İlham Əliyevdən Rusiyanın "5-ci kolonu"na növbəti SARSIDICI ZƏRBƏ...

İlham Əliyevdən Rusiyanın "5-ci kolonu"na növbəti SARSIDICI ZƏRBƏ...

Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmayacaq, müşahidəçi statusunda təmsil olunmayacaq

Prezident ölkəmizi sovet dönəmində olduğu kimi yenidən Rusiyanın boyunduruğuna salmağa çalışan daxildəki və xaricdəki qüvvələrin planlarını alt-üst etdi

Əli Hüseynli, Qüdrət Həsənquliyev və onlar kimi düşünənlərin yanlış yolda olduqları sübuta yetirildi

Heç kimə sirr deyil ki, Rusiya əzəli rəqibi olan NATO qarşısında duruş gətirmək, o cümlədən Qərbin, əsasən də ABŞ-ın Cənubi Qafqaz regionunda və bütövlükdə postsovet məkanında mövqeyini möhkəmləndirməsinin qarşısını almaq naminə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) əhatə dairəsini genişləndirməyi planlaşdırır. Məhz elə bu səbəbdən də Kreml nəyin bahasına olursa-olsun Azərbaycanı da KTMT-yə üzv etməyə çalışır. Lakin bu, ölkəmizin milli maraqlarına əsla cavab vermir. Buna baxmayaraq, ölkəmizdə mövcud olan Rusiyameyilli qüvvələr olduqca bəsit arqumentlərlə çıxış edərək Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünün, guya Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayacağını bəyan edirlər.

Qeyd edək ki, həmin şəxslərdən biri də Milli Məclisin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynlidir. Belə ki, o, bir müddət öncə haqqin.az-a müsahibəsində deyib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində KTMT-yə üzvü ola bilər. Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyətin hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqləndiyini qeyd edən deputat hesab edir ki, Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı: "2002-ci ildə KTMT-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır. Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir". Beləliklə, Azərbaycanın KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmədiyini vurğulayan Əli Hüseynlinin fikrincə, adıçəkilən təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar.

Nəzərinizə çatdıraq ki, Əli Hüseynlinin mövqeyini dəstəkləyən şəxslərdən biri də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevdir. Şükürlər olsun ki, millət vəkillərinin, siyasi şərhçilərin, o cümlədən partiya sədrlərinin böyük əksəriyyəti onların fikirlərini bölüşmürlər. Çünki hazırkı şəraitdə Azərbaycanın KTMT-yə üzv olması və ya adıçəkilən təşkilatda müşahidəçi qismində iştirak etməsi ölkənin milli maraqlarına ciddi zərbə vura, işğal altındakı torpaqlarımızın mərhələli şəkildə Ermənistana təhvil verilməsinə zəmin yarada bilər. Məhz elə bu səbəbdən də Əli Hüseynli ilə Qüdrət Həsənquliyevin həmkarı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Arif Rəhimzadə də açıqlamalarının birində bəyan edib ki, hazırki şəraitdə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşula bilməz: "Ermənistan işğalçı dövlətdir. Hazırda biz Ermənistan dövləti ilə müharibə şəraitində yaşayırıq. Onların olduğu təşkilatda bizim nə işimiz ola bilər axı?! Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi öz həllini tapmayınca biz Ermənistan dövləti olan yerə getməməliyik". Digər millət vəkili Vahid Əhmədov da bu qənaətdədir ki, KTMT-yə üzvlük ölkəmizə heç nə verə bilməz. Onun sözlərinə görə, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olana qədər Dağlıq Qarabağ problemi öz həllini tapmalıdır: "Söhbət yalnız 7 rayonunun qaytarılmasından getmir, ümumiyyətlə, Dağlıq Qarabağın statusu müəyyənləşməlidir. İkinci, müstəqil dövlət olduğumuzdan ərazimizdə hər hansı hərbi hissə olmamalıdır. Biz buna imkan verə bilmərik. Çünki Azərbaycanın müstəqilliyinin əsasında bu amil dayanır. Azərbaycan dövlət başçısının da mövqeyi belədir. Həmişə o, müstəqilliyi ön plana çıxarıb. Amma Azərbaycanda hər hansı dövlətin ordusu yerləşdirilərsə, bu, müstəqilliyə böyük təhlükə yarada bilər". Azərbaycanın Avropaya inteqrasiya xəttini götürdüyünü, NATO ilə əməkdaşlıqla paralel balans siyasəti apardığını deyən millət vəkilinin fikrincə, əgər sabah KTMT-yə üzv olsaq, o zaman balans siyasətini yeridə bilməyəcəyik: " Təhdid və təzyiqlər ola bilər, bu məqamlar nəzərə alınmalıdır. Həmişə demişəm, yenə fikrimdə qalıram ki, Rusiya Azərbaycanın strateji müttəfiqidir, əhəmiyyətli dövlətdir. Prezidentlər səviyyəsində bu əlaqələr qurulub, iqtisadi-humanitar və siyasi əlaqələr də davam etdirilməlidir. Ancaq bunu dərinləşdirib hərbi məsələlər səviyyəsinə çıxartmağa ehtiyac yoxdur, çünki müstəqilliyimizə müəyyən xələl gətirə bilər".

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Rusiya ilə Azərbaycanın siyasi-hərbi müttəfiqliyi mümkün deyil. "Rusiyanın Azərbaycanla müttəfiq və müstəqil tərəfdaş dövlət kimi davranması üçün ilk növbədə Kremldə demokratlar hakimiyyətə gəlməlidir" deyən politoloq bildirib ki, Rusiyanı idarə edənlər imperiya düşüncəsinə malikdir və məqsədləri Cənubi Qafqazı öz nəzarətinə alaraq, buradakı ölkələri təsir dairəsinə salmaqdır. Məhz elə buna görə də Məhəmməd Əsədullazadə bu qənaətdədir ki, Azərbaycanın KTMT-yə üzvlüyü müstəqilliyimizin itirilməsidir: "Bu Qarabağın heç də işğaldan azad edilməsinə gətirib çıxarmayacaq. Qeyd edim ki, Moskva ölkəmizi öz arxa bağçası sayır. Çalışır ki, Azərbaycan müstəqil qərar verən ölkə olmasın. Danılmaz faktdır ki, ölkəmizdə Rusiyanın "5-ci kolonu" güclüdür. Həm informasiya məkanında, həm də digər strukturlarda geniş şəbəkəyə malikdirlər. "5-ci kolon" çalışır ki, ölkəmiz Rusiyanın orbitinə daxil olaraq, forpost kimi fəaliyyət göstərsin. Bunlar da dövlətçiliyə öz çirkin zərbələrini vursunlar. Bir məsələni vurğulamaq lazımdır ki, Azərbaycan 90-cı illərdə KTMT üzvü olanda, niyə Rusiya Qarabağla bağlı Ermənistana təzyiq etmədi? Hətta, Kreml 1999-cu ildə Ermənistanda parlament terroru həyata keçirərək, İrəvanla Bakının razılaşmasına imkan vermədi. Həmin dövrdə Putin FSB başçısı idi. Ona görə də Putin Rusiyasının siyasi-iqtisadi orbitinə daxil olmaq, forpost olmaq deməkdir. Azərbaycanın əsas siyasi xətti avrointeqrasiya olmalıdır".

Bu arada, önəmli bir məqamı da diqqətinizə çatdırmalıyıq ki, ölkə başçısı İlham Əliyev bugünlərdə Davosda Dünya İqtisadi Forumu çərçivəsində "RİA Novosti"yə verdiyi açıqlamasıyla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı məsələyə nöqtə qoyub. Belə ki, rəsmi Bakının Rusiya silahlarının tədarükü üzrə yeni müqavilələr imzalamaqda maraqlı olduğunu, detalların müvafiq qurumlar tərəfindən razılaşdırılacağını vurğulayan prezident bəyan edib ki, Azərbaycanın KTMT-yə üzvlüyü və ya təşkilatda müşahidəçi statusu məsələsi gündəmdə deyil: "Biz Rusiya silahlarının ən iri alıcılarındanıq. Ötən illərdə imzalanan bəzi müqavilələr hələ reallaşma mərhələsindədir. Daha doğrusu, biz hələ hamısını əldə etməmişik, lakin böyük hissəsini almışıq. Bu səbəbdən də, hər iki tərəf bu cür əməkdaşlığın davamına ümid edir. Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq və ya müşahidəçi statusu daşıması məsələsi isə hələ qarşıya qoyulmayıb. Bu məsələ hələ müzakirə mərhələsində deyil".

Gördüyünüz kimi, ölkə başçısı sözügedən açıqlaması ilə nəyin bahasına olursa-olsun Azərbaycanı KTMT-yə üzv etməyə və bununla da ölkəmizi sovet dönəmində olduğu kimi yenidən Rusiyanın boyunduruğuna salmağa çalışan daxildəki və xaricdəki qüvvələrin ümidlərini puça çıxarıb, onların planlarını alt-üst edib. Əslində, bunu Rusiyanın ölkəmizdəki "5-ci kolonu"na endirilən növbəti sarsıdıcı zərbə kimi də dəyərləndirmək olar. Bu, həm də, Əli Hüseynli, Qüdrət Həsənquliyev və onlar kimi düşünənlərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı məsələsində yanlış yolda olduqlarını bir daha sübuta yetirdi. Ümid edirik ki, bundan sonra onlar KTMT mövzusu ilə bağlı danışarkən yüz ölçüb bir biçib ölkənin milli maraqlarına xidmət edən açılama verərlər.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA