“İncirlik” bazasında atom bombasının olması iddiası Adana sakinlərini TƏLAŞA SALDI

  • 2019-07-17 18:39:05
  • |
  • Region /

“İncirlik” bazasında atom bombasının olması iddiası Adana sakinlərini TƏLAŞA SALDI

Hurriyyet.org xəbər verir ki, ABŞ-ın Türkiyənin Adana şəhərində yerləşən “İncirlik” hərbi bazasında nüvə silahı saxladığı barəsində yayılan xəbər yerli əhalini təlaşa salıb.

“Əgər varsa və partlayarsa...”

Abdullah Öztürk adlı vətəndaş mətbuata müsahibəsində deyib: “Əgər varsa və partlayarsa, təbii ki, təhlükəlidir. Dövlətimiz və hərbçilərimiz bundan xəbərdar olmalıdır. Amerika bura silah daşıyan zaman bizim türk hərbçiləri buna necə icazə veriblər? O zamankı hərbçilər FƏTÖ ilə əməkdaşlıq ittihamı ilə həbs ediliblər. Yəqin onlar xəbərdar olublar”.

Abdullah Çevik adlı vətəndaş da “İncirlik” bazasında atom bombası olduğu barədə xəbəri neçə illər bundan əvvəl eşitdiyini söyləyib: “İncirlik”də belə bir şey varsa, buna bizim ölkəmiz də müdaxilə eləməlidir. Mən “İncirliy”in düz yanında yaşayıram. Onsuz da təyyarələrin səsindən yata bilmirik. Elə bir şey olsa, buradan köçüb gedərik. Allah qorusun”.

Başqa bir vətəndaş isə deyib: “Amerikanın nüvə bombasının Türkiyədə olmasını istəmirik, buradan çıxarılmasını istəyirik”.

Xəbər verdiyimiz kimi, NATO-nun Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin üzvü Cozef Dey öz hesabatında təsadüfən ABŞ-ın Avropada yerləşdirdiyi nüvə silahlarının yerini açıqlamışdı. Kanadalı senatorun hesabatına görə, Avropa qitəsində Amerika Birləşmiş Ştatlarına məxsus 150 bomba yerləşdirilib.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, sənəd aprel ayında dərc edilsə də, sonradan internetdən silinib, bir müddət sonra isə məxfi məlumatlar ixtisar edilərək, yenidən şəbəkəyə yerləşdirilib.

Lakin Belçikanın “De Morgen” nəşri iyulun 16-da sənədin ilkin versiyasının surətini yenidən dərc edib. Nəşrin informasiyasına görə, hesabatın yeni versiyası internet şəbəkəsinə 11 iyul tarixində yerləşdirilib. Nəşr sənədin rəsmi olduğunu, iyunun 1-də Slovakiyanın paytaxtı Bratislava şəhərində, NATO-nun Parlament Assambleyasına müzakirə edildiyini qeyd edir.

“Nüvə silahından çəkindirmənin yeni erası? Müttəfiq qüvvələrinin modernləşməsi, silahlara nəzarət və nüvə qüvvələri” adlı hesabatın birinci versiyasına deyilirdi ki, ABŞ-ın nüvə silahı Amerika ilə Avropadakı altı hərbi bazada yerləşir. Avropadakı bazalar bunlardır: Belçikada “Kleine Brogel”, Almaniyada “Büchel”, İtaliyada “Aviano” və “Ghedi-Torre”, Hollandiyada “Volkel” və Türkiyədə “İncirlik” hərbi bazaları.

Ümumilikdə, hesabatda deyilirdi ki, NATO missiyası çərçivəsində Birləşmiş Ştatlar özünün 150-yə qədər nüvə bombasını Avropada yerləşdirib. Onların arasında B61 bombaları da var.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA