İlk əsgər məzarlığı salınır: müharibəyə hazırlıqdır? - Zakir Həsənov

İlk əsgər məzarlığı salınır: müharibəyə hazırlıqdır? - Zakir Həsənov

Hardasa, 60-70-ci illərdən həmin ərazidə Sovet hərbi donanmasının bir anbarı var idi. Bu əraziyə istifadədən çıxmış avadanlıqlar yığılmışdı. Ora lazımsız bir əraziyə çevrilmişdi.

Bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-nin “Mir Şahin vaxtı” verilişində Mir Şahinin hərbçilər üçün xüsusi qəbiristanlığın nəzərdə tutulması barədə sualına cavab verərkən deyib.

Nazir bildirib ki, İkinci Fəxri Xiyaban ərazisinin genişlənməsi ilə bu anbar qəbirlərin ortasında qalmışdı:

“Biz qərara gəldik ki, oranı təmizləyək. Təmizləyəndən sonra düşündük ki, ətraf hamısı qəbirlərdir, ordan necə istifadə edək? Təbii ki, qəbiristanlıq ancaq salmaq olardı. Dünya təcrübəsinə baxdıq: ABŞ-da, Avropada, Rusiyada, Gürcüstanda, Latviyada, İsraildə “əsgər məzarlıqları” var, niyə Azərbaycanda olmasın? Bu məzarlıqlarda dəfnin şərtləri də var. Birincisi, yaxınlarının razılığı olmalıdır, ikincisi, qəbirlər eyni cür olmalıdır, bəzək, dəbdəbə qadağandır və s.”

Nazir bildirib ki, orda əsgər məzarlığı yaratmaq niyyətindədirlər:

“Mənə məruzə edirlər ki, sosial şəbəkələrdə əsgər qəbiristanlığının yaradılmasını müharibəyə hazırlıq kimi qələmə verirlər. Bunun müharibəyə hazırlıqla heç bir əlaqəsi yoxdur. Ancaq mən bir daha deyirəm: Azərbaycan Ordusu müharibəyə gecə-gündüz hazırlaşır, düşmənə layiqli cavab verməyə hazırdır, qadirdir və bunu arzulayır”.