“İRANLA BAĞLI EHTİYATI ƏLDƏN VERMƏMƏLİYİK” - SİYASİ ŞƏRHÇİ

“İRANLA BAĞLI EHTİYATI ƏLDƏN VERMƏMƏLİYİK” - SİYASİ ŞƏRHÇİ

Elxan Şahinoğlu: “Ruhaninin Paşinyanı tələsik İrana dəvət etməsi Azərbaycanı narahat etməyə bilməz”

Ermənistanın baş naziri Nikol Paşinyanın İranın energetika naziri Rza Arkadinyanı qəbul etməsi və İrəvanda baş tutan görüşdə energetika sahəsində ikitərəfli əlaqələrin gələcək perspektivlərinin müzakirə olunması Azərbaycanı narahat etməsə də, R.Ardakaniyan Prezident Həsən Ruhaninin Nikol Paşinyanı İrana dəvət etdiyini diqqətə çatdırması və Ermənistan başçısı İranı “qardaş ölkə” adlandıraraq, dəvəti qəbul etməsi bizi narahat etməyə bilməz. Açığı, Nikol Paşinyan heç Ermənistanın daimi dəstəkçisi Rusiyanı “qardaş ölkə” adlandırmamışdı, o ki qalmışdı İranı “qardaş ölkə” adlandırsın. Yenə Rusiyanı “qardaş ölkə” adlandırsa, müəyyən qədər yerinə düşərdi. Çünki eyni din daşıyıcılardır. Daima da rusların hesabına yaşayıblar.

Maraqlıdır, bəs Ermənistan nə vaxtdan İranla “qardaş ölkə” olub ki, heç kimin xəbəri yoxdur?! Hansı ki, bu qonşu dövlətlərin əhalisi nə eyni soykökə, nə də eyni dinə mənsubdurlar.

Əslində, “qardaş ölkə” deməklə, Paşinyan İranla bir yerdə olduğunu və Ermənistan-İran həmrəylini nümayiş etdirir ki, bu da Azərbaycana bir mesajdır. Amma nəzərə alanda ki, bu gün İran özü dünyada güncə sıxılmış vəziyyətdir, bu halda İran-Ermənistan “qardaşlığının” da bir faydası yoxdur. Lakin bütün hallarda Azərbaycan İranla üzdə dostluq münasibətlərini qoruyub saxlasa da, daima İranın düşmən mövqeyini diqqətə almalı, İranın apardığı pərdəarxası oyunları izləməlidir ki, “qardaş ölkələr” - Ermənistan və İran - Azərbaycana heç bir vasitə ilə təsir edə bilməsin.

“Paşinyan İranın adını Rusiyanın adından çox çəkir”

“Moskva Azərbaycana 3 şərtindən ikisini yenidən gündəmə gətirir” - POLİTOLOQ

Ermənistanın baş naziri Nikol Paşinyanın İranı “qardaş ölkə” adlandıraraq, İrana rəsmi dəvəti qəbul etməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Ermənistan baş nazirinin İranı “qardaş ölkə” adlandırması yeni bir sirr deyil: “Yəni İranla Ermənistan arasında uzun illərdir strateji tərəfdaşlıq, hətta daha dəqiq desək, müttəfiqlik münasibətləri var. Həmişə Ermənistan prezidentləri İranda yüksək səviyyədə qəbul olunub, indi də Paşinyanı dəvət edirlər. Paşinyanın açıqlamalarına da diqqət yetirmək lazımdır. Paşinyan baş nazir seçildikdən sonra xarici siyasətdən danışarkən hətta İranın adını Rusiyanın adından çox çəkir. İranla tərəfdaşlığa çox böyük önəm verir. Çox təəssüf ki, hər zaman İrandakı dairələr Ermənistanla strateji tərəfdaşlığa rəğbət göstərir və bu siyasətlərini davam etdirirlər. Düzdür, son Gəncə hadisəsini nəzərə almasaq, İranla Azərbaycan arasında münasibətlərdə problemlər yaşanmır, tərəfdaşlıq var, böyük layihələr həyata keçiririk. Buna baxmayaraq, İranın yenidən Ermənistanla tərəfdaşlıq münasibəti qurması, Nikol Paşinyanı tələsik İrana dəvət etməsi Azərbaycanı narahat etməyə bilməz”.

“Nəzərə almalıyıq ki, İranın Ermənistan siyasətində heç bir dəyişiklik yoxdur”

“Əslində, bunun özü Azərbaycana bir mesajdır ki, Ermənistanla əməkdaşlığı davam etdiririk. Biz də buna uyğun siyasətimizi formalaşdırmalıyıq. Əlbəttə, dəvətə görə İranla düşmən olası deyilik. Amma nəzərə almalıyıq ki, İranın Ermənistan siyasətində heç bir dəyişiklik yoxdur. İran guya, Ermənsitanın qonşusu olmasına görə belə addım atıb. İranın siyasi mənada Ermənistana dəstəyi mümkündür. Amma Ermənistan kasıb ölkədir. Bölgədə İranın iqtisadi tərəfdaşı Azərbaycandır. Ona görə, ancaq siyasi zəmində Ermənistanla əlaqələr qurub”,- deyə politoloq qeyd etdi.

E.Şahinoğlu hesab edir ki, biz öz yolumuzu davam etdirməliyik: “Ermənistanla İranın münasibətləri bizdə narahatlıq doğursa da, biz İranın daxili işlərinə qarışmırıq. Ona görə, siyasətimizi davam etdirməliyik, amma İranla bağlı ehtiyatı əldən verməməliyik”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA