İcra başçısı haqda sensasion şikayət - Lütvəli Babayev pambıq planını ödəmək üçün uşaq bağçalarının ərzağını kəsib

İcra başçısı haqda sensasion şikayət - Lütvəli Babayev pambıq planını ödəmək üçün uşaq bağçalarının ərzağını kəsib

Zərdab rayonunun bir qrup sakini tərəfindən Hurriyyet.org-un redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə ölkə prezidentinə müraciət edən şikayətçilər yazır:

“Hörmətli Prezident!

Azərbaycan Respublikasında Zərdab kimi problemlər içində itib-batan ikinci bir rayon yoxdur ki, bütün bunları korrupsioner icra başçısı Lütvəli Babayev yaratmışdır. 10 ildir Zərdab rayon icra başçısı vəzifəsində olan Lütvəli Babayevin məqsədi ancaq öz şəxsi maraqlarını təmin etməkdir. Nəticə isə göz qarşısında, Zərdab şəhəri zibilliklərə qərq olub, yollar dağılıb, rayon xarabalığa bənzəyir. Kəndlərdə həmçinin yolsuzluqdan əziyyət çəkirlər. Lütvəli Babayev indi də uşaq bağçalarına əl atıb.

Artıq bir aydır ki, Zərdab rayon ərazisindəki uşaq bağçalarında yemək verilmir. Valideyinlər uşaqlarını bağçaya aparanda yeməyi də özləri ilə aparırlar. Ancaq bağçalarda divara vurulan cədvəldə yalandan hər gün uşaqlara yemək verildiyi yazılıb.

Lütvəli Babayev tapşırıq verib ki, nəyin bahasına olur-olsun pambıq planının əvəzinə pul ödəməliyik. Bu il Zərdab rayonu Lütvəli Babayevin səriştəsizliyinə görə pambıq planını verə bilmədi. Sahələrdə tonlarla pambıq itib-batdı, tələf oldu, yığılmadı. İndi Lütvəli Babayev Ucar pambıq təmizləmə zavodu ilə danışıq aparıb, pul gücünə saxta planvermə həyata keçirmək istəyir. Bütün bələdiyyə sədrləri, icra nümayəndələri, idarə müdirləri və sahibkarlardan pul toplanılır. Hətta utanmaz-utanmaz uşaq bağçasının ərzağını da dayandırıb, pulu pambıq almağa sərf edir. Bu boyda qanunsuzluq, saxtakarlıq olmaz ki, bunu Lütvəli Babayev edir.

Prezident İlham Əliyev uşaq bağçalarına xüsusi diqqət və qayğı göstərdiyi bir vaxtda Lütvəli Babayevin belə yersiz özbaşınalığının adı nədir? Bu sual bütün zərdablıları düşündürür.

Hörmətli Prezident, cənab İlham Əliyevd, xahiş edirik, anormal hərəkətləri ilə insanlara zülm, əziyyət verən Zərdab rayon icra başçısı Lütvəli Babayevin barəsində tədbir görəsiniz”.

Qeyd edək ki, məktuba aşağıdakı sakinlər imza atıb:

1. Yaqubov Cavanşıir Aslan oğlu

2. Umudova Firuzə Kamil qızı

3. Ddaşov Feyruz Sabir oğlum

4. Alıyeva Solmaz Oruc qızı

5. Rəfiyev Bahadur Həsən oğlu

6. Məmmədov Tahir Qadir oğlu

7. Kərimova Sona Şəmsəddin qızı

8. Səmədova Asudə Əliyar qızı.

KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA