İZN VERİLƏNDƏ DƏ DANIŞA BİLMİRLƏR - Vətən, millət dərdi çəkməkdən əriyib çöpə dönmüş Fərhad Bədəlbəylinin çıxışı dünyalara dəyərdi...

İZN VERİLƏNDƏ DƏ DANIŞA BİLMİRLƏR - Vətən, millət dərdi çəkməkdən əriyib çöpə dönmüş Fərhad Bədəlbəylinin çıxışı dünyalara dəyərdi...

“Zeynal – Yanı sən deyirsən ki, mən kənd camaatına zor eləyim?

Həsənəli (acıqla)- Zor da elərəm, canını da alaram! Kənd camaatı ki, hökumətin sözünə baxmadı, hökumətin qərarını pozmaq istədi, - o camaatın canını da alallar.

Süleyman- Bir surətdə ki, camaat hökumətin çağırmasına gəlmədi, - adamın canını alallar”.

(Mirzə Cəlil Məmmədquluzadə, “Yığıncaq” pyesindən)

Əziz qarelerimdən təvəqqe edərdim ki, indi diqqətli olsunlar. Əsl mətləbə keçirəm. Hələ XIX əsrdə ABŞ-da hərbi hissələrdə komissarlar qulluq edərdilər. Səlahiyyətləri çox olmasa da əsgərlərin siyasi görüşləri, mənəvi aləmləri üçün məsuliyyət daşıyırdılar.

Orta əsrlərdə istifadə edilən elmi latın dilində “komissar” sözü “müvəkkil”, “etibar edilən adam” deməkdir. Sonralar bu söz fransız dilinə keçdi. Komissar - yəni, ictimai, siyasi, ya da inzibati səlahiyyətlərə malik olan rəhbər işçi, məmur. 1917-ci ildə Rusiyada bolşeviklər çevrilişdən sonra bu sözü özləri üçün dövriyyəyə buraxdılar.

Azərbaycanın tarixində qanlı iz buraxmış, hamının tanıdığı, Səməd Vurğunun, İsa Hüseynovun mədh etdikləri Bakı komissarlarından danışmayacayıq. “Komissar” sözünü məhz bu qatillər urvatdan saldılar. Ötən əsrin 20-40-cı illərində siyasi komissarlar sovet ordusunda çox mühüm rol oynayırdılar. Xüsusi siyasi məktəbləri bitirmiş komissarlar vuruşun həlledici dəqiqələrində əsgərlər vahiməyə düşüb səngərlərdən tərpənməyəndə, ya da düşmən güc gələndə “Kommunistlər irəli! Vətən uğrunda, Stalin uğrunda!” çağırışı ilə birinci ayağa qalxıb hamını arxalarınca aparırdılar.

1941-1942-ci illərin dəhşətli məğlubiyyətləri SSRİ-ni sarsıtmadı, sərt, amansız, amma ədalətli qanunların tətbiqi, məharətlə aparılan ideoloji iş dövləti xilas etdi. Ordunun bütün bölmələrində fədakarcasına çalışan komissarların əksəriyyəti əqidə və məsləklərində sapıntıya yol verməyən peşəkar inqilabçılar idi. Əsgərlər də qorxmadan ölümün gözünə dik baxan, onlarla birlikdə hər məşəqqətə dözən komissarlara inanırdılar.

1943-cü ilin yazında məlum oldu ki, komissar kimi ön xəttdə ən qanlı savaşlarda vuruşmuş peşəkar inqilabçıların, müharibədən əvvəl xüsusi siyasi hazırlıq keçmiş siyasi rəhbərlərin 95 faizi sıradan çıxıb. Həlak olan olub, yaralananların əksəriyyəti sağalandan sonra arxa cəbhəyə, xalq təsərrüfatının ən ağır sahələrinə göndərildilər.

Gəlin mərdi-mərdana danışaq

Psevdoinqilabçılıq mərəzinə mübtəlayıq. Sovet hakimiyyəti ilə bağlı nə varsa hər şeyi söyürük. Amma az qala otuz il ərzində milləti ayağa qaldıra bilən nə musiqi əsəri, nə də adi plakat ortaya qoymamışıq. Dil pəhləvanlarıyıq! Fikirləşirəm, görəsən Üzeyir bəy olmasaydı, biz haranın daşını başımıza tökərdik?

Belə tutaq ki, iqtidar sabah qolunu çırmaladı və başladı həmin o əfsanəvi komissarlara oxşar, dildən pərgar, əməlləri pak, əqidəli fədakar insanları axtarmağa, siz elə bilirsiniz tapacaq? Yox, yox, yenə də yox!

Məcbur olub diplomlu “abrazavonnı”lara müraciət edəcək. Belə lap tutaq ki, beş-onu tapıldı və onlarla ən yüksək maaş vəd ediləndən sonra hərbi hissələrdə əsgərlərdə vətənpərvərlik hisslərinin təlqini, milli ruhun oyadılması tapşırıldı.

Ürək ağrısı ilə etiraf edirəm ki, heç nə alınmayacaq. Dualıq olanlardan biri başlayacaq Şumerdən, Babildən gəvəzələməyə, o biri, binəva millətin əsl nəcabətini aparıb bağlayacaq canavarın qancığına, başqası “Avesta”nın rəngini görməyə-görməyə atəşpərəstlikdən elə axmaq sözlər işlədəcək ki, əsgərlər çaşıb qalacaqlar, lap bir başqası isə Azərbaycanı qoyub keçəcək Osmanlı tarixinə...digər bir ipləmə gül kimi sivilizasiyamızı, klassik mədəniyyətimizi bağlayacaq tunqus tayqasının , Altayın ölənə qədər yuyunmağın nə olduğunu bilməyən şamanlarına...

Xülasə ara qarışıb məzhəb itəcək...

Orduda qulluq edən gənc hara baxsın, kimdən örnək götürsün? Min dəfə demişəm iqtidarın ideoloqları heç nəyə qadir deyilllər.

Külli miqdarda pul alan, yeddi arxalarını təmin edə bilmiş bu güruhun içində bir əməli-saleh şəxs yoxdur ki, onu əsgərlərin qarşısına çıxarasan. Şəkilləri qəzet səhifələrindən düşməyən, sər-sifətləri az qala hər gün telekanallarda görünən “ideoloqları” , “ekspertləri” xalq çox əla tanıyır. Bunların çıxartdıqları pəstahları hamı bilir...

Çoxunu başa sala bilmirəm ki, bər-bəzəkli salonlardan, kabinetlərdən çölə çıxmayan ideoloq-məmurlar o qədər kütləşib, o qədər arxayındırlar ki, məmləkətin mənəvi ab-havasında baş qaldıran təhlükəli meyilləri, sinfi düşmənçilik fırtınasının tədricən yaxınlaşmasını duymurlar.

Hakim partiyanın hər şeyə “ləbbeyk” deyən orta eşalonundan yuxarıya ötürülən “qələbə” raportları məhz belələrinə əl verir.

...Çində minlərlə rüşvətxor, korrupsioner məhkəmənin hökmündən sonra stadionlarda güllələnib. Bu ekzekusiya indi də davam edir. Özü də maraqlıdır ki, bu olayı ölkənin bütün telekanalları göstərir. Çin heç bir qondarma “beynəlxalq” təşkilatı vecinə də almır, yəni, özümüz bilərik, cani sayılan şəxsi istədiyimiz yerdə, istənilən formada cəzalandırmaq öz işimizdir.

Bizdə isə milyonları həzm-rabedən keçirmiş dələduz barədə bir-iki qəzet alayarımçıq məlumat verir. Beş gün, on gün haray-həşir qopur, sonra elə bil qurbağa gölünə daş atırlar, hər şey unudulur.

Bu iqtidarın nəyinə hörmət edim

Eşidirsən ki, filankəsi sıxma-boğmaya salıblar, bu gün-sabah ola bilsin zindana atılsın. Amma vələdüzina tam arxayındır, oğul-uşaq heç nədən korluq çəkməyəcək, yığılmış sərvət yeddi arxalarına bəs edəcək, mal-mülkün müəyyən hissəsi müsadirə edilsə də qalanı ilə beş tayfanı təmin etmək mümkündür. Bir qərinə ərzində Bakının yeraltı aləmini “Kubunka”ya döndərmiş aləmə məşhur Tağı Əhmədov elə konsert yoxdur ki, orada ən yaxşı yerdə oturub millətə görünüşü ilə acıq verməsin. İfşaedici məqalələr işıq üzü görəndən sonra elə bildim Abel Məhərrəmovu qandallayıb “qoduqluğa” salacaqlar. Kimə deyirsən? Kişi özü üçün yeyib-içir, lətif vücuduna qulluq edir. Neçə qəzetdə, sosial şəbəkədə deputat Elmira Axundovanın özünün, oğlunun bahalı maşınları, imarət və villaları barədə ətraflı məlumatlar verildi. Müvafiq orqanlar bu qədər sərvətin necə əldə edilməsi ilə maraqlanıb, aldadılmış, müflis olunmuş insanların dadına çatmaq əvəzinə, bir ildir ki, məni qocalıq təqaüdümdən mərhum ediblər.

Bir ildir ki, ayda 95 manat təqaüd alıram. Bu pulla mən dava-dərman, ərzaq da almalı, kommunal xərcləri ödəməli, həm də poliklinikaya getməliyəm. Əzab-əziyyətimizə, xidmətlərimizə, mənəviyyətimizə yuxarıdan aşağı tüpürən bir-iki şərəfsiz, sözü bir yerə qoyub sanki mənə dedilər, bizim məddaha toxunmaq yasaqdır. Burada Ronald Reyqanın vaxtilə Haitinin diktatoru Düvalye barədə dediyi sözlər yadıma düşüdü, biz də bilirik ki, o köpəkoğlunun balasıdır, amma hər halda bizimkidir.

...Dünya xəritəsində Azərbaycanı tapmaq üçün güclü zərrəbin lazımdır. İlahi, bu boyda balaca ölkədə nə qədər din və millət xaini olarmış, nə qədər general, nazir, iri məmur məsuliyyətə cəlb edilərmiş?

Biz fəqir bəndələrdən min qat artıq məlumatlı olan “fövqülnazir” Kəmaləddin ağanın gül balaları üçün Londonda hər cürə şərait yaratması da tamam başqa tül işlərdən xəbər verir. Digər imkanlı ziyanəvərlər də oğurladıqları sərvətləri tələm-tələsik xaricə ötürüb oralarda müəssisə, ev-eşik alırlar. Ərazisinin yarısı işğal edilmiş məmləkətin vəzifəli şəxsləri özlərini gəminin tezliklə batacağını hiss edib qaçmağa can atan triyum siçovulları kimi aparırlarsa, deməli bunların sabaha ümidləri yoxdur, indiki üsul-idarənin gələcəyini qaranlıq görürlər!

Dədə-babalarının yuxusuna girməmiş sərvəti-saman yığanlar belə düşünürlərsə, onlardan lakey muzdu alan rəsmi ideoloqlar məddahlar, təyin olunmuş deputatlar sidqi-dillə quruluşu müdafiə edərlərmi? Cavab verirəm, heç vaxt!

Qan, namus qisası heç kimin yadına düşmür. Dəhşətli qətlamdan 27 il keçib. Bu qədər vaxt ərzində bir nəfər deyə bilərmi ki, ölkədə bir rusun, ya da erməninin burnu qanayıb? Bıçaqlanan, gülləyə gələn, intihar edən, qəzalara düşən, cəlayi-vətən olan, qərib yerlərdə itkin düşən, min bəla ilə üzləşən ancaq azərbaycanlılardır.

Bəzi nakəslər deyəcəklər ki, guya mən milli ədavəti qızışdırmaq istəyirəm. Azərbaycanlı milli ədavətin, milli kin –küdurətin nə olduğunu bilmir. Milli nifrət və qəzəbini son beşiyi kimi hifz etmək erməninin alnına yazılıb.

1918-ci ildə nələrin baş verdiyini daha danışmaq istəmirəm. Biz qız-gəlinlərin bellərinə qaynar samovarların bağlandığını, müsəlman uşaqlarının çıxarılmış gözlərindən boyunbağıların düzəldilməsini, məscidlərdə günahsız insanların diri-diri yandırılmasını unutduq. Biz rus çekistlərinin illər boyu torpağımızda törətdikləri müdhiş cinayətləri, təbii sərvətlərimizin, ələlxüsus neftimizin vəhşicəsinə, su qiymətinə talan edilib daşınmasını yada salmaq istəmədik.

Yağ-bal içində bəslənən şairlərimizin biri “Əziz xilaskarımız rus xalqına eşq olsun!” dedi, digəri “Xəbər göndərilsin Ərəbistana, tonqalda yandırdı anam Quranı” yazdı. Mən hələ “əzəldən qardaşdır ellərimiz!”, “Qardaş olub Hayastan Azərbaycan!” deyən, konslagerlərdə, Solovkidə Maqadanda həlak olmuş musavatçıları vətən xaini adlandıran bizim buinamus tarixçilərdən danışmıram.

Mən bütün bunları niyə yana-göynəyə yazıram? Sadəcə olaraq ona görə ki, ayın 26-da on minlərlə insan məlum abidəyə doğru gedəndə gözüm qabaqda gedənlərdə idi.

Paho, tanış üzlər, tanış sifətlər! Xocalı şəhidlərinin cəsədlərindən tranplin kimi istifadə edib vəzifə kreslolarına dırmaşanlar, dünən Heydər Əliyevi söyüb, bu gün isə onun oğlunun qarşısında quyruq bulayanlar, ölümlə üzləşmiş Xocalı camaatının aylarla dad-fəryadını qulaq ardına vuranlar, Şuşanın süqutu günü Milli Məclisin qarşısında başıpozuqlardan həbəş yallısı təşkil edənlər, Qarabağı siyasi qumara qoyanlar, daha kimlər, kimlər. Qorxub eləmirəm, bir-bir adlarını da çəkərəm, Rza bəyin sözü olmasın, lap atalarını da yandıraram.

Amma, hörmətli redaktorum qoymur! Dediyi də budur, ay qoca, dedin, yazdın, axırda çörəksiz, təqaüdsüz qaldın. Onsuz da bizə də qənim kəsiliblər, istəyirsən ki, qəzetimizi də bağlasınlar? Düz sözə nə deyəsən?

Nə qədər ki, irtica at oynadır, nə qədər ki, başı bəlalı Azərbaycana müvəqqəti örüş yeri kimi baxanlar ixtiyar sahibidirlər, burada heç vaxt “Qisas!”, “İntiqam!” kimi hayqırtılar eşidilməyəcək.

Hörmətli Prezidentin mədəniyyət xadimləri ilə görüşü də diqqətimi çəkdi. Əhli-məclis kim idi? Bütün yaradıcılıqları sosializm uğrunda mübarizənin qələbəsinə, leninizm ideyalarının təbliğinə həsr olunmuş şəxslərin övladları və yetirmələri... Vətən, millət dərdi çəkməkdən əriyib çöpə dönmüş Fərhad Bədəlbəylinin çıxışı dünyalara dəyərdi. Ağanın dərdi-səri nə idi? Heç nə, qoy hökumət nəhəng məbləğlər sərf edib nadir musiqi alətlərinin kolleksiyasını alsın. Var idi hər əsbabi yarağımız, çatmırdı bir saqqal darağımız. Burada beş-altı kəlmə deməsəm olmayacaq.

(ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA