İZN VERİLƏNDƏ DƏ DANIŞA BİLMİRLƏR - Rasim Balayev çəkiliş meydanlarına belə buraxılmamalıdır

İZN VERİLƏNDƏ DƏ DANIŞA BİLMİRLƏR - Rasim Balayev çəkiliş meydanlarına belə buraxılmamalıdır

Şuşasız qalmış millətə vətənpərvərlik dərsini Aygünlər, Faiqlər, Seyidcahanlar verir...

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/izn_verilnd_d_dania_bilmirlr_-_veten_millet_derdi_cekmekden_eriyib_cope_donmus_ferhad_bedelbeylinin_cixisi_dunyalara_deyerdi)

Qvarnerinin qeyrətini çəkən Fərhad ağadan soruşuram, o, bütün bakılıların “Monolit” kimi tanıdığı əzəmətli binanın ön divarına vurulmuş Xatirə lövhələrinə fikir veribmi? Orada ən baxımsızı, ən çirk-pas içində olanı Üzeyir bəyin xatirə lövhəsidir. Bu barədə nə qədər yazılıb, nə qədər deyilib, di gəl heç kimin vecinə də deyil. Üzeyir bəyə biganə, laqeyd münasibətin tarixi var. Bu rəhmətlik Qara Qarayevdən başlayıb, onun və cığırdaşlarının dahi Üzeyir bəyə ögey münasibəti dövlət sirri deyil. Bunu hamı bilir. Heç kim cürət edib bəzi xoşagəlməz mətləbləri açıqlamaq istəmir. Fərhad ağa deyə bilərmi ki, niyə Üzeyir bəyin neçə əsəri ifa edilmir, niyə o kişinin marşları üzərinə “tabu” möhürü vurulub?

Milli iftixarımız 1948-ci ildə vəfat edib, ona ağız büzən naməkbəhəram sürüsünün içindən hələ indiyə qədər onun iki romansının tozuna çatan əsər ortaya qoyan yoxdur. Dəfələrlə yazmışam, məcburam bir də təkrar edirəm. Rusiyada əlamətdar günlərdə keçirilən tədbirlərə, əzəmətli konsertlərə baxırıq. Onu görürsən ki, neçə minlik auditoriya ayağa qalxıb vəcdlə vətənpərvərlik və hərbi mahnıları oxuyur. Fərhad ağa, “miladdan əvvəl” Lissabonda keçirilmiş müsabiqədə aldığınız mükafatı nə vaxta qədər üzünüzə tutub ağayana danışacaqsınız?

Görüşdə hörmətli Prezidentə Şuşa ilə bağlı müraciət etməyiniz məni lap təbdən çıxartdı. Siz Şuşa, Qarabağ dərdi çəkənə oxşamırsınız.

Maşalllah top kimisiniz, ad var, fəxri mənsəb var, bizim kimi çörək dərdi çəkmirsiniz, neynim demirsiniz. Bəs niyə bu otuz ildə “Vstavay strana oqromnaya, vstavay na smertnıy boy!” kimi bir əsər ortaya qoymamısınız?

Hərbi mövzuda çəkilmiş rus kinolarında musiqi səslənəndə göz yaşlarımızı saxlaya bilmirik. Bizim günümüzə isə ağlayan yoxdur. Şuşasız qalmış millətə vətənpərvərlik dərsini Aygünlər, Faiqlər, Seyidcahanlar verir.

Yeri gəlmişkən soruşmaq istəyirəm, Fərhad ağa, bir ovuc pulgirin telekanalları “balaqana” döndərmələrini hamı görür. Musiqimiz, olan-qalan mənəvi dəyərlərimiz mütrüfə bənzər məxluqların əlləri ilə pamal olunur.

Fərhad ağa, nə olar, bir dəfə ziyalı olmağınızı yada salıb, durub-oturduğunuz həşəmətli ağalarla əl-ələ verib telemütrüflərə, efiri murdarlayanlara, milli musiqimizi yaman günə qoyanlara qarşı cəbhə açın. Dəqiq bilirəm ki, bunu nə siz, nə də bütün üsuli-idarələrlə dil tapa bilən Elçin, Anar kimilər etməyəcək.

Kefinizdən qalmayın, növbəti festivalda (ya da müsabiqədə) gözəl Qəbələdə yeyin-için, əcnəbilərə bizim necə tolerant (daha dəqiq desək, arsız) olmağımız barədə məlumat verin, sonra da simfonik musiqinin bilicisi Fəttah ağa ilə oturub konsertlərə tamaşa edin.

Mən bu iqtidardan çoxdan üz döndərmişəm, səbəbini yaxın ətrafım, məqalələrimi oxuyanlar bilir. İndi yazacağım cümlələri məddahlıq kimi qəbul edənlər də ola bilər, amma həqiqəti deməyi özümə borc bilirəm. Fərhad ağa, birinci vitse-prezident hörmətli Mehriban xanımın qayğısı, fövrən gördüyü tədbirlər olmasaydı milli sərvətimiz muğam bişərəf toyxana lotularının, ara xanəndələrinin, şou-biznes zir-zibilinin ayaqları altında məhv olacaqdı. Bu danılmaz həqiqətdir!

Mən hələ hörmətli xanımın böyük milli əhəmiyyət kəsb edən digər savab əməllərindən bəhs etmirəm. Sözümün canı budur ki, nə siz, nə də şami-şəhər durub-oturduğunuz rusdilli zümrə muğamın dərdini çəkməyəkdi. Bu zümrə bir bəladır keçib xalqın boğazına, bir müddət bundan əvvəl bunların səsi çıxmırdı, indi təzədən dirçəldilər. Bir dəfə rəhmətlik maestro Niyazinin qonağı idim. Müxtəlif mövzulardan söhbət etdik. Onun bu sözləri ömrüm boyu yadımdan çıxmayacaq: Firuz, onu bil, istər Qara Qarayev, istərsə də, onun təsiri altında olanlar, yetirmələri Azərbaycan musiqisinə bozbaşa baxan kimi baxıblar!

Sonda Fərhad ağaya bir sualım da var, Üzeyir bəyin şəklinin asılması üçün o boyda akademiyada bir abırlı yer tapmadınız? İki mərtəbənin arasında pilləkanların üzərində elə kişinin portretini asmaq axı hörmətsizlikdir. Üzeyir bəyin babanız Bədəl kişiyə nə pisliyi keçmişdir? Bəlkə izah edəsiniz, biz də bilək! Amma qərəz göz qabağındadır!

Prezidentin mədəniyyət xadimləri ilə görüşü hamının diqqətini çəkdi. İradlar da oldu, narazılığını sosial şəbəkələrdə açıqlayanlar da tapıldı. Necə yəni, filankəs dəvət olunsun, mən yox? Niyə bizləri də çağırıb dərd-sərimizi öyrənmədilər? Bu əlbəttə ki, təbiidir, narazılıq yerində idi. Bunlarla işim yoxdur... Məni incidən, pərt edən özünü Smotkunovski, Tixinov səviyyəsində aktyor sayan Rasim Balayevin ağzından çıxan murdar söyüşlər idi.

İlahi, bəni-Adəm nə qədər naqis olmalıdır ki, yaşlı qadın xeylağına “mraz” , “satqın və yaltaq” desin. Qəsdən alçaldılan, söyülən məşhur kinoaktrisa Şəfiqə Məmmədova idi. Bəzi məsələləri açmazdan əvvəl Rasim Balayevdən soruşuram, rus dilində “mraz” sözünün mənası nədir? Özünü kişi sayan şəxs belə sözü dilinə gətirərmi? Rus dilini mən Rasim kimilərdən yaxşı bilirəm, hətta ruslar belə bu ağır sözü çox nadir hallarda işlədirlər.

Bizim cahil, özlərindən başqa heç kimi bəyənməyən “jurnalistlərin” köməyi ilə daima gündəmdə qalmağa çalışan Rasim Balayev özü barədə belə rəy formalaşdırmaq arzusunda idi. Əgər o, Babək, Nəsimi rollarında çəkilibsə, rəsmi dairələr onu fəxri adlara layiq görübsə, deməli bütün tənqidlərdən yüksəkdə durmalıdır. O, özünü şərqşünas kimi, tarixçi kimi aparıb ağzına gələni deyə bilər və deyir də.

Mən binəva isə dəfələrlə yazdım ki, bizim psevdotarixi filmlər hər cəhətdən zəifdirlər. Ssnerailəri yazanlar mənfur müstəmləkə ədəbiyyatının xadimləridir. Özü də bu ssenarilər Moskva şovinistlərinin qarşısında kölə kimi əyilən bizim Mərkəzi Komitənin ideoloqlarının süzgəcindən dəfələrlə keçib. Pul, fəxri ad, vəzifə naminə bizim idbar qələm sahibləri, kino rejissorlar daha o görkəmli adamımız qalmadı ki, onu gorbagor edib öz səviyyələrinə endirməsinlər.

Картинки по запросу Rasim Balayev

Xalqın mənəvi cırlaşmasında əsas rol oynamış bivec filmlərdə çəkilən Rasim Balayev elə təşəxxüs satır ki, elə bil ölkəyə ABŞ-dan indiyə qədər azı beş “Oskar” gətirib.

Mənim isə arzum var, istəyirəm Qarabağın qısasını alandan sonra, bəxtəvər günlərimizdə bütün tarixi şəxsiyyətlər haqqında yeni-yeni dəyərli filmlər çəkilsin. Amma ağzına yiyəlik edə bilməyən Rasim Balayev kimi unikumlar çəkiliş meydançalarının həndəvərinə də buraxılmasın.

Yenə səlib dünyasının qarşısında kəmər bəstə qulam kimi durmuşuq

Martın 5-də Bakıda çox uzun adı olan bir konfrans keçirilib. Ordan-burdan öyrəndiyim məlumatlara görə bizim dini işlər üzrə “muşğulat” edən ağalar yenə də əvvəlki kimi gələnlərin hüzurunda özlərinə əl qatıblar. Bizi qırıblar, torpaqlarımızı tutublar, şəhər-kəndlərimiz viran olub, amma, biz sülh tərəfdarıyıq. Azərbaycanın başı daşlı müsəlmanı burada yaşayan multanı ilə mehriban yaşayır, 909 dini icma qeydiyyatdan keçib, onlardan 32-si xristian dini icmasıdır – məxləs, söylənilən çıxışların mənası belə olub.

Bainhəmə bizim şeyx cənabları bu dəfə də bütün əhli məclisi bəlağəti ilə heyran edib. Ümumiyyətlə bizim şeyxin natiqliyi Allah vergisi kimi bir şeydir, gül dəhanından nə cari olsa mənasını başa düşmək olmur. Buyurun bu sözlərlə tanış olun: “Sünnilər, şiələr arasında dostlarım çoxdur. Hətta vəhhabi dostlarım da var!”.

Bütün şiələrin qanını içməyə hazır olan (vəhhabilər bu niyyətlərini heç gizlətmirlər), türk-islam dünyasının bütün sağlam qüvvələrinə qarşı vuruşan keşiş-mason fitnəkarlara hər cürə maddi kömək göstərən vəhhabilər qarşısında belə reverans ağıla sığışmır. Bu bilirsiniz nəyə oxşayır? Ötən əsrin 40-cı illərində ümmanlarla qan tökülən zaman adlı-sanlı bir kommunist durub Hitlerin esesçiləri ilə dost olduğunu fəxrlə dilə gətirsin.

“Burc-əl-ərəb” eyş-işrətxanasının bəzədilməsinə on tonlarla qızıl sərf edib, Sudanda, Somalidə, Suriyada, İraqda mərhumiyyət içində can verən müsəlman uşaqlarının halını vecinə almayan vəhhabi şeyxi ilə yırtıcı gestopoçu, esesçisi arasında heç bir fərq yoxdur. Cənab Şeyx, Allaha and olsun, Sizin yerinizə utandım. Həşəmətli ağanın növbəti aforizmi isə adama özgə cürə ləzzət verir: “Ölkəni qorumaq onu avtomatla qorumaq deyil ki?” Biz fələkzədələr vətənimizi heç avtomatla da qoruya bilmədik, cəbhə xətti ilə paytaxt arasında yaxşı gedən maşınla dörd saatlıq yoldur. Otuz ilə yaxındır ki, laqqırtı ilə də iş aşmır, min konfrans, festival, simpozium, nə bilim nə zəhrimar da keçirilsə bizə yarım arşın torpaq da verməyəcəklər, necə ki, vermirlər də. Cocuq Mərcanlı ilə bizə Şuşanı, Kəlbəcəri, Ağdamı digər şəhərləri unutdururlar, bu yerlər artıq yaddan çıxıb. Sonra Cənab şeyx üzünü bütün ziyalı zümrəsinə tutaraq soruşub, “Siz ictimaiyyət, ziyalılar nə edirsiniz, atdığınız addımlar nələrdən ibarətdir? Biz bunu gözləyirik. Mən də bunu gözləyirəm.”

Cənab şeyx, gözləmək lazım deyil, bu zümrə əlindən gələni edib və edir də. “Ura-patriatik” zir-zibil yazırlar, maklatura kitablarını çap etdirilər, xaltruralarını teatr və sənət ocaqlarına sırıyırlar., mədhiyyələrini söyləyirlər.

Bu torpaqda bundan sonra nə Petefi Şandor, nə Xəlil Rza Ulutürk nə Ziya Bünyadov kimi əfsanəvi şəxsiyyətlər yetişməyəcək. Otuz ildə Mübariz kimi bir cəngavər yetişdi, onu da bir fahişə ləkələdi və bir-iki nəfər istisna olmaqla, on milyonun səsi də çıxmadı. Cəbhələrdə bir qələt eləmədik, arxada da bir qəhrəmanın şərəfini qorumadıq. Ermənistanda Mübariz səviyyəsində bir kişini ləkələsəydilər, günahkarın torpağını torba ilə daşıtdırıb üzərində də Linç məhkəməsi qurardılar.

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA