İlyas İsmayılov: “Oqtay Əsədovda zərrə qədər ləyaqət varsa, istefa verməlidir!”

  • 2019-04-08 12:04:25
  • |

İlyas İsmayılov: “Oqtay Əsədovda zərrə qədər ləyaqət varsa, istefa verməlidir!”

Son zamanlar ölkədə islahat söhbətləri dolaşmaqdadır. Prezident İlham Əliyev ilk dəfə ötən ilin son günlərində struktur və kadr islahatlarına gedəcəyini açıqladı. Daha sonra bu fikirlər bir sıra dövlət yetkililərinin çıxışlarında da təkrarlandı. Ölkə başçısının bəzi fərmanları ilə pensiyaların, maaş və sosial müavinətlərin cüzi artırılması iqtidar ideoloqları tərəfindən misli görünməmiş islahat kimi təqdim olundu. Ən son, Novruz bayramı təbrikində cənab İlham Əliyev yenidən islahat vədilə çıxış etdi. O, siyasi, hüquqi və iqtisadi dəyişikliklərə gedəcəyini bildirərək, xalqımızın bayram əhval ruhiyyəsinə islahat sevinci də əlavə etdi.

Bəs, görəsən xalqımızın böyük səbrsizliklə gözlədiyi bu vədlər özünü necə doğruldacaq? Ölkə başçısı tərəfindən son zamanlar imzalanan bir sıra qanunvericilik aktlarını gözlənilən islahatların hüquqi bazası kimi qiymətləndirilə bilərmi?

Ədalət partiyasının sədri, hüquq elmləri doktoru İlyas İsmayılovla söhbətimiz bu mövzu ətrafında oldu. Partiya sədrinin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik:

-İlyas müəllim, son zamanlar iqtidar nümayəndələri ölkədə gedən islahatlardan danışırlar. Buna xariciləri də inandırmaq üçün hətta ABŞ-a üç deputat belə göndərilib. Siz bu barədə nə deyə bilərsiniz?

-Əzizim, islahat latın sözü olan “reformare”-dən əmələ gəlib, mahiyyəti mövcud sosial quruluşu məhv etmədən cəmiyyətin, ictimai və dövlət həyatının hər hansı bir sahəsinin, tərəfinin (qanun-qaydalarının, institutlarının, qurumlarının və s.) məhz tərəqqi, irəliləmə istiqamətində yenidən, kökündən dəyişdirilməsi, ayrı cür, ayrı planda qurulması deməkdir. İndi görək, hakimiyyətin və onun məlum məddahlarının islahat adı ilə xalqa və dünya ictimaiyyətinə sırımaq istədikləri, hələ daxili aləmlərini demirəm, əmtəə görünüşü belə olmayan, yaxınları və qohumlarının bir vəzifədən digər vəzifəyə təyin etmələrinin, pensiyaları artırmaq adı altında xalqa dilənçi payı vermələrinin (190 manat pensiyaya 6 manat əlavə olundu) və xalqda birmənalı gülüş doğuran digər “tədbirlərin” bu anlayışla hər hansı bir əlaqəsi varmı? Götürək ölkənin ən ciddi problemi olan korrupsiya ilə hakimiyyətin apardığı “mübarizəni”, başqa sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizədə də mövcud qanunlar işləmir, yaxud bu mübarizə üçün dünya təcrübəsinə uyğun zəruri normativ aktlar qəbul olunmur. Hərdən bu və ya digər yüksək rütbəli hakimiyyət nümayəndəsinin “bu sahədə işi gücləndirmək lazımdır” demələri ilə öz vəzifə borclarını bitmiş sayırlar. Əgər həqiqətən islahat tərəfdarlarıdırlarsa, onda desinlər görək, hələ 2005-ci ildə qəbul olunan Gəlirlər barədə deklarasiya vermək haqqında qanun niyə tətbiq olunmur? Unutmayaq ki, insanları sözlərlə, çağırışlarla deyil, məhz şəxsi nümunələrlə inandırmaq mümkündür. Bunun üçün başda prezident olmaqla bütün hakimiyyət nümayəndələri gəlirləri barədə qazanclarının mənbəyi və dövlətə ödənilən vergilərin məbləği göstərilməklə deklarasiya verməlidirlər. Sözügedən qanunun işləməsinə mane olanlar niyə cəzalandırılmırlar? Əgər doğrudan da islahat tərəfdarlarıdırlarsa, niyə korrupsiya ilə mübarizə üçün zəruri, labüd olan xərclər barədə deklarasiya verilməsi haqqında qanun, vəzifəli şəxslərin sahibkarlıqla məşğul olmalarını qadağan edən cinayət qanunu qəbul olunmur, hələ 2006-cı ildə ikinci oxunuşdan keçən Rəqabət Məcəlləsi üçüncü oxunuşa çıxarılmır? Nə üçün MTN-ni cinayət yuvasına çevirən Eldar Mahmudov cinayət məsuliyyətinə cəlb edilmir? İş ona gəlib çıxdı ki, artıq korrupsiyanın əyani sübutu olan nazirliyi ləğv edib əvəzində yeni nazirlik yaratmaq məcburiyyətində qaldılar. Dövlətin əsas rıçaqlarından olan bu nazirliyin cinayət yuvasına çevrilməsində təqsirli bilinən şəxslər nə üçün cəzalandırılmadılar? Beynəlxalq Bankda baş verənlərə görə məsul olan şəxslər nə üçün məsuliyyətdən kənarda qaldılar? Əgər doğrudan da islahatlar keçirilirsə, bu suallara konkret və birmənalı cavab verilməlidir. Xalqa hörmət göstərin!

Bu yaxınlarda mətbuatda Milli Məclisin sədri Oqtay Əsədov və onun həyat yoldaşının Moskvada milyonlarla dollar dəyərində obyektlərinin olması və burada qeyri-əxlaqi və qanunsuz fəaliyyətlərin tuğyan etməsi ilə əlaqədar informasiyalar getdi. İlk əvvəl mən bunun qeyri-ciddi məlumat olduğunu düşündüm. Sonradan Fəzail Ağamalının Oqtay Əsədov və onun yoldaşının müdafiəsinə qalxmasından bəlli oldu ki, yazılanlar doğru imiş. Deyilənlərə görə, Oqtay Əsədovun nəinki Moskvada, hətta Binəqədidə və başqa yerlərdə də milyonluq obyektləri var. Düşünürəm ki, bu barədə xalqa hesabat verilməlidir: Oqtay Əsədovda bu var-dövlət hardandır? Yazılanlardan sonra onun onsuz da mənfi olan imicinə böyük zərbə dəydiyi aşkardır. Onda zərrə qədər ləyaqət varsa, xalqın səbrini zorlamadan istefa verməlidir.

-Siz ölkədə hər hansı bir islahatın aparılmadığını deyirsiniz. Azərbaycanın üç deputatı isə bu yaxınlarda ABŞ-a səfər etmişdi. Səfərin missiyası ABŞ rəhbərliyini Azərbaycanda ciddi islahatların aparıldığına inandırmaq idi. Bilirik ki, dünyanın ən böyük xəbəralma təşkilatı ABŞ-dadır və bu ölkəni idarə edənlər harda nə baş verdiyini həmin yerin insanlarından daha yaxşı bilirlər. Belə olan halda, hökumətin xarici dövlətlər qarşısında hesabat verməsini necə qiymətləndirirsiniz?

-Əvvəla, hakimiyyət öz fəaliyyətinə dəstəyi xaricdə deyil, öz xalqında axtarmalıdır. Əks halda, sizin də qeyd etdiyiniz kimi, bu cür təşəbbüslər xaricilər qarşısında hesabat verməyə daha çox bənzəyər. İstənilən ölkənin hakimiyyəti isə öz xalqı qarşısında məsuliyyət daşıyır və hesabatı da ona verməlidir.

İkincisi, böyük, xüsusilə də siyasi islahat deyəndə nəyi nəzərdə tuturlar? Bu suala hökumət nümayəndələri aydınlıq gətirməlidirlər. Bəlkə Konstitusiyanın müvafiq maddələrini dəyişərək, proporsional seçki sistemini, prezidentin iki dəfədən artıq seçilməsini qadağan edən normaları bərpa etmək istəyirlər? Yaxud Əsas Qanunu dəyişdirərək, prezidentlik idarəetmə formasından parlamentli idarəçiliyə keçmək barədə düşünürlər? Bütün bunlar həyata keçirilmədən siyasi islahatlardan danışmaq absurddur.

Bəlkə böyük islahatlar deyəndə tibb sistemində məcburi tibbi sığorta tətbiq edərək vətəndaşları ölüm təhlükəsindən xilas etməyi düşünürlər? Yoxsa, təhsil sistemini kökündən dəyişdirərək, onu xalqın üzünə açırlar; xüsusilə də dövlət universitetlərində, dünyanın hər yerində, o cümlədən Türkiyədə olduğu kimi, pullu təhsili ləğv edib kasıb balalarının təhsil almasına şərait yaradırlar? Ölkədə aparılan “islahatlarda” bunların heç birinin kiçik işartıları belə yoxdur. Onda nə üçün xalqı və dünya ictimaiyyətini aldatmağa çalışırlar? Azərbaycandakı vəziyyəti islahat kimi təqdim etmək üçün insanda gərək yüz sifət ola.

-Amma gəlin, razılaşaq ki, hakimiyyət sizin dediyiniz islahatların hamısını birdən apara bilməz. Sizcə, ilk işə nədən başlanılmalıdır?

-Əlbəttə, hakimiyyətin 30 ilə yaxındır yaratdığı problemləri bir anda həll etmək çətindir. İslahatlar müəyyən aralıqlarla və intensiv aparılmalıdır. Amma məsələ burasındadır ki, hakimiyyətin son zamanlar atdığı addımların heç birini islahat adlandırmaq mümkün deyil. Yəni böyük islahatlardan bəhs edilir, ancaq ortada bunun heç bir əlaməti yoxdur. İqtidarın əslində belə bir niyyəti də mövcud deyil. Deklorativ bəzi addımlarla sadəcə islahat manipulyasiyası ilə məşğuldurlar. Varlığı və mahiyyəti korrupsiyadan ibarət olan, xalqın inamına deyil, güc strukturlarına arxalanan, seçki keçirmək əvəzinə, sadəcə bu barədə protokol tərtib edən, konstitusiyada gülüş doğuran dəyişikliklərlə ömrünü uzadan hakimiyyət islahatlar aparmağa qadir deyil. Bu onun oturduğu budağı kəsməsi olardı.

Digər tərəfdən, tətbiq olunan “tədbirlər” islahatın məramı və məqsədi olan hansı irəliləyişə, tərəqqiyə gətirib çıxarıb? Belə bir şey yoxdur. Əksinə, bunların yalançılıqda göstərdikləri əzmkarlıqları (bunu Qarabağ probleminin həllində ortaya qoysaydılar, sevinərdim) xalqı hakimiyyətdən tamamilə aralayır. Bunu nə qədər tez anlasalar, o qədər yaxşı olardı.

Söhbətləşdi: Heydər Oğuz,

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA