“İnşallah, buna nail olacağıq...” - Mogerini Azərbaycanla saziş haqda - VİDEO

“İnşallah, buna nail olacağıq...” - Mogerini Azərbaycanla saziş haqda - VİDEO

Xəbər verildiyi kimi ötən gün Brüsseldə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Avropa İttifaqının xarici siyasət komissarı Federika Mogerini arasında danışıqlar olub. Danışıqların mövzusu Azərbaycanla Aİ arasında ikitərəfli əməkdaşlıq razılaşmasının imzalanması idi.

EURACTİV.com portalı xəbər verir ki, Mogerini bu sənədin nə zaman imzalanacağı haqda suala “İnşallah” sözü ilə cavab verib.

Avropa İttifaqının xarici siyasət komissiyasının rəhbəri deyib ki, Brüssel və Bakı “ambisiyalı ikitərəfli əməkdaşlıq razılaşmasına” dair danışıqların “həlledici, yekun fazasına” daxil olublar.

Elmar Məmmədyarov isə deyib ki, razılaşma sənədi ilə bağlı “texniki problemlər” var və Azərbaycan tərəfi bu məsələdə çeviklik nümayiş etdirir, Aİ-dən də belə yanaşma gözləyir. Məlumata görə bu “texniki problemlər” ticarət məsələləri ilə bağlıdır.

Jurnalist Mogerini və Məmmədyarovdan daha konkret olmağı xahiş edib. Və Mogerini bildirib ki, danışıqların indiki mərhələsində qızıl qayda var-detalları açıqlamamaq və şərh etməmək.

“Hər dəfə ortada güclü siyasi iradə olanda hər şey reallaşır, ona görə də inşallah, biz buna nail olacağıq”-Mogerini deyib.

Məmmədyarov isə bildirib ki, hansı məsələlərin hələ müzakirə olunduğuna baxmayaraq əsas məsələ xoş məramdır. Onun sözlərinə görə, Azərbaycan razılaşma əldə edilmiş hissələrin təsdiqlənəcəyinə ümid edir. “Məndə belə təəsürat yaranıb ki, ortada xoş məram var”-o bildirib.

Sayt Qarabağ münaqişəsinin nizamlanması perspektivləri və Aİ-nun bu prosesdə mümkün rolu barədə də soruşub. Mogerini deyib ki, ATƏT bu prosesdə aparıcı rol oynayır, amma Aİ də gələcək nizamlanmaya dəstək verməyə hazırdır və artıq indidən insanlar arasındakı təmaslara vəsait ayırmaqla, cəmiyyətlərlə işləməklə, tərəfləri danışıqlarda konstruktiv iştiraka həvəsləndirməklə prosesi müşaiyət edir. O, xatırladıb ki, ötən həftə Aİ Azərbaycan və Ermənistan rəhbərləri arasında Vyana görüşünü alqışlayıb.

Məmmədyarov isə Ermənistanın müdafiə nazirinin Vyana görüşündən cəmi üç saat sonra Nyu-Yorkda verdiyi bəyanatdan “təəsüfləndiyini” bildirib.

“Amma bunu əminliklə demək olar: hərbçilər öz kazarmalarına qayıtmalıdır. Hərbçilər ancaq çoxlu problem yarada bilərlər, problemləri həll edə bilməzlər”-Məmmədyarov deyib./virtualaz.org/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA