İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı

İdarə rəisini intim videoları ilə şantaj etməkdə suçlanan iş adamı azadlığa buraxılmadı

Hədə-qorxu ilə pul tələb etməkdə və dələduzluqda təqsirləndirilən iş adamı hakim önünə çıxarılıb.

Hurriyyet.org xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 1974-cü il təvəllüdlü Cabbarov Elşən Mürsəl oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasının davamında Elşən Cabbarovun vəkili iki vəsatətlə çıxış edib.

Vəkil istintaqın ədalətli aparılmadığını, xeyli sayda qanun pozuntuları olduğunu bildirib. Müdafiəçi istintaq orqanının müdafiə etdiyi şəxsin hüquqlarını kobud şəkildə pozduğunu deyib və işin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.

Cabbarovun vəkili ikinci vəsatətində müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını istəyib. Müdafiəçi qeyd edib ki, digər təqsirləndirilən şəxslər azadlıqda olduğu halda Elşən Cabbarovun həbsdə saxlanılması doğru deyil.

Məhkəmə müşavirədən sonra hər iki vəsatətlə bağlı qərarı elan edib. Qərara əsasən vəsatətlər təmin edilməyib.

Məhkəmənin baxış iclası sentyabrın 2-nə təyin edilib.

İttihama görə, Elşən Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu şantaj etməkdə və dələduzluqda ittiham edilir.

Belə ki, ilkin məlumata görə, Cabbarov idarə rəisinin intim videogörüntülərini əldə edib. Bununla da rəisi şantaj edərək ayda 7 min manat pul alıb.

Aylıq 7 min manatdan əlavə isə nağd olaraq idarə rəsindən 110 min manat pul aldığı bildirilən Cabbarova qarşı iki ağır maddə ilə ittiham irəli sürülüb.

Cabbarov Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) və 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.

Bu işdə Cabbarovla əlbir olmaqda suçlanan Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova da məsuliyyətə cəlb edilib.

Həbs edilən iş adamının Salyan rayonunun Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manatlıq dələduzluq etdiyi də bildirilir./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA