İŞİD İNDİ DƏ HİNDİSTANA AYAQ AÇIR - "Vilayəti Hindistan" layihəsi işə düşür: hədəfdəki "dördlük"də Çin də var

  • 2019-05-15 10:31:20
  • |
  • Dünya /

İŞİD İNDİ DƏ HİNDİSTANA AYAQ AÇIR - "Vilayəti Hindistan" layihəsi işə düşür: hədəfdəki "dördlük"də Çin də var

Suriya və İraqdakı mövqelərini itirən İŞİD indi də yönünü Cənubi Asiyaya çevirib. “Xilafət”in ideyalarnı gerçəkləşdirmək üçün ehtimal olunan hədəf Hindistandır. Ekspertlərin fikrincə, bu ölkədəki azlıqların radikallaşma səviyyəsi lazımi qədər qiymətləndirilmir.

İŞİD “Amaq” təşviqat agentliyi vasitəsi ilə müraciət yayıb. “Amaq” İŞİD-in strukturuna daxil olmasa da, çox vaxt adı bu terror qruplaşması ilə qoşa çəkilir. Müraciətdə “Vilayəti Hindistan” adlı yeni vilayətin yaradıldığı elan olunurdu. Söhbət, Hindistan yarımadasının şimal-qərbində yerləşən rayondan – Kəşmirdən gedir.

Bu bölgə uzun illərdir ki, Hindistanla Pakistan arasında ərazi mübahisələrinin predmetidir. Həmçinin aktiv separatçı qruplaşmaların zonasıdır. Bu il Kəşmirə gələn hindistanlı hərbçilərin hücuma məruz qalması iki qonşu dövlət arasında az qala hərbi münaqişənin başlanmasına səbəb olacaqdı.

Bununla yanaşı, bu ilin fevralında Hindistan Hərbi Hava Qüvvələrinin 12 “Mirage-200” təyyarəsi Pakistan sərhədini 80 kilometr keçərək “Ceyş-ə-Məhəmməd” qruplaşmasının düşərgəsini bombalamışdı. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan Hindistanın iki qırıcı təyyarəsini vurmuşdu. Təyyarələrdən biri Pakistanın nəzarətində olan Azad Cammu və Kəşmir əyalətinin ərazisinə düşmüş, pilot isə əsir götürülmüşdü.

Ola bilsin ki, İŞİD bu qeyri-sabit vəziyyətdən sui-istifadə etməyə qərar verib. “Vilayəti Hindistanın” da elan edilməsi silahlıların Hindistan təhlükəsizlik qüvvələri ilə Amşipor şəhərindəki (Kəşmir ərazisində) atışması fonunda baş verib. Əməliyyat nəticəsində İŞİD silahlılarından olan İşfak Sofi zərərsizləşdirilib.

“Hindistan hər zaman terrorizmin qurbanı olub. İŞİD isə terrorizmin ən çirkin nümunəsidir. Hindistan milli maraqlarını və sərhədlərini qorumaq üçün terrorizmlə mübarizəni davam etdirəcək”, – deyə diplomatik mənbələr bildirir.

Onu da diqqətdən qaçırmaq olmaz ki, Kəşmirdəki əməliyyat və onun ardınca terrorçu qruplaşmanın bəyanatının yayılması Hindistanda davam edən ümumxalq seçkilərinə təsadüf edir. Ötən həftənin sonlarında səsvermənin 6-cı mərhələsi başa çatıb. Bülletenlərin sayılması ilə 23 mayda yekunlaşacaq.

Hazırda Hindistanda İslam dininə etiqad edən 172 milyon insan var. Şri-Lankadakı qanlı teraktlardan sonra Hindistan təhlükəsizlik qüvvələri cənub ştatları olan Kerala və Tamilnadda reydlərin sayını artırıblar. Ekspertlərin dediyinə görə, əvvəllər bu ştatlara böyük diqqət ayrılmırdı.

Təhlükəli qruplaşmalardan biri də “Ceyş-ə-Məhəmməd”dir. Bu qruplaşma Kəşmirdəki teraktlara görə məsuliyyəti öz üzərinə götürüb. “Ceyş-ə-Məhəmməd” Kəşmirin Hindistan hissəsində fəaliyyət göstərən və ştatın müstəqilliyi, həmçinin qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.

Kəşmir ərazisi 1947-ci ildən bu yana Hindistanla Pakistan arasında mübahisə mövzusuna çevrilib. Hazırda Kəşmirdə dövlət sərhədi yoxdur və onun ərazisi təmas xətti ilə iki hissəyə bölünüb.

Bununla yanaşı, Kəşmirin Pakistana birləşdirilməsinə çalışan «Hizbul Mucahiddin» adlı silahlı qruplaşması da var. Bu qruplaşmanı «Arakan rohincasının xilası ordusu» ilə sıx əlaqədə ittiham edirlər.

Konsolidasiyanın Hindistan, Banqladeş, Myanma və Çinin bəzi rayonlarının böyük ərazilərini qorxu altında saxlayacaq bir terror şəbəkəsinin formalaşmasına gətirib çıxaracağını təxmin etmək çətin deyil.

Ekspertlər bunun “xilafətin” yeni layihəsi olacağını istisna etmirlər. Suriya və İraqda ərazilərini itirən İŞİD yenidən təşkilatlanmağa və özünə fəal tərəfdarlar toplamağa çalışır.

Müqəddəs Ramazan ayı ərəfəsində İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin videoçıxışının yayılması hələlik bu təşkilatın Yaxın Şərq və Şimali Afrikaya dair planlarını gün üzünə çıxarır. Məsələn, Bağdadi Əbu Valid əl-Saxrauinin (“Əl-Qaidə”nin Malidəki keçmiş komandiri, İŞİD-in Saxaradakı böləmələrinin rəhbəri) xidmətlərindən danışıb. Görünən odur ki, tezliklə dünya ictimaiyyəti İŞİD qruplaşmasının Cənubi Asiyaya keçidinə ciddi hazırlıq görməli olacaq…

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA