilib. Belə olan halda sual yaranır ki, AHİK-in illik gəliri 20-25 milyon manat civarında olursa, 5 ildə cəmi 1 milyon manat yardım göstərməsi nə dərəcədə doğrudur? Maraqlıdır, geridə qalan milyonlar hara gedir? Bəlkə bu pullar dövlət büdcəsinə gedir, xəbərimiz yoxdur. Əslində, bu barədə açıq informasiya olmalıdır ki, ictimaiyyətin xəbəri olsun. Ümumiyyətlə, AHİK bir təşkilat kimi ictimaiyyətə qapalı bir təşkilatdır, 5 ildə bir dəfə hesabat verir, onda da qeyri-dəqiq informasiya yayır. Ona görə, məhz həmkarlar ittifaqları sahəsində islahatlara ciddi ehtiyac var ki, həm hesabatları şəffaf olsun, həm də həmkarlar ittifaqları bir təşkilat kimi üzvlərinin hüquqlarını sözdə yox, əməldə müdafiə etsinlər.

Şamo EMİN, Hurriyyet.org

Növbəti yazılarımızda biləcəksiniz:

- Həmkarlar İttifaqına ayrılan pullar necə mənimsənilir?

- Səttar Möhbalıyevin rəhbərlik etdiyi qurumun hansısa korrupsiyalaşmış dövlət orqanından nə fərqi var?

- Konfederasiya sədri qeyri-qanuni yollarla nə qədər sərvət toplayıb və hansı milyonluq əmlakları var?

Loading...

QALEREYA