ÇİN DÜNYANI ÖZÜNƏ TABE ETMƏYƏ ÇALIŞIR

ÇİN DÜNYANI ÖZÜNƏ TABE ETMƏYƏ ÇALIŞIR

Nəzakət Məmmədova: "Pekin "Bir qurşaq, bir yol" layihəsi ilə Avrasiya materikini iqtisadi cəhətdən öz təsirinə salmağı planlaşdırır"

"ABŞ-ın başqa ölkələri işğal etməyə can atmasının kökündə məhz Çin amili dayanır"

"Kreml hələlik Vaşinqtona qarşı balans yaratmaq məqsədiylə Pekinlə yaxınlıq edir"

Heç kimə sirr deyil ki, ABŞ və Rusiya uzun illərdir dünyanın yeganə hegemon dövləti, mütləq hakimi olmaq uğrunda gərgin mübarizə aparır. Düzdür, hələlik tərəflər açıq savaş elan edib bir-birinə qarşı hərbi gücdən istifadə etməsə də, yaranmış ilk fürsətdə biri digərinin maraqlarına zərbə vurmağa, qlobal miqsayda mövqeyini zəiflətməyə, təsir dairəsini daraltmağa çalışır. Bu isə ən çox Çinin maraqlarına xidmət edir. Çünki son illər həm iqtisadi, həm də hərbi baxımdan sürətlə inkişaf edən Çin də dünya hegemonluğuna iddialı olan dövlətlərdəndir. Məhz elə buna görə də Pekinlə Vaşinqton hibrid müharibələr, yəni başqa ölkələrin ərazilərində, başqa dövlətlərin vasitəsilə bir-birlərinə təsir etməyə, geosiyasi maraqlarını reallaşdırmağa can atır.

Nəzərinizə çatdıraq ki, mövzuya məhz bu konteksdən yanaşan Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bugünlərdə axar.az-a müsahibəsində ABŞ-la Çin arasında baş verə biləcək birbaşa hərbi münaqişənin bütün dünyanın sonuna gətirib çıxara biləcəyini qeyd edib. Politoloq bu qənaətdədir ki, Vaşinqton Pekini Çini sivil oyun qaydalarına dəvət etmək niyyətindədir. Onun sözlərinə görə, əgər bu, alınsa, ciddi münaqişələrdən də qaçmaq mümkün olacaq. "ABŞ-ın Çinə qarşı aktiv siyasəti onun gələcəkdə Rusiya ilə hansısa ittifaqa girməsi ilə nəticələnə bilərmi" sualını cavablandıran Natiq Cəfərli hesab edir ki, Rusiya gələcəkdə özünə ən böyük təhdid kimi Çini görsə və ona qarşı Avropa Birliyi, ABŞ kimi müttəfiqlər axtarsa, məcburdur ki, öz siyasətinə korreksiyalar etsin: "Əslində, bu, çox maraqlı məsələdir. Çünki hələ 20 il bundan öncə Bjezinskinin "Böyük şahmat taxtası" adlı kitabda belə bir ehtimal var idi ki, gec-tez Çinə qarşı Rusiya və ABŞ-ın əməkdaşlığı və birliyi yaranacaq. Bu qaçılmazdır. Çünki Çinin böyüməsi, eksponsiyası hər iki dövlətə böyük təhdiddir. Bu ehtimalları nəzərə alsaq, gələcəkdə belə bir ittifaqın yaranması mümkündür. Amma bu o halda olacaq ki, Rusiya və ABŞ arasında olan problemlər həllini tapsın. Amma hələ ki, bu problemlərin həllini tapacağı gözlənilmir. Rusiyaya qarşı ciddi sanksiya rejimi var. Rusiyanın aqressiv siyasətinin dayandırılması yönündə ABŞ-ın bəzi addımları da oldu. Yəni bu ittifaqın yaradılması Rusiyadan daha çox asılı olan məsələdir. Əgər Rusiya gələcəkdə özünə ən böyük təhdid kimi Çini görsə və Çinə qarşı AB, ABŞ kimi müttəfiqlər axtarsa, məcburdur ki, öz siyasətinə də korreksiyalar etsin. Onu da deməliyəm ki, Çin Rusiya üçün daha böyük təhlükədir. Çinin artıq Rusiyaya mədəni ekspansiyası başlayıb. Amur çayı, Baykal gölü ətrafına yüzminlərlə çinlinin köçməsi xəbəri yayılmağa başlayıb. Yəni artıq yumşaq güc şəklində Çin həmin torpaqlarda öz koloniyalarını, vətəndaşlarını yerləşdirməklə məşğuldur. Bu da Rusiya üçün daha böyük təhlükədir".

Bu arada, maliyyə sistemində artıq yaxından iştirak edən Çin yuanının digər ölkələrə və qitələrə yayıldığını bildirən hərbi ekspert Ədalət Verdiyevin fikrincə, Çin artıq dünyanın yüzdən çox ölkəsinin ən böyük ticarət tərəfdaşıdır: "İndi onun ticarət və investisiya əməliyyatlarını öz milli valyutası ilə təmin etmək imkanı var. Qeyd etmək lazımdır ki, bir çox ölkələri maliyyə və iqtisadi sanksiyalarla hədələyən və ya tətbiq edən ABŞ-ın özu bəzi dövlətləri Çin milli valyutasından istifadə etməyə təhrik etdi. Bu sırada ilk addımı 2012-ci ildə Çinlə neft ticarətində İran atdı. İki ildən sonra, 2014-cü ildə, Qərbin maliyyə təzyiqi ilə sıxışdırılan Rusiya da karbohidrogenlərini Çin yuanına satmağa razı oldu. Pekin dərhal "Sibir Gücü" qaz boru kəməri üçün uzunmüddətli müqavilə bağladı və öz milli valyutası ilə rus neftini almağa başladı. Bu ticarətin sürəti dünyanı təəccübləndirdi. 2017-ci il Rusiya, Çin üçün əsas neft tədarükçüsü oldu və ciddi şəkildə Çin bazarında Səudiyyə Ərəbistanını sıxışdırmağa nail oldu. 2018-ci il, Moskva ilə Pekinin ticarət əlaqələrində yeni bir əhəmiyyətli hadisə ilə qeyd olundu. Yanvarın 1-dən etibarən Rusiya nefti, Moxedən Datsin şəhərinə qədər olan Çin sərhədindəki 941,8 km-lik boru kəmərinin ikinci hissəsi vasitəsilə nəql edilməyə başladı. Bu, Rusiya neftinin Çinə nəqlinin iki dəfədən çox artırılmasına (30 milyon ton) imkan verəcək". Onun sözlərinə görə, ABŞ və müttəfiqləri tərəfindən yuan yoluna qoyulan maneələr Çinin planlı iqtisadi hücumunu dayandıra bilməyəcək: "Çin kommunistlərinin XIX Qurultayının qərarlarında təyin edilən strategiyanın "kağız üzərində bəyanat" olaraq qalmadığına heç bir şübhə yoxdur. Çinin 100 illik yubileyində yeni dünya lideri olacağı ehtimalı çox yüksəkdir".

"ABŞ bəzi Yaxın Şərq ölkələrini nəzarətə alıb Çinin qlobal layihələrinin qarşısını almağa çalışır"

"Putin Paşinyana öz şərtlərini diqtə edəcək" - NƏZAKƏT MƏMMƏDOVA

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, Çinin Avropa, Rusiya və İranla birgə həyata keçirdiyi qlobal layihələr ABŞ-ın maraqlarına cavab vermir. Belə ki, Çinin məhz iqtisadi gücü ilə dünyanı özünə tabe etməyə çalışdığını vurğulayan politoloqun sözlərinə görə, bu, ABŞ-a real təhdiddir: "Elə buna görə də Amerika bəzi Yaxın Şərq ölkələrini nəzarətə alıb Çinin qlobal layihələrinin qarşısını almağa çalışır. Ümumiyyətlə, proseslərin təhlili göstərir ki, ABŞ-ın ekspansiv xarici siyasət yeritməsinin, yəni başqa ölkələri işğal etməyə can atmasının və digər hadisələrin kökündə məhz Çin amili dayanır. Yəni Amerikanı bu cür siyasət yetirməyə təhrik edən Pekinin planlarıdır. Çünki Çin Rusiya, İran və Avropanı ABŞ-a qarşı bir qütb kimi formalaşdırmağa çalışır. Qeyd edim ki, Çin dünyanı hərbi təcavüzlə yox, iqtisadi ekspansiya vasitəsiylə öz təsirinə salmağa, hegemonluğunu bərpa etməyə çalışır. Bunun üçün Çinin bir sıra strategiyaları var. Məsələn, Pekin Türkiyədən və Yaxın Şərq ölkələrindən keçən "Bir qurşaq, bir yol" layihəsi ilə bütün Avrasiya materikini iqtisadi cəhətdən öz təsirinə salmağı planlaşdırır. Bunun anlayan ABŞ isə öz növbəsində, Yaxın Şərqdə fəallığını bir qədər də artırıb. Vaşinqton düşünür ki, əgər bu layihəyə mane ola bilmirsə, onda heç olmasa onun keçəcəyi marşrutu və iştirakçı ölkələri nəzarətə almalıdır. Bu, onu təsdiqləyir ki, bu gün ABŞ-ın intervensiyanist siyasət yetirməsinin səbəbkarlarından birincisi elə Çindir".

"Pekin qlobal hegemonluq uğrunda mübarizəsini iqtisadi ekspansiya vasitəsiylə həyata keçirir, hətta ABŞ-ın müttəfiqlərini belə, öz tərəfinə çəkməyi bacarıb"

Dünya ikiqütblü olduqda belə, ABŞ və SSRİ ilə yanaşı, Çin amilinin də daim nəzərə alındığını vurğulayan Nəzakət Məmmədova bildirdi ki, Pekin "Böyük İpək yolu"nu bərpa etməklə, "Bir qurşaq, bir yol" layihəsini həyata keçirməklə qlobal iqtisadi strategiyasını reallaşdırmağa can atır: "Bu səbəbdən də Donald Tramp ABŞ prezidenti seçildikdən sonra Çinə qarşı iqtisadi savaşlar gücləndi. Belə ki, Trampın tələbindən sonra Çin mallarına tətbiq edilən gömrük rüsumları artırıldı. Əslində "Böyük 20-lər" sammitinin gündəmində olan əsas məsələ məhz ABŞ-Çin ticarət savaşı idi. Vaşinqton görür ki, Pekin qlobal hegemonluq uğrunda mübarizəsini iqtisadi ekspansiya vasitəsiylə həyata keçirir, hətta ABŞ-ın müttəfiqlərini belə, öz tərəfinə çəkməyi bacarıb. Bu gün artıq Rusiya, Osta Asiya ölkələri, İran və Avropa Çinlə çox yaxınlaşıb. Bu da onu göstərir ki, Çin dünya hegemonluğu uğrunda aktiv mübarizə aparır və ABŞ-ın başçılığı altında birqütblü dünya yox, çoxqütblü dünya sistemi formalaşdırmağa çalışır, özü isə burda hegemon rolunda çıxış etmək istəyir".

"ABŞ-ın Avropa ilə münasibətlərinin kəskinləşməsinin səbəblərindən biri də məhz Çinlə bağlıdır"

Çinin Rusiya üçün ABŞ-a qarşı müttəfiq olduğunu deyən politoloqun fikrincə, Pekin həm də Kremlə real təhlükədir: "Bu gün Çin siyasi ambisiya ortaya qoymur, dünya işlərinə çox da müdaxilə etmir, lakin bununla yanaşı, hazırda silah satan ən iri dövlətlərdən biridir. Proseslər göstərir ki, Çin hazırda silah ticarəti, iqtisadi məsələlərlə, o cümlədən mədəniyyəti ilə dünyanı ələ keçirməyi planlaşdırır. Yəni Pekinin böyük planları var, lakin bunu hərbi deyil, iqtisadi ekspansiya yolu ilə reallaşdırmağa çalışır. Əslində, qloballaşmadan ən çox udan ölkə Çindir. Belə ki, Avropadakı fabriklərin, istehsal müəssisələrin bir çoxu Çinə köçürülüb. Bununla milyardlarla əhalisi olan bir ölkənin gəlirləri artıb. Onu da qeyd edim ki, ABŞ-ın Avropa ilə münasibətlərinin kəskinləşməsinin səbəblərindən biri də məhz Çinlə bağlıdır. Çünki Vaşinqton Avropa dövlətlərindən rəsmi Tehrana və Pekinə qarşı sərt siyasət yeritməyi tələb edir. Lakin Avropa buna əhəmiyyət vermədən həm İran, həm də Çinlə münasibətlərini yaxşı saxlayır. Bu isə öz növbəsində, ABŞ-ın Avropa Birliyi ilə münasibətlərinin kəskinləşməsinə səbəb olub".

"Yaxın Şərqdə, ərəb dövlətlərində, o cümlədən Türkiyədə baş verən hadisələrin 90 faizi Çinin qlobal strategiyasına mane olmaq məqsədi daşıyır"

ABŞ-ın "Böyük Orta Şərq" layihəsinin Çinin "Bir qurşaq, bir yol" layihəsinə mane olmaq məqsədi daşıdığını bildirən Nəzakət Məmmədovanın sözlərinə görə, Ağ Ev bu yolla Pekinin strategiyasını əngəlləməyə çalışır: "Düşünürəm ki, Yaxın Şərqdə, ərəb dövlətlərində, o cümlədən Türkiyədə baş verən hadisələrin 90 faizi Çinin qlobal strategiyasına mane olmaq məqsədi daşıyır. Çünki Çin nəhəng əjdaha kimi dünyanı udmağa hazırlaşır. Amerika isə bunun qarşısını almağa çalışır. Söz yox ki, Rusiya da Çinin daha da güclənməsinin tərəfdarı deyil. Ona görə ki, bu, Rusiya üçün ciddi təhlükə deməkdir. Bu səbəbdən də Moskva Tehranla olduğu kimi, Pekinlə də həm yaxın, həm də düşməndir. ABŞ-a qarşı bir yerdə olduğu üçün Rusiya Çinlə tam düşmən ola bilməz. Lakin buna rəğmən, bir yerdə də ola bilməz. Çünki onların maraqları bir-birinə ziddir. Buna görə də Rusiya hələlik ABŞ-a qarşı balans yaratmaq məqsədiylə Çinlə yaxınlıq edir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA