İQTİDAR "ZUBATOVÇULUĞU" DİRİLTDİ - İllər ötür, Qarabağı hətta xəritədə göstərə bilməyən nəsil yetişir...

İQTİDAR "ZUBATOVÇULUĞU" DİRİLTDİ - İllər ötür, Qarabağı hətta xəritədə göstərə bilməyən nəsil yetişir...

Bu başı bəlalı torpaq nələrə dözməyib? Azərbaycan kürreyi-ərzdə yeganə dövlətdir ki, onun milli himninin müəllifinin yurdu düşmən tapdağı altındadır. Yeganə ölkədir ki, onun qeyrətli övladlarını zaman-zaman mənən, cismən məhv etmiş şərəfsizlərin yetirmələri, qohum-əqrəbaları, hətta məddahları belə yenə də yuxarı başa keçib, indiki iqtidarın sayəsində yağ-bal içində yaşayırlar. Başqa cürə də ola bilməzdi, axı ölkədə hakimiyyət dəyişikliyi baş verməyib.

Azərbaycanda fürer olmaq eşqinə düşmüş on-on beş siyasi macəraçının nazı ilə bir il oynayandan sonra kommunist nomenklatura əzab-əziyyət çəkmədən taxta çıxdı. Çox sirrlər faş oldu... Milli Məclisin rahat kreslolarında, vəzifələrdə oturanları nəzərdən keçirin.

Sifətləri sürtük moçaya dönmüş bu simasızlar vaxtilə vəcdlə Əbülfəz Elçibəyə beyət gətirdilərsə, səmt küləyi istiqamətini dəyişdirən kimi, əvvəlcə Heydər Əliyevin, sonra da oğlunun hüzurunda kəmərbəstə qulama döndülər. Bunların nəyinə hörmət edəsən, hansı sözlərinə inanasan? Dəfələrlə yazmışam, demişəm, biz bu mimikriya ustaları və kommunist nomenklaturasının tör-töküntüləri ilə Qarabağı heç vaxt azad edə bilməyəcəyik. Rusiya almanların dədə-baba torpaqları şərqi Prusiyanı (indiki Kalininqrad vilayətini) Polşa Sileziyanı, Fransa Elzası, Lotaringiyanı qaytaranda biz də Şuşanı görəcəyik. Erməni axmaqdır ki, gözəlliyinə görə min İsveçrəni kölgədə qoyan Kəlbəcəri bizə təhvil versin? Ürək ağrısı ilə mən bunu bir dəfə yazmışam...

Axı biz özümüz də Qarabağın xilası üçün heç nə etmirik. Min sərgi də keçirilsə, dünyanın bütün estrada lotularının ciblərini də doldursaq, abgərdəndən tutmuş, düşbərəyə qədər nə varsa hamısını YUNESKO-nun siyahısına saldırsaq da, xeyri yoxdur. Çünki sərçeşməmiz də, ocağımız da murdarlanıb.

Monitor qarşısında oturursan, qəzetləri gözdən keçirirsən, az qalır ki, havalanasan. Qarğışa gəlmiş məmləkətdə bir imanlı, əməli saleh məmur yoxdur. Binəva rəiyyət də avam deyil, yaxşı görür ki, Prezident nə qədər sədəqə paylasa da yırtıcı vampir sürüsünün nəfsini söndürə bilmir. Biri milyonlar oğurlayır, nəsli ilə dünyadan kam alır, kasıba da deyir ki, bax, sənə beş-on manat ayırdıq, fas-fağır otur yerində, axşamlar da YAP-ın məddahlarının, tüfeyli ideoloqların çərənləmələrinə qulaq as, özəl telekanalların həyasız mütrüfə bənzər aparıcılarının, bədənlərini əsdirən həşəratın çıxışlarından ləzzət apar. Türk-islam dünyasının belini birdəfəlik qırmaq istəyən keşiş-mason guruhu Azərbaycandan tam arxayındır. O muradına çatıb.

Təhsil sistemi bərbad gündə, kasıb-kusub oğul-uşağını oxutdurub bir yana çıxarda bilmir, uşaq evlərindən vaxt-vədə tamam olanda çölə atılan kimsəsizlərin say-hesabını bilən yoxdur, neçə-neçə ölkədən it kimi qovulmuş sekta, missioner qurumu daxildə açıqdan açığa təxribatla məşğuldur, dillənən də tapılmır. Dəfələrlə Mübariz Qurbanlıya müraciət etdim ki, ay dörd ildə beş partiya dəyişdirə bilmiş dilavər, özünə zəhmət ver, gəl Xətai rayonuna, gör dədə-baba imanımıza, dinimizə qarşı həyasızcasına mübarizə aparanlar necə evlərə soxulurlar, vəsait, kitablar paylayırlar, cavanları yoldan çıxarırlar. İndiyə qədər bir dəfə görmədim ki, istər polisdən, istərsə də Icra hakimiyyətindən bir nəfər bu fırıldaqçılara söz desin.

Bağışlanılmaz səhvinə görə istedadlı yazıçı Əkrəm Əylislini gözümçıxdıya saldıq. Hörmətli Prezident də ona yerində cəza verdi. Bu məsələnin bir tərəfi. Amma Əkrəm Əylislinin “Azərbaycanda ziyalı yoxdur” sözünə mən başımla qol qoyuram.

Mən bir tarı qorumaq naminə ölümə gedən Müşfiqə də ziyalı deyim, müstəmləkə ədəbiyyatının zaman-zaman fəxri adlara, ordenlərə qərq edilmiş yaltaq “xalq şairi”nə də?

Kiçik bir ricət

Ötən əsrin 70-ci illərində Şimal buzlu okeana axan iki çayın məcrasını dəyişdirmək məsələsi ortaya atılmışdı. Məqsəd Orta Asiyanın quraqlıqdan əzab çəkən torpaqlarında, səhralarında pambıq tarlalarının artırılması idi. Siyasi büronun marazmatik üzvləri bu planı bəyənmişdilər. Çoxu etiraz səsini qaldırmağa da cürət eləmədi. Amma Rusiyanın adlı-sanlı qocaman yazıçıları susmadılar. Dövrün ən çox yayılan, nüfuzlu qəzeti sayılan “Lit-qazeta” da böyük məqalələr dərc edildi, aləm bir-birinə dəydi. Rus ziyalılarının sözlərindən bu çıxdı ki, Allah vurmuşdu. Türküstanı da, orada yaşayanları da, biz qoymarıq kimsə təbiətimizə əl qaldırsın. Axırda dünyaya hökm verməyi bacaran Siyasi büro, hökumət geri çəkildi.

Bizdə isə bir kişi tapılmadı ki, desin, kasıb-kusub zillət içində yaşadığı əsnada katolik və pravoslav kilsələrinin, ziyarətgahlarının təmiri, abırlı günə salınması üçün milyonlar xərcləmək heç bir əxlaqi çərçivəyə sığışmır. Azərbaycanda yerlə yeksan olan neçə istehkam, qədim qala var, bunları qoyub Luvrun dərdini çəkmək bizlərə yaraşmır.

Artıq ən avam adam da bilir ki, ağzımızla quş tutsaq da, katolik, pravoslav kilsələrini qızılla örtsək də kardinalların, keşişlərin ciblərini mirvari ilə doldursaq belə, səlib dünyası xaçpərəst qardaşı ermənini ayağımıza verməyəcək.

O günləri diktorlar televizordan fəxrlə elan edirdilər ki, bəs heç demə bizim ordumuz dünyada qüdrətinə, gücünə görə 52-ci yerdədir. Farslar demişkən, xeyli xub, istəməyənin gözü çıxsın. Bəs az qala bir qərinə ərzində əsirlikdə əldən ələ verilmiş yüzlərlə qız-gəlinin, donora döndərilib qətlə yetirlmiş körpələrin, murdarlanmış ziyarətgahların, şəhid məzarların qısası nə vaxt alınacaq?

İllər ötür, Qarabağı hətta xəritədə göstərə bilməyən nəsil yetişir. Avanqard rəssamların, sərgilərini təşkil etməklə, “Formula bir” yarışmalarını keçirtməklə bizə Ağdamı qaytaracqlar? Bəsdirin xalqı ələ saldınız!

... Bəli, şıq geyinmiş əsgər və zabitlərin hamımızın qəlbini ehtizaza gətirən rəsm-keçidləri təşkil olunur, təzə hərbi texnika nümayiş etdirilir. Mətin addımlarla yeriyən boylu-buxunlu əsgərlərimizə, doğma səmamızda təyyarələrimizn, helikopterlərin şahanə uçuşlarına baxanda sevincdən gözlərim yaşarır. O yer yoxdur ki, orada quruculuq işləri görülməsin, təzə yollar çəkilməsin. Amma bizim iqtidar başa düşmək istəmir ki, camaat telekanallarda Elman Nəsirov, Rasim Musabəyov kimi odioz fiqurları görəndə az qalır şahə qalxsın.

Mənəvi mühit isə dözülməzdir... Burada Üzeyir bəyin neçə-neçə əsərinin ifa olunmasına qadağa qoyulub, Cənnət Səlimova adlı birisi Mirzə Cəlilin şah əsərinin başına it oyunu açır, hamı susur, haradansa gəlmiş rus gədəsi neçə əsrlik “Heyratı” nı şil-küt edir( hərbi orkestrimiz onu ifa edəndə qulaq asın) dillənən tapılmır, mədəniyyətimizin iftixarı sayılan şəxslərin vaxtilə qürurla gəzdirdikləri fəxri adlar kimə gəldi verilir (bu mənhus işdə əli olan Fatma Abdullazadə qazandığını qazanıb sonra sakitcə qırağa çəkilir) , tariximiz üçün qara ləkə olan psevdotarixi filmlər heç bir şey olmamış kimi yernidən göstərilir, daha nələr, nələr... titullu əbləhlər ağızlarına su alıb susurlar. Dəfələrlə mətbuat səhifələrində səsimi qaldırdım, a kişilər, istənilən yerdə “Yeddi oğul istərəm”, “Dəli Kür”, “26 Bakı komissarı” kimi filmlərin xalqımız üçün təhqir olduğunu sübut edirəm, axı siz nə vaxta qədər komminist ideoloqların əmrlərini yerinə yetirəcəksiniz?

Ayın 31-dir, bütün telekanallarda soyqırım barədə tükürpədici materiallar verilir. Sakit baxmaq olmur, ümumi qətlam şahidlərinin ifadələri yaralarımızın qaysağını qoparır. Bütün sutka ərzində iki-üç dəfə qatil rus alayının adını çəkdilər, “Qiisas”, “İntiqam” sözlərini yenə də eşitmədik. Eşitməyəcəyik də, çünki hakimiyyətdə kimlərin ixtiyar sahibi olduğunu bilirik. Pribaltikada marşal Yazovu cinayət məsuliyyətinə cəlb edib, on il həbsdə oturması üçün qərar qəbul edirlər. Bizdə isə rus təmayüllü məktəblərin inkişafı üçün sinov gedirlər. Pribaltikada cəmi on iki adam öldürülmüşdü, bizdə isə Yazovun, ümumiyyətlə rus əsgər və zabitlərinin əlləri ilə 90-cı ilin yanvar ayında 430 adam qətlə yetirilmişdi, yaralıların ümumi sayı 700 nəfər idi. Moskvadakı ağalara xoş gəlmək üçün biz şəhidlərimizin sayını da üç dəfə azaltdıq. Rusiya bizə “Sağ olun”unu Xocalıda dedi, aprel döyüşlərində ordumuzun bir addım da qabağa getməsinə imkan vermədi.

Böyük bir alay Qarabağın altını üstünə çevirir, o rəzalət qalmır ki, soydaşlarımızın başlarına gətirnəsinlər, illər keçir biz isə hələ də Moskvanın hüzurunda kölə kimi dururuq. İllər boyu bədbəxt məmləkətimizin o sərvəti qalmadı ki, daşınıb aparılmasın, pambıq tarlalarında Azərbaycan qadınları işləməkdən sər-sifətdən düşür, kişilər isə nəhəng kimya kombinatlarında, mədənlərdə, ən ağır fiziki iş tələb olunan sahələrdə canlarını qoyurdular. Şəhərdə neynim demədən yaşayan, sovet hakimiyyətinin verdiyi bütün imtiyazdan ustalıqla bəhrələnən rusların bizlərə bəxş etdikləri epitetlər isə bunlar idi: “çuşka”, “baran” ,“spekulyant”.

Ölüm-zülümlə pambıq planı yerinə yetiriləndətəntənəli iclas çağırılardı, qabaq cərgələrdə rus, erməni veteranları (guya bunlar tarlalarda can qoyublar) və bizim rus dilli manqurtlar oturardı. Alqışlar, bayraqlar, lakey xislətli qələm sahiblərinin əttökən çıxışları, sonra da konsert-ssenari belə idi.

Sabahı günü isə imkanı olanlar toy xonçası üçün İrəvana gedərdilər ki, iki-üç kilo şirniyyat alsınlar, mən hələ başqa işlərdən danışmıram. İrəvanda isə erməni satıcılar bizləri ələ salıb deyirdilər, bayraq almısınız, bəs niyə iki kilo konfeti, şokoladı sizə çox görürlər?

... Aylar ötdü, illər keçdi, ermənilər istədiklərini aldılar, biz də kefdəyik, dükan-bazarda “Yoxdur” sözü yoxdur. Lap yaxşı yadımdadır, aclıq, kasadlıq illərində (mən ötən əsrin 40-cı illərini nəzərdə tuturam) insanlar bir-biriləri ilə daha mehriban idilər, səmimiyyət, canıyananlıq indikindən min qat artıq idi. Dəqiq elmlər sahəsində zirvələr fəth ermişdiksə, tarix, filologiya, sənətşünaslıq hələ neandertal dövrünü yaşayırdı. Camaat doğma dilini qəzetlərdən, radiodan öyrənirdi, indi qəzet redaktorlarının əksəriyyətini, ədalı danabaş jurnalistləri savadsızlığı ləğv etmə kurslarına göndərmək lazımdır ki, dədə-baba dillərini çarmıxa çəkməsinlər. Amma, qorxuram gecdir... İqtidara nə qədər pis münasibət bəsləsəm də onun bəzi əməllərinə heyranam. Kişilər çox da böyük zəhmət çəkmədən əyalətin siyasi macəraçılarının, bellərinə palan qoyub, ağızlarına qantarğa sala bildilər. Bu diqqətəşayan proses ötən əsrin 88-ci ilin yayından başladısa, amma əsl apogey bu son iki ildə əldə olundu. Mənim iyirmi beş il bundan əvvəl dediklərim düz çıxdı, iqtidar indiyə qədər gördüyü savab əməllərə görə Rauf Arifoğlunun döşünə medal taxdı, bolşeviklərin məhv edə bilmədikləri musavat ideyaları heç-puç oldu, Vətəni siyasi qumara qoyanlar istədikləri rıyasətə çatdılar.

İqtidar komandasında olan hansısa ağıllı siyasətçinin təşəbbüsü ilə tətbiq edilən “Zubatov texnologiyası” uğurla başa çatdı. 1992-ci ildə rüsvayi-cahan olanlar bundan sonra ağızları ilə quş tutub, Quran səhifələrindən köynək geysələr də onları adam yerinə qoyan tapılmaycaq. Bəzi alimnümalar gözlərini bərəldib bu “Zubatov texnologiyası”nın nəmənə oldiğunu soruşa bilərlər. Mən məsləhət görərdim bunun üçün YAP-ın gülməşəkər ideoloqlarına müraciət etsələr yaxşıdır, kişilər elm dəryasıdır.

(Ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA