“İbadət Allaha yaxınlaşmağın birinci mərhələsidir” - FƏZAİL MEHDİYEV

“İbadət Allaha yaxınlaşmağın birinci mərhələsidir” - FƏZAİL MEHDİYEV

“Bu mərhələni keçmədən ilahi eşqə çata bilməzsən”

“Kosmik idraka qovuşmaq üçün ilkin olaraq o hədəfə mütləq inamın olmalıdır, yəni əminliklə təsdiq etməlisən ki, o gözəgörünməz qüvvə var”

Müsahibimiz “Hürriyyət”in oxucularına yaxşı tanış olan keçmiş ilahiyyatçı, deist, dinlə bağlı təzadlı, bəzən gözlənilməz fikirləri ilə həm qınaq obyekti olan, həm də diqqət çəkən Fəzail Mehdiyevdir.

- Fəzail bəy, sizinlə ilk söhbətimiz oxucularımız arasında böyük əks-sədaya səbəb oldu. Hətta sizinlə şəxsən tanış olub söhbət etmək istəyən oxucularımız da var. Şəxsiyyətinizə və fikirlərinizə olan diqqəti, marağı nəzərə alaraq, yenidən həmsöhbət olmaq qərarına gəldik. Sağ olun ki, dəvətimizi qəbul edib bizimlə yenidən görüşürsüz.

Təbii ki, bu dəfə də söhbətimizin mövzusu din olacaq. Sizin dinlə bağlı fikirləriniz çox maraqlıdır. Dini inancı isə ilahi eşqsiz təsəvvür etmək çətindir. Sizcə, dinlə ilahi eşqin fərqi varmı? Bu günkü cəmiyyətə din nə üçün lazımdır? Din demək olar ki, mifologiya ilə eyni vaxtda yaranıb, yaranıbsa, demək, buna ehtiyac var. Əsrlərdir din müxtəlif məqsədlər üçün istifadə ounur. Din kütlələri idarə etmək üçün siyasiləşdirilir, eyni zamanda həqiqətən inanclı insanlar günahlardan azad olub, ruhlarını saflaşdırmaq üçün dinə müraciət edirlər, hətta qatı cinayətkarların belə dinə gələrək yaxşılığa doğru dəyişdiyinin şahidi oluruq...

- Əvvəla, qeyd edim ki, dinlə ilahi eşq tamamilə fərqli anlayışlardır. Təəssüf ki, bu gün dini elə bir həddə çatdırıblar ki, din deyəndə adamlar vahimələnir. Din haqda danışanda insanların böyük əksəriyyətinin ilk ağlına gələn fanatizm, xürafat, mövhumat, nağıllar, qırğınlar, baş kəsmək, qadın zorakılığı və s. olur.

Bilirsiniz ki, mən dinlə siyasətdən uzaq durmağa çalışıram. Müəyyən zaman kəsiyində dinlə siyasəti araşdırıb öyrəndim, hədəfə gedib çatanda isə anladım ki, hər ikisinin mahiyyəti eynidir. Sadəcə birinə “din” deyib ilahiləşdiriblər, digərini isə “siyasət” adlandırıblar.

İlahi eşqin isə tamamı fərqlidir. Demək olar ki, bütün klassiklər öz əsərlərində ilahi eşqdən yazır. Qurani-Kərimin Hicr (15-ci surədir) surəsinin 99-cu, yəni sonuncu ayəsində deyilir ki, yəqinə çatana qədər Allaha ibadət et. Yəni əmin olanadək Allaha ibadət et. Elə ki, əmin oldun, daha ibadətə ehtiyac yoxdur. Mən belə qəbul edirəm ki, ibadət Allaha yaxınlaşmağın, yəni ilahi eşqin birinci mərhələsidir, bu mərhələni keçmədən ilahi eşqə çata bilməzsən. Allaha, yaxud mənim qəbul etdiyim kimi, kosmik idraka qovuşmaq üçün ilkin olaraq o hədəfə mütləq inamın olmalıdır, yəni əminliklə təsdiq etməlisən ki, o gözəgörünməz qüvvə var.

Sözügedən duyğunu kimi eşq adlandırır, kimi də sevgi. Deyirlər ki, mən filankəsi sevirəm. Amma müəyyən bir vaxtdan sonra aralarında hansısa problem yaranır, yaxud qarşısına bir başqası çıxır və sevgi unudulur, yox olur. Deməli, burda əvvəldən yəqinlik olmayıb.

Təbii ki, ilahi eşq insanın insana olan sevgisi deyil. Mənim üçün ilahi eşqi vəsf edən ən kamil əsər Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Əgər söhbət cismani eşqdən getsəydi, Füzuli Leyli ilə Məcnunu birləşdirərdi. Amma poema qəhrəmanları bir-birinə qovuşsa, onlar arasındakı münasibət adiləşərdi və eşq öləcəkdi. Əsl eşq odur ki, sonadək onun arzusu ilə yaşayıb, həsrətindən qovrulub yanasan.

Məhəmməd Füzulinin öz qəhrəmanlarına Leyli və Məcnun adı verməsi də təsadüfi deyil. Məcnun “cünun” sözündəndir, dəli deməkdir. Amma ərəb dilində həmin sözün kökü “cin”dir. Cin- var, amma gözə görünmür, cazibə var, amma görünməzdir, cənnət var, amma heç kəs görməyib. Cənnət nədir? Yaşıl otlarla örtülmüş torpaq sahəsi. Kök torpağın özüdür, yaşıl otlarla örtülüb deyə torpaq görünmür, amma var. Və yaxud, ərəb tibbi terminlərində körpənin ana bətnindəki formasına “cənnə” deyirlər. Var, amma görünmür.

Qayıdaq “Leyli və Məcnun” poemasına. Dediyim kimi, “cünun” dəli deməkdir. Niyə Qeysə dəli dedilər? Çünki onun eşq dilini Leylidən savayı heç kəs anlamadı, məhz anlamadıqlarına görə də ona dəli dedilər.

Leyli sözünün mənası “qaranlıq”dır, “gecə”dir. Qurani-Kərimdə belə bir ayə də var - Ləylətül qədr, yəni qədr gecələri. Məcnun dəlidir, Leyli qaranlıq. Nə dəli dərk olunandır, nə də qaranlıq. Dəli ilə qaranlıq arasında yaşanan eşq ilahi eşqdir. İlahi eşq yaşamayanlar onların arasında olan münasibəti anlaya bilməzdi.

- Çox maraqlıdır. Qaranlıq necə ilahi ola bilər? Axı qaranlıq, zülmət deyəndə təsəvvürümüzdə iblis, şeytan canlanır, eləcə də səmavi kitablarda qaranlıq, zülmət şər kimi təsvir olunur. Hətta hava qaralanda, “şər qarışır” deyirik. Allahın özünü nur topası, işıq kimi təsəvvür edirik. Doğrusu, dəliliyin də müqəddəs, ilahi olduğunu, həmçinin dəli ilə qaranlıq arasında yaşanan sevgini ilahi eşq kimi qəbul etmək çətindir.

- Əgər diqqət etmisinizsə, bütün peyğəmbərlərin həyat hekayələrində deyilir ki, onların hamısı öncə qaranlıq məkanlarda təlim keçiblər. İbrahim peyğəmbəri düşmənlərdən gizlətmək üçün doğulduğu gündən düz 15 yaşınadək qaranlıq mağarada saxlayırlar. Yusif peyğəmbər əvvəlcə qaranlıq quyuya, ordan isə qaranlıq zindana düşür. Musa peyğəmbər qaranlıq sandığın içindən tapılır. İsa peyğəmbərin bütün həyatı ümumiyyətlə hər kəs üçün qaranlıqdır, yəni necə doğulduğu sirri-müəmma olaraq qalır. Məhəmməd peyğəmbər 25 yaşında qaranlıq mağaraya gedir, 15 il ordan çıxmır və yalnız 40 yaşında üzə çıxır.

Qaranlıq tək şər deyil, qaranlığı görürük, amma onun içərisində olanlar bizə çatmır. Qaranlığın içində olanlara, ərk edib, haqqında danışan adamlara dəli deyirlər.

Məcnun o qaranlığı sevirdi. Məcnunun sevgilisinə ona görə Leyli aqdını verdilər ki, o Məcnundan başqa hər kəs üçün qaranlıq idi. Yəni onlar bilmirdi ki, bu qızda nə var, Məcnun onu nəyə görə sevir.

- Əsərdə Leyli gözəl qız kimi təsvir olunmur...

- Doğrudur, gözəl deyil. O üzdən deyirlər: “Leyliyə Məcnunun gözü ilə bax”. Məhz Leylini sevdiyinə görə Qeysə dəli dedilər. Hətta belə bir rəvayət də var. Bir kişi namaz qılırmış. Məcnun da gəlib onun qarşısından o üz-bu üzə keçirmiş. Kişi namazını yarımçıq saxlayıb Məcnuna deyir ki, elə düz edib səni dəli adlandırırlar. Məcnun soruşur ki, niyə? Kişi cavab verir ki, görmürsən, namaz qılıram, niyə gözümün qarşımda dayanıb fikrimi yayındırırsan? Məcnun söyləyir ki, dəli mən deyiləm, dəli sənsən. Sən namaz qılırsan, yəni Allahla təmasdasan, onu sevirsən ki, onunla danışırsan. Əgər sənin qəlbində əsl Allah sevgisi olsaydı, min mənim kimisi gəlib qarşında dursa, görüb hiss etməzdin, yalnız Allahı görüb duyardın. Necə ki, bütün qohum-əqrəbam Leylini sevdiyim üçün məni məzəmmət etsə də, onların heç birini görüb eşitmirəm, yalnız sevdiyimi görüb eşidirəm, çünki mənim sevgim sadiqdir, bu üzdən heç kəs məni fikrimdən döndərə bilməz.

Yəni ilahi sevgi odur ki, həmin eşqlə yaşayan kəs ətrafda baş verənləri nə görür, nə də eşidir, ona edilən basqıları önəmsəmir, bu təzyiqlər onu incitmir, hətta incitsə belə, onlara dözməyi bacarır.

İslam hədislərində 4-cü xəlifə Əli ibn Əbu Talib haqda bir rəvayət var. Həmin rəvayətə görə, döyüşlərdən birində Əlinin ayağına bir ox batır. Oxun ucu o dərəcədə iti idi ki, onu Əlinin bədənindən çıxarsalar, ağrıdan şoka düşə bilərdi. Bunu eşidən Əli ətrafındakılara deyir ki, indi oxa toxunmayın. Mən namaz qılmağa başlayanda onu bədənimdən çıxararsız. Elə də edirlər. Namaz qılan Əli oxun bədənindən necə çıxdığını hiss etmir.

Yəni Allahla təmasda olan Əli ilahi eşqi içdən yaşadığı üçün bədənində gedən prosesləri hiss etmir.

Əslində din bunu qəbul etmir, amma səmavi kitablarda, o cümlədən Qurani-Kərimdə dolayısı ilə bu haqda məlumat verilir. Söhbət peyğəmbərlərin, o cümlədən də Məhəmməd peyğəmbərin merac etməsindən (merac etmək- “yüksəlmək”, “qalxmaq” mənasında işlənir) gedir. Müasir dildə buna astral səyahət deyilir. Astral səyahət də bilavasitə ilahi eşqə bağlıdır.

İlahi sevgini yaratmaq üçün əvvəlcə meditasiyaya başlanır, sonra konsentrasiya edilir və kuliminasiya - son hədd baş verir. Astral səyahət edən insanın gözü açıq olsa da, ətrafda onun fikirlərini dolaşdıracaq heç nəyi görüb duymur, eşitmir.

Astral səyahət etməyin bir neçə yolu var. Bu səyahəti həm xəyalən, həm də cismən gerçəkləşdirmək mümkündür. Bu haqda danışmağı xoşlamasam da, etiraf edim ki, bir neçə dəfə astral səyahətə çıxmışam. Özü də xəyali yox, cismani. Hətta bu yaxınlarda düşdüyüm koma vəziyyətinin, keçirdiyim kliniki ölümün əsas səbəblərindən biri də məhz etdiyim astral səyahət idi.

Cismani astral səyahət məqamında cismlə ruh bir-birindən ayrılır, bədənin təxminən 80 faizi yatır. Əslində bu ölümün astanası, prikoma vəziyyətidir.

Bu vəziyyətə çatmaq üçün isə xəyalında canlandırdığın, qovuşmağa can atdığın məbudu ilahi eşqlə sevməlisən.

- Bəs siz kimin eşqi ilə səyahət edirsiniz? Təbii ki, qovuşmaq istədiyinizin bizim kimi bəndələrdən biri olmadığını bilirəm.

(Ardı var)

Hazırladı: Banu OĞUZ, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA