“İnsan yalnız azad olduğu halda insandır” - HEYDƏR OĞUZ

“İnsan yalnız azad olduğu halda insandır” - HEYDƏR OĞUZ

“Mən övladlarıma zənginlik deyil, əql vermək istədim, onları oxutdum, peşə sahibi etdim...”

“Mən bunları dövlətim üçün etmək istəyirdim... Dövlət bunu istəmirsə, mən nə edə bilərəm?”

“Hürriyyət”in “Səmimi söhbət” rubrikasının ilk qonağı bu günlərdə 50 illiyini qeyd edən şair, publisist, araşdırmaçı jurnalist Heydər Oğuzdur.

Heydər Oğuzla çay süfrəsi ətrafında söhbətləşdik. Özü belə istədi. Dedi ki, belə daha rahat olar, daha səmimi alınar söhbətimiz. Həmin söhbəti “Hürriyyət”in oxucularına təqdim edirik:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/dis_yazidan_qat-qat_daha_deyerlidir_-_heydr_ouz)

- İstər şeirlərinizdə, istərsə də publisisztik yazılarınızda, eləcə də facebook səhifənizdə paylaşdığınız müxtəlif mövzulu statuslarınızda fikrinizi olduqca kəskin söyləyirsiniz. Buna görə çox vaxt qınaq obtyektinə çevrilirsiniz. Heç düşünmədiniz ki, işinizin xatirinə tənqidi fikirlərinizi daha yumşaq ifadə edəsiniz? Bu sizdə alınmır, ya şəxsiyyətinizə, prinsiplərinizə uymur?

- Yox, niyə ki, mən yumşaq da yaza bilərəm, sərt də yaza bilərəm. Bilirsiniz, bir insanın mövqeyini müəyyənləşdirən onun yaşadığı mühitdir. Belə deyək, sən hər gün evindən çıxanda dağılmış yol, ətrafında zir-zibil görüsənsə, necə güldən-çiçəkdən yaza bilərsən? Sən səhrada gülü təsəvvür edə bilərsən, amma görə bilməzsən.

- Bir məsələ də var. Sizin gördüklərinizi hər kəs görür. Amma öz mənfəəftləri naminə çoxları bunları görməzdən gəlirlər və dediyiniz o dağılmış yolları, zibilliyi, bomboz səhranı güllü-çiçəkli yaşıl yamac kimi təsvir etməkdən çəkinmirlər. Sizsə bunu bacarmırsınız, ya da istəmirsiniz.

- Məncə, onlar da zir-zibil görsələr, zir-zibildən yazarlar.

- Yox, əvvəlcə zibillik görüb nəyinsə xatirinə o zir-zibili gül-çiçək kimi təsvir edirlər, sonra isə həyatları dəyişir və ətraflarında ancaq gül-çiçək olur. Siz isə bunu heç vaxt eləməmisiniz, heç bu gün də etmirsiniz.

- Atalar məsəlində deyildiyi kimi, aşıq gördüyünü çağırar. Məncə, insan gördüyünü çağırsa, daha yaxşı olar. Elə deyilmi?

- Gördüyünü çağıran aşıq yaxşı aşıq olur, amma ac aşıq olur.

- Neynəmək olar?! Bizdə də yaxşılar ac olur da. Bir atalar məsəlində də deyilir ki, ac ol, kişi ol. Yəni bizdə kişi olmaq üçün gərək ac olasan (gülür).

- Təbii ki, insan həyatını ancaq özü üçün yaşayırsa, seçim onundur, ac da yaşaya bilər, tox da yaşaya bilər. Amma ailəli insan ailəsi, övladları qarşısında məsuliyyət daşıyır. Bəs siz o məsuliyyət yükünü necə çəkirsiniz? Ailəniz, övladlarınız qarşısında imkansızlığa görə çətin durumda qaldığınız məqamlar olubmu heç?

- Bir ata övladına ya zənginlik verə bilər, ya da əql. Mən övladlarıma zənginlik vermək istəmədim, təbii ki, söhbət maddi zənginlikdən gedir, mən övladlarıma (bur qızım, bir oğlum var) əql vermək istədim, onları oxutdum, peşə sahibi etdim.

O gün bir nəfər mənə dedi ki, sənin kimi insan 200 nəfər oxutmalıydı, sənsə iki uşaq oxudub özünü öyürsən. Əslinə qalsa, düz deyir. Amma mən nə edim ki, bizdə buna bu qədər imkan verirlər.

Dediyim odur ki, mən bir ata kimi övladlarıma savad verdim, onları öz yollarını müəyyən edə bilən insan kimi yetişdirdim.

- Yəni, bir ata kimi xoşbəxtsiniz?

- Təbii. Övladlarım məni çox istəyir, mən də onları çox istəyirəm. Zaman göstərəcək, mənmi düz idim, yoxsa övladlarına maddi zənginlik verib, onları mənəvi zənginlikdən məhrum edənlərmi düz idi. Onu da deyim ki, Azərbaycanda həm maddi, həm də mənəvi cəhətdən zəngin olmaq müşkül məsələdir.

- Bəs övladlarınız bu günkü həyatlarından razıdırlar? Necə düşünürsünüz?

- Doğrusu, bu sualın cavabını bilmirəm. Çünki övladlarım bu haqda mənə heç nə demirlər. Yəqin hələ çox şeyləri anlamırlar. Ola bilsin, elə bir vaxt gələcək ki, ya məni söyəcəklər, ya da təqdir edəcəklər. Amma hələ ki, şikayətlərini eşitməmişəm.

- Bəs həyat yoldaşınız necə, sizdən razıdırmı? Ona istədiyinizi, onun sizdən umduğunu, gözlədiyini verə bildinizmi?

- Mənim həyat yoldaşımın atası vaxtilə Naxçıvan Dövlət Universitetinin dekanı olub, deputat olub. Yəni, imkanlı adamın qızı olub. Qayınlarım da hazırda yüksək mənsəb sahibləridir.

Təbii ki, mən ona dədəsi evindəki şəraiti yarada bilməmişəm. Amma o bunu heç vaxt başıma qaxınc etməyib. Hesab edirəm ki, xanımım çox zəhmətkeş insandır, anlayışlıdır. Görür ki, mən halal zəhmətimlə dolanan biriyəm. Yəqin ki, qayınlarım da halal zəhmətləri hesabına özlərinə gün-güzaran qurublar. Sadəcə, hərənin bir qisməti, öz ruzisi var. Mən həyat yoldaşımdan razıyam. Xeyli vaxtdır anam yataq xəstəsidir, ona qulluq etməyimə imkan vermir, özü hər əziyyətini çəkir. Heç anam özü də ondan başqa heç kəsi yaxın buraxmır, bacılarım qulluğunda dayanmaq istəyir, o isə gəlini çağırır.

Dediyim odur ki, həyat yoldaşım bütün bu illərdə sözün əsl mənasında həyatımın yoldaşı olub. Hər cür əziyyətə qatlaşıb, məni anlayıb, dəyərləndirib, buna görə ona minnətdaram.

- Həm gözü-könlü tox insandı həyat yoldaşınız, həm də görünür aranızda saf, səmimi sevgi olub ki, bu qədər mərhumiyyətlərə dözərək, bütün bu illəri sizə eşlik edib.

- Səmimi sevgi haqda bir söz deyə bilmərəm, hər halda biz bir-birimizlə görücü vasitəsi ilə ailə həyatı qurmuşuq. Amma indi deyə bilərəm ki, bu yolla qurulan ailələr daha uğurlu və uzun ömürlü olur. Biz bir-birimizi anlayan, bir-birinə dəstək olan, əl-ələ verərək övladlarını böyüdən səmimi cütlüyük.

- Belə anladım ki, gənclik arzularınız sarıdan bir az sınıq da olsanız, maddi problemlər yaşasanız da, hər halda bir insan kimi tamsınız. O mənada ki, ailəniz istədiyiniz kimidir, bir ata kimi övladlarınızdan razısınız. Bir sözlə, xoşbəxt insansınız...

- Əslində arzularımın həyata keçməməsinin mənə aidiyyatı yoxdur. Sizə bir rəvayət danışmaq istəyirəm. Məkkənin yaxınlığında bir xristian şəhəri varmış. Məkkəli bir müsəlman o şəhərə gedib ordakı kilsəni murdarlayır. Həmin şəhərin əhalisi də yığışıb Məkkəyə hücum edir. Xristian şəhərinin valisi Məkkənin valisi ilə görüçüb, ona deyir ki, mən Məkkəni dağıdacağam, amma biz uzun illərin dostuyuq, odur ki, dostluğumuzun xatirinə sənin üç arzunu yerinə yetirməyə hazıram. Məkkənin valisi dostuna söyləyir ki, səndən bircə xahişim olacaq, adamlarının oğurladığı dəvələrimi özümə qaytar. Xristian şəhərin valisi bu sözlərdən heyrətə gəlir. Deyir ki, məndən istəyəcəyin elə budurmu? Mən Məkkəni dağıdacağam, sizin məbədinizi murdarlayacağam, sənsə məndən dəvə istəyirsən?

Məkkə valisi bu sualın cavabında deyir ki, ay dostum, dəvələrin sahibi mənəm, Məkkənin sahibi isə Allah. Allah istəsə, öz məbədini qoruyar. Mənə isə öz dəvələrim lazımdır.

İndi onun sözü olmasın, mənim arzularım əslində mənim yox, Allahın işidir. Mən bunları dövlətim üçün etmək istəyirdim. Dövlət bunu istəmirsə, mən nə edə bilərəm?

Allah lazım bilmirsə, demək hələ bu işləri görməyin vaxtı deyil. Bəlkə məndən daha istedadlı, daha savadlı biri gənclik arzularımı gerçəkləşdirəcək? Bəlkə mənim övladlarım bu işləri məndən daha yaxşı həyata keçirəcək?

Mən bu məsələyə belə yanaşıram, o üzdən heç üzülmürəm də. Hər şeyin öz vaxtı, öz məqamı var.

- Yəni, sizə aid olanı istədiyiniz kimi yönləndirdiniz, istədiyiniz kimi ailənizi qurdunuz, istədiyiniz kimi yaşadınız, övladlarınızı istədiyiniz kimi yetişdirdiniz.

- Bəli. Hər halda, heç kəsin qarşısında gözükölgəliyim yoxdur.

Mənim əleyhimə yazan jurnalistlərə gəldikdə isə, açığı, haqqımda yazılan yazılarla maraqlanmıram, heç birini oxumuram. Qoy yazsınlar, problem deyil, Allah canlarına dəyməsin.

- Mənə görə, bir insanın həyatını mənalı yaşadığını şərtləndirən istədiyi peşəyə və ailəyə sahibi olması və bu dəyərlərə sədaqətidir. Peşəniz var, peşənizə sadiqsiniz, gözəl qələm sahibisiniz, həyatınız boyu həyat prinsiplərinizə xəyanət etməmisiniz, əlavə sənətiniz də var, özü də sənətinizin sənətkarısınız, gözəl ailəniz, övladlarınız hər zaman başınızı uca edib. Demək, həqiqətən boşuna yaşamamısız, bundan sonra da sizə daha mənalı və uğurlu, başlıcası isə sağlıqlı illər diləyirəm uca Tanrıdan.

- Təşəkkür edirəm. Bilirsiniz necədir, bir maşın sürüldüyü üçün qürurlanır, bəyəm? Mən də elədiklərimə görə qürurlanmıram. Sadəcə üzərimə düşən vəzifələri icra etmişəm.

- Hər halda sizin mənəvi cəhətdən qazandıqlarınızı bu həyatda çox az insan qazana bilir. Elə adamlar var ki, onların hər şeyi var: pulu, varı, dövləti, amma mənən çox kasıbdırlar. Mənə görə, sizin bu dünyadakı ən böyük qazancınız ruhunuzu çirkləndirmədən yaşamağınızdır. Və bunda sizin həyat yoldaşınızın çox böyük rolu var. Əgər o bütün məhrumiyyətlərə qatlaşmasaydı, siz məcbur qalıb ruhunuzu çirkləndirəcəkdiniz ki, ən azından ailənizi qoruyasınız. Siz daxilən azad bir insansınız və həyat yoldaşınız sizin bu azadlığı yaşamanıza əngəl olmadı, əksinə hər zaman yanınızda oldu.

- Təbii. Mən azadlığımı heç nəyə dəyişmərəm. Necə deyərlər, sevgimə görə hər şeyimi qurban verərəm, azadlığım üçünsə sevgimdən də keçərəm. Çünki insan yalnız azad olduğu halda insandır.

Söhbətləşdi: Banu Oğuz, Hurriyyet.org

Redaksiyadan: Bu günlərdə kədərli bir xəbər eşitdik. Heydər Oğuzun anası ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Allahdan ona şəfa diləyirik.