“İranda proseslər hələ səngiməyib və…” - Qabil HÜSEYNLİ

“İranda proseslər hələ səngiməyib və…” - Qabil HÜSEYNLİ

Ötən il dekabrın 28-dən başlayaraq İranda sosial problemlər səbəbi ilə küçələrə çıxan vətəndaşların etirazı demək olar ki, dayanıb. Maraqlıdır, İran hökuməti sosial problemlərinin həll edilməsi üçün etirazıçılara vəd verib, yoxsa aksiyaçılar İran hökumətinin vətəndaşlara “xain” damğası vurmasından çəkinərək, geri çəkilib? Görünən odur ki, rəsmi Tehran hər vəchlə ölkə vətəndaşlarını nəzarətdə saxlamaq istəyir. İranın hökumət rəhbərləri İranda artıq vəziyytin sabitləşdiyini dünyaya bəyan edirlər. Ancaq həqiqətənmi İranda vəziyyət sabitləşib, bunu növbəti mərhələdə izləyəcik.

“İran rəhbərləri hər şeyi dəqiq söyləmirlər”

İranda yaşananlardan sonra mövcud durumu şərh edən keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Hurriyyet.org-a bildirdi ki, İran rəhbərləri hər şeyi dəqiq söyləmirlər: “Onların fikirləri əsasən beynəlxalq ictimai rəyə yönəlib. Amma proseslərin səngiməyə doğru getdiyini söyləmək mümkündür. Bu isə o demək deyil ki, proseslər tamamilə dönüb gedəcək. Proseslərin yenidən daha böyük əzmlə başlanıla biləcəyi ehtimalı kifayət qədər böyükdür”.

“ABŞ və İsrail daha ciddi və taktiki addımlar atmağa başlaya bilərlər”

“Düzdür, İran və bəzi eksperlər belə hesab edirlər ki, məsələni başladan Mossad və Amerikanın kəşfiyyat idarəsidir. Göründü ki, bunlar özləri də hazırlıqsız yaxalanıblar və proseslərə elə də ciddi qatqıları olmadı. Amma bu baş verən hadisələrin fonunda onlar nəyisə özləri üçün ibrət dərsi götürüb, sonrakı proseslər zamanı bundan istifadə edə bilərlər. Eyni zamanda həm ABŞ, həm də İsrail bu məsələdən nəticə çıxararaq daha ciddi və taktiki addımlar atmağa başlaya bilərlər. Söhbət təbliğatın aparılmasından, kütləvi informasiya vasitələrindən fəal surətdə istifadə edilməsindən, İrana yönəlik müxtəlif televiziya kanallarının açılmasından gedir. Bir də ki, xaricdə fəaliyyət göstərən və İrandan qovulmuş bir sıra liderlərin təşkilatlarına maliyyə yardımları da göstərilə bilər”, - dedi politoloq.

“Türkiyə əhalisinin maddi rifahı İran əhalisinin vəziyyətindən xeyli yaxşıdır”

“Belə iddialar var ki, Türkiyədə də əhalinin etirazı başlaya, xaos yaşana bilər. Bu iddiaları necə qiymətləndirirsiniz” sualını Q.Hüseynli belə cavab verdi: “Mən bunu qəbul edə bilmirəm. Çünki İranda sosial vəziyyət kifayət qədər ağırdır. Ölkə ağır avtoritar rejimin təsiri altında əzilir. Çoxmillətli bir ölkədir. Azsaylı millətlər ciddi təzyiqlərə məruz qalır. Türkiyədə isə kürdlərdən başqa millət yaşamır. Yaşasa da, onlar tamamilə Türkiyə xalqının içərisində əriyib qarışıblar. Həm də Türkiyə demokrtaik bir ölkədir. Ona görə, insan hüquqlarına hörmətlə yanaşırlar. Ən başlıcası isə Türkiyə güclü dövlətdir, əhalisinin maddi rifahı İranın əhalisinin vəziyyətindən xeyli yaxşıdır. Bu mənada xaricdən hər hansı bir müdaxilə də olsa, Türkiyə onu dəf edə və Türkiyə öz bütövlyünü qoruyub, saxlaya bilər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA