İran ətrafında çəmbər daralır - Yeni beynəlxalq koalisiya yaradılır

  • 2019-07-10 18:39:22
  • |
  • Dünya /

İran ətrafında çəmbər daralır - Yeni beynəlxalq koalisiya yaradılır

ABŞ Prezidenti Donald Trampın administrasiyası İran və Yəmən ətrafındakı suları patrul etmək üçün beynəlxalq koalisiya yaratmağı planlaşdırır.

Hurriyyet.org Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu haqda ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəislərinin Birləşmiş Komitəsinin rəhbəri, general Cozef Danford deyib.

Qeyd olunur ki, Danford, ABŞ Dövlət Katibi Mayk Pompeo və müdafiə nazirinin vəzifələrini icra edən Mark Esper ilə dünən görüşərək sözügedən məsəlinin detallarını müzakirə edib.

Danford deyib ki, ABŞ bir neçə ölkə ilə əlaqə saxlayaraq Hörmüz və Bab-əl-Məndəb boğazlarında gəmiçiliyin təhlükəsizliyinin təmini üçün koalisiya yaratmağın mümkünlüyünü müzakirə edib: "Güman edirəm ki, növbəti həftələr ərzində hansı ölkələrin bu təşəbbüsü dəstəkləmək üçün siyasi iradəyə malik olduğunu görəcəyik; sonra isə bu təşəbbüsü təmin etməyə yönəlmiş konkret vasitələrin müəyyənləşdirilməsi üçün bilavasitə həmin ölkələrin silahlı qüvvələri ilə əməkdaşlıq edəcəyik".

General bildirib ki, ABŞ koalisiya üçün təşkilati dəstəyi təmin edəcək, lakin Amerika hərbi gəmiləri başqa ölkələrin gəmilərinin bu boğazlardan keçidi zamanı onları müşayiət etməyəcək.

"ABŞ idarəetməni, nəzarəti, kəşfiyyatı və müşahidəni təmin edə bilər. Patrul və müşayiət əməliyyatlarının isə faktiki olaraq başqa ölkələr tərəfindən aparılacağı gözlənilir", - Danford izah edib.

Mayk Pompeo bir müddət öncə bildirib ki, BƏƏ-yə səfəri zamanı Fars körfəzi, Avropa və Asiya ölkələrindən ibarət beynəlxalq koalisiyanın yaradılmasını müzakirə edəcək.

Qeyd edək ki, iyunun 20-si İslam İnqilabı Keşikçilər Korpusu İranın cənubunda ABŞ-a məxsus "Global Hawk" uçan pilotsuz kəşfiyyat aparatını vurduğunu bəyan edib.

Məlumata əsasən, insident İranın Hormozqan vilayətində, Kuhə Mubarak rayonunda baş verib.

Tehran dronu İranın hava məkanında vurduğunu deyib. ABŞ isə dronun Hörmüz körfəzi səmalarında, beynəlxalq hava məkanında vurulduğunu iddia edib.

Dron insidentindən bir həftə əvvəl isə Hörmüz boğazı yaxınlığında üzən "Kokuka Courageous" və "Front Altair" neft tankerlərində partlayış və yanğın baş verib. İnsidentin səbəbləri bəlli olmasa da, ABŞ İranı gəmilərə hücumda günahlandırıb. İran qəti şəkildə bu ittihamları təkzib edir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA