HƏYAT, SEVGİ, MUSİQİ, FƏLSƏFƏ... - Optimistin pessimist düşüncələri

  • |

HƏYAT, SEVGİ, MUSİQİ, FƏLSƏFƏ... - Optimistin pessimist düşüncələri

Heç kim həyatın və eləcə də sevgi, musiqi və fəlsəfənin əslində nə olduğunu bilmir. Bunların dördü də kainatda qeyri-materiyaların görünməmiş dərkolunmaz möcüzələridir. Həyat cansız atomlar, hüceyrələr və neyronlar şəklində birləşib canlı əmələ gətirir. Kainatda yer kürəsindən başqa heç yerdə belə şey yoxdur və günman ki, ola da bilməz. Çünki bu şeylər o qədər ağlasığmaz, təkararsız möcüzələrdir ki, iki yerdə ola bilməz. Necə ki, iki Əlisa Nicat mümkün deyil.

Ancaq bu ağlasığmaz şey, cansız kərpiclərin canlı toplumu tamamilə mənasızdır. Həyatda heç bir məna yoxdur, çünki ölüm var. Ayrı heç yerdə, heç bir qalaktikada, o qalaktikalarda ki, milyardlarla günəş və yer kürəsi var, heç birində ölüm yoxdur. Ölüm harda həyat varsa, orda var. Bunu indiyə kimi yalnız bir düha dərk və təsvir edib - Frans KAFKA. Bu yerdə mən onun bir pritçasını misal gətirməliydim. Ancaq durub axtarmağa səbrimiz çatmadı. Məzmunu budur ki, qapım heç cür bağlanmır və həmişə aralı qalır. Qışda soyuqdan titrəyirəm, yayda da istidən ölürəm. Mənası odur ki, qarşıda çarəsiz ölüm var və o həyatımızı zəhərə döndərir.

Ona görə insana nə verilirsə, o kim olursa-olsun, heç nədir. İstəyisən yüz milyardların olsun, istəyirsən dünyanın prezidenti ol, fərqi yoxdur, heç nəsən. Ancaq iki növ məxluqlar bunu bilmir: bir-birlərinə çox oxşayan insanlar və bir də eşşəklər. Kafka isə bunu bilirdi.

Sən acsan, sənə iri, ətirli, hədsiz dadlı bir alma verilir. Və sən yeməyə başlayırsan. Yeyib-qurtaranda... qocalıb ölürsən. Heç yediyinin nə olduğunu dərk etməyə belə, imkan tapa bilmirsən. Zəhər olub burnundan gəlir. Buna görə mən allahımı çox qınamışam.

Bəs çıxış yolu hardadır. Guya sevgidə. Kafka da əvvəl belə düşünürdü. Və mənim kimi bir neçə dəfə sevmişdi. Daha doğrusu düşünürdü ki, sevir. Sevdiklərinə bir xeyli məktubları da var. Lakin əvvəl-axır bundan bir şey çıxmadı. Çünki çıxa da bilməzdi. Sevgi pərvanənin şama, lampaya aşiq olmasına bənzəyir. Sevgi obyekti olan gözəl qızlar qızıl külçəsi kimi bir şeydirlər. Puşkin “Bülbül və gül” şeirində bülbül gülə gecə-gündüz eşq nəğməsi oxuyur. Gül isə qulaq asıb heç nə başa düşmür. Puşkin düz tapmışdı. Gül gözəl və beyinsiz bir məxluqdur. Eləcə də gözəl qızlar.

Bəli, sevgi... Sevgi qorxunc bir şeydir. Bizdə, eləcə də hər yerdə heç kim sevməyib və sevginin də nə olduğunu bilmirlər. Henrix Heyne yazır ki, bunu yalnız Ərəbistanda Əzra adlı bir qəbilənin bəzi gəncləri bilirdilər ki, nəticədə sevgidən də ölürdülər.

Sevgi vaxtı sevən sevgilisinə qovuşa bilməz. Evlənənlər isə erkək və dişidən başqa heç nə deyillər. Mən də 18-19 yaşlarımda Lənkəranda məndən iki-üç yaş kiçik olan gül üzlü bir qız sevirdim. O da bunu bunu bilirdi. Uzaqdan-uzağa küçədə dayanıb bir-birimizə baxardıq. Vəssalam.

Şekspirə görə də sevgi belə bir şeydir:

Bilirsən gözünün iqtidarını,

Çəkirsən üstümdən nəzərini sən.

Baxıb öldürürsən başqalarını

Mənəsə rəhm edib aman verirsən.

Yox, yox aman vermə, o şux baxışlar

Qoy məni öldürsün, olum bəxtiyar.

Sevgi budur. Görürsüzmü, Leyli ilə Məcnun kimi Romeo ilə Cülyetta da qovuşa bilmirlər. Çünki əsl sevənlər qovuşa bilməzlər.

Bir dəfə o vaxt Lənkəranda balaca xalam Şahbikə başılovlu mənə xəbər verdi ki, bəs Şərqiyyə Validəgilə gəlmişdi, odur küçədən keçib gedir. Mən yerimdən qalxıb köynəyimi qaparaq küçə qapısına tərəf qaçdım. Qaça-qaça köynəyi də geyinib qapıya çatanda gördüm ki, tərsinə geymişəm. Mən onu çıxarıb təzədən geyincə Şərqiyyə artıq qapımızdan ötüb-keçmişdi... Siz dünyada belə bir hadisə görməmisiz. Nəhəng bir qızıl asteroid göydə əriyib küçəmizə tökülürdü. İşıqdan göz-gözü görmürdü. Parıltıdan gözlər kor olurdu. Qışqırıq səslərindən qulaq batırdı. Küçədən qızıl sel axırdı. Ta o vaxtacan ki, Şərqiyyə gedib-gedib gözdən itdi.

Bax əsl sevgi budur, o heç vaxt baş tuta bilməz.

Amma budur, milyonlarla alverçilər, fəhlələr, akademiklər, prezidentlər içində bir düha yüksəlir, yüksəlir zirvədə qərar tutur. Heç kim onu görmür. O isə qarışqadan Allaha qədər hamını və hər şeyi görür. Onun sevgiləri təbii ki, uğursuz olur. Hərçənd ki, dönə-dönə sevir. Və o, xilas yolunu, nicat yolunu tapır; musiqi və fəlsəfə! 15 yaşında gecələr qulağını radioya söykəyib “Arşın mal alan”a, birinci fantaziyaya qulaq asardım. 15 yaşımda ikən Arşın mal alanın musiqisini də mətnini də əzbər bilirdim.

Sonralar bir dəfə Lənkəranda evimizdə eyvanda yatmışdım. Radio başım üstündə, səhər sübh çağı idi. Yarı-yuxulu idim. Radioda musiqi səslənirdi. Bir də ayılıb gördüm ki, ağlayıram. Radioda səslənən musiqinin təsiri ilə səssiz-səssiz ağlayırdım. Listin “16 nömrəli macar rapsodiyası” çalınırdı.

Belə musiqilər Allahı rəhmə gətirir və o bəzilərinin əməllərinə göz yumub insanlara yaşamaq imkanı verir.

Musiqinin də sevgi və fəlsəfə kimi qapısı qıfıllıdır. Ora nəinki adi adamlar, Anar və Əkrəmlər - heç kim buraxılmır. Ümumiyyətlə mində, milyonda bir adamlar buraxılır. Qalanları isə nə qədər eşitsələr onlara heç bir təsiri olmayacaq. Çünki qapı bağlıdır. Bu cür adamlar kiməsə dəstək vermək üçün yaşayırlar. Onlar öz yolları ilə gedirlər və başqa yolla gedə bilməz və öz özlərində haqlıdırlar.

Musiqi və fəlsəfə müəyyən vaxtlarda ölümü öldürür. Ürək ölümsüzlük dənizinə baş vurub çıxır. Amma, əlbəttə bir neçə dəqiqəlik.

Fəlsəfə adamı başa salır ki, sən təkrarsız və fani bir təsadüfsən. Həm də bu təsadüfi məxluq bir an kimi görünüb yox olur. Kainat tamamilə boş, mənasız və məzmunsuz bir görünüşdür. Şimal göylərindəki qütb parıltıları kimi baxırsan, gözəldir. Amma heç nədir, yoxdur, ani bir parıltıdır. Ha başını sındır, beynini dağıt, heç bir təsəlli yoxdur. Təsəlli yalnız bunu dərk edib sakitləşməkdə, qısmətlə barışmaqdadır. Kainatda, yaranışda məntiq yoxdur. Ümumiyyətlə, elə bil möhtəşəm bir ziyafətə düşürsən. Burda pərt də olursan, vəcdə də gəlirsən və səni yerindən sürüşdürürlər, sonra dişlərin tökülür, qulaqların eşitmir, gözlərin pis görür, amma yenə ziyafəti tərk edəndə Sədi Şirazi demişkən, həsrətlə gedirsən. Yəqin ona görə ki, gedəndə başqalarının qalıb təntənə içində cövlan etdiyini görürsən.

Əlisa NİCAT

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA