İran Azərbaycana qarşı soyuq savaşa başladı, bizimkilər isə susurlar

  • 2019-03-11 09:31:06
  • |

İran Azərbaycana qarşı soyuq savaşa başladı, bizimkilər isə susurlar

 

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar cənub qonşumuzu daha da aqressivləşdirib. Rəsmi Tehran təkcə sanksiyalardan doğan daxili problemləriylə uğraşmaqla kifayətlənmir, həm də nə qədər qorxunc güc olduğunu öz rəqiblərinə əyani şəkildə göstərməyə çalışır. Görünür, elə bu məqsədlə də Qərbin strateji maraqlarının cəmləşdiyi bölgələri təhdid etməyə başlayıb.

Yeri gəlmişkən, İranin bu cür siyasət yürüdəcəyi əslində gözlənilməz deyildi. Sanksiyaların tətbiqindən əvvəl rəsmi Tehran açıq şəkildə dünyanın müxtəlif nöqtələrində ABŞ-ın və İsrailin geopolitik maraqlarına zərbə vuracağını bəyanlamış, hətta konkret hədəflər göstərmişdi. Açıq hədəf elan olunan bu ünvanlar Hömrüz, Babül-Mənbəd boğazları və Süveyş kanalı idi. İran rəsmiləri dünya neft neft ticarətinin 40%-dən çoxunun keçdiyi bu su keçidlərində böyük təxribatlar yaradaraq, onların bağlanmasına nail olacağını, beləcə dünya iqtisadiyyatını dərin böhrana sürükləyəcəyini açıq şəkildə bəyanlamışdı. Görünür, ABŞ və Qərb ölkələrinin sanksiyalardan əvvəl həmin su keçidlərində aldıqları proflaktik önləmlər indiyədək İranın öz məqsədinə nail olasını əngəllədi. Rəsmi Tehranın sanksiyalardan müdafiə taktikaları reallaşmasa da, məlum təhdidlər onun Qərbə hansı istiqamətlərdə zərbə vuracağını göstərmək baxımından böyük əhəmiyyət kəsb edir. Görünən budur ki, İran ABŞ və Qərbin qlobal enerji layihələrini hədəf taxtasına çevirməklə həm qlobal iqtisadi güclərə zərbə vurmaq, həm də müştərilərini öz neftindən asılı vəziyyətə salmaq niyyətində idi.

İranın böyük strateji zərbələrini reallaşdırmaq imkanının olmaması onu eyni mahiyyətli daha kiçik hədəflərə yönəldəcəkdi. Eyni mahiyyətli kiçik hədəflər isə, sözsüz ki, Qərbin enerji təhlükəsizliyində yer alan bölgələr ola bilərdi. Bu mənada son zamanlar İran-Azərbaycan xəttində ciddi gərginliklərin yaranması təsadüfi deyil. Belə ki, Azərbaycan özünün bir çox neft-qaz layihələri ilə Qərbin enerji təhlükəsizliyində müəyyən rol oynamağa çalışır.

Xüsusilə Paşinyanın İran səfərindən sonra cənub qonşumuzun ölkəmiz əleyhinə ideoloji savaşa start verdiyi diqqətdən yayınmır.

“Hürriyyət” qəzeti xəbər verir ki, İran ölkəmizə qarşı ideoloji savaşda cəbhə xəttinə artıq öz vətəndaşlarımızı çıxarıb. Son günlər ideoloji cəbhə xəttində görünən simalardan biri ilahiyyatçı Musa Əsədzadə, digəri isə Şeyx Tohid İbrahimbəylidir. Hər iki natiq bir müddət əvvəl you-tube kanalında səsləndirdikləri video-çıxışlarında Paşinyanın İran səfərinin “pərdə arxası” barədə danışıb və öz tərəfdarlarını Vilayəti-vəqih adlandırdıqları dini lider Seyid Əli Xamneyinin addımlarını müzakirə etməməyə, təlim və təlimatlara mütilik göstərməyə çağırıblar.

Qeyd edək ki, Xocalı qətliamının 27-ci ildönümündən bir gün sonraya “təsadüf” edən bu səfər bəzi mübahisəli mesajlarıyla yadda qalmış və Azərbaycan ictimaiyyətinin ciddi etirazına səbəb olmuşdu. Xüsusilə Paşinyanın İran ermənilərinin idman klubu “Ararat”ın stadionunda Azərbaycanın torpaq bütövlüyünü təhdid edən bir şüarın qarşısında çəkdirdiyi foto-şəkil və ölkə rəsmiləri tərəfindən təmtəraqla qarşılanması, üstəlik bütün bunların zamanlanması (Xocalı faciəsinin ildönümü ərəfəsi) iki müsəlman ölkə arasındakı mehriban münasibətlərə kölgə düşürmüşdü. Rəsmi Tehranın bu diplomatik qəbahətini etiraf etmək əvəzinə, Azərbaycanlı “legioner”lərini ideoloji cəbhə xəttinə sürməsi hər şeyin əvvəlcədən planlaşdırıldığını bir daha təsdiqləyir.

Son günlərdə yaşananların ölkəmizə qarşı açılmış “soyuq savaş” olduğunu təsdiqləyən digər bir fakt isə Paşinyanın səfərdən əvvəl İran rəsmilərinin şəxsən dilə gətirdikləri bəzi fikirlərdir. İran İslam İnqilabının 40-cı ildönümü münasibətilə 11 fevralda Tehranda keçirilən yürüşə qatılan Ruhani, nədənsə, qeyd edilən tarixlə heç bir əlaqəsi olmadığı halda, Azərbaycanın 172 il əvvəl ruslar tərəfindən necə işğal edilməsini xatırlamış və demişdi:

“Bizim millət yaxşı bilir ki, son 205 ildə İranın şimalda və Qafqazda yerləşən ərazilərinin böyük bir hissəsi xain Qacar şahları dövründə ölkədən ayrılıb. 191 il əvvəl İranın şimalının daha bir hissəsini ana vətəndən qoparıblar.

172 il əvvəl İranın şimal-qərbindəki torpaqlarının daha böyük bir hissəsi əldən gedib. 163 il əvvəl İranın şərqi ərazilərinin mühüm bir hissəsini, 138 il əvvəl şimal-şərqdəki ərazilərinin böyük bir hissəsini ələ keçiriblər.

100 il əvvəl İranın cənubunun böyük bir hissəsini də ölkədən ayırıblar. Körfəzin cənubunda yerləşən həmin ərazilərdə hazırda bir neçə ölkə yaradılıb”.

Siyasi təhlilçilər bu sözlərlə İran prezidentinin əslində Azərbaycan torpaqlarına iddia etdiyini irəli sürmüş və onu qınamışdılar. Üzərindən qısa müddət sonra gerçəkləşən Paşinyanın İran səfəri və sonrasında azərbaycanlı dini “legioner”in soyuq savaş cəbhəsinə sürülməsi ölkəmizin cənubdan intensiv yaylım atəşinə tutulduğundan xəbər verir. Paşinyanın Seyid Əli Xamneyi ilə görüşündə dini liderin ermənilər haqqında sözlədiyi fikirlər də sanki Azərbaycan xalqına göz dağı verilmək üçün idi. Məlumata görə, o, İranda ermənilərə yaradılan yüksək şəraitdən də danışıb və bildirib ki, “İran xalqı hər zaman erməni həmvətənlərinə qarşı sevgi və dostluq hissləri bəsləyir”. Paşinyan da ermənilərə yaradılan yüksək şərait və verilən azadlığa görə Xamneyiyə təşəkkür edib.

İlk baxışdan olduqca normal diplomatik sözlər təsiri bağışlayan bu qarşılıqlı fikir alış-verişi İran əhalisinin mühüm hissəsini təşkil edən cənublu soydaşlarımızın milli hüquqlarının tanınmaması fonunda tamamilə fərqli möhtəvaya bürünür və xalqımızın ruhunu incidir. Qəribədir ki, İranın ideoloji savaş səngərində söz silahına sarılan “legioner”lərin də fikirləri milli ruhumuzu aşağılayan cümlələrlə doludur.

Dərd burasındadır ki, bu intensiv ideoloji basqılara hələ ki, Azərbaycanın bir neçə siyasi liderindən başqa (ADP sədri Sərdar Cəlaloğlu və BAXCP sədri Qüdrət Həsənquliyev) cavab verən tapılmır. Digər siyasi çevrələr bir-birilərinə qarşı amansız söyüş, ziyalılarımız, alim və akademiklərimiz, mədəniyyət xadimlərimiz isə özlərinin və övladlarının siyasi karyerası üçün məddahlıq yarışında, Azərbaycanın taleyi isə Qərbdən Şərqə, Cənubdan Şimala qədər regional və qlobal güc mərkəzlərinin masasında.

Paşinyanın məlum səfərindən sonra İrandan Azərbaycana qarşı yönələn təhdidin miqyasını anlamaq üçün ilahiyyatçı Musa Əsədzadənin və Şeyx Tohid İbrahimbəylinin video-çıxışlarını tərəfimizdən hazırlanmış icmalı ilə bərabər diqqətinizə çatdırırıq:

 

İlahiyyatçı Musa Əsədzadənin çıxışının sətirbaşları

Paşinyanın İran səfərinin məqsədləri

I məqsəd

Ağa (Seyid Əli Xamneyi nəzərdə tutulur-red.) bu görüşdə Con Boltonun bölgəyə səfərinə toxunmuş və ABŞ-dan heç kimə xeyir gəlməyəcəyini Ermənistan Baş nazirinin diqqətinə çatdırmışdı.

II məqsəd

Xamneyi görüşdə Paşinyana Ermənistanın iqtisadi cəhətdən İrandan asılı olduğu mesajını verib, ABŞ-la dostluğun yolverilməzliyini ona xatırladıb.

III məqsəd

Xamneyi görüşdə Qarabağ məsələsi üzərində xüsusilə dayanaraq sülh yoluyla həll üçün öz vasitəçiliyini təklif edib.

Səfərin başqa yönə çəkilməsinin səbəbləri:

Musa Əsədzadənin fikrincə, Paşinyanın Ararat klubunda çəkdirdiyi selfi fitnə idi. Səbəbkarlar isə İran İslam inqilabının düşmənləridir.

Səfərin üzərinə şübhə töxumunun səpilməsi Siffeyn müharibəsinin təkrarıdır. Siffeyn müharibəsində 150 minlik Həzrət Əli ordusu 36 min şəhid verib. Həmin müharibənin səbəbi Müaviyənin bir neçə müşavirinin yəhudi olması ilə bağlıdır. Yəhudilərin Ərəbistandakı təsirini azaltmaq üçün Həzrət Əli bu müharibəyə girmək məcburiyyətində qalmışdı. İmam Şamdan sonra Məscidi Əqsanı azad edəcəkdi. Qələbənin bir addımlığında ortaya atılan Əmr Asın fitnəsi bu niyyətin qarşısını alıb. Belə ki, Müaviyə ordusu Quranı nizələrə taxıb Həzrət Əli ordusunun qarşısına çıxıb və dindar müsəlmanların geri çəkilməsi ilə müharibə dayanıb. (İlahiyyatçının sözlərindən belə çıxır ki, indi də Qarabağ məsələsi İranın qarşısında nizəyə taxılıb).

Haqq cəbhəsinin sərvəri, rəhbəri, başçısı Seyid Ağa Xamneyidir. İran islam dünyasının bir çox böyük mərkəzlərini qlobal imperializmin caynaqlarından xilas etməyə çalışır. Həm İraqda, həm Suriyada, həm də Yəməndə islamın qələbəsi üçün fürsət yaranıb. İndi də Siffeyndə olduğu kimi qələbənin bir addımlığındayıq. Məhz belə bir həlledici zamanda Ermənistan Baş naziri İrana səfər edib və iki müsəlman ölkə arasında nifaq toxumu səpilib.

Dünyanın ən savadlı, ən müdrik, ən üstün adamı Xamneyidirsə, bizim nə haqqımız var ki, Ağanın Paşinyanla niyə belə görüşdüyünü müzakirə edək? “Niyə”, “nə üçün” sualları vilayəti qəbul etdikdən sonra bizdə yaranmamalıdır.

Bir kimsə vilayətə qarşı çıxarsa, Allah bu günahı bağışlamaz. Tarix sübut edib ki, vilayətə qarşı kim çıxıbsa, Allah onu zəlil gününə qoyub.

İstəyiriksə, Yer üzündə haqq-ədalət bərqərar olsun, gərək vilayətin önündə müti əsgər olaq.

İranın Təbriz və Ərdəbil imam cümələri, bir neçə rəsmi şəxslər Paşinyanın bu hərəkətinə etiraz edib

İran rəsmən açıqlayıb ki, Paşinyan bu hərəkəti özbaşına edib.

Göründüyü kimi, ilahiyyatçının fikirləri İran rəsmi şəxslərinə müticəsinə itaəti təbliğ edir. Bu da Azərbaycan torpaqlarında təkcə İrana bağlı yumşaq gücün formalaşdırılması niyyəti ilə qalmır, həm də ölkəmizin suverenliyi təhdid hədəfinə çevrilir. Zira suverenliyin başlıca şərti “ölkənin daxilində və kənarında müstəqilliyin ifadəsi kimi dövlətin siyasi və hüquqi xüsusiyyəti olub onun öz daxili və xarici funksiyalarını azad və sərbəst şəkildə dövlətin Konstitusiyası və qanunları, beynəlxalq hüququn hamılıqla tanınmış prinsipləri və normaları əsasında həyata keçirmək, habelə xalqın sərbəst və müstəqil şəkildə öz idarəetmə formasını müəyyən etmək hüququ”dur. İlahiyyatçı Musa Əsədzadə isə Azərbaycan xalqını İranın dini rəhbərlərinin qərarlarına müzakirəsiz, qeyd-şərtsiz tabe olmağı təbliğ edir.

***

Şeyx Tohid İbrahimbəylinin video-çıxışının sətirbaşları

Bölgədəki bəzi dövlətlərin başçıları demişdilər ki, mən Hələbin Əməvi məsciddə namaz qılacağam (Türkiyə prezidenti R.T. Ərdoğan nəzərdə tutulur). 3 gün oldu, 3 il. Məğlubiyyəti öz alınlarına yazdırdılar.

Hamı dedi ki, Suriyadakı hakimiyyət məhv olacaq, Ağa dedi ki, qalacaq və qaldı.

Vilayəti-vəqihin əhəmiyyətini başa düşək, fitnələrə uymayaq.

Haqq və batil cəbhəsi var. Ağa haqq cəbhəsinin komandanıdır.

Bütün fitnələr İsrailin dövlət maraqlarına xidmət eir. Məqsəd İsrail sərhədlərinin təhlükəsizliyi qorumaqdır.

Müqavimət İsrailin sərhədlərinə dirənib.

Millətçi hakimiyyət gəlib müqavimət ordusunu Azərbaycandan çıxartdı. Dedi ki, Qarabağı mən alacağam-türk alacaq. 30 ildir, bizi oynatdılar, satdılar.

Sistani İŞİD-ə qarşı cihad fitvası verdi və qələbə qazandı. Çünki arxasında vilayəti-vəqihin qüdrəti dayanmışdı.

Vəlayəti-vəqihin əmrilə İraq-İran müharibəsində əsir götürülənlərə təlim verdirilib sonrakı mərhələlərdə onlardan istifadə etmək üçün Bədr ordusu yaradıldı. İmam Xumeyninin yaratdığı ordular mübarizə meydanına atılmaq üçün 25-30 il gözlədilər. Sistani fitva verəndə bu ordu “ləbbeyk” dedi.

İmami-zamanın zühuru ilə İslam coğrafiyasındakı bütün sərhədlər ortadan qalxacaq.

Paşinyan gəldi, Ağayla görüşdü, Ağa ona sözünü dedi. Dedi ki, Amerika səni dəstəkləyirsə, bu o demək deyil ki, sən bölgədə at oynada biləcəksən.

Xamneyi Paşinyanla görüşdə iqtisadi məsələlərdən danışdı, Ermənistanın İrandan iqtisadi cəhətdən asılı olduğunu xatırlatdı, Qarabağ məsələsini qaldırdı.

Xamneyi istəməz ki, Azərbaycan müsəlmanlarını özünə düşmən eləsin, o bilir nə edir. Hikmət sahibi, elm, siyasət sahibidir. Dünya onun qarşısında baş əyir. Bizim peyğəmbərlərimiz də döyüş əsnasında düşmənlə görüşüb. İslam fiqhinə görə, müharibədə düşmənlə silah alətlərindən başqa hər cür alış-veriş edə bilərsən.

Hər kəs gəlir, özü üçün müştehid olur, fətva verir.

Ağa Qarabağ məsələsini sülh yoluyla həll etmək istəyir. Sülh üçün ən yaxşı vasitəçi imami-ümmətdir.

Müharibə üçün də ən yaxşı döyüşən qüvvə müqavimət ordularıdır. Amma Azərbaycanın müharibə aparmaq üçün iradəsi yoxdur.

Özləri ermənilərlə oturub dururlar, qucaqlaşırlar, bir gün bir yerdə araq içmələrini arzulayırlar. Erməni deputatlarını Bakıya gəzməyə gətirirlər, onlar isə hətta bizi təhqir edirlər. İdmançılarını gətirib, qulluğunda dururlar. Kilsələrinə Allaha xatir, pulsuz qaz verirlər. Ağanı isə Paşinyanla görüşməkdə ittiham edirlər.

Gücsüz, cılız, qorxaq cəmiyyətə İmam-zaman necə gəlsin? Gəlsə, cəddi kimi başı kəsilər.

İmam gəlməmiş, gərək, ordusu hazır ola.

İraq və Suriyada İran məğlub olsaydı, Azərbaycan təkfirçi İŞİD-çilərlə dolub daşacaqdı. Azərbaycan vəhabiləri təkfirçilikdə ərəbləri belə bəyənmirlər. Azərbaycan onların əlinə keçsəydi, hər kəsi məhkəməsiz-filansız öldürərdilər.

Şeyx Tohid İbrahimbəyli adlı bu cavan oğlanın Azərbaycanın milli və dövlət dəyərlərini daha kobud və açıq şəkildə aşağıladığı ortadadır. Ümumiyyətlə, hər iki video-çıxışda İrana bağlı dini “legioner”lərimiz hakim zümrə ilə yanaşı, xalqımızı belə aşağılamaqdan çəkinmirlər. Ölkəmizin din xadimləri, ziyalıları, siyasi xadimləri isə İranın bu ideoloji hücumları qarşısında hələ ki, susmağa üstünlük verirlər.

Heydər Oğuz,

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA