Hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət etdi

Hüquq müdafiəçiləri prezident İlham Əliyevə müraciət etdi

Bir qrup hüquq müdafiəçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ediblər.

Hurriyyet.org xəbər verir ki, müraciətdə hüquq müdafiəçiləri Prezidentdən bir neçə məhbusun azad edilməsini xahiş ediblər:

“Hörmətli cənab Prezident!

Çox çətin geopolitik şərtlər altında Azərbaycan dövlətinin güclənməsi üçün gördüyünüz işlər ölkədə vətəndaş sülhünə töhfə verməkdədir. Ancaq insan haqları sahəsində həllini gözləyən bir sıra problemlər var ki, onları yenidən sizin diqqətinizə çatdırmağı özümüzə borc bilirik.

2018-ci ildə Eleonora Ruzvelt tərəfindən hazırlanan Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyi bütün dünyada böyük təntənə ilə qeyd olunacaq. Təbii, sivil dünyanın bir parçası kimi insan hüquq və azadlıqlarına dəyər verən Azərbaycan da bu prosesdən kənarda qalmayacaq. Ümid edirik ki, uzun illərin ənənəsini davam etdirərək bu il də bir sıra məhbusların azad edilməsinə fərman verəcəksiniz.

Ümumdünya İnsan Haqları Bəyannaməsinin 70 illiyinin astanasında Sizə müracət edərək rəsmi Bakı ilə beynəlxalq qurumlar arasında müzakirə obyekti olan məhbusların azad edilməsini rica edirik. Sizin bu humanist addımınız, biz hüquq müdafiəçilərinin bayramına böyük hədiyyə olar, eyni zamanda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində cəmiyyətdə vətəndaş sülhünün yaranmasına xidmət edər".

Qeyd edək ki, müraciəti hüquq müdafiəçiləri Novella Cəfaroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Zəlihə Tahirova, Mirvari Qəhrəmanlı, Arzu Abdullayeva və Əvəz Həsənov imzalayıb.

  • Hamısı
  • Loading...