İnək südünə möhtac olan ailə - ONU EŞİDƏNLƏRDƏN İMDAD DİLƏDİ

İnək südünə möhtac olan ailə - ONU EŞİDƏNLƏRDƏN İMDAD DİLƏDİ

“Balalarımın üzünə baxa bilmirəm”

Hüquq-mühafizə orqanlarına-müraciət edib, polis idarələri, prokurorluq, məhkəmə binalarına get-gəldən yorulub redaksiyalara üz tutan şikayətçilərdən daha biri qapımızı döyüb. Bu dəfə Şamaxı rayonu Göylər kənd sakini Gündüz Üzeyirov səsinin, etirazının əlaqədar qurumlara çatmasını istəyir. Onun 7 nəfərlik ailə üzvlərinin yeganə gəlir yeri, qazanc mənbəyi mal-qarası oğurlanıb. Epilepsiya oğlunun ailəsini - balaca nəvələrini 4 baş heyvanla dolandırırmış. Amma iki ay bundan qabaq heyvanlar kiminsə zavalına gəlib. O gündən bu yana heyvanlarının tapılması üçün Rayondakı Hüquq-Mühafizə Orqanlarının yollarında qalıb: “Mən əlimin zəhməti, qabarıyla ailəmi saxlayıram. Təsərrüfatımla- mal-qara saxlamaqla balalarıma çörək qazanıram. Ailənin bütün yükü çiynimdədir. Bir oğlum hərbi xidmətdə dünyasını dəyişib. O biri oğlumsa epilepsiya xəstəsidir. Mənim başqa heç yerdən gəlirim yoxdur. Oktyabrın 11-də otlağa buraxdığım mal-qaramın hamısı oğuranıb. 4 boğaz iribuynuzlu inəyim yoxa çıxıb. Bəlkə kimin üçünsə bu, elə böyük itki deyil. Amma mənim üçün, ailəm üçün bu, çox böyük itkidir. O heyvanlarla mən ailəmin qazancını da itirmişəm. Çünki ailəmi onların südü, qatığı, şoru ilə saxlayırdım. Kasıbçılıqla birtəhər başımı dolandırırdım. Amma indi...”

“Oğurluğu boynuna aldı, amma...”

Gündüz Üzeyirov deyir ki, heyvanlar itən gündən bir müddət sonra bir nəfər onları oğurladığını etiraf edib. Ancaq həmin şəxs çox müəmmalı şəkildə sonradan etirafından vaz keçib: “Heyvanlar yoxa çıxandan sonra oğlum kəndin bərbərxanasında başımıza gələnləri danışıb. Orda olan bir nəfər kəndə gələn “şofer” – (sonradan öyrəndik ki, adı Lətifdir, özü də Qubalıdır) deyib ki, sizin heyvanlarınızı kim apardığını bilirəm. Bir “Niva”, bir də bir “Qazel”lə heyvanlarınızı oğurlayıblar. Amma bir müddət sonra o deyib ki, “özümə nifrət eləyirəm, gecələr yata bilmirəm,”. Heyvanlarınızı mən oğurlamışam, qaytaracam”.

“Qorxudan sözünü dandı”

Gündüz Üzeyirov deyir ki, həmin adamın sözlərindən sonra Şamaxı rayon Polis İdarəsinin əməkdaşları ilə birgə heyvanları götürmək üçün Qubaya yollanıblar: “O adam mənə dedi ki, heyvanlardan üçü ölüb, biri qapımdadır. Gedək, qaytaracam. Mən də dedim, daha neynəmək olar. Heç olmasa sağ qalanı qaytar. Beləcə, əməliyyatçılar məni də, onu da götürüb Qubaya apardılar. Yolboyu da heyvanları hardan, necə aparmasından danışdı. Amma ora çatanda nə oldu, nə baş verdi, bilmirəm, adam dediklərini dandı. Dedi, mənim xəbərim yoxdur”.

Müsahibim təxmin edir ki, oğurluğu etiraf edən şəxsin sonradan işi boynundan atmasına səbəb onun “iş ortaqları”nın hədələməsi olub: “Gürünür, onu hədələdilər, qorxutdular. Ona görə həmin adam sonradan sözlərini dandı. Hər halda, 4 baş malı o tək apara bilməzdi. Yəqin ki, bu işdə ona yardım edənlər olub. Ona görə də onların qorxusundan sözündən qaçdı”.

“Dedilər, tutmaq üçün sübutumuz yoxdur”

Şikayətçi bildiri ki, Şamaxı Rayon Polis İdarəsinin əməkdaşları həmin şəxsi bir neçə gün saxladıqdan sonra azadlığa buraxıblar: “Mənə dedilər ki, onu saxlamaq üçün əlimizdə sübutumuz yoxdur. İndiyə kimi başa düşə bilmirəm, o adam niyə belə yalan danışsın? Məni də, polisləri də aldatsın. Psixi xəstə deyil ki... 100 minlik maşın sürən adamın psixi problemi ola bilər?!

Gündüz Üzeyirov onu da qeyd etdi ki, oğurluğu etiraf edən şəxs yolboyu təzadlı fikirlər səsləndirib: “O gah dedi heyvanlar qapımdadır, gah dedi, onları Yol İdarəsinin rəisi Əli müəllimin fermasına qoymuşam. Mən həmin adama da zəng elətdirdim. Bir nəfərdən xahiş elədim, o da həmin Əli müəllimə zəng elədi. Dedim Allah rizası üçün, heç kimdən şikayət eləməyəcəm, heç kimlə düşmənçiliyim yoxdur, sizdən heç nə istəmirəm. Bircə mənim heyvanlarıımı qaytarın”.

Dövlətdən aldığım 55 manatla ailəmi necə dolandırım?

“O heyvanlar mənim uşaqlarımın ruzu yeriydi. Mən balalarımın üzünə baxa bilmirəm. Dövlətdən cəmi 55 manat müavinət alıram. Bu pulla ailəmi necə dolandırım?” Yaşyarımlıq körpə nəvələrimi o məbləğlı necə saxlayım?! deyən əlacsız şikayətçi məsələ ilə bağlı Respublika Prezidenti İlham Əliyevə də məktub ünvanlayıb: “ Şamaxı Rayon polis rəisi, rayon prokurorunun qəbulunda olmuşam. Ordakıların hamısı mənim dərdimi yaxşı bilirlər. Amma nə faydası, nə oğru tapılır, nə də heyvanlarım geri qaytarılır. Belə halda mən neynəməliyəm? Bu ölkədən çıxıb getməliyəm? Dərdimi kimə deyim? Can istədiz, bu dövlətə can verdim. Bir balamı bu dövlətə qurban elədim. Daha mən başqa neynəyim?! Bu qədər də haqsızlıq olmaz axı... O adamı polis niyə azadlığa buraxdı? Necə odu, günahını boynuna ala-ala azadlığa buraxıldı?...”

Şikayətçinin səsləndirdiyi sualları cavab almaq üçün biz də Şamaxı rayon Polis İdarəsi, Şamaxı rayon Prokurorluğu ilə əlaqə saxlamağa çalışdıq. Suallarımızı yalnız Səbuhu adlı əməliyyat müvəkkili cavabladı: “Məsələdən xəbərdarıq. Biz də bu işin açılması üçün çox çalışırıq. Bir nəfər vardı. O etiraf elədi və bizi Hacıqabula qədər də apardı. Dedi, heyvanlar ordadır. Getdik, amma heyvanlar orda yox idi. Sonradan da dedi ki, kişiyə yazığım gəldiyi üçün elə demişdim. Biz daha sonra o şəxsi sübut olmadığı üçün buraxmalı olduq”.

“Gündüz Üzeyirov deyir ki, həmin şəxs təhdid olunduğu üçün dediklərini danıb” sualını əməliyyat müvəkkili cavablamaq istəmədi. Bildirdi ki, bu sualları işi aparan müstəntiq cavablaya bilər: “ Bu işi müstəntiq Aləm müəllim araşdırır. Sizin nömrənizi ona verərəm, özü sizinlə əlaqə saxlayıb məlumat verər”.

Təəssüf ki, yazı sayta yerləşdirilənə qədər Aləm müəllimdən zəng gəlmədi.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə təkrar əlaqə saxlamağa çalışacağıq.

Altunay, Hurriyyet.org

Loading...

QALEREYA