Hüseyn Abdullayevə 8 il həbs istənilir - FOTO

Hüseyn Abdullayevə 8 il həbs istənilir - FOTO

Sentyabrın 19-da prokuror Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayevə 8 il həbs istəyib.

Bakı Hərbi Məhkəməsində Hüseyn Abdullayevin cinayət işi üzrə proses davam etdirilib.

Müxalif mövqeyi ilə tanınan Abdullayevə qarşı qanunsuz sahibkarlıq, dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülür.

İş üzrə onun anası Zeynəb Abdullayeva da keçir. O, başqa yerə getməmək barədə iltizam altındadır. İşə Hərbi Məhkəmədə baxılır, çünki 7 müttəhimin arasında hərbçi-sərhədçilər də var.

Cinayət işi “qanunsuz sahibkarlıq”, “dələduzluq”, “hədə yolu ilə pul tələb etmək”, “vergi ödəməkdən yayınmaq”, “sərhəddi qanunsuz keçmək” və başqa maddələrlə açılıb.

Keçmiş deputat Hüseyn Abdullayevə əlavə ittihamlar irəli sürülüb

Bu gün prokuror həmçinin iş üzrə adı keçən digər üç nəfərin 6 ildən 8 ilədək azadlıqdan məhrum edilməsini, Hüseyn Abdullayevin anasının isə 5 min manat cərimələnməsini istəyib.

Abdullayev prokurorun çıxışına emosional şəkildə reaksiya verərək ittihamların saxtalaşdırdııdığını bildirib. Bu zaman sədrlik edən hakim Abdullayevin məhkəmə zalından çıxarılmasını tələb edib. Abdullayevin anasının halı pisləşib və məhkəməyə təcili yardım həkimləri çağırılıb. Onların müdaxiləsindən sonra qadının durumu normallaşıb.

Hüseyn Abdullayev 1990-cı illərdə neft və neft məhsulları ilə əlaqədar biznesdə aparıcı mövqe tutub. Onun nəzarətində olan bir qrup gənc müxalifətin etiraz mitinqlərinin dağıdılmasında iştirak edib.

2005-ci ildə Abdullayev parlamentin deputatı olub və Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib. 2007-ci ilin martında parlament iclasında hakimiyyətyönümlü deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında fiziki qarşıdurma olub.

Bundan sonra Abdullayevi cəzalandırıblar. Öncə onu həbs ediblər, sonra xuliqanlığa görə 2 il azadlıqdan məhrum ediblər.

2013-cü ildə o Azərbaycandan mühacirət edib. Bir müddət sonra ona qarşı vergi ittihamı ilə cinayət işi qaldırılıb.

Almaniyada yaşayan Abdullayev kütləvi etirazlara çağıran bir sıra mahnı yazıb və sosial şəbəkələrdə paylaşıb.

Almaniyada yaşayan Hüseyn Abdullayev Əliyev hökumətini sərt tənqid edirdi.

2018-ci il aprelin 22-də Almaniyadan Türkiyəyə gəldikdən sonra orada saxlanılıb, Azərbaycana ekstradisiya edilib.

Bakıda o, Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə ), 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4 (dələduzluq), 182.2.1 (bir qrup şəxslə qabaqcadan əlbir olaraq hədə yolu ilə tələbetmə), 182.2.2 (həmin hərəkətlər təkrar törədildikdə) və 182.2.4 (həmin hərəkətlər təkrar törədildikdə, zərərçəkənə külli miqdarda ziyan vurmaqla) maddələri ilə ittiham olunub.

Fevralın 1-də müttəhimin anası Zeynəb Abdullayeva prezident İlham Əliyevə müraciət edərək oğluna qarşı mərhəmət və humanizm göstərməyi xahiş edib. O, özünün yaşlı, oğlunun səhhətində isə ciddi problemlərin olmasının nəzərə alınmasını xahiş edib.

  • 16x9 Image

    Tapdıq Fərhadoğlu

    MEHBUSLAR.WORDPRESS.COM