İQTİDARIN MƏRDİ NAMƏRD ETMƏK İSTEDADI... - II HİSSƏ

İQTİDARIN MƏRDİ NAMƏRD ETMƏK İSTEDADI... - II HİSSƏ

Nahəl olana mətləbi andırmaq olurmu?

Söz qanmayana zor ilə qandırmaq olurmu?

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/iqtidarin_mrdi_namrd_etmk_istedadi)

Azərbaycanda onların muradları hasil olub. Məhərrəmlik ayında, ələlxüsus Aşura günündə mən də bədənə xəsarət yetirilməsinin əleyhinəyəm, amma bu o demək deyildir ki, bütün mərasim, təkiyə, əzadarlıq qan vermək ilə məhdudlaşmalıdır.

Əzadarlıq həm də savadlı vaizlərin, rövzəxanların bütün milləti monolit qüvvəyə döndərə biləcək mağara fanatizmindən tam uzaq çıxışları deməkdir.

Əzadarlıq həmçinin qan, namus qisasının unudulmaması naminə təşkil olunur.

Moskva agenturası məmləkətdəki nökərlərinin köməyi ilə çox şeyə nail olub. İnanmırsınızsa ədəbi jurnallara, qəzetlərə baxın, belə də biganəlik, belə də arsızlıq olar? Özünü qələm sahibi, şair, daha nə bilim nə zəhrimar sayan bu güruhun cızmaqarasını oxumaq mümkün deyil, elə bil yüzlərlə qız-gəlin əsir alınmayıb, onlarla şəhər, qəsəbə yerlə yeksan olmayıb, yüz minə yaxın insan qətlə yetirilməyib, sanki dəhşətli məğlubiyyətlə üzləşməmişik.

Onu da bilirəm ki, müxtəlif konvensiya, müqavilə, beynəlxalq sənədlərlə əl-qolu bağlanmış bizim iqtidar radikal tədbirlər görməkdən çəkinir(Bəlkə də heç özü də istəmir, axı ölkədə ən avam adam da bilir ki, hakimiyyətin ən yüksək dairələrində anası, arvadı, yaxın qohum-əqrəbası rus və erməni olan kifayət qədər məmur var. Bunların çoxu öz evlərində Azərbaycan dilində danışmağı özlərinə ar bilir). İndiki ziyalı zümrəsini isə qınamaq fikrim yoxdur. O, heç bir şey olmamış kimi yenə də “Suslov aparatının” göstərişlərini yerinə yetirir. Qozbeli qəbir düzəldər... Mirzə Cəlilin təbirincə desək, dünyalar bir-birinə dəydi, aləmlər mayallaq aşdı, di gəl bizim ziyalı zümrəsi gəda xislətindən azad ola bilmədi ki, bilmədi.

Vacib bir ricət

Şeyx cənablarının titullu bir juliki müdafiə etməsi məni təbdən çıxarmasaydı, bu əhvalata qayıtmayacaqdım. İçəri şəhər bizim şimallı-cənublu Azərbaycanın yeganə salamat qalmış iç qalasıdır.

İç qala bütün dövlətlərdə millətin məhrəm yeri, bir az açıq desək hərəmxanası sayılıb. Biz dünyada bəlkə yeganə millətik ki, iç qalamızın üzərində yadelli bayraqların dalğalanmasına saymazyana qaldıq.

İtaliya, Yunanıstan əsrlər boyu Osmanlı imperiyası ilə yola getməyiblər. Qanlı müharibələr gedib, yüz minlərlə insan qırılıb, torpaq itirilib... daha nələr, nələr...

Müstəqillik qazanan illərdə bizim İçəri şəhərin üzərində Yunanıstan və İtaliya bayraqlarının qaldırılması türk dünyasına təhqir idi.

Deyə bilərlər ki, orada səfirliklər, nə bilim konsulxanalar açılmışdı. Çox nahaq yerə! Başqa yer qəhət idi? Mən hamının susmağını görüb, iki-üç qəzetdə qəzəb dolu məqalələrlə çıxış etdim.

Soruşdum ki, Rusiya Kremlin içərisinə yadelli bayrağı buraxar, Afinada icazə verərlərmi ki, Akroplin həndəvərində kimsə bayrağını assın? İtaliyanın paytaxtı Romada Müqəddəs Mələk qəsrinin üzərində bayraq qaldırmaq istəyəni həmin dəqiqə tutub dəlixanaya salarlar. Diplomatik məsələni bura qatıb qatışdırmaq lazım deyil. Millətin şərəfi sayılan iç qala, yadelli bayraq, elementar etiket, protokol, sairə bu kimi amillər tamam başqa söhbətin mövzularıdır.

Mən təsəvvür edirəm uşaqlıqdan türk-islam dünyasına qarşı nifrət ruhunda tərbiyə almış bu əcnəbi diplomatlar bizim kütlüyümüzdən necə həzz alıb, aralarında deyib gülüblər.

Başımın üstündə Allahım var, bir Seyran Səxavətdən başqa mən bədbaxta səs verən olmadı.

Şeyx cənabları gur səsini qaldırmalı idi, çünki İçəri şəhər təkcə Şirvanşahların son hasarı deyildi.

Burada balaca bir sahədə dörd məscid və iki türbə vardı, onların üzərində türklərin qatı düşməni olan yunanların, italyanların bayraqlarının dalğalanmasına icazə vermək əsl xəyanət idi.

Çar hökuməti dövründə Şirvanşahların türbəsini rus zabitlərinin atlarının tövləsinə döndərmişdilər. Sovet hakimiyyəti illərində döşəməni hamar daşlarla örtdülər, məzarlar qaldı torpaq altında. Gələn turistlər, “bəs sizin hökmüdarların məzarı haradadır”, sualını verəndə muzey işçiləri “düz ayaqlarınızın altındadır”, deyə cavab verərdilər. Bu rəzalət on illər boyu davam etdi. Nə bir “korifeyimiz” dilləndi, nə də Şeyxülislam cənabları.

Bizim arsız, ədaları yerə-göyə sığmayan rejissor güruhu çəkdikləri psevdotarixi filmlərdə o çirkab qalmadı ki, millətin dininin, imanının üzərinə tökməsin, ləkələnməmiş, istehza hədəfinə döndərilməmiş din xadimi qalmadı. On illər boyu bir dəfə görmədim ki, kimsə zinakarları utandırsın, onların sifətlərinə tüpürüb desin, kişiliyiniz olsun, insan olan kəs əcdadının dinini, imanını ələ salıb bütün din xadimlərinə lağ etməz. Axı onların içində elə kişilər olub ki, şücaətlərini vəsf etməkdə qələm acizdir...

İndi də bir az müstəmləkə ədəbiyyatının fəxri adlara, ordenlərə, ənamlara layiq görülmüş əyanlarından, onların mənən şikəst etdikləri xələflərindən danışaq

Təəccüblənib eləməyin, bir az uzaqdan başlayacağam, unutqan tayfa olduğumuzu nəzərə alaraq köhnə sandıqları açmaq fikrindəyəm. Vaxtilə Azərbaycan Kommunist partiyası Mərkəzi Komitəsində P.M. Yelistratov adlı ikinci katib işləyirdi. O rəsmi olaraq Moskvanın canişini sayılırdı, sözünün üstünə də söz qoyan olmazdı.

Yerli yaltaq partiya məmurlarından onu fərqləndirən bir cəhət vardı, həm asari-ətiqə xiridarı idi, həm də nə etdiyini gözəl bilirdi. Sonralar fəxri adlar, ənamlar, ordenlər almış neçə-neçə sənət adamı onun sənət əsərlərini toplamasına xeyli kömək etdilər. İllər keçib, bu dramın iştirakçılarının demək olar çoxu vəfat edib. Onlar vəfat edib, amma sənət əsərləri də Rusiyaya daşınıb... Dəfələrlə yazdım, ... xeyri olmadı ki, olmadı. Bir vələdüzina səsimə səs vermədi.

Millətin ziqiymət asari-ətiqəsi aparılanda, erməni “bərpaçılar” nadir memarlıq incilərini bərpa pərdəsi altında məhv edəndə, radio və televiziyanın xorunda işləyən azərbaycanlı qız-gəlinlər xalqı rüsvay edib erməni kilsəsinin bütün mərasimlərində canla-başla oxuyanda, Əli Kərim küncə sıxışdırılanda, Sərdar Əsəd intihara əl atanda, Xəlil Rza təklənəndə indi patriarxlıq iddiasına düşənlər, orden alanlar qımıldanmadılar.

Onlarla cəngavər oğul tanıyıram ki, sümükləıri sürməyə dönüb, neçəsinin heç nəşi də ələ gəlməyib, amma bütün rejimlərə yarıyan Elçin ağanın heç əhvalı da təğyir tapmayıb. Mən ona, utanıb qızarmadan kəmərbəstə qulam kimi ona mədhiyyə oxuyanlara necə ziyalı deyim?

İstənilən yerdə, istənilən vaxt sübut edə bilərəm ki, istər Elçində, istərsə də onun məiyyətindəki üzəngi tutanlarında, başmaqlarını cütləyənlərdə bir misqal da Vətən, millət təəssübkeşliyi yoxdur.

... “Telekom” şirkəti kabel xətti çəkəndə Cəlilabadda “Göy təpə” kurqanını, Salyan rayonunda “Qırx çıraq” adlı orta əsrlərə aid yaşayış məskəninin qalıqlarını, Göyçayda “Qara baqqal” adlanan qədim məskəni, Salyan–Bakı yolunun 45 kilometrindəki arxeoloji abidəni yerlə-yeksan etdi.

Başım çıxmır, bu xarabanın Atilladan, xaqanlardan, şamanlardan gəvəzələyən “ayran vətənpərvərləri” hansı cəhənnəmdə idilər? Bu son illərdə biz nələrin şahidi olmamışıq?

... Buna nə cür dözəsən ki, otuz il ərzində Azərbaycanın böyük rəssam ləşkəri batal janrda beş-on tablo ortaya qoya bilməyib. Vətənin tən yarısı gedəndən sonra da milləti silkələyə bilən iki-üç sənət əsəri yarada bilməyənlərə mən nə cür ziyalı deyim?

Elçin ağa, yeriyə bilməsəm də, çətinliklə də olsa şəhərdə bir-iki kitab dükanında oldum. Maşallah, bahalı kağızda, bər-bəzəkli cildlərdə buraxılmış kitablarınızı gördüm. İkrah hissi məni qoymadı ki, onlara toxunum, amma Qarabağa həsr olunmuş teletamaşalara, filmlərə baxmışam. Elçin ağa, Siz Qarabağ dərdi çəkənə oxşamırsınız, dərdmənd sizin kimi olmur. Bütün yazdıqlarınız süni və bəsitdir. Çox istərdim ki, bir bəni Adəm gəlib mənim güzəranıma, sonra da sizin yaşayışınıza baxsın. Bu bədbaxt məmləkətin istiqlaliyyəti naminə çəkdiyim cəhənnəm əzablarını siz heç yuxularınızda da görməmisiniz. İndi mən çörək dərdi çəkirəm, Siz isə kefdə damaqdasınız!

... Keçən əsrin 60-80-ci illərində lakeylik edənlər, daha doğrusu qorxularından cınqırlarını çıxarmayanlar öz xələflərinin beyinlərini elə zəhərləyiblər ki, onların da heç nə veclərinə deyil. Bunların bir arzusu var, ay Allah, nə olaydı mənə də Prezident təqaüdü verəydilər, hökmdar taxtına yaxın olanlar mənə də əl tutaydılar, nə vaxt istəsələr, kimi istısələr onu da mədh edərdik.

Rayonlarda, kəndlərdə işsiz, başsız, yiyəsiz qalmış qızlar, oğlanlar bizim heyvərə telekanallarda gecə-gündüz reklam olunan, ağızları yağlı tikələrə çatmış elit fahişələrə, fəxri ad almış “qoluboylara” baxaraq paxıllıq çəkirlər, “Ay Allah” nə olaydı, mənim də başıma dövlət quşu qonaydı, mən də bunlar kimi ağ günə çıxaydım!”

Vaxt vardı orta məktəbdə oxuyan mühəndis, astronom, həkim, bəstəkar olmaq həvəsi ilə alışıb yanırdı.

İndi isə rusların mövlud “yolkası” kimi işim-işim işıldayan, makiyajdan tanınmaz günə düşən, yarımüryan telegözəlçələrə baxan bədbaxt qızlar belə həyata hazırdılar.

Psixikası hələ əməlli formalaşmamış namus, şərəf barədə bəsit təsəvvürü olan gözəgəlimli oğlanlar bahalı maşınlarda naz-nemət içində gəzən, hər toydan bir gecədə on min manat götürən “mavilərin” yixarı başa keçirilməsini görəndə özlərini pullu uşaqbazlara sevinə-sevinə təslim edirlər. Hazırda Bakıda “mavilərin” çiçəklənmə dövrüdür, bunların “Mama Roza” ları qaz vurub qazan doldurur. Hələlik bu söhbəti saxlayaq, diqqətə şayan kiçik bir vaqiədən danışaq.

Dekabr ayının 1-də “Mədəniyyət” telekanalında “Dədə Qorqud” folklor ansamblının çıxışı verildi. Halal olsun, kişilərin səyinə, zəhmətinə söz ola bilməz. Pulu bunlar üçün xərcləmək lazımdır, daha xaricdən gəlmiş estrada lotuları üçün yox. Savab əməlləri ilə şöhrət qazanmış, paklıq və təmizlik mücəssəməsi həşəmətli Tağı Əhmədov da həmişəki yerində idi. Bizim sevimli YAP-ın əsl siması! Bununla da işim yoxdur. Konsertin şirin yerində, ən təsirli mahnı səslənəndə onu gördüm ki, Tağı müəllim ağlayır, bəli, bəli, o ağlayırdı!

Bunu bütün tamaşaçılar gördülər...

Nə qədər mülahizə elədim, bir nəticəyə gələ bilmədim. O, verdiyi bir milyon rüşvət üçün ağlayırdı, ya illər boyu yer altında alverlə ailələrini dolandırmış dükan, köşk sahiblərinin məhz onun günahı üzündən zəlil günə düşməsini yadına salmışdı?

Xaçpərəst bisavad ovçuların fərziyyələrinə görə timsah öz şikarını parçalayıb udandan sonra sahilə çıxıb uzanır.

Bu zaman onun gözlərindən çoxlu maye axır, guya timsah həzm-rabedən keçirtdiyi qurbanları üçün ağlayır. Sonralar bu fərziyyənin düzgün olmadığı sübut edilsə də amma, o unudulmadı. Bu söz indiyə kimi hələ də işlədilir.

Yerinə düşmüş gözəl təklif

Külli aləm bilir ki, Qafazda bütün qövmlər, tayfalar, xalqlar içində ən unutqanı bizik. Səhər üzümüzə tüpürürlər, günorta yadımızdan çıxır. Bu barədə mən fəqir çox demişəm, çox yazmışam. Sinfi nifrət getdikcə artır, iqtidar ideoloqları özlərini görməzliyə vurublar. Arxayındırlar, elə bilirlər ki, yüksək maaş, ənamlar alan güc strukturlarının say-seçmə bölmələri qalxa biləcək sosial sunaminin qarşısını ala biləcəklər.

Artıq hamı on illər boyu millətin qanını vampir kimi soran yırtıcı məmurları, oliqarxları, xülasə vəzifəli quldurları birbəbir tanıyır. Cəzasızlıq mühiti bunları özgə cürə qudurdub, nə yaxın düşmək olur, nə söz demək mümkündür. Harınlıq öz yerində, amma, hər halda xalqın gec-tez kükrəyəcək qəzəbindən sığortalanmaq vacibdir.

Tarix çoxdan sübut edib ki, məhvər dönəndə tonlarla qızıl, milyardlarla pul günah sahiblərini dar ağacından, güllədən, kütlənin amansız qısasından qoruya bilmir.

İxtiyar sahibi olsaydım Azərbaycanın vəzifəli pulgir haramzadalarını, təyin olunmuş biznesmen “millət vəkillərinin, lampaslı şalvar geymiş ordenli-medallı kəmfürsətlərini tez-tez konsert salonlarında oturdar və məcbur edərdim ki, həzin, qəlbləri sızıldan musiqiyə, şeirlərə qulaq asıb kövrəlsinlər. Və sonra da rejissora əmr edərdim ki, gözləri yaşaran, doluxsunan bu qeyrət mücəssəmələrinin “morda”larını tez-tez iri planda telekanalda göstərsinlər. Nəyə desəniz and içməyə hazıram ki, camaat dəsmal götürüb ağlayan bu yırtıcıları bağışlayacaq. Bayaq ərz elədim ki, biz unutqan millətik.

Sözlərimdən qəzəbnak olacaq insanlardan soruşuram, biz kimlərin bəd əməllərini unutmamışıq?

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA