İSLAHATLAR VƏ İRƏLİ!

  • 2019-04-08 10:00:12
  • |

İSLAHATLAR VƏ İRƏLİ!

Dünya təcrübəsindən məlumdur ki, dövlət qurmaq, onun dayanıqlı strukturlarını formalaşdırmaq çox çətin, məşəqqətli, yüksək dözüm, ağıl və intellekt tələb edən mürəkkəb prosesdir. Unutmaq olmaz ki, dövlət quruculuğu prosesinin əlavə təsirlərinin (side effects) olması qaçılmazdır.

Çoxumuzun bildiyi sadə bir həqiqət: Xəstəliyin taqətdən saldığı insan orqanizminin reabilitasiyası üçün qəbul edilən ən faydalı dərmanların da, az və ya çox dərəcədə, ikincidərəcəli təsirləri vardır. Fəqət sağalmaq üçün bu bezikdirici, zəhlətökən, bəzən öyümə-qusma ilə müşayiət olunan yan təsirlərə dözmək, iradə nümayiş etdirmək, həyatda qalmaq üçün səbrlə mübarizə aparmaq əzmində olursan.

Ölkəmizin yaxın tarixində baş vermiş hadisələrə nəzər salsaq, analogiyanın özünü doğrultduğunun şahidi olarıq.

Müharibələr, daxili iğtişaşlar, inqilablar, xaoslar zamanı, yaxud da dövlət quruculuğu prosesinə yenicə başlandığı vaxtlarda (bu, hətta 10 illərlə davam edə bilər) yalançı qəhrəmanlar, saxta vətənpərvərlər, riyakar və məddah alimlər, oğrular, qaniçən banditlər, maradyorlar, haqqı nahaqqa qurban verən əclaflar, şər atanlar, şərə düşənlər, haqsız hökm oxuyanlar, vəzifədən sui-istifadə edən məmurlar, sədaqət libası geyinmiş xəyanətkarlar, günahsız həbsə atılanlar, ləkələyənlər, ləkələnənlər, qatillər, məqtullar, qanqsterlər, günahsız qurbanlar, cəzasız qalan cinayətkarlar – bir sözlə, insanlığın arzusunu gözündə qoyan minlərlə antiinsani hərəkətlər tüğyan edir. Belə bir şəraitin mövcud olduğu məkanda qısa müddətdə həm ideal, həm də funksional bir mexanizmə malik dövlət quruculuğunu başa çatdırmağı tələb etmək xülyadır. Meydanlarda şüar qışqırmaq başqa şeydir, dövlət qurmaq bambaşqa şey!

Dövlətçilik şüuru inkişaf etmiş xalqlar tam ideal olmasa da, müəyyən mənada ideal dövlət qurmağa nail olublar. Hər şey cəmiyyət üzvlərinin təfəkkür tərzindən, dünyagörüşündən, mədəni səviyyəsindən asılıdır. İdeal vətəndaşın ideal dövləti olur. Yoxsa 20-30 ildən bir saray çevrilişləri edən hansı xalq və ya millət səadətə qovuşub ki?!

Vəzifə tutub televiziya efirlərini, mətbuat səhifələrini zəbt edib basmaqəlib ifadələrlə dövləti, vətəni, rəhbəri sözdə mədh edib əməldə vətəndaşla dövlət rəhbəri arasında sədd çəkib iş çevirən, öz aləmində saxtakarlıqla “qaz vurub qazan dolduran” (əslində isə özünə qəbir qazıyan) beyni piyli, xəstə ruhlu ziyalı, alim və akademikin ortada fırlanması o deməkdir ki, müalicənin yan təsirləri (xüsusən, kandidozun ağırlaşmış forması) hələ də davam edir.

Bəs özünü nisbətən anlayışlı, aza qane olan, vaxt tapıb kitabxanaya gedəndə, ayda-ildə 1 dəfə dəniz kənarında, ya parkda gəzəndə sevinən, sabit, qanunların işlədiyi ədalətli, sivil cəmiyyət arzusunda olan bizlər nə etməliyik?

Xoşbəxtlikdən, heç bir mal-mülk, yüksək karyera iddiasında olmayan, sadə, azad həyat tərzini üstün tutan, vətənində xoşbəxt cəmiyyətin xoşbəxt üzvü olmağı arzu edənlərin sayı tüfeyli, yalançı və məddah alimnümaların, harınlamış məmurların, vəzifə kürsüsünə susamış qaniçənlərin, alim-qanqsterlərin sayından qat-qat çoxdur.

Deməli, müalicə müsbət effektini verməkdədir. Müalicə prosesində dövlət orqanizminin müxtəlif nahiyələrində ocaq yaratmış kandidozların müalicəsinə isə artıq başlanmışdır.

Prezident İlham Əliyev dövlətimizin varlığını qoruyan, onu tədricən ziyanlı ünsürlərdən təmizləyən, xalqın rifahını və dövlətin inkişafını təmin edən ən effektiv müalicə metodunu tətbiq etmək qərarını verdi: İSLAHATLAR!

Bu tarixi qərar daxili və xarici opportunistlərin, dünya cahangirlərinin, onların harın və xain havadarlarının arzusunu gözündə qoydu.

İndi isə növbə bizimdir – haqq tərəfdarlarının, ədalət carçılarının, doğrunu sevənlərin, nöqsanları tənqid edənlərin, sadə həyat tərzi sürənlərin. Qarşıdakı aylarda və yaxın illərdə biz hansı töhfələri verəcəyimiz haqqında düşünməliyik. Qeyri-leqal yollarla iri mülkədarlara çevrilmiş bəzi məmur-oliqarxlar, alimi-kəbirlər islahatlara mane olmağı ağıllarının ucundan belə keçirməməlidirlər. Sahib olduqları milyonlar onlara stress yaşatdığı halda, inandırıram ki, islahatlar onları da xəstəlikdən xilas edib ağ günə, xoşbəxt və azad həyata qovuşduracaq.

Daxildən və xaricdən olan psixoloji-ideoloji hücumları düzgün dəyərləndirməyi bacarmalı, xaosdan qidalananları düz yola dəvət etməliyik.

Özünün taleyini, övladının gələcəyini düşünən, haqqına qovuşmaq istəyən hər bir sıravi Azərbaycan vətəndaşı dərk etməlidir ki, bu gün ölkədə sabitliyin yeganə təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Sabitlik isə, sosial statusundan asılı olmayaraq, hamımıza lazımdır! İstəsək də, istəməsək də, həqiqəti qəbul etməliyik! Tarix, verilən şansdan düzgün yararlanmayan xalqları heç vaxt əfv etməyib!

İslahatlar və irəli!

İdris Abbasov,

filologiya üzrə elmlər doktoru, professor

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA