“İsrail bir bəhanə axtarır ki, İranı vura bilsin” - “Ən böyük günah müsəlman dünyasındadır”

“İsrail bir bəhanə axtarır ki, İranı vura bilsin” - “Ən böyük günah müsəlman dünyasındadır”

Zərdüşt Əlizadə: “Heç bir müsəlman ölkəsində normal hakim zümrə formalaşmayıb”

Yaxın Şərq sülh prosesi üçün Birləşmiş Millətlər Təşkilatının (BMT) xüsusi koordinatoru Nikolay Mladenov “Qəzzada fəlakətə səbəb ola biləcək təhlükəli bir gərginliklə üzləşə bilərik. Son iki gündə baş verənlər müharibənin astanasında olduğumuzu göstərdi”, - deyə xəbərdarlıq edib.

BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı Mladenov Qəzza Zolağında artan gərginliyə diqqət çəkərək həm Fələstində, həm də İsraildə və bölgədə dağıdıcı nəticələrə səbəb olacağını deyib.

Mladenov bununla fələstinliləri və İsraili maksimum etidallı davranmağa çağırıb.

Mladenov Qəzzadan İsrailə atılan raketlərin dayandırılmasının lazım olduğunu vurğulayaraq İsrail təhlükəsizlik güclərinə də etidal çağırışı edib.

Qeyd edək ki, Qəzzadan atılan raket srağagün Tel-Əvivin şimalındakı Şaron bölgəsindəki bir evə düşüb, burada yeddi nəfər yaralanıb. Buna görə İsrail hökuməti Qum Kerm Əbu Salim və Beyt Hanun (Erez) sərhəd qapılarını bağlayıb.

“Bədbəxt fələstinlilər İsrailin qarşısında aciz bir vəziyyətdə qalıb”

BMT-nin xüsusi koordinatoru Nikolay Mladenovun “son iki gündə baş verənlər müharibənin astanasında olduğumuzu göstərdi” fikrini şərh edən politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, Yaxın Şərqdə 1948-ci ildən, İsrail yaranandan müharibədir: “Bu Qərbin işğalçı, müstəmləkəçi siyasətinin məntiqi nəticəsidir ki, müsəlman şərqində özlərinə bir alət qurublar və bu alət vasistəsilə müsəlman şərqini həm vurular, həm də dağıdırlar. İndiyə kimi müharibənin sadəcə qaynar fazaları olub, iki dəfə isə donmuş fazası olub, amma müharibə mütamadi davam edir. Bundan əlavə, Qərb və İsrail ardıcıl olaraq İsrailin işğalçı siyasətinə müqavimət göstərən dövlətləri bir-bir anti-İsrail cəbhəsində vurub, dağıdıblar. Əvvəl Misiri sıradan çıxartdılar, sonra İraqı, Liviyanı dağıtdılar, indi isə Suriyanı dağıdırlar. İndi İrandan başqa İsrailə qarşı müqavimət göstərən heç bir müsəlman dövləti qalmayıb. Ona görə, İsrail bütün diqqətini İrana qarşı yönəldib. Böhtanlar uydururlar ki, bir bəhanə olsun və İranı vura bilsin, amma İran elə bir dövlətdir ki, onu asanlıqla vurmaq olmaz. İndi Fələstin məsələsi qalıb. Türkiyəni və İranı nəzərə almasaq, bədbəxt fələstinlilər faktiki olaraq ərəb və müsəlman qardaşları tərəfindən tərk edilib, nüvə silahı, güclü hərbi sənayesi, ordusu olan İsrailin qarşısında aciz bir vəziyyətdə qalıb. O balaca “Passan” raketləri ilə İsrailə nə etmək olar? Heç nə. Bu, ona bənzəyir ki, hansısa bir qarı əlində boş butulka tankın üstünə gedir. “Passan” raketləri çox balaca, məhdud güclü raketlərdir. 300-400 qramlıq adi partlayıcı maddədir. Bu, dinc əhaliyə qarşı təsirlidir, orduya qarşı heç bir təsiri yoxdur. İsrailin də ordusu dünyanın ən qüdrətli ordularından biridir”.

“1,5 milyard müsəlman parçalanıb, biri-biri ilə didişir”

Z. Əlizadə vurğuladı ki, ən böyük günah müsəlman dünyasındadır: “1,5 milyard müsəlman parçalanıb, biri-biri ilə didişirlər. İndiyə qədər heç bir müsəlman ölkəsində normal hakim zümrə formalaşmayıb, bir Türkiyənin dövlət quruluşu, hakim zümrəsi müasir tələblərə cavab verir, bir də İran az-çox dövlət quruculuğu ilə maraqlıdır, qalan bütün müsəlman dövlətlərində hakim zümrələr cibini doldurmaq, xalqı qarət etmək, ölkəni yağmalamaq, eyş-işrətlə yaşamağı düşünürlər. Təbii ki, belə olan halda İsrail Qərbin, xüsusilə Amerikanın dəstəyi ilə ağalıq, hökmranlıq edir. İsrail fələstinlərin özlərini bölüb, faktiki olaraq Ramallahla Qəzzanın arasında heç bir iş birliyi yoxdur, yəni “ayır, vur siyasəti davam edir”, fələstinlərin içində elə fələstinliləri parçalayır. Bu acınacaqlı vəziyyət əsas verir ki, deyək müsəlmanların, ərəblərin öz hüquqlarını müdafiə etmək üçün azca da olsun siyasəti yoxdur.

“BMT dəfələrlə qətnamə çıxarıb ki, İsrail işğal etdiyi ərazilərdən çəkilsin, amma İsrail vecinə almır”

“BMT heç kəsdir. BMT 5 daimi üzvdən ibarətdir. Bu, Amerika, Çin, Rusiya, Böyük Britaniya, Fransadır. Bu dövlətlər əlbir olub bir söz deyəndə nəsə baş verir, deməyəndə, çəkişəndə BMT-nin heç bir təsiri olmur və iş gedib ölüb-öldürməyə, döyüşməyə çatır. Qaldı o çağırışlara bəli, humanistlik baxımından “Passan” raketlərinin İsrail ərazisinə atılması düzgün deyil. Bu, bir səmtə atılır və çox zaman gedib dinc əhaliyə dəyir. Amma o biri tərədən İsrail asanlıqla ərəb torpaqlarını işğal edib, onları əzib, hüquqlarını tapdalayıb. Bu da fələstinlərin əlllərindən gələn müqavimət formasıdır. BMT dəfələrlə qətnamə çıxarıb ki, İsrail işğal etdiyi ərazilərdən çəkilsin, amma İsrail vecinə almır. Son günlər baş verənlər də heç nəyə gətirib çıxaran deyil. Çünki tərəflərin qüvvə nisbəti çox kəskin fərqlənir. İsrail qüdrətlidir, nüvə silahı, güclü ordusu var, ərəblər isə pərakəndə, dağınıq, zəifdir və heç nələri yoxdur, yalnız beynxalq hüquqa müraciət edirlər, beynəlxalq hüquq da heç bir kömək etmir, sadəcə çağırışlar edirlər, onun da heç bir nəticəsi olmur”,-deyə politoloq əlavə etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA