İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir

İngilis dilinin tədrisində peşəkar səviyyəli müəllim amili başlıca şərtdir

Bütün dövrlərdə cəmiyyətin və dövlətin inkişafında başlıca rol oynayan təhsilin düzgün təşkili prosesində, məhz səviyyə platformasında əksini tapan bilik və bacarıq amili mühüm şərt sayılır.Təsadüfi deyil ki, bilik və bacarıq hər zaman dəyərli kapital sayılır və yüksək keyfiyyətli təhsil hər bir insana münasib iş, öz potensialını həyata keçirmək imkanı verir. Ölkə Prezidenti cənab İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi strateji istiqamətlərdən biri kimi müəyyən edilib. Bu gün innovativ təlim metodlarından lazımınca faydalanan, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən səriştəli təhsilverənin formalaşdırılması, təhsilverənlərin peşəkarlığının yüksəldilməsi kimi məsələlər hər bir ali təhsil müsəssisəsinin xüsusi diqqət mərkəzindədir. Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) təhsilin keyfiyyətinin artırılmasını ehtiva edən yeni tədbirlər zərfində,o cümlədən ingilis dilinin də keyfiyyətli tədrisinə nail olmanın zəruruliyi nəzərdə tutulur.

Diqqətçəkən tədbirlər sırasında ABŞ-ın ölkəmizdəki Səfirliyinin maliyyə dəstəyi, ADPU-nun və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin birgə təşkilatçılığı və təşəbbüsü ilə həyata keçirilən layihədir. Layihə çərçivəsində ADPU-nun və universitetin Şəki Filialının bir qrup ingilis dili müəllimləri üçün “TKT (tədris bilik və bacarıqları üzrə test): Modul 1 – Dil tədrisinin əsasları” və “İngilis dili” üzrə təlimlər keçirilir.

İngilis dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Mirvari Qasımova, İngilis dili kafedrasının baş müəllimi Nazlı Həsənova, müəllimlər Simuzər Muxtarova, Mətanət Miriyeva, Zülfiyyə Məmmədkərimova,Talehə Əhmədova, Ülviyyə Ağamirova, ADPU-nun Şəki Filialının baş müəllimi Sevinc Əliyeva, müəllimi Nərminə Nəsrullayeva təxminən iki ay davam edən TKT təlimləri barədə müsbət rəydə olduqlarını diqqətə çatdırdılar.Qeyd etdilər ki, təlimin ilk iki həftəsindən etibarən kursun strukturuna bələd olduqca, təlimçinin metodikasına uyğunlaşdıqca müəllim hansı keyfiyyətlərə cavab verməlidir müstəvisində bilik və bacarıqlarımızı müasir tələblər baxımından dəyərləndirmək və çatışmazlıqları qiymətləndirmək imkanı əldə edə bildik. Müsahiblərimizin fikrincə, xarici dilin tədrisi prosesini başa vuran tələbələr nəzəri biliklə yanaşı, yazıb-oxumağı, öz fikirlərini sərbəst ifadə etməyi bacarmalı və oxuduqları mətnin mahiyyətini çətinlik çəkmədən dərk etməlidirlər. Təsadüfi deyil ki, iki ay davam edən təlimlərdə müəllimlərin məhz bu istiqamətdə-yəni xarici dilin tədrisində istifadə olunan dörd məzmun xətti üzrə səriştələrinin artırılması hədəflənir. Təlimçimiz dərsi o qədər maraqlı qurur ki, biz müəllimlər bundan çox məmnun oluruq və ümid edirik ki, təlimləri uğurla başa vurmaq imkanımız böyükdür. Bizə yaradılan bu şəraitə və göstərilən diqqətə görə təlimdə iştirak edən müəllimlər adından ADPU-nun, Azərbaycan Müəllim İnkişafı Mərkəzinin rəhbərliyinə və ABŞ-ın ölkəmizdəki Səfirliyinə təşəkkürümüzü bildiririk.

Təlim iştirakçıları bildiriblər ki, müəllimlərin hər zaman elmli, bilikli və hərtərəfli dünyagörüşünə malik olması çox zəruridir.Elə bu səbəbdən müasir dövrlə ayaqlaşa bilən, beynəlxalq və yerli standartlara uyğun müəllim nəslinin yetişdirilməsi dövrümüzün başlıca tələblərindən sayılır. Deməli, ənənəvi üsullarla keçilən dərslər müasir gənclərin marağını oxşamır. Dövrün tələblərinə cavab vermək üçün müəllim funksiyasını daşıyan şəxs müasir təlim-tədris texnologiyalarından xəbərdar olmalıdır. Bu baxımdan, universitetdə aparılan tədris islahatlarını yüksək qiymətləndirirən iştirakçılar TKT təlimlərinin ADPU-nun ingilis dili müəllimlərinin peşəkar inkişafına və tədris prosesinin səmərəliliyinin artmasına güclü təkan verəcəyini dedilər.

Ölkəmizin ictimai həyatında baş verən qlobal dəyişikliklərin təhsil sistemində xarici dilin roluna da təsirsiz qalmadığını qeyd etdilər. Xarici dil üzrə tədrisin müasir təhsil sistemində yalnız bir fənn adı göstəricisindən çıxaraq insanların peşəkar həyatda mövqe tutmaları üçün əsas elementlərdən birinə çevrildiyini xüsusi vurğuladılar. Bu təlimlərin təşkili, bilik və bacarıqlarının artırılmasında peşəkar təlimçi Fatimə Əliyevaya təşəkkürlərini bildirdilər.

Müəllim Talehə Əhmədova deyilənlərə əlavə olaraq bildirdi ki, müəllimin qarşısında 2 sual dayanır: nəyi tədris etmək və necə tədris etmək? Öz ixtisasının sirlərinə yaxşı bələd olan müəllim nəyi tədris etmək lazım olduğunu yaxşı bilir. Buna baxmayaraq, təlimin təşkili yollarını, pedaqoji innovasiyaları dərindən mənimsəmək üçün beynəlxalq təlimlərə qoşulmalıdır. ADPU-nun və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin müəllimlərə yaratdığı bu imkanlar nəticəsində biz pedaqoji fəaliyyətin stimullaşdırılması üçün beynəlxalaq TKT sertifikatına yiyələnə bilirik. Bu təlimlərə qoşulmaqla biz xarici dilin müxtəlif aspektlərinin yeni təhlil modelinə uyğun tədrisini öyrənirik. İnanırıq ki, sonda keçiriləcək imtahanda yüksək nəticə göstərə biləcəyik.Təlimlərin təşkilinə görə rəhbərliyə bir daha öz təşəkkürümüzü bildiririk!

Hurriyyet.org

Loading...

QALEREYA