“Hürriyyət”in qaldırdığı məsələ həllini tapdı: İş adamından Prezidentə təşəkkür məktubu

  • 2019-04-08 10:18:45
  • |

“Hürriyyət”in qaldırdığı məsələ həllini tapdı: İş adamından Prezidentə təşəkkür məktubu

 

İş adamı Sübhan Zayıdovun qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığı açıq məktubları gözlənilən nəticəni verib.

Şikayətçinin ölkə rəhbərlərinə ünvanladığı növbəti açıq məktubu – təşəkkürnaməsi belə deməyə əsas verir.

Təşəkkür məktubunu olduğu kimi dərc edirik:

 

             Azərbaycan Prezidenti İlham Əliyevə və I vitse-prezident Mehriban xanım Əliyevaya açıq məktub

 

Cənab Prezident!

Mülkiyyət hüququmun pozulması ilə əlaqədar Sizə və I vitse-prezident Mehriban xanım Əliyevaya mətbuat vasitəsilə ünvanladığım açıq məktubdan sonra Ali Məhkəmənin şikayətimə baxan iclası iki həftəliyə təxirə salındı və işin ədalətli araşdırılmasına qərar verildi. Bu qərarın çıxarılmasında Sizin və Mehriban xanımın müstəsna rolu olduğunu düşünür və hər ikinizə dərin təşəkkürümü bildirirəm.

Ali Məhkəmənin bu qərarı bir çox cəhətdən önəmli idi. Əvvəla, bu qərar Sizin hüquqi islahatlarla bağlı verdiyiniz vədinizdə nə qədər səmimi olduğunuzu təsdiqləyir. Əfvinizə sığınaraq xatırlatmaq istərdim ki, məlum məhkəmə iclasından qabaq mətbuata verdiyim açıqlamada mən də məhz bu amili nəzərdə tutaraq, şikayətim əsasında veriləcək qərarın Sizin islahatlar vədinizin və məhkəmə-hüquq sisteminin ölkə rəhbərinə sədaqətinin sınağı olduğunu bildirmişdim. Zira mənim mülkiyyət hüququmun bərpası təkcə fərdi məsələ deyil, həm də Sizin çağırışınıza uyğun olaraq ölkəmizə investisiya qoymaq istəyən yerli və əcnəbi investorlar üçün bir əmsal təşkil edir. Öz vətəndaşının mülkiyyət hüququnu iri məmurlardan və onların əlaltılarından qoruya bilməyən ölkəyə, əlbəttə, heç kim ciddi yatırımlar qoymaq istəməz və daha əlverişli investisiya mühiti axtarmağa çalışar. Sirr deyil ki, məhz bu səbəbdən nə qədər yerli iş adamlarımız bütün əmlaklarını satıb xarici ölkələrə üz tutmağa meyllənirlər. Bu baxımdan mülkiyyət hüququna təminat verən hüquqi islahatların aparılması təkcə vətəndaş haq və azadlıqlarını qorunmaq, hüquqi dövlətçilik prinsiplərinin daha işlək hala gətirilməklə məhdudlaşmır, həm də iqtisadi inkişafımızın önünü açır.

Cənab Prezident!

Sizin son zamanlar bu istiqamətdə atdığınız mühüm addımlar bəzi məkrli məmurların Azərbaycan haqqında uzun illər formalaşdırdığı qənaətləri müsbət yöndə dəyişdirməyə hesablanıb. Son zamanlar imzaladığınız bəzi Fərmanların mahiyyətinə nəzər salanda da bunu aydın görə bilərik. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” və “Mediasiya haqqında Qanunun icrası” ilə bağlı fərmanlarınız bunun bariz örnəklərindəndir. Eyni tarixdə imzalanan həmin fərmanlar Azərbaycanın hüquq sistemində aparılacağı gözlənilən islahatlara nə qədər böyük əhəmiyyət verdiyinizi göstərir. Elə həmin ərəfədə mənim şikayətimin ədalətli araşdırılmasına qərar verilməsini də hüquqi islahatlar yolunda atılmış konkret addım kimi qiymətləndirmək olar.

Mülkiyyət hüququmun bərpası Prezident ailəsinin təmiz adına toz qondurmaq istəyən sabiq məmurların himayə etdikləri “Yeni Həyat Şirkətlər Qrupu”nun məkrli niyyətini də alt-üst etdi. Belə ki, həmin şirkətin rəhbərliyi Sizin ailəyə yaxınlıqla ad çıxarmaq və bundan sui-istifadə etməyə çalışırdı. Onun şəxsən mənə dediyi “Şirkət Arzu xanımındır. Biz sadəcə onun sifarişlərini yerinə yetiririk” cümlələrini, yəqin ki, mənim kimi çoxları da eşidib. Şirkətin bir sıra qanunsuz əməlləri, başqasının mülkiyyətini zorla ələ keçirmək təşəbbüsü, bəlkə də, mənfəət əldə etməkdən çox, bu cür yanlış qənaətləri möhkəmlətmək üçün idi. Sizin bu məsələyə xüsusi diqqət ayırmanız və problemin artıq həll mərhələsinə yaxınlaşması Babək Babayevin və himayədarlarının arqumentlərini çürütdü, uzun illərdən bəri davam etdirilən böyük dələduzluğun qarşısını aldı.

Cənab Prezident!

Dövlətimizə və onun rəhbərinə sədaqətli vətəndaş kimi, bir daha əvfinizə sığınaraq nəzərinizə çatdırmaq istəyirəm ki, həyata keçirdiyiniz islahatların qarşısında əngəl yaradan şəxslər öz vəzifələrində oturduqca və ölkəmizi indiki çətin vəziyyətə sürükləyən əməllərinə görə cəzalandırılmadıqca Sizin mütərəqqi təşəbbüsünüzün üzərindəki təhlükə buludu da sovuşmayacaq. Onların öz şəxsi mənfəətlərini milli maraqlarından üstün tutan xislətləri bundan sonra da dövlətimiz üçün böyük təhlükə əxz edəcək. İddialarımın nə qədər əsaslı olduğunu, heç uzağa getmədən, mənim mülkiyyətim üzərində oynanılan kirli oyunlar da təsdiqləyir.

Artıq 15 ildir öz mülkiyyətim üzərində iqtisadi fəaliyyətlə məşğul ola bilməməyimin, nəticədə onlarla, bəlkə də yüzlərlə insanın işləmək imkanlarının məhdudlaşmasının yeganə səbəbi var – Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin özbaşınalığı. Belə ki, mübahisə predmetinə çevrilmiş halal mülkiyyətimin özəlləşdirilməsi Komitə sədri Kərəm Həsənovun və onun müavini Rafiq Cəlilovun məndən dövlət rüsumundan 10 dəfələrlə çox rüşvət istəməsi hesabına baş tutmamışdır. 10 il sonra bu mülkiyyət “Yeni Həyat Şirkətlər Qrupu”na məxsus “Bağçasaray” MTK-nın adına özəlləşdirilmişdir. Beləcə, mənimlə “Yeni Həyat Şirkətlər Qrupu”nun rəhbərliyi arasında artıq 5 ildir davam edən ədavətin əsası qoyulmuşdur. Bəlkə Əmlak Komitəsinin bu özbaşınalığı olmasaydı, biz indi məhkəmələr qarşısında bir-birimizlə çəkişməz, birgə fəaliyyət göstərə, əməkdaşlıq edə bilərdik. Kərəm Həsənov və onun məmurlarının bir imzanı dövlət rüsumundan on qat artıq qiymətə satmaq, asan pul qazanmaq xülyaları bizim kimi onminlərlə iş adamının investisiya imkanlarını məhdudlaşdırmaqla qalmamış, həm də hər kəsi üz-üzə qoymuşdur. Nəticədə Azərbaycan nə qədər böyük və orta müəssisələrini itirmiş, insanlarımızın çörəyi ilə oynanılmış, indiki sosial narazılıqların yaradılmasına rəvac verilmişdir. Həmin məmurların öz vəzifələrini qoruması eyni təhlükənin davam etməsi perspektivini yaradır və əlverişli zamanda revanşa keçmək ehtimalını artırır. Ümidvaram ki, bu potensial təhlükəni zamanında əngəlləyəcək və Azərbaycanın iqtisadi inkişafı naminə, iş adamlarımızın öləziyən ümidlərini yenidən dirçəldəcəksiniz.

Cənab Prezident!

Onu da qeyd etməyi vacib hesab edirəm ki, Sizə açıq məktublar yazdıqdan və Ali Məhkəmənin məlum qərarından sonra “Bağçasaray” MTK-nın bəzi mətbu orqanlarda verdiyi təkzibləri həqiqəti əks etdirmir. Məsələn, bizim məhkəmə prosesinə laqeyd qalmağımızla bağlı iddia doğru olsaydı, iş Ali Məhkəməyə qədər gedib çıxmazdı. Hüququmuzun ilk iki instansiya məhkəmələrində bərpa edilməməsinin səbəbi isə “Yeni Həyat Şirkətlər Qrupu”nun sədri Babək Babayevin Sizin doğmalarınızın və yaxınlarınızın adından danışması, bir sıra iri məmurların onu müdafiə etməsidir. Şirkətlər qrupunun əsas himayədarı olan sabiq vergilər naziri Fazil Məmmədov işdən çıxarıldıqdan sonra Babək Babayevin də, yumşaq desək, sui-istifadələrinin önü kəsildi və mənim son çarə olaraq Sizə və xanım Mehriban Əliyevaya yazdığım açıq məktublar əsl həqiqətlərin üzə çıxmasına şərait yaratdı.

“Yeni Həyat”ın təkzib açıqlamasında öz mülkiyyətim üçün, guya, onlardan 2 milyon manat istəməyimlə bağlı iddialar da tamamilə yanlışdır. 5 hektar olan həmin ərazinin real qiymətinin qat-qat baha olması da dediyimi təsdiqləyir. Mən, axı, niyə halal mülkiyyətimi dəyər-dəyməzinə satım ki?

Əksinə, Babək Babayevin özü Əmlak Komitəsiylə qanunsuz özəlləşdirmə sövdəsinə girişməmişdən əvvəl mənimlə görüşmüş və həmin ərazi üçün 2 milyon manat təklif etmişdi. Mən isə bu təklifi yaxına buraxmamış, ona həmin ərazidə birgə layihələr həyata keçirə biləcəyimizi söyləmişdim.

Son olaraq onu demək istərdim ki, Ali Məhkəmənin 2 apreldə məhkəmə baxışını iki həftəliyə təxirə salması iş adamı olaraq məndə mülkiyyət hüququmun bərpasına ümid yaratsa da, bunu irəliyə doğru atılmış ilk addım hesab edirəm. Ümidvaram ki, Sizin məsələni diqqətdə saxlamağımız nəticəsində məhkəmə ədalətli qərar verəcək və mülkiyyətim özümə qaytarılacaq.

Bir daha Sizə və xanım Mehriban Əliyevaya dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə, Sübhan Zayıdov”.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA