Humanist pedaqogika üzrə III Respublika oxuları keçirilib

Humanist pedaqogika üzrə III Respublika oxuları keçirilib

İyunun 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Saf düşüncə möcüzə yaradır” mövzusunda humanist pedaqogika üzrə III Respublika oxuları keçirilib.

Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq təhsilin yeni məzmununun reallaşdırılması və mənəvi-əxlaqi dəyərlərin məzmuna tətbiqi üçün görülən işlərdən danışıb. Xatırladıb ki, 2014-cü il dekabrın 2-4-də Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil Problemləri İnstitutu tərəfindən “Mənəvi-əxlaqi tərbiyə şəxsiyyətin hərtərəfli inkişafının əsasıdır” mövzusunda birinci elmi-praktik konfrans və seminar keçirilib. 2016-cı il dekabrın 21-25-də ADPU-nun və universitetin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin və Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda ikinci beynəlxalq konfrans-seminar və I Respublika oxuları keçirilib. 2018-ci il martın 23-də ADPU-da “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Humanist Pedaqogika Beynəlxalq Mərkəzinin, ADPU-nun və Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı və oxuların müəllifi, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvilinin iştirakı ilə “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda humanist pedaqogika üzrə 3 günlük XVII beynəlxalq oxular keçirilib. Tədbirlərdə respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış 320 alim-mütəxəssisi, gənc müəllimlər iştirak edib və bu oxuları çox yüksək qiymətləndiriblər. 2018-ci il iyunun 2-də ADPU-nun Şamaxı filialında 8 regionun 250 nəfər pedaqoji kadrının cəlb olunduğu humanist pedaqogika üzrə II Respublika oxuları keçirilib. Bu tədbirlərdə təhsilin, təlim-tərbiyənin nəzəri, metodoloji əsasları, innovativ texnologiyalar, təhsilin yeni məzmunu, ailə və cəmiyyətin, digər sosial institutların tərbiyə prosesində rolunun artırılması yolları müzakirə edilib, yüzlərlə pedaqoji kadra müvafiq mövzularda yeni bilik və bacarıqlar aşılanıb. “Saf düşüncə möcüzə yaradır” mövzusunda humanist pedaqogika üzrə III Respublika oxuları da bu tədbirlərin davamıdır.

Sonra AMEA-nın müxbir üzvü, Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev ölkədə təhsil sistemində aparılan islahatların uğurlu nəticələrindən danışıb. Qeyd edib ki, Azərbaycanda təhsilin inkişafına xüsusi önəm verilir. Artıq təhsillə bağlı qanunvericilik bazası möhkəmləndirilib. Bu qanunvericilikdə bütövlükdə təhsil sistemi, o cümlədən məktəbəqədər, orta, peşə, ali təhsil məsələləri öz əksini tapıb.

Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsil sistemində tətbiq olunan yeniliklərdən danışıb. Təhsil sistemində dəyişikliklərin labüd olduğunu deyən Emin Əmrullayev bu sahədə informasiya-kommunikasiya texnologiyalarının inkişafının rolundan, virtual təhsil sisteminin üstünlüklərindən danışıb.

Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov, Bakı Humanitar Kollecinin direktor müavini Afaq Əliyeva və digər çıxış edənlər təhsil sistemində tətbiq olunan humanist pedaqogikanın mahiyyətindən danışıblar.

Tədbirdə təcrübəli pedaqoq-alimlər tərəfindən pedaqoji ideya mübadiləsi aparılıb və ustad dərsləri keçirilib.

Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim edilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz