Çimərliklərdə giriş niyə ödənişlidir? - VİDEO

Çimərliklərdə giriş niyə ödənişlidir? - VİDEO

Havalar isinib, artıq yeni dəniz mövsümü də başlayıb. Hər kəs üz tutur dənizə. Amma dənizə gələrkən, seçim etməlisən. Pullu və pulsuz çimərliklər. Bəli, elə çimərliklər var ki, o çimərliyin qapısından girmək belə pulludur. Qiymət isə 5, 10, 15, hətta 20 manat.

Hurriyyet.org xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Çəkiliş apardığımız "Şıxov" çimərliyində, ümumiyyətlə, ödənişsiz çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi 1 yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır.

Sakin: "Dəniz məgər gömrükdür şlaqbaun qoysunlar. Dəniz Allahın bizə vergisidir. Bütün dünyanın hər yerindən gəlirlər. Gəlib orada o şlaqbaunu görsə, gedib orada nə deyəcəklər".

Sakin: "Dənizə heç bir maneəçilik olmaz. İnsanlar girməlidir. Pul alınmamalıdır".

Çingiz İsmayilov - Ekoloq: "Əsasən, servisə, ödənişlər ödənilir. Ancaq sahilə bəlkə hər hansı bir sakin gedib sahildə oturub dənizə baxmaq istəyir. nəfəs almaq istəyir, yəni bu, qətiyyən qəbul edilməzdir".

Rəhman Quliyev - Turizm üzrə ekspert: "Özəl çimərliklər, onsuz da, özəldir. Orada xidmətlər daha yüksəkdir. Orada xüsusi yerlər ayrılıb, xüsusi besetkalar tikilib. Təbii ki, bu, pulla satılır. Bir az da yüksək məbləğə satılır. Bir ailədə 5-6 nəfər olur. Bu ailə çimərliyə getdikdə, 5 manatdan ödədikdə, bu, 30 manat edir. Burada 30 manat böyük puldur".

Amma girişi pulsuz, xidmətləri pullu olan çimərliklər də var. Bura gəlib, dənizdə çimib, qumda uzana bilərsən. Ödənişi isə istifadə etdiyin xidmətlərə görə edirsən. Buda ki məcburi deyil.

İbrahim Novruzov - Administrator: "Gələn vətəndaşlar keçib qumdan dənizdən tam istifadə edə bilərlər. Bizim xidmətlərimizdən istifadə etdiyi zaman biz ondan pul alırıq".

Dövlət Turizm Agentliyi bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır.

Kənan Quluzadə - Dövlət Turizm Agentliyinin mətbuat katibi: "Monitorinq Azərbaycanda bütün çimərlikləri əhatə edəcək. Biz həm çimərliklərin vəziyətini həm də göstərilən xidmətləri müəyyən etmək istəyirik. Biz onun tərəfdarıyıq ki, Azərbaycanda çimərliklər ictimai olmalıdır. Giriş pulsuz olmalıdır".

Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər.