“İblisin oyunları” və Azərbaycan postmodern teatrının yeni başlanğıcı

“İblisin oyunları” və Azərbaycan postmodern teatrının yeni başlanğıcı

XX-XXI yüzil dünya teatrının dinamizmi postmodern fəlsəfəsi və estetikasının təməl prinsiplərinə köklənib. Bu, çağdaş yaşam düzəni və insanlığın, eləcə də cəmiyyətlərin ictmai, sosial və estetik baxışlarının dekonstruksiya, şioanaliz, parodiyalı həyata baxış, indvidual intertekstuallıq, simulyasiya və rizomatik ironiyanın forma və məzmunlarının içindən keçib gedən anlamlarla uzlaşan bir qavrama çevrilməkdir. İncəsənətin faktiki olaraq memarlıq, boyakarlıq, kinematoqrafiya, teatr, musiqi, ədəbiyyat və digər sahələri bu gün postmodern düşüncə sisteminin içində inkişaf edir. Onun modifikasiya olunmuş estetik cərəyanları zamanın düşüncə sistemi və inkişaf yollarını bəlirləyir. Bu mənada yazıçı, ədəbi tənqidçi, dramaturq Elçinin Azərbaycan ədəbi mühiti və teatrına verdiyi tövhələrin miqyası ölçüyəgəlməzdir. “Post şöbəsində xəyal”, “Ah Paris... Paris”, “Mən sənin dayınam”, “Mənim ərim dəlidir”, “Cəhənnəm sakinləri”, “Teleskop”, “Ağ dəvə”, “Şekspir” kimi uğurlu pyesləri XXI yüzilin estetik-bədii çalarlarının postmodernist üslubu Azərbaycan teatrının dünya mədəniyyətinin parçasına çevrilməsi ilə müşahidə olunur.

İçimizdəki əbləhliyin sonu varmı?

Finlandiyanın “İmarta Teatrı”nın baş rejissoru sosydaşımız Kamran Şahmədranın yazıçı-dramaturq Elçinlə əməkdaşlığının nəticəsində “Səməd Vurğun adına Dövlət Rus Dram Teatrı”nda “İblisin oyunları” adlı tamaşası dünya düzənindəki total sosiallaşma proseslərinin tüğyan etdiyi dönəmdə cəmiyyətin bəşəri mənada yaşanılan problemlərinə işıq salan motivlərin aynasıdır. Kinematoqrafiya və səhnəqrafiyanın sintezini böyük məharətlə yarada bilən rejissor Kamran Şahmərdan müəllifin irəli sürdüyü konseptual anlayışın çalarlarını incəliyinə qədər tamaşa boyu yorumlaya bilmişdir. Rejissorun yorumu psixoloji daxili amillərin süzgəcindən, kardabalet, səhnədəki kavadratların, işıq və musiqinin effektiv yanaşımı ilə tamaşaçını sona qədər baş verən olayları izləməyə məcbur edir. Rejissior kimi Kamran Şahmərdanın yorumları intellektual aktyor oyununa kökləndiyinə görə, baxımlı və uğurlu tamaşaya nail ola bilib. Dramaturq Elçin əsərin qayəsində nələri demək istəmişdirsə, rejissorun bu ideyaları məzmun və xarakterinə daha üstün bir səviyyədə canlandırması “Azərbaycan Teatrı yaşayır” anlamını özündə ifadə edir.
Postmodern teatrın ən baxımlı janrlarından biri absurdluğun içində cəmiyyətə gerçəkliyi bütün çalarları ilə özündə ehtiva etmək və təlqinlə deyil, tamaşaçının və cəmiyyətin özü bütün olmuşlara və olacaqlara cavab tapmaq mühakiməsini sərgiləyir. Bir rejissor kimi Kamran Şahmərdan və eləcə də yazıçı-dramatur Elçinin birgə işi olan “İblisin oyunları” tamaşası 145 yaşlı Azərbaycan Milli Teatrı üçün yeni mərhələnin başlanğıcı və təməli deməkdir. Tamaşada rejissor və dramaturq insanların daxilini və cəmiyyəti sarsırdan “iblisi”dən və “şeytani”likdən azad etməyə kimsəni səfərbər etmir. Hətta ona qarşı açıq şəkildə mübarizə motivlərini irəli sürmürlər. Sadəcə iblisliyin və şeytaniliyin mahiyyətini anladırlar. Yəni, tamaşaçı özü mühakimə etməlidir ki, bu antibəşəri, sevgisiz, duyğusuz və anlamsızlıq içində hər şeyi məhvə sürükləyən dəyərlərdən necə qurtula bilsin. İnsan o zaman eybəcərliklərə əlvida deyə bilər ki, intellektual yükümünü buna necə səfərbər etməyi baraca bilməyi öyrənməlidir. Beləliklə yazıçı-dramatur Elçin və rejissor Kamran Şahmərdan yaxşı mənada “öyrənən” və “öyrədən” teatr anlayşının motivlərini absurd dillə və postmodern düşüncə ilə əsərin bədii-estetik yorumlarını nizamlaya biliblər. Təbii olaraq, bu uğurlarda teatrın yaradıcı heyətinin öz işini professional səviyyədə bilməsi də başarılara başarı əlavə etmişdir.

Hər an yanımızda olan “iblis” nə deməkdir

Tamaşada istər kino-xronika, istərsə aktyorların ifasındakı obrazların yorumu, istərsə də balet rəqsləri içimizdəki iblisin hər an yanımızda zühur etməsini çox peşəkarcasına canlandırılır. Obrazların konkret adları olmaması da absurd teatrının fenomenliyindən irəli gəlir. Çünki, metafizikanın qanunları çərçivəsində fəlsəfi-psixoloji dialoqlar fiqurların deyil, şeytanlığın və iblisliyin illüziyalarının günahlarından qurtulmaq ən doğru olanıdır.
Çağdaş teatrın fəlsəfi-estetik yönlərinin absurd şəkildə postmodern üslubda ifadələrini araşdıran Anri Bergsonun fikirləri sanki, yazıçı-dramaturq Elçinin və bu tamaşaya yorum verən Kamran Şahmərdanın fikirlərini uzlaşdırıb: “Dramaturq və rejissor çox şey deyə və yorumlaya bilərlər. Onlar səhnəqrafiyanın tacı olan aktyorların ifasında uğurlara imza atırsa, bitkin dramaturji əsər və rejissor yorumu teatrın estetik yönlərini lokomotiv kimi irəli apara biliblər”. Beləliklə rejissorun yorumunda “art-terapiya” yanaşımı bu tamaşanın estetik-bədii yönlərini doğru ifadə edə bilib. Kamran Şahmərdan rejissor kimi bu yorumu ilə Azərbaycan teatrına yeni nəfəslə, yeni baxışlarla dünya teatrının bir çox ideyalarının sintezini uzlaşdırmağı bacarıb. Tamaşada boyu Kişi (Rüfət Nəzərov) və Qadının (Mələk Abbaszadə) dialoqları çox ilgincdir. “Tanrı gücldür, yoxsa İblis?” adlı dilemma tamaşanın leytmotivində duran başlıca faktordur. “Nədən Tanrı İblisin cənnətə yol tapmasına imkan yaradıb?”, “Tanrı İblisə yasaq qoya bilərdi”, “Tanrı Adəm və Həvvanı cənnətdən qova bilirdisə, nə üçün İblisin günahlarına uydular?”, “Sonunda belə çıxır ki, Tanrı İblislə qarşıdurmadan qaçıb, ya da özü bütün bunlara qəsdən göz yumub”. Bu dilemmalar tamaşa boyu müxtəlif forma və məzmunda davam edir. Yazıçı- dramatur Elçin, rejissor Kamran Şahmərdanın özü də absurd deyimlə tamaşaçanı daxilən mühakimələrə cəlb edirlər. Əslində “düşünən və düşündürən teatr” anlamı bu deməkdir.
Tamaşa boyu insanların və cəmiyyətin düşüncəsindəki, üzlərindəki maskaların sayının nə qədər olması da absurd şəkildə ifadə olunur. Kimin iblisanə maskasının nə qədər olması onun xarakterik özəlliklərində yer alıb. Teatrın uzun illərdir aparıcı aktyorlarından biri olan xalq artisti Məbud Məhərrəmovun XXI yüzilin pianoçusu kimi səhnəyə gəlişi də mövzunun sirrini açmır. Bu ünlü sənətçi pianoçu rolunda dünyanın hər yerində konsert verir və hər insanın iki maskası olduğunu ortaya qoyur: “İnsanlığın kəşf etdiyi iki maska var. Bu, gülən üzlü və ağladığı anların maskasıdır. Bu iki maskanın sayəsində milyardı ötmüş yeni maskalar yaranıb. Mənim onyeddi maskam var. Yox...yox... iyirmi üç! Yox, bir dənədir. Maskalarımın sayı iyirmi birdir! Mən sevirəm bu maskaları. Mən maskalarsız yaşaya bilmirəm!..” Maestro bunları o qədər həyəcanla ifadə edir ki, sanki cəmiyyət də onun ardınca getməlidir. Maestro Skryabinin sonatasının mahir ifaçısıdır. İnsanlar onun ifasında Skryabini dinləmək üçün konsertə gedirlər. Tamaşada Qadın və Kişinin yataq otağında, restoranda, konsertdə, rəqs meydanında və harada oluruqsa olaq, “İBLİS” daim bizləri təqib edir. Rejissor Kamran Şahmərdan ade-kvata-realizm və modernizmi qarşı-qarşıya qoymadan, onları bütövləşdirərək sinxronlaşdırmaqla estetik tamaşa yorumuna nail olub. Beləliklə dramaturji əsərin semiotik çalarlarına aydınlıq gətiribdir. İnsanlar gülsələr də, ağlasalar da, hətta heç bir şey etməsələr də içindəki iblis sanki onların duyğuları ilə qoşa addımlayır. Bu ritorikanın hansı məcrada və nə vaxta kimi davam edəcəyini belə kimsə bilmir.

Üçüncü səhnə suallara cavab axatırırdı

Bu dəfə səhnəyə Kişi (teymur Rəhimov) və Qadın Bella Safina) daxil olurlar. Onlar bu gün ad günü olduğunu qızğın şəkildə müzakirə edirlər. Bəlkə də bu gün kimsənin ad günü deyil. Ancaq, onların mühakiməsinə görə bu gün ad günüdür. Yenidən bu səhnəyə qatılan Kişi (Rüfət Nəzərov) və Qadın (Mələk Abbaszadə) daxil olurlar. Onlar da kimin ad günü olması mübahisəsinə qatılırlar. Bu məqamda səhnədə zəhlətökən ağcaqanadın vızıltısı hər şeyi altüst edir. Sən demə, bu vızıltı elə iblisin özüymüş.
“İblisin oyunları” tamaşasında maraq doğuran məqamlardan biri də istedadlı aktyor Zaur Terequlovun ifasındakı Aparıcı roludur. Aparıcı əslində tamaşa boyu bütün səhnələrdə yer alır. O, şoumen kimi özünü göstərir. Minlərlə maskası var. Gah kukla oynadır, gah da bütün qəhrəmanların rejissorudur. Ancaq, o da bəllidir ki, o elə iblisin özü deməkdir. Bu tamaşanın bir sirri də var. Onu tamaşaçı öz mühakiməsi ilə komediya, faciə, hətta tragikomediya adlandıra bilər. Rejissorun uğurlu tamaşasının maraqlı alınmasının sirri də budur. Kamran Şahmərdan quruluş verdiyi tamaşada Maks Rixter, Stelvio Çipriani, Cüzeppe Tartini, Rixard Vaqner və Aleksandr Skryabin kimi bəstəkarların musiqisindən məharətlə istifadə edib. Bu musiqi parçaları baş verənlərin xarakterik özəlləklərinə işıq salır.
Kamran Şahmərdanın quruluş verdiyi “İblisin oyunları” tamaşasının zamanı və məkanı da absurddur. Ona görə ki, baş verənlər konkret bir məkanın deyil, bütövlükdə bəşəri xarakter daşıyan mövzunun özəlliklərini ümumiləşdirib. Tamaşanın son səhnəsində irəli sürülən suallara cavabı tamaşaçının özü tapır. Bu, içimizdəki iblisi görmək bacarığı və ona qarşı mübarizə aparmaq deyil, xarakterindəki özəlliklərdən hər an uzaq durmaq vərdişlərinə necə sahib çıxmağımıza yol göstərməkdir. Səhnədəki ekran isə, həyatın əsil reallıqlarının təcəssümüdür. Rejissorun bu üslubda yanaşması əsərin leytmotivinin daha da canlı olmasına stimul verir. Tamaşanın novatorluğuna uğur qazandıran aktyor oyunu, balet truppasının nümayiş etdirdiyi səhnələrin rəngarəngliyi “İblisin oyunları”nın mahiyyətindən doğan amillərlə bağlıdır. İblisin oyunlarını bir-bir izlədikcə, cəmiyyətin və indvidual xarakterinin özəlliklərini aydın şəkildə görünür. Tamaşada sətiraltı sarkzmın incəlikləri də zövqlə işlənib. Belə ki, bəzən belə bir ironik sual da yaranır: “Rejissor və ya müəllif iblisin oyunlarını gündəmə gətirməklə nə demək istəyirlər?”
Ünlü kino rejissoru Sidni Lümetin 2007-ci ildə çəkdiyi “İblisin oyunları” adlı filmi var. Film son illərin ən uğurlu kriminal trellerindən sayılır. Film beynəlxalq kino festivallarında bir çox nominasiyalara sahib çıxıb. Yazıçı-dramaturq Elçinin də eyniadlı pyesi ilə filmin fərqi ondadır ki, kinoda bütün hadisələr sadəcə bir ailənin, pyesdə isə indviduallıqla yanaşı, cəmiyyətin və bəşəri fəlakətin səbəbləri iblislə harmonik şəkildə önə çəkilir. Yazıçı-dramaturq Elçinin “İblisin oyunları” pyesi əsasında Kamran Şahmərdanın quruluş verdiyi bu tamaşa dünyanın istənilən səhnəsində daha böyük uğurlara imza ata bilər.

Ənvər BÖRÜSOY, sənətşünas

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA