İnsan siyasi heyvandır…

  • 2019-03-02 12:07:21
  • |

İnsan siyasi heyvandır…

Əlisa NİCAT

Aristotel yazır ki, İnsan siyasi heyvandır. Amma Karel Çapek demişkən, bilmək olmur filosof demək istəyir ki, insan heyvandır siyasətə qoşulur, yoxsa siyasiləşib heyvan olub. Hər halda Çapek belə hesab edir ki, normal siyasətçi odur ki, bildiyi, bacardığı işlə məşğul olsun. Və işini də vicdanla yerinə yetirsin. Bu halda o, qətiyyən heyvan olmur. Yox, əgər məşğul olduğu sənətdən bixəbər və ya yarımçıq və bu yarımçıq işi də vicdansızcasına yerinə yetirirsə, bu halda o, tamamilə Aristotelin qəlibinə uyğun gəlir. Əgər siyasi heyvan səlahiyyət sahibidirsə və o vəzifəsini xalqın azadlığına və firavanlığına həsr etmirsə, heç şübhəsiz ki, yerinə və səlahiyyətlərinə qətiyyən uyğun deyil. Beləsinin mövcudluğu nonsensdir və o mütləq vəzifəsindən kənarlaşdırılmalıdır. Əks təqdirdə xalqı və cəmiyyəti bəlalara düçar edəcək.

Lakin vay o halda ki, beləsi siyasi sükan arxasında ola. Aristotel belələrini tiran adlandırırdı. Lakin tiranlar da fərqlənirlər. Aristotel dövrü tiranları hara, bizim dövrün tiranları hara?! Belələri Korinfli Periandr kimi həqiqətən müdrik olur və hər işdə ölçü hisslərini gözləyirlər. Hər halda onlar ədalətsizlikdən, zorakılıqdan, haqsızlıqdan qətiyyən zövq almırdılar. İndikilər isə paho! Bunlarda nəinki müdrikliyin əsər-əlaməti yoxdur, hətta müdriklərə nifrət edirlər. Bunlar ki, qarşı tərəfin gücsüzlüyünü, qorxduğunu gördülər, vay o xalqın halına! Belələri cinayəti vəzifə ranqına çevirirlər. Əgər bir işdə cinayət elementi yoxsa, ona qətiyyən baş qoşmurlar. Cinayət və yenə cinayət! Onlar ölkələrinin bütün prokuror və hakimlərinə norma qoyub aylıq və ya illik tələb edirlər və ədalətin keşikçiləri olmalı ikən bu adamları ədalətsizlik rəmzinə çevirirlər. Onlar İranda olduğu kimi din və allah adı ilə mömün və dindarları, onların ən elementar haqlarını – öz ana dillərində danışmaq hüquqlarını ciblərinə və ya evlərinə 100 qram marixuana atmaqla dar ağacına sürükləyirlər. Halbuki hətta hər kəsin, hər insanın tiryək çəkmək və ya öz ixtiyarındadır. Və bu qətiyyən cinayət sayıla bilməz.

Bizim günlərin bu cür tiranları bütün ölkəni, onun üstündə yaşayan bütün canlıları, onun bütün yeraltı, yerüstü sərvətlərini, bütün sərvətləri ilə çay, göl və dənizləri, bütün şəhər və kəndləri, hətta sakinləri ilə bərabər bütün evləri öz şəxsi mülkiyyətlərinə çevirirlər. Kimi istəsələr evindən çölə atır, kimi istəsələr həbsxanalara doldururlar. Heç bir heyvan dəstələrində bu qədər azğınlıq, bu qədər zorakılıq, bu qədər ədalətsizlik yoxdur.

Böyük Aristotel də siyasi heyvan möhürünü məhz belələrinin alnına vururdu.

Ümumiyyətlə belə tiranlara baxırsan və mat qalırsan. Bu günlərdə həyətimizdə belə bir hadisə baş vermişdi. Artıq böyümüş olan cücələrimizdən biri gecə hin bağlanarkən yaddan çıxıb çöldə qalıbmış. Hin evin dalındadır, eyvanımıza çıxmaq üçün bir xeyli pilləkənlə qalxmalısan. Qışın bu günündə çöldə qaldığını və vəhşi acgöz pişiklərin də gecələr həyətdə meydan suladığını bilən cücə həyəti fırlanıb pilləkənləri qalxıb eyvana çıxır və qapının bağlı, pəncərənin də hündürdə olduğunu görüb neyləsə yaxşıdır? Qaranlıqda atılıb pəncərəni taqqıldadır və sanki dil açıb deyirdi: Ay sahiblərim, axı mən çöldə qalmışam, soyuqdur, ölə bilərəm. Pəncərənin döyüldüyünü eşidib çıxıb cücəni gördük və aparıb hinə saldıq. Beyni on-on beş qram olan cücənin ağlına bax, bir kilo 400 qramlıq beyin sahiblərinin əməllərinə, kütbeyinliklərinə bax!

Böyük Aristotel belələrini siyasi heyvan adlandırmaqla heyvanlara qarşı ədalətsizilik etmirmi?

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA