İRTİCA İSTƏDİYİNƏ NAİL OLUB

  • 2019-04-10 12:03:21
  • |
  • Ölkə /

İRTİCA İSTƏDİYİNƏ NAİL OLUB

ideoloji işi güdaza verənlər o qədər qızışıblar ki, yaxınlaşan sunaminin zəhmli nəfəsini duymurlar

Cəzasızlıq hissindən qudurmuş oliqarxların, əxlaqsız məmurların nazı ilə nə vaxta qədər oynayarlar?

Martın 31-də sosial şəbəkədə yayılmış əxlaqsız videogörüntü səs-küyə səbəb oldu. Məni isə bir məsələ maraqlandırdı, bu camaatın qeyrəti niyə məhz indi cuşa gəldi? Məgər bizdə indiyə qədər baş verənlər ədəb-abad çərçivəsində idi? İmam övladı kimi məsum, aydan arı, sudan duru idik? Özlərini qeyrət dağarcığı sayanların yadlarına bəzi vaqiələri salıram. Heç darıxıb eləməyin, bir azdan biləcəksiniz ki, nə istəyirəm.

... Vaqif İbrahim adlı rejossor heç nəyi, heç kimi vecinə almadan “Dekameron”u tamaşaya qoyur, artist qızların birini lüt-madəriza səhnəyə çıxarır. Dəhşətli məğlubiyyətlə üzləşmiş, gündə şəhid verən ölkədə “Dekameron”? Belə şey ancaq şizofreniklərin ağlına gələrdi. Bir əbləh dillənmədi...

Bir azdan Milli təhlükəsizlik naziri Namiq Abbasov məclisin tribunasından yeddi yüzə qədər qız-gəlinin əsir alınıb xaricə cariyə kimi satılması barədə məlumat verir. Bisutun dağından səda gəlir, amma bir “bəyin” halı təğyir tapmır... Hamı susur!

“Zerkalo” qəzeti ermənilərin Sanasar kəndində yüzlərlə müsəlman uşağını donora döndərib məhv etmələrindən söhbət açır, hətta caninin adını verir. Bədbəxt Qarabağ xanlarının tarixini pul dağarcığına döndərmiş, neynim demədən yaşayan Elçin ağanın tükü də tərpənmir.

...Azərbaycanın neçə-neçə tarixi şəxsiyyətini gorbagor edən, doğma dilini otuz yaşında ölüm-zülmlə öyrənən Eldar Quliyev “Girov” adlı mənfur bir film çəkir. Bir-iki ürəyi yananın haqlı iradına belə cavab verir, mən rejissoram, özüm bilərəm nə edərəm. Bu qarğışa gəlmiş məmləkətdə bir nəfərdə cəsarət çatmır ki, əvvəl onun üzünə, sonra da yuxarıda oturmuş baş ideoloqun sifətlərinə tüpürüb desin, bu torpağın çörəyi də, suyu da sizlərə haram olsun! Erməni daha sizlərə nə etməlidir ki, qeyrətə gələsiniz, a namərdlər?

...Bu torpaqda daha “patentli” fahişəyə, bütün şəhərin mavi kimi tanıdığı haramzadaya söz demək olmur. Hamısına da fəxri adlar verilib.... Onlarla kefə baxanlar, toy-düyünlərində onları yuxarı başa keçirdib əhli-əyallarının yanlarında oturdub şəkil çəkdirənlər adamın dərisini boğazından çıxararlar. Maddəni tez taparlar. Sən filankəsi təhgqir etmisən, onun gül kimi nüfuzuna zərbə vurmusan. Vəssalam, gəl bakılılar demişkən, xərəyini gətir, ölünü apar.

...Azərbaycan dünyada bəlkə yeganə ölkədir ki, bir tərəfdə düşmən yaşayış məskənlərini atəşə tutur, insanlar qana bələnirdilər, paytaxtda da binamus sütenyorlar “Göbək rəqsləri”, “Gözəllik müsabiqə”ləri təşkil edirdilər. Hələ bu harasıdır? Müsabiqədə birinci yeri tutmuş qızı sonra Qobustan həbsxanasına bir cani üçün peşkeş apardılar. Bunu hamı bilirdi və hamı da bu binamusluğu qəbul etdi.

...Şuşada, Kəlbəcərdə əsir düşmüş soydaşlarımızı kölə kimi işlədirlər. Gürcüstanın erməni kəndlərində qandanlanmış azərbaycanlıların işlədilməsi barədə hələ neçə illər bundan məlumatlar getmişdi. Niyə biz titullu əbləhin səsi çıxmır?

...Yadınıza salın, neçə il bundan əvvəl xarici ölkələrdə təhsil alandan sonra ermənilərə ərə getmiş qızların sayı barədə qəzetlərdə xəbərlər getmişdi. Özü də onların sayı on deyildi, on beş deyildi... Sonra utandılar, daha mabədi olmadı. Kim unutsa da, mən belə şeyləri unutmuram. Amma, onu da dəqiq bilirəm ki, Rusiyada bizim alverçilər, biznes adamları ermənilərlə can bir, qəlb bir çalışır, işləyirlər, yeri gələndə yeyib-işirlər də. Dəyyus sürüsü Qarabağı, qan, namus qisasını çoxdan unudub.

Susmaq mümkün deyil

Ayın 6-dır, axşam ARB, Space telekanallarına baxıram. Sırtıq aparıcıların hərcayı-hərcayı danışıqlarına, həyanın, abırın nə olduğunu çoxdan unutmuş “vokalistlərin” meydan sulamalarına fikir verdikcə bir daha inanıram ki, ittihamlarımda haqlıyam. Özəl telekanalların rəhbərləri heç nədən nə ibrət alırlar, nə də ürəyi yananların çıxışlarına fikir verirlər. Bunları qudurdan iqtidarın ideoloji işi üçün cavabdeh olanlardır.

On illər boyu sidq-dillə, heç bir ənam ummadan, canla-başla dövlətçiliyin ali məramları naminə qələm çaldım. Axırda da onu “kəşf” elədim ki, gecə-gündüz tənqid elədiyim, susdurduğum siyasi lotuların əksəriyyəti iqtidarın dost-doğma agentləri imiş. İkinci sarsıdıcı “kəşfim” daha dəhşətli oldu, iqtidar Qarabağın itirilməsi ilə çoxdan barışıb! Şuşa elə satılmayıb ki, onu bir daha qaytarmaq mümkün olsun.

Qarabağı qaytarmaq istəyən hakimiyyət ideoloji işi pulgir məmurlara, hərbgu karyerist lotu-potuya həvalə etməzdi. Heç kimdən çəkinmədən deyirəm, millətimi mənən xari-xəlil etmək istəyən keşiş-mason dünyasına, rus irticasına, vəzifəli ermənipərəst xainlərə bu zümrə hava və su kimi lazımdır. Yenə deyirəm on illər boyu mən, iqtidarın “ideoloji mətbəxində” nələrin baş verdiyini diqqətlə izləmişəm. Cəmiyyətdə mənəvi aşınma artıq son həddinə çatıb! Çörək dərdi çəkməyən, özlərini ideoloq, daha nə bilim nə zəhrimar sayanlara deyirəm, ağalar, YAP-ın 730 min üzvündən fəxrlə danışırsınız, guya bu qoşun-ləşkərin sayəsində binəva xalq ağ günə çıxacaq və biz atlarımızı Göyçə gölündə sulayacayıq. Əla, əliyül əla!

Bəs niyə belə böyük ordunun içindən çox yox, beş kişi çıxmayıb ki, özəl telekanal təxribatçılarına yaxşı qulaqburması versin? Yeddi yüz otuz min... Bunların içində nə cür adam desəniz var! Otuz ildə bu torpaqda bir igid zahir olur, onun da xatirəsini təhqir edirlər, bir yapist dillənmir. Budur sizin kişiliyiniz?

Kor-kor, gör-gördür ki, özəl telekanallarda baş verənlər böyük ustalıq və məharətlə təşkil edilmiş müdhiş əməliyyatdır. Telestudiyalarda oturmuş nəyə gəldi əl çalan insanların sifətlərinə baxın, hərəkətlərini izləyin. Bunların içində nə qədər desəniz ağsaqqal var, mən hələ yaşına zadına fikir verməyib üz-gözünü eybəcər formada malalamış qadınlardan danışmıram. Bu güruhun nəyinə hörmət edəsən?

İdeoloji işi idarə edənlər istəməsəydilər zaurlar, elgizlər, elçinlər, toliklər, əli mirəliyevlər, çingizlər xalqı barmaqlarına dolamazdılar.

Hakimiyyətin yuxarı eşalonunda özünü pərçim edə bilmiş keşiş-mason, Moskva agenturasına ancaq qarnı, primitiv əyləncəsi barədə düşünən, küt, zövqsüz, milli şərəfin nə olduğunu qanmayan nadan azərbaycanlı lazımdır.

Müəyyən mənada buna nail də olunub. Biganəlik, laqeydlik isə hər yerdə hökmfərmadır - irtica bunu istəyirdi, bu da baş verib. Kiminlə dərd-dil etsən, eyni cavabı alırsan “Başıma itin oyununu açdılar, yüz ərizə yazdım, baxan tapılmadı!”, “Şikayətin xeyri yoxdur, lap istəyirsən min ünvana yaz!” və s. İdeoloji işi güdaza verənlər o qədər qızışıblar ki, yaxınlaşan sunaminin zəhmli nəfəsini duymurlar. Duyub eşitmək belə istəmirlər, elə bilirlər ki, yaxşı maaş alan polislə, ya da ərköyünləşmiş xüsusi hərbi dəstələrlə etirazçıların qarşısını alacaqlar.

Mən binəva da soruşuram, cəzasızlıq hissindən qudurmuş oliqarxların, əxlaqsız məmurların nazı ilə nə vaxta qədər oynayarlar?

Dəqiq bilirəm ki, Prezident sarayında yuva qurmuş bir ovuc xain şikayət ərizələrinin əsl ünvanına çatmaması əllərindən gələni edirlər. Bunlar dövlətçiliyə sadiq olan insanların da inamını, ümidini qırıb, onları üsuli idarəyə düşmən etməyi bacarırlar. Qorxmurlar, ağaları onları arxayın ediblər, sizin işiniz bizə nifrət edən adamların ərizələrinin başına daş salmaqdır, nə Prezident, nə də vitse-prezident filan-filan işlərdən xəbər tutmamalıdırlar. Bir ifşaedici material, şikayət onlara yetişsə, özünüzdən küsün!

Dövləti daxildən didib parçalayan bu guyena sürüsünün fəndləri hamıya bəllidir. Adamın qohum-əqrəbasını işsiz qoymaq, min mənhus şayiə ilə ləkələmək, dedi-qodu ilə həyatını cəhənnəmə döndərmək, çörək qazanmaq imkanından mərhum etmək. Mənim kimi üzə duran, fırıldaqçı ideoloqları kişi saymayan, onların maskalarını cıran adamı məhv eləmək üçün nə qədər əlləşdilərsə bir şey alınmadı. Qələmimdən başqa heç nəyim yox idi. Nəhayət, “bir namuslu, qeyrətli heç bir kəşfiyyata qulluq etməyən, fırıldaqlığın, yaltaqlığın nə olduğunu bilməyən bir pak məxluqu” qabağa verib əmr verdilər, sən onu təhqir üstündə məhkəməyə ver, sonrasına baxarıq. Uzun sözün qısası, məni dilənçi təqaüdümdən mərhum etdilər, 195 manat qocalıq təqaüdümün yüz manatını kəsib saray məddahına, yox, yox, səhv elədim, paklıq, təmizlik mücəssəməsinə verdilər, yəni, bu da sənin muzdun. Bu vaxta qədər, dərman ala bilməyən, 90-nı xırdalayan mənim kimi bimardan 1900 manat tutublar. Yerdə bir azı qalıb. Bir şey demirəm, əcəb ediblər, mənim kimisinə bu da azdır.

Bağışlanılmaz sadəlövlüklə Prezident cənablarına, hörmətli Vitse-prezidentə də dəfələrlə müraciət elədim, özü də bir dəfə yox... Yazdım ki, məni ölümə məhkum ediblər, heç olmasa göstəriş verin, bir qəbir yeri versinlər, axı buna da külli miqdarda pul lazımdır... 90-nı xərcləyən qocanı çörəkdən mərhum etmək kişilikdən deyil axı!

Onlarla müraciətimə “Şikayətinizi aldıq” cavabını verməyi də lazım bilmədilər... Mənə deyən tapılmadı ay bədbəxt, bir yerdə ki, Mirzə Cəlil təftişə məruz qalır, Üzetyir bəy musiqisinə qadağa qoyulur, Mübariz kimi şəhidin ruhu təhqir olunur, özlərini kişi sayanlar sutenyorluğu özlərinə peşə edirlər, əxlaqsızlar fəxri adlara layiq görülürlər, yetim-yesirin də çörəyinə toxunurlar, mənəviyyatsızlıq, əxlaqsızlıq həyat normasına dönürsə orada sən nə umursan?

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA