İnquşetiya paytaxtının meri "qəddar sirkləri" qadağan edir

İnquşetiya paytaxtının meri "qəddar sirkləri" qadağan edir

Rusiya şəhərinin meri vəhşi heyvanlardan istifadə edən sirkləri qadağan edib.

Qafqaz dağlarının ətəyindəki Maqas şəhərinin bələdiyyə sədri Beslan Seçoyev deyir ki, "sirklər heyvanları bütün normal şəraitdən məhrum edən ən qəddar istismar formasıdır.

Hər hansı vəhşi heyvandan istifadə edən bunun kimi tamaşalar heç bir vaxt Maqasda nümayiş etdirilməyəcək".

Şəhərin mərkəzindəki Alaniya meydanında 6 maya təyin edilmiş tamaşanın ləğvi barədə qərar şəhər bələdiyyəsinin xəbərlər saytında dərc olundu.

Qısa müddət ərzində bu məlumat zəngin sirk ənənələrinə malik Rusiyanın yerli mətbuatı tərəfindən yayılmağa başladı.

"Heyvanları məhbuslara çevirməyin"

Qafqaz boyunca atçılığın populyar olduğuna görə Seçoyev xüsusi olaraq "təbii mühitdə akrobatik elementlər nümayiş" etdirən heyvanlarla sirk nömrələri üçün təlimləndirilmiş canlıların çıxışı arasında fərqin əhəmiyyətini qeyd edib.

"Sirk heyvanları ləyaqət və təbii gözəllikdən məhrum edir, onları həbsxana məhbuslarına çevirir".

Rəsmi "Rossiyskaya qazeta" nəşrinə əsasən, Maqas şəhərinin bələdiyyəsi "heyvanlara qarşı həssas və insani rəftarla bağlı uşaqlar və gənclər arasında geniş kampaniya" keçirilməsini planlaşdırır.

 

 

Maqas şəhərinin 38 yaşlı meri İnquşetiya Muxtar Respublikasının paytaxtına 2015-ci ildən bəri başçılıq edir.

Beslan Seçoyev heyvanların müdafiəsi ilə bağlı fəaliyyətinə görə tanınan şəxsdir.

Bu, Rusiyanın dövlət məmurları arasında nadir haldır. O, tez-tez öz qayğıları ilə Instagram hesabında bölüşür.

Cənab Seçoyevin həmçinin yaralı qartalın xilas olunmasında rolu olub

Cənab Seçoyevin həmçinin yaralı qartalın xilas olunmasında rolu olub

Bundan əvvəl cənab Seçoyev Maqasda delfinari tikmək planlarının qarşısını alıb.

Bu "son dərəcə gözəl və mehriban məxluqlar öz təbii mühitlərində sağlam və sərbəst üzməlidirlər", - o zaman qərarını Instagram-da əsaslandıran mer belə yazmışdı.

Maqas şəhərinin meri delfinari əvəzinə oyun meydançasına bitişik heyvanlar sığınacağının qurulmasını təklif edib ki, uşaqlar heyvanlara göstərilən qayğını görə bilsinlər.

Ötən il Maqasa gətirilən qırmızı sincablar üçün ağaclardan yuvalar asılıb, sahibsiz it və pişiklərə damlar tikilib və yay qızmarında sərinləşmək üçün hovuzlar qurulub, TASS agentliyi bildirir.

Maqas 2002-ci ildə İnquşetiyanın paytaxtı olub

Maqas 2002-ci ildə İnquşetiyanın paytaxtı olub

Maqas merinin mövqeyi geniş dəstək qazansa da, onu tənqid edənlər də olub.

Kavkaz Versia saytı yazır ki, uzun müddət ərzində respublikanı idarə edən Yunus-Bek Yevkurovun sabiq köməkçisi "heyvanları məhbuslara çevirməyin" kampaniyasını Çeçenistanla sərhəd mübahisəsinin ardınca nümayiş keçirənlərə qarşı təqiblərdən sonra başlayıb.

Qəzet istehza ilə yazır ki, "hazırda 20-yə yaxın siyasi məhbus anormal şəraitdə polis məhbəsində" saxlanılır.

 

Bir sıra Avropa ölkəsində vəhşi heyvanları istismar edən sirklərə qadağa qoyulub və bu baxımdan cənab Seçoyevin qərarı beynəlxalq təmayüldən fərqlənmir.

Britaniyada ətraf mühitin mühafizəsi üzrə nazir Michael Gove bənzər qərarın gələn il qəbul olunacağını vəd edib.

Yaroslava Kiryukhina və Martin Morgan-ın xəbəri \\BBC

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA