İmadəddin Nəsiminin əsərləri və onun haqqında yazılanlar...

İmadəddin Nəsiminin əsərləri və onun haqqında yazılanlar...

Not əsərləri və Nəsimi çoxcildli kitablarda

2016-cı ildə “Musiqi dünyası” nəşriyyatı tərəfindən hazırlanmış CD ROM elektron optik diskində audiokitab olaraq səsyazma şəklində “Qəzəllər”ə Həsən Turabovun ifasında Nəsiminin “Canımı yandırdı hicrin” qəzəli də daxil edilmişdir.

Nəsiminin sözlərinə həsr olunmuş bir çox görkəmli bəstəkarlar tərəfindən fortepiano ilə oxumaq üçün mahnı notlarından ibarət olan kitablar da müxtəlif illərdə çap olunmuşdur.

Görkəmli bəstəkarımız Emin Sabitoğlunun “Bakı sabahın xeyir” adlı kitabına (1975) Nəsiminin “Eylədi” qəzəlinin sözünə bəstələnmiş mahnı, bəstəkar, pedaqoq, xormeyster Cahangir Cahangirovun “Buludlar” (1977) adlı fortepiano ilə oxumaq üçün mahnı və romansların notlarından ibarət olan, paralel olaraq Azərbaycan və rus dillərində mətnləri əhatə edən kitabına Nəsiminin “Həqq mənəm” qəzəli daxil edilmişdir.

Bəstəkar Süleyman Ələsgərovun “Hünər və könül təranələri” adlı kitabına (1978) Nəsiminin “Neylərəm”, bəstəkar Nazim Əliverdibəyovun fortepiano ilə oxumaq və xor üçün notları “Mahnılar” (1979) kitabına “Ey gülüm”, bəstəkar, müğənni Tamilla Məmmədzadənin fortepiano ilə oxumaq üçün notlardan ibarət “Romanslar” (1989) adlı, paralel olaraq Azərbaycan və rus dillərində mətnləri əhatə edən kitabına “Ey bivəfa” qəzəli də daxil edilmişdir.

Qeyd etdiyimiz bütün not kitabları “İşıq” nəşriyyatında çap olunmuşdur.

Bundan başqa, 2017-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən 2 kitab çap olunmuşdur ki, bunlardan biri Nəsimiyə həsr olunmuş Fikrət Əmirovun “Nəsimi haqqında dastan. Faciəvi musiqi” adlı “Azərbaycan qravürləri” seriyasından notlar kitabıdır. Digəri isə Emin Sabitoğlunun C.Mahmudovanın tərtibçiliyi ilə çap olunmuş “Əlvida” adlı səs və fortepiano üçün mahnılardan ibarət kitabıdır ki, bura Nəsiminin “Eylədi” qəzəli də daxil edilmişdir.

Həmçinin rus dilində olan notlar kitabları da vardır ki, bunlara 1977-ci ildə Moskvada “Sovet bəstəkarı” nəşriyyatında çap olunmuş böyük simfonik orkestr üçün nəzərdə tutulmuş Fikrət Əmirovun “Nəsimi haqqında rəvayət” adlı, redaktoru Yuri Ter-Osipov olan partituradır. Eyni ildə Moskvanın “Musiqi” nəşriyyatında bəstəkar, dirijor Səid Rüstəmovun fortepiano ilə səs üçün “Mahnılar və romanslar” adlı R.Rüstəmovun redaktorluğu ilə notlar kitabı çap olunmuşdur ki, bura Nəsiminin (“Жизнь без милой”) qəzəli daxil edilmişdir.

1978-ci ildə Moskvada “Sovet bəstəkarı” nəşriyyatında çap olunmuş fortepiano müşayəti ilə səs (xor) üçün N.Savinçevin redaktorluğu ilə hazırlanmış Tofiq Quliyevin “Ürək mahnıları” adlı kitabı çap olunmuşdur ki, bura Nəsiminin də (“Не надо”), 1980-ci ildə Bakıda Tamilla Məmmədzadənin “Lenin” notlar kitabına isə “Ey bivəfa” qəzəlinin sözlərinə həsr olunmuş bəstə daxil edilmişdir.

Nəsimi haqqında çoxcildli kitablarda da məqalələr çap olunmuşdur. Salman Mümtazın 1926-cı ildə “Kommunist” nəşriyyatında işıq üzü görmüş “Azərbaycan ədəbiyyatı” adlı çoxcildliyinin X cildində (VII-IX əsr hicri) ərəb qrafikasında Azərbaycan və fars dillərində şairin qəzəl, qəsidə və rübailəri daxil edilmişdir. İsmayıl Hikmətin 1928-ci ildə “Azərnəşr”də çap olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” (islamiyyatın zühurundan miladın on səkkizinci əsrinə qədər) kitabının I cildində, Məmməd Cəfər Cəfərovun 2003-cü ildə “Çinar-çap” nəşriyyatında nəşr edilmiş “Seçilmiş əsərləri”nin ikinci cildində romantizmə aid tədqiqatları, 1905-1917-ci illər Azərbaycan romantizminin xüsusiyyətləri, eləcə də, romantizmin nəzəri-estetik prinsipləri, tematikası, Qərb və Şərq romantizmi haqqında fikirləri verilmişdir. Təhmasib Fərzəliyevin tərtibçiliyi, Elçinin elmi redaktorluğu, İsrafil İsrafilovun redaktorluğu ilə hazırlanmış bu cilddə Nəsimi haqqında materillar verilmişdir.

Akademik Nizami Cəfərovun 2006-cı ildə “Çaşıoğlu” və Azərbaycanda Atatürk Mərkəzi tərəfindən çap olunmuş 4 cildlik “Türk xalqları ədəbiyyatı” kitabının türk ədəbiyyatı tarixinin orta dövrünü ( XIII əsrdən XIV əsrin sonu XVII əsrin əvvəllərinə qədər) əhatə edən II cildinə Nəsiminin şeirləri, Yusif Seyidovun Nizami Cəfərov tərəfindən hazırlanmış, “Bakı Universiteti” nəşriyyatı tərəfindən işıq üzü görmüş 15 cildlik “Əsərləri”nin III cildində (2007) böyük Azərbaycan şairi Nəsiminin dilinin ədəbi dil, tarixi leksikası, tarixi qrammatika istiqamətində ətraflı tədqiqi verimişdir.

2008-ci ildə “Nurlan” nəşriyyatında nəşr edilmiş AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin akademik Rafael Hüseynovun redaktorluğu ilə “Məclis: ədəbi mərasimlər, ildönümlər, görüşlər” adlı toplusununun III kitabında həmçinin İmadəddin Nəsimi kimi klassikimizə həsr edilmiş mərasimdə söylənən dəyərli fikirlər də yer almışdır.

Prof. Qəzənfər Paşayevin N.Cəfərov və S.Saatçının redaktorluğu “Təhsil” nəşriyyatında 2012-ci ildə çap olunmuş 7 cildlik “Seçilmiş əsərləri”nin IV cildində “Nəsimi haqqında araşdırmalar” monoqrafiyası, Nizami Xudiyevin “Seçilmiş əsərləri”nin M.Çobanovun elmi redaktorluğu ilə 2014-cü ildə “Elm və təhsil” nəşriyyatında çap olunmuş “Azərbaycan antroponimlərinin təşəkkülü və inkişafı”ndan bəhs edən Azərbaycan və rus dillərində materialların verildiyi IX cildinin “Azərbaycan ədəbi dili tarixindən seminar məşğələləri” hissəsində Nəsimi haqqında da yazılar yer almışdır.

Həmçinin bir neçə çoxcildli kitabın bir cildi məhz Nəsimiyə həsr olunmuşdur: Xalq şairi Qabilin 7 cildlik Mahir İmamverdiyevin tərtibində 2017-ci ildə”Adiloğlu” nəşriyyatında CD-ROM elektron optik disk şəklində işıq üzü görmüş “Əsərlər”inin I cildi şairin şah əsəri sayılan və 1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi Heydər Əlirza oğlu Əliyevin qərarı ilə Azərbaycan SSR Dövlət Mükafatına layiq görülən “Nəsimi” mənzum romanı daxil edilmişdir.

Azərbaycan SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən “Elm” nəşriyyatında çap olunmuş 20 cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası”nın V cildi Nəsimiyə həsr olunmuşdur ki, buraya şairin qəzəl, qəsidə, müstəzad, tuyuq, tərcibənd, məsnəviləri daxil edilmişdir. Cildin baş redaktoru M.İbrahimov, H.Araslı, C.Qəhrəmanov və s., tərtibçisi H.Araslı, redaktoru T.Kərimovdur.

Aygün Hacıyeva,

Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA