İsrail türkmənlərin Qolan təpələrində “Tramp təpələri”nin təməlini atdı

İsrail türkmənlərin Qolan təpələrində “Tramp təpələri”nin təməlini atdı

Hurriyyet.org xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu işğal altındakı Qolan təpələrində ABŞ prezidenti Donald Trampın adını daşıyacaq yeni yəhudi yaşayış məntəqəsinin təməlini qoyub. ABŞ prezidentinin Qolan təpələrini İsrail ərazisi kimi tanımaq tələbinə təşəkkür əlaməti olaraq yeni yaşayış məntəqəsi “Ramat Tramp” – “Tramp təpələri” adlanır. Təməlatma mərasimində ABŞ-ın Qüdsdəki səfiri Devid Fraydmen də iştirak edib.

Netenyahu təməlatma mərasimindəki çıxışında deyib: “Son 10 il ərzində biz burada sərhəddə (Suriya ilə sərhəddə) olmasaydıq, nələr olacağını hamımız bilirik. İran ilə onun qolu olan Hizbullahın sərhədə və ümumilikdə Suriyaya hakim olmaq səylərinə qarşı çalışmağa davam edəcəyik”.

İsrail hökuməti Trampın Qolan təpələrində İsrailin hakimliyini tanımasından sonra yeni yaşayış məntəqəsi inşa eləməyi qərara almışdı.

Martın 25-də ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı “ABŞ-ın Qolan təpələri üzərində İsrailin hakimiyyətini rəsmən tanıdığını” elan edən prezident qərarını imzalamışdı.

Trampın qərarından sonra Türkiyə prezidenti R.T.Ərdoğan belə bir açıqlama vermişdi: “Bu ərazi 1967-ci ildən İsrailin işğalı altındadır. Bununla təkcə ərəblər yox, türkmənlər də oradan köçməyə məcbur olub. Belə bir həssas məsələni sükutla qarşılamağımız qeyri-mümkündür. Qolan təpələrinin işğalının qanuniləşdirilməsinə əsla izn vermərik və verməyəcəyik".

İraq Türkmən Cəbhəsinin lideri Erşad Salihi ABŞ prezidenti Donald Trampın “52 ildən sonra ABŞ üçün İsrailin Golan təpələri üzərindəki suverenliyini tanımaq qərarının vaxtı çatdı” açıqlamasına cavab verərək, öz “Tvitter” səhifəsində Golan təpələrinin, sakinlərinin və qanuni mülk sənədləriin türkmənlərə məxsus olmasının Kuneytrada təsdiqləndiyini bildirmişdi (Əl-Kuneytra – Suriyanın cənub-qərbində tərk edilmiş şəhərdir və BMT-nin idarəsi altındadır – red.). Şalihi Golan təpələri ilə bağlı yazmışdı: “Suriyada dörd il yaşamışam. Buna görə də, regionun topoqrafiyasını və coğrafiyasını bilirəm. Orada yaşayanlar suriyalı türkmənlərdir. Lakin 1967-ci ildə baş vermiş işğal, türkmənlərin paytaxt Dəməşq şəhərində köçkün kimi məskunlaşmasına səbəb oldu. Ora nə İsrail, nə də ərəb bölgəsidir. Golan təpələri türkmən bölgəsidir” (http://hurriyyet.org/xeber/turkmenlerin_golan_tepeleri_tramp_israil_suriya_ndash_aar_sz_quotneftquot_imi).

Hurriyyet.org