“İndiki “Qarabağ” 1966-cı ilin “Neftçi”si deyil” - Səyavuş Kərimi ABŞ-da qaradərililərlə futbol oynayıb

  • 2017-12-22 14:59:43
  • |
  • İdman /

“İndiki “Qarabağ” 1966-cı ilin “Neftçi”si deyil” - Səyavuş Kərimi ABŞ-da qaradərililərlə futbol oynayıb

HƏRDƏN FUTBOLDAN DANIŞ!

Rubrikamızın budəfəki qonağı “Şöhrət” ordenli bəstəkar, Azərbaycan Milli Konservatoriyasının rektoru Səyavuş Kərimidi. Futbol həvəskarı olan görkəmli bəstəkarla “topla qitə və ölkə səyahəti” etdik.

- Müsahibəyə razılıq verməzdən öncə vaxtıyla futbol oynadığınızı söylədiz. Yəqin ki, bu həvəskar səviyyədə olub.

- Əlbəttə ki, həvəskar səviyyədə oynamışam. Bütün oğlan uşaqları kimi, topu görən kimi futbol oynamağa başlayırıq. Uşaqlıq dövrlərimdə həmyaşıdlarımla bir yerə yığılırdıq, öz aramızda çempionat təşkil edirdik. Məktəbdə də oynayırdıq. Böyük siniflərdə oxuyarkən də bunu edirdik. Bu ali məktəbdə təhsil alarkən də davam edirdi. Ali təhsil aldığımız vaxt həftədə iki dəfə futbol oynayırdıq. Düzü, həmin vaxt mən ən çox futzalla məşğul idim. Böyük futbol oynamaq bir qədər problem yaradırdı. Siqaret çəkən vaxtım idi. Ona görə də nəfəsim çatmırdı. Amma belə çox oynayırdıq. Son 8-9 ildə futboldan uzaq düşmüşəm. Yaxşı həkim dostlarım var idi. Onlar mənim ayağımı sındıra-sındıra, dedilər ki, qardaş, artıq futbol sənlik deyil. Amma belə oturub futbol matçlarını izləyirəm, azarkeşlik edirəm. Ən çox Avropa çempionatına, daha çox isə İngiltərə, İspaniya və İtaliya çempionatlarına baxıram. Ümumiyyətlə, hamısına baxıram. Düzdü, fanatı olduğum konkret komanda yoxdu, amma yaxşı oyuna azarkeşlik edirəm. Mənim Peleni görən vaxtım olub. Onun oyununa azarkeşlik edirdim. O vaxt Tostao və Qarrinça kimi futbolçuların oyununa baxıb özümüzü onlara oxşatmaq istəyirdik.

- Müasir futbolda onların davamçıları varmı? Pelenin oyunundan aldığınız ləzzəti indi hansısa futbolçudan ala bilirsiz?

- Pelenin oyunundan aldığım ləzzətin artıqlamasını indi alıram. Çünki indiki oyun detalları o vaxt yox idi. O vaxt üçün Pele Pele idi. Pele bu gün indiki futbolçularla kəllə-kələyə gələ bilməzdi. Məsələn, Messinin özünü götürək. Dahi futbolçudu. Eyni sözləri Kriştiano Ronaldoya da aid etmək olar. Məsələn, Marselonun oyunu mənim çox xoşuma gəlir. Onun meydanda etdikləri mənə ləzzət edir. Mən İnyestanın oyununa heyranam. Elə oyunçular var ki, ulduz kimi gözə çarpmırlar, amma onların oyununun komandaya çox böyük xeyri var.

- Matvey Blanterin məşhur futbol marşı SSRİ çempionatının musiqili vizit vərəqi idi. Sizə də milli çempionatımız üçün musiqi bəstələməyi təklif etsəydilər, razılaşardız? Bu sözləri klublara da aid etmək olar. Yəni hansısa klub sizə himn yazmaq üçün təklif irəli sürə bilər...

- Mənim başqa sahələrə yazdığım himnlər olub. Amma futboldan belə bir təklif gəlsə, niyə də olmasın?! Alınsa, böyük məmnuniyyətlə yazaram. Amma yazmaq üçün də fikirləşmək lazımdı. Hər ağıla gələni də yazmaq olmur axı...

- Amma sizə belə bir müraciət olmayıb da, hə?

- Yox, futbolla bağlı olmayıb. Teatr və başqa sahələrlə bağlı müraciətlər olub. Ümumiyyətlə, idmanla bağlı təklif almamışam.

- Futbolun ruhuna uyğun marş bəstələmək bir bəstəkar üçün nə dərəcədə asan və ya çətindi?

- Bəstələmək mümkündü. Mümkün olmayan heç nə yoxdu.

- “Qarabağ”ın çıxışı haqda nə deyərdiz?

- 1966-nın “Neftçi”sindən sonra bu gün “Qarabağ”ın oyunu bir balaca xoşuma gəlir. Amma indiki “Qarabağ” 1966-cı ilin “Neftçi”si deyil.

- Hətta belə. Nə kimi fərqlər var? “Qarabağ” həmin “Neftçi”nin nəyindən geri qalır?

- Yəqin ki... (fikirləşir) . Mən bilirsiz nə istəyərdim? İstəyərdim ki, komandamda ancaq azərbaycanlılar çıxış etsin. Məsələn, milli komanda belə olmalıdı. Biz ordan-burdan oyunçu gətiririk, özü də onların ağırlığında pullar xərcləyirik. Amma bu pulları öz ölkəmizdə saxlasaq, daha faydalı olar. Xaricdən oyunçu gətirmək olar, amma mütəxəssis gətirib uşaq futboluna diqqət ayırsaq, daha səmərəli alınar. Uşaq fuitboluna başlamaq lazımdı. Əsas məsələ də budu. Uşaqlar sonra böyüyür, futbolla peşəkar səviyyədə məşğul olur, amma pul üçün. Bu, düzgün deyil. Futbolla oynamaq üçün məşğul olmaq lazımdı. Bizdə belə bir təfəkkür var ki, 5 manat verirsən oynayıram, vermirsən, oynamıram. Bu düzgün yanaşma tərzi deyil. İnsanda milli qürur olmalıdı. Sən öz millətinə görə oynamalısan. Musiqiçilər futbolu çox sevir. Yaxşı da futbol oynayırlar. Musiqiçilərin peşəkar futbolçularla görüşləri olur. Mən də onların arasında belə oyunları xatırlayıram. Bilirsiz, hər bir musiqiçi idmanla məşğul olur. Amma mən istərdim ki, hər bir idmançı mədəniyyət və incəsənətlə məşğul olsun. Mədəni insan olmaq şərtdi. İlk növbədə azərbaycanlı olmaq lazımdı. Ondan sonra idmançı olmalısan.

- Səyavuş bəy, dediyiniz bir sözün üstünə gəlmək istəyirəm. Dediz ki, yerli oyunçularımızın sayının çox olması əsas şərtlərdən biridi. Amma onu da vurğulayım ki, xüsusi şəkildə qabartdığınız 1966-cı ilin “Neftçi”sində başqa millətlərin nümayəndələri də çox idi. Məsələn, həmin vaxt “Ararat” erməni oyunçularla SSRİ çempionu olmuşdu. Tiflis “Dinamo”su da SSRİ çempionluqlarını gürcü oyunçularla qazanıb. “Neftçi” onlar kimi deyildi axı…

- Bəli, razıyam, biz bunu hər zaman demişik. Amma o vaxt Bakı beynəlmiləl şəhər idi. “Neftçi”nin heyətində Banişevski, Kuznetsov kimi oyunçular olub. Mən bunun pis olduğunu demirəm. Amma azərbaycanlı futbolçuların yerini heç kim vermir.

- Ümumiyyətlə, “Neftçi”ni bu vəziyyətdə görmək ürəyinizi ağrıdırmı? Yəni “Qarabağ”ın kölgəsi altında qalan “Neftçi”...

- Hə də... Çox təəssüf, çox təəssüf... Mənə elə gəlir ki, yaxşı komanda yığmaqdan başqa, yaxşı azarkeş auditoriyası da formalaşdırmaq lazımdı. Komanda hansısa oyuna çıxanda onun dəstəyi olmalıdı. Komandaya köməklik edən divarlar olmalıdı. Bu, komandaya ruh verir. Bəzən görürsüz ki, biri barabanla gəlir və ya başqa musiqi alətiylə. Məgər stadionda zurna və ya balabanın səsləndirilməsi pis olar? Əla olar! Bu gün ermənilər onları öz alətləri kimi qələmə verir. Biz bunu etsək, erməni daha buna iddia edə bilməyəcək.

- Fərhad Bədəlbəyli “Neftçi”də Müşahidə Şurasının üzvlərindən biridi. Yəqin bu haqda məlumatınız var...

- Yox, məlumatım yoxdu.

- Yəni, sizinlə bu haqda heç nə danışmayıb da, hə?

- Yox, aramızda belə bir söhbət olmayıb.

- Futboldan kənar bir şəxsin, yəni hansısa bir incəsənət xadiminin futbol klubunda rəhbər vəzifədə yer alması nə dərəcədə düzgündü?

- Mən burda pis heç nə görmürəm. Çingiz Abudllayev dünyada tanınmış bir simadı. Fərhad Bədəlbəyli SSRİ-nin xalq artistidi. Onu da bütün dünya tanıyır. Onlar futbolçu olmasa da, bu sahəyə yardım əlini uzada bilər. Futbol sahəsində ancaq futbolçuların olmasını o qədər də düzgün saymıram. Belə sahədə daha çox ziyalı, Azərbaycanın adını yüksəldə bilən insanların çalışması lazımdı. Allah rəhmət eləsin, Müslüm Maqomayev sağ olsaydı, o da gərək orda olaydı. Polad Bülbüloğlu da bu sahəyə öz töhfəsini verə bilər. Hamısı tanınmış adamlardı. Hər şey pulla həll olunmur axı. Mənəvi dəstək də lazımdı.

- Çox baxımlı futbol və çox möhtəşəm musiqi əsəri. Sizcə, hansı daha çox notu əhatə edir?

- Hərəsinin özünə görə gözəlliyi var. Məncə, musiqiylə futbolu qarışdırmaq düzgün deyil. Yaxşı futbolun özü də gözəl bir əsərdi. Yaxşı oyna, məmnuniyyətlə sənə baxacaqlar. Necə ki, yaxşı musiqiyə qulaq asırlar. Yaxşı oyunçunu tərifləyirlərsə, pis oyunçunu da söyürlər.

- “Hamlet” tamaşasına yazdığınız musiqiyə görə “Qızıl Dərviş” mükafatına layiq görülmüsüz. Sizcə, futbol tarixinin Hamleti kimdi?

- Mənə elə gəlir ki, futbolun Hamleti Frants Bekkenbauerdi.

- Siz də “Şöhrət” ordeninə layiq görülən sənət adamlarındansız. Necə düşünürsüz, futbolumuzdakı xidmətlərinə görə Qurban Qurbanova da “Şöhrət” ordeni verilməlidimi?

- Qurban Qurbanov çox böyük iş görüb, ona halal olsun! Onun görsdüyü iş çətindi, amma əladı! Bilirsiz, necədi, məşqçi komandaya nə qaçmağı öyrədir, nə də topu vurmağı. Məşqçi komandanı mənəvi cəhətdən toparlamağı bacarmalıdı. Qurbanovun timsalında da bu alınır. Onda bu istdedad var. Mən ona “Şöhrət” ordeninin verilməsinin tərəfdarıyam. Niyə də olmasın?! Hər halda, tariximizdə ilk dəfə ÇL-ə komandamızı çıxartdı. Bu balaca iş deyil.

- Heç bəstəkar yoldaşlarınızla bir yerdə futbola baxmısız?

- Belə imkanlar ancaq ölkə xaricinə çıxanda ələ düşür.

- Ümumiyyətlə, elə bəstəkar tanıyırsız ki, futbola marağı olmadığını desin?

- Əlbəttə, belə insanlar var. Amma düzü, kişi cinsinin nümayəndələrindən futbolu sevməyən adam rastıma çıxmayıb. Əksinə, indi də məni çağırırlar ki, “a kişi, gəl futbol oynayaq”(gülür). Evdə uşaqlar da deyirdi ki, məni futbola yazdır. Düzü, heç bilmirdim ki, normal uşaq komandası var, yoxsa yox.

- Övladlalarınız futbolçu olmaq istəyib?

- Bəli, övladlarım bunu istəyirdi.

- Bəs nəvələrdən futbolçu olmaq arzusu ilə yaşayan olub?

- Nəvə ABŞ-da yaşayır, orda da Amerika futbolu oynayır.

- Dünyanı gəzmisiz, böyük şəhərlərdə olmusuz. Heç hansısa böyük futbol şəhərində stadiondan hansısa oyuna baxmaq fikrinə düşmüsüz?

- Yox, belə bir imkanım olmayıb. Böyük şəhərlərə futbola baxmağa yox, konsert verməyə getmişəm. Amma imkan olanda belə şəhərlərdə futbol oynamışam. Məsələn, Marseldə futbol oynamışam. Daha sonra Amerikada zəncilərlə futbol oynamışam. Vurub ayağımı da sındırmışdılar (gülür).

- Sonda sizə belə bir şablon sual verim: necə düşünürsüz, Azərbaycan yığmasının böyük turnirlərdə oynamamasının səbəbi nədi? Bizim problemimiz nədən ibarətdi?

- Bizdə birlik yoxdu. Futbol kollektiv oyundu. Baxın, fərdi idman növlərində yaxşı güləşçilərimiz, yaxşı cüdoçularımız var. Amma kollektiv idman növləri üçün birliyimiz yoxdu. Bizdə birlik olmadığına görə də Qarabağı əlimizdən aldılar. Biz mənən birləşməliyik. Məhz belə olacağı təqdirdə kollektiv idman növlərində də güclü olacağıq. Nə xor mədəniyyətimiz var, nə də futbolumuz . Bircə voleybolumuz var, orda da rus-azərbaycan qarışıqlarıdı. Polina Rəhimova, Natalya Məmmədova və s. Azərbaycan familyalarından olan qeyri-millətlər... Problem bundadı. Bir millət kimi birlik məsələsində çox geridəyik.

TAHİR MİRZƏ, “Futbol”

Loading...

QALEREYA