İslam İnkişaf Bankı və Azərbaycanla əlaqələr

İslam İnkişaf Bankı və Azərbaycanla əlaqələr

İslam bankçılığına meylin artmasının səbəblərindən biri kimi dindar müsəlmanların ənənəvi bankların xidmətlərindən istifadə etməkdən çəkinməsi və İslam bankçılığına üstünlük verməsini qeyd edə bilərik. İslam bankçılığının inkişafı dövlət üçün də sərfəlidir. Bu, həm ümumilikdə gəlirlərin artmasına, risklərin isə az olmasına, həm də dindar istifadəçilərin rahatlıqla öz pullarını bank sisteminə etibar etməsinə şərait yaradır. Bu isə həmin pulların evdə yatıb qalmaması, sərmayə şəklində istifadə olunması və ölkənin maliyyə sisteminə qoşulması deməkdir.

Ölkəmizdə bankçılıq sisteminin inkişafına dəstək

İslam İnkişaf Bankı islam müasibətləri prinsipi çərçivəsində Azərbaycan kommersiya banklarına öz dəstəyini davam etdirir. Hal-hazırda Azərbaycanın 7 bankı (Turanbank, Azərbaycan Beynəlxalq Bankı, Rabitəbank, Unibank, Bank Standart, Kövsərbank, Əmrahbank) bu siyahıya daxildir. Bu banklardan təkcə 5-i İİB-in 20milyon dollar maliyyə xəttindən istifadə edir. Azərbaycan üzrə İİB-in büdcəsi 150 milyon dollara yaxınlaşır. Amma 4 ilə kredit hesabına 200milyon dollaradək yüksələcəyi gözlənilir. İslam maliyyə vəsaitlərinin tutumu qlobal maliyyə insititutlarında 1.3 trilyon dollar, islam maliyyə bazarının tutumu isə 400milyard dollar dəyərində qiymətləndirilir. İllik artım tempi isə 12-15% təşkıl edir. Onu da qeyd etmək lazımdır ki, dünyada 1.5millyard müsəlman yaşayır. Hansı ki,dünya əhalisinin 24%-ni təşkil edir. Son 20 il ərzində şəriət prinsiplərinə uyğun olaraq iş sistemi quran bankların aktivləri və hesabları uyğun olaraq 300 və 400 mulyard dollar çatıb.

İİB və Beynəlxalq maliyyə sistemi

İslam İnkişaf Bankı qısaca İİB adlanır. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. İİB İran körfəzi ölkələrinə neft gəlirləri axması nəticəsində meydana gəlmiş ilk maliyyə təsisatıdır. Onun yaradılması niyyəti haqqında Bəyannamə 1973-cü (İslam təqvimi ilə 1393-cü) ilin dekabrında Müsəlman ölkələri maliyyə nazirlərinin konfransında imzalanmış, bank fəaliyyətə 1975-ci (hicri ilə 1395-ci) ilin oktyabrında başlamışdır. Yalnız İslam Konfransı Təşkilatında (İKT) iştirak edən ölkələr İİB-ə üzv ola bilər. Başlıca məqsəd üzv dövlətlərin və müsəlman icmalarının iqtisadi və sosial inkişafına İslam qanunlarına uyğun şəkildə yardım göstərməkdən ibarətdir. Xatırlatmaq lazımdır ki, İslam bankları öz iqtisadi fəaliyyətlərini istisnasız olaraq ― “Quran”dakı prinsiplər əsasında qurur. Bankın təsisçiləri yalnız müsəlman dövlətləridir. Hazırda 57 ölkə İİB-in üzvüdür. Bu, ilk üzvlərin sayından 2,4 dəfə çoxdur. Banka üzv olmağın əsas şərtləri hökmən İKT-nin iştirakçısı olmaq, ilkin kapitalı ödəməkdir. İdarəçilər Şurasının müəyyən etdiyi başqa şərtlər də var. İştirakçıların əksəriyyəti Afrika və Asiya, ikisi Avropa (Albaniya,Türkiyə), biri Amerika (Surinam) ölkəsidir. Bir çox bölgələrində müsəlmanlar yaşadığına görə Rusiya da İİB-ə üzv olmaq arzusundadır. Üzv ölkələr müxtəlif regionları təmsil etdikləri üçün İİB-ni regionlararası bank kimi təsnifləşdirmək olar.

İİB-nin maliyyə ehtiyatları böyük, vəziyyəti sabitdir. Mövcudluğu dövründə Nizamnamə kapitalı 7,5 dəfə, ödənmiş hissə isə 9 dəfə artıb. Digər regionlararası banklarla müqayisədə imzalanmış və ödənmiş kapital nisbətinə görə ən yaxşı göstəriciyə malikdir. Əsas səhm sahibləri Səudiyyə Ərəbistanı (27,3%), Liviya (11,0%), İran (9,6%), Misir (9,5%), Türkiyə (8,7%), BƏƏ (7,8%), Küveyt (6,9%) və Pakistandır (3,4%). Azərbaycan Respublikasının payı 0,13%-dir. Əməliyyatlarda əsas yeri kredit tutur. Əməliyyatların ümumi planının 30%-dən çoxunu kənd təsərrüfatında, tikintidə, suvarma sistemlərinin yenidən qurulmasında, iqtisadi və sosial infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsinə sərf olunan uzunmüddətli kreditlər təşkil edir. İİB-nin adi kreditlərinin xüsusiyyəti onların faizsiz verilməsidir. Bu zaman yığılan cüzi (2,5%) rüsumlar inzibati xərclərin ödənilməsinə gedir. Örtüm dövrü 25 il, güzəştli müddət 7 ildir. Başqa ölkələr üçün bu müddətlər cəmi 0,75% rüsumla müvafiq olaraq 30 və 10 ilə qədər uzadıla bilər.

Sürətlə inkişaf yolu ilə addımlamaq hədəfləri

İİB-nin fəaliyyətində fərqli cəhət təkcə öz cari əməliyyatlarında İslam prinsiplərindən bəhrələnməsi deyil, həm də gerçəkləşdirilən layihələrin uzunmüddətli maliyyələşdirliməsində orta hesabla 15-25 illik müddətlərdən istifadə etməsidir. Ehtiyatlardan səmərəli surətdə faydalanmaq məqsədilə Bank ətrafında İİB qrupunda birləşən 11 ixtisaslaşdırılmış təşkilat yaradılıb. Qrup indiyədək alıcı ölkələrə 40 milyard dollara yaxın vəsait verib. Bank layihə maliyyələşməsini də fəallıqla tətbiq edir: 2008-ci ildə sosial sahənin ehtiyaclarına 30%, nəqliyyata 22,4%, kənd təsərrüfatına 16,4%, kommunal xidmətlərə 22,3% vəsait ayrılıb. İİB-nin fəaliyyətinin əsas istiqamətlərini üzv dövlətlərin ərazilərində infrastruktur layihələrinin reallaşmasında fəal iştirak etməkdən, iqtisadi və sosial inkişaf məsələlərinin həllində onlara yardım göstərməkdən ibarətdir. Bundan başqa, iştirakçı dövlətlər arasında beynəlxalq ticarətin inkişafına kömək edir, sığorta fondları, habelə İKT üzvü olmayan ölkələrdəki müsəlman icmalarına maliyyə dəstəyi verən xüsusi fondlar yaradır. İİB-nin kənd təsərrüfatı sektorunda maliyyələşdirdiyi layihələr kənd təsərrüfatının inkişafına, məhsulun və torpağın qorunmasına, heyvandarlığa və əkinçiliyə, suvarma işlərinə istiqamətlənib. Sənaye sektorundakı proqramlara sənaye menecmenti, istehsalın təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar, sənaye müəssisələrinin dəstəklənməsi və bərpası, fəaliyyət göstərməyən istehsal güclərindən istifadə edilməsi daxildir. İslam bankçılığının əsaslandığı şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi isə qadağan edir. Bu, onun son dövrlərdə bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biridir. 2008-ci ildə başlanmış dünya maliyyə böhranı məhz bankların real aktivlərə yox, spekulyasiyalara sərmayə qoyması nəticəsində ortaya çıxmışdı. Dünyada, xüsusilə də Malayziya, İran, BƏƏ, ABŞ, Bəhreyn, Qatar və Böyük Britaniya kimi ölkələrdə İslam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur. Adi Qərb bankları və maliyyə institutları da İslam maliyyəsinin məhsullarını uğurla tətbiq etməkdədir. Bu qurumların arasında Citibank N.A, Barclays və Deutsche Bank da var. Bundan başqa, maliyyə və bankçılıq mütəxəssisləri Islam bankçılığının 2007-2010-cu illərin dünya maliyyə böhranına qarşı güclü müqavimət nümayiş etdirə bildiyini də deyirlər. Bu isə onun daha da inkişaf etdirilməsi üçün kifayət qədər ciddi səbəbdir.

Maliyyə sektoru və Yaxın Şərq

İslam bankçılığının şəriətdən doğan bir neçə cəhəti var ki, bu cəhətlər onu adi bankçılıqdan fərqləndirir. Belə ki, İslam bankçılığında bütün alqı-satqı və kirayə əməliyyatları yalnız real, göz qabağında olan aktivlərə əsaslanır. Bu növ bankçılıqda faizlər (ərəbcə “Riba”) qadağandır. Tütün və alkoqol məhsullarına, qeyri-halal mallara, silahlara sərmayə qoymaq və onların ticarətini aparmaq olmaz. Qumar və şəriətə zidd olan başqa bank və maliyyə sahələrinə də sərmayə qoymaq və oradan gəlir götürməyə çalışmaq qadağandır. İslam bankçılığını fərqləndirən maraqlı cəhətlərdən biri də, hər hansı risklərdən yan keçə bilmək üçün mal və xidmət bazarlarında həyata keçirilən bütün əməliyyatların şəffaf və açıq olmasının vacibliyidir. Sadalananlara rəğmən, bazar iqtisadiyyatı ilə ziddiyyət təşkil etməməsi və bazar iqtisadiyyatı şəraitində normal fəaliyyət göstərə bilməsi, İslam bankçılığını cəlbedici edir və ona tələbat təkcə müsəlman ölkələrində yox, Qərb ölkələrində də artır. İslam maliyyəsinin yeganə iştirakçıları İslam bankları deyil. Onlardan başqa ənənəvi banklarda olan İslam pəncərələri, digər İslam maliyyə institutları, İslam Kapital bazarları, məsələn, investisiya bankları və s., habelə İslam sığortası (ərəbcə “Takaful”) da mövcuddur. İslam bank institutlarının fəaliyyətini tənzimləyən beynəlxalq qurumlar da mövcuddur. Bunlardan 2002-ci ildə Malayziyada yaradılmış İslam Maliyyə Xidmətləri Şurası (IFSB), əsası 1991-ci ildə Bəhreyndə qoyulmuş İslam Maliyyə İnstitutlarının Mühasibat və Audit Təşkilatı (AAOIFI) və 1975-ci ildə yaradılmış İslam İnkişaf Bankını nümunə göstərmək olar.

İİB və Azərbaycan reallığı

Get-gedə daha çox insanın İslam bankçılığına meyl etməsi bu növ bank xidmətlərində faizlərin qadağan olması, bunun əvəzində müştərinin müəyyən müddət ərzində bankın bir növ səhmdarına çevrilməsi ilə bağlıdır. Bu sahə Azərbaycanda yox dərəcəsindədir və bu sahənin yaxın gələcəkdə inkişafı da gözlənilmir. Bu müvafiq qanunvericiliyin mövcud olmaması və Azərbaycanın biznes strukturlarında İslam bankçılığının tələb etdiyi şəffaflıq və açıqlıq prinsipinin lazımi səviyyədə olmaması ilə bağlıdır. Bir biznes qurumu bankdan pulu götürüb sonradan banka haqq verməmək üçün gəlirlərini gizlədə bilər. Bu isə sui-istifadəyə və bankların gəlir götürə bilməmə səbəbindən bu xidmətləri dayandırmağa məcbur olmasına səbəb ola bilər. Azərbaycanda hal-hazırda İslam bankçılığının müştəri seqmenti var. Buna tələbat da Azərbaycanda çoxdur. Bunun bir sıra səbəbləri vardır ki,bunlar da aşağıdakılardır:

1. Azərbaycan müsəlman ölkəsidir.

2. Böhran başlanandan sonra Qərbin həm iş adamları, həm də adi müştərilər izlədilər ki, İslam bankçılığının bu böhrana qarşı bir immuniteti var. Nəyə görə? Ona görə ki, bütün əməliyyatlar, işlər süni xarakterli deyil. Hamısının təminatında ya mal var, ya da hansısa bir məlum ticarət işi var.

3. Azərbaycanın hal-hazırdakı investisiya mühiti çox inkişaf edir. Azərbaycan bazarının beynəlxalq maliyyə investisiyalarına həm ehtiyacı var, həm də Azərbaycan özü bir bazar kimi onlara çox maraqlı bir bazardır. Ona görə də İslam bankçılığının inkişafının imkanları da Azərbaycanda çox böyükdür: əvvəla, investisiyalar axını, ikincisi də müştəri bazası hazırdır. Biz həm cəlb edə bilərik, həm də bəhrələnə bilərik. İslam İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr sürətlə inkişaf edir. İİB yaxın illərdə Azərbaycanda bir sıra layihələr həyata keçirəcək. Dünyada maliyyə və iqtisadi böhranın hökm sürməsinə baxmayaraq , Azərbaycanın iqtisadi inkişafı uğurla davam etdirilir. Azərbaycanın bu uğurlara nail olmasında ölkənin uzaqgörən siyasəti və müdrik siyasətinin xüsusi rolu vardır. Qeyd edək ki,Azərbaycanın uğurlu iqtisadi inkişafında İslam İnkişaf Bankının xidmətləri də yüksək qiymətləndirilir. Çünki bu qurum ilə ölkəmiz arasında səmərəli əməkdaşlıq mövcuddur. İslam İnkişaf Bankının xətti ilə Azərbaycanda həyata keçirilən layihələr özünü doğrultmuşdur. 1992-ci ildən Azərbaycan ilə sıx əməkdaşlıq edən qurum ötən müddətdə ölkəmizlə 528 milyon dollar məbləğində 28 bank əməliyyatı yerinə yetirmişdir.Azərbaycan hökuməti ilə 450 milyon dollar vəsait qoyuluşu nəzərdə tutan və 11 layihəni əhatə edən üçillik işçi layihə də qəbul edilmişdir.

“Hürriyyət”