İCRA BAŞÇISININ GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – Yunis Səfərov inkassator maşınını soyub, pulu küçələrə səpib...

İCRA BAŞÇISININ GÜLLƏLƏNMƏSİNİN ŞOK TƏFƏRRÜATLARI – Yunis Səfərov inkassator maşınını soyub, pulu küçələrə səpib...

Dünən axşam saatlarında Gəncənin icra başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi ölkədə enerji böhranı səviyyəsində ajiotaja səbəb oldu. Lakin bu məsələdə də kifayət qədər informasiya qıtlığı yaşandığından, hadisədən az sonra icra başçısınən güllələnməsi haqda müxtəlif şayiələr yayılmağa başladı. Belə ki, hadisə yerində can verən əslən qazaxlı olan mühafizəçisinin ardınca, Vəliyevin də xəstəxanada dünyasını dəyişdiyi iddia olundu. Doğrudur, sonradan Səhiyyə Nazirliyi bu xəbəri təkzib etdi və icra başçısının yaralandığını, amma həyati əhəmiyyətli heç bir təhlükə olmadığını bəyan etdi.

O cümlədən bu gün səhər saatlarında bəzi telekanallar da məlumat verdilər ki, Gəncənin icra başçısı ilə şəxsən əlaqə saxlayıblar, o, sağlıq durumunun qaydasında olduğunu, hətta tezliklə işə çıxacağını bildirib. Hətta o da vurğulandı ki, icra başçısı xəstəxanada müşavirə keçirib və öz müavinlərinə hadisə ilə bağlı müvafiq tapşırıqlar verib...

Təbii ki, bütün bu iddialar haqda ortada heç bir görüntü, ən azı səs yazısı olmadığından, bu informasiyalar inandırıcı görünmür, əskinə, Elmar Vəliyevin vəziyyətinin kritik olduğu haqda fikirlər cəmiyyətdə özünə daha çox yer edir. Üstəlik, Hurriyyet.org-un Gəncədəki özəl mənbələrdən əldə etdiyi məlumatlar da icra başçısının tezliklə işinin başına qayıdacağı və xəstəxanada operativ müşavirə təşkil etdiyi haqda iddiaları alt-üst edir.

Etibarlı mənbədən aldığımız informasiyaya görə, icra başçısına hücum zamanı o, sol çiynindən və sol gözündən ağır yara alıb. Mühafizəçisi isə 4 güllə yarasından hadisə yerində dünyasını dəyişib.

Mənbə deyir ki, hadisə Elmar Vəliyev İcra Hakimiyyətinin binasından çıxarkən baş verib. Belə ki, o, hər zaman olduğu kimi, binanın ön qapısından (park tərəfdən olan girişdən – müəl.) çıxıb avtomobilinə əyləşmək istəyərkən, hadisəni törədən Yunis Səfərov ona yaxınlaşaraq atəş açıb. Həmin vaxt mühafizəçi özünü qabağa verdiyindən 4 güllə ona, qalan 2 güllə isə icra başçısına dəyib.

Qeyd edək ki, hadisə baş verən zaman İcra Hakimiyyətinin binasının qarşısında 4 nəfər polis əməkdaşı olsa da, onlar son ana qədər müdaxilə etməyib, yalnız hadisəni törədən Yunis Səfərovun qaçmadığını və silahını yerə atdığını gördükdə, yaxınlaşaraq onun əlini arxadan bağlayıblar.

Mənbənin sözlərinə görə, Rusiya vətəndaşı olan Yunis Səfərov 7-8 ay əvvəl Gəncədə bankların birinə məxsus olan inkassator maşınını soyduğu və bu zaman polis əməkdaşlarından birinin silahını ələ keçirdiyi üçün barəsində axtarış elan edilibmiş. Maraqlıdır ki, həmin vaxt Y.Səfərovun maşında olan pulu götürmədiyi, sadəcə bir hissəsini küçəyə səpələdiyi bildirilir. Bu baxımdan, istisna olunmur ki, o, icra başçısını güllələyərkən, məhz həmin soyğun zamanı ələ keçirdiyi silahdan istifadə edib.

Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.

Loading...

QALEREYA