“Kadrları yoxdur deyə, katibələrini deputat, sürücülərini nazir, nazir müavini qoyurlar” – Müsahibə

  • 2018-04-18 19:06:51
  • |

“Kadrları yoxdur deyə, katibələrini deputat, sürücülərini nazir, nazir müavini qoyurlar” – Müsahibə

I Hissə: Sərdar Cəlaloğlu niyə hakimiyyətə qarşı radikal çıxış etmədi?

 

ADP sədri Sərdar Cəlaloğlu ilə bu dəfəki söhbətimizdə əsasən 3 məsələ üzərində dayandıq:

  1. O, niyə son prezident seçkilərində hakimiyyət namizədini sərt tənqid etmirdi?
  2. Yaxın Şərqdə yaşananlardan Azərbaycan hakimiyyəti hansı nəticələri çıxarmalıdır?
  3. Partiyanın irəli sürdüyü Türk Federasiyası təklifi nə qədər realdır və İran bu federasiyanın harasında yer almalıdır?

ADP sədrinin “Hürriyyət”ə müsahibəsini təqdim edirik:

 

 

-Sərdar bəy, bir çox müxalif görüşlü insanlar sizi seçki təşviqatı zamanı hakimiyyətin üzərinə çox getməməkdə, xüsusilə ölkə başçısının ünvanına sərt ittihamlar səsləndirməməkdə günahlandırırlar. Ötən seçkilərdə MŞ-nın namizədi Cəmil Həsənli kimi daha konkret ünvanları hədəfə almamağınızın səbəbi nə ilə bağlıdır?

-Bu, ilk növbədə bizim partiyanın artıq neçə illərdən bəri mənimsədiyi dəsti-xətdən qaynaqlanır. Biz partiya olaraq, ölkədəki problemlərin tənqidindən daha çox, onun təsbiti və həlli yollarını göstərməyə, siyasi kimliyindən asılı olmayaraq, bütün təşkilat və qruplarla birgə fəaliyyət əsasında ölkəmizin qarşısında dayanan ən ümdə məsələləri çözməyə çalışırıq. Sözsüz ki, bu ideyanı mənimsəyən hər bir siyasi təşkilat qarşısında dayanan qüvvəyə düşmən kimi yox, perspektiv tərəfdaş kimi baxmalıdır. Tərəfdaşla ünsiyyətin isə öz ritorikası olur. Mən də seçki marafonunda bu ritorika ilə fikirlərimi dilə gətirir və problemlərin həlli yollarını göstərirdim. Hədəfimiz fərdlər yox, hadisələr və situasiyalardır. Hesab edirəm ki, ölkəmizi indiki ağır vəziyyətdən birlikdə əməkdaşlıqla çıxara bilərik.

-Siz ölkəmizin nicatını iqtidarla müxalifətin birgə əməkdaşlığlında görürsünüz?

-Bəli. İndiki geopolitik durumda Azərbaycanı irəliyə daha yaxşı aparmaq üçün lazım olan komandanını nə iqtidar, nə də müxalifət təklikdə yarada bilməz. Nəzərə alsaq ki müxalifətin özü də bir-biriylə konfrontasiya şəraitində müxtəlif cəbhələrə bölünüb, o zaman ortaya bir nəticə çıxır: Azərbaycanı indiki vəziyyətdən qurtara biləcək komandanın iqtidarla müxalifətin içərisindən ortaya çıxması lazımdır. Biz Azərbaycanın gələcəyini daha yaxşı vəziyyətdə görmək, idarəetmədə yeni prinsiplər tətbiq etmək, islahatlar aparmaq, xalqa və dövlətə daha yaxşı xidmət göstərəcək komanda yaratmaq istəyiriksə və bu komanda həm müxalifət, həm də iqtidar arasından çıxacaqsa, onda iki cəbhə arasındakı mövcud düşmənçilik münasibətlərinə son qoymalıyıq. ADP də məhz bu prinsipi əldə rəhbər tutaraq iqtidar-müxalifət münasibətlərində elə bir yol seçmək istəyir ki, müəyyən bir mərhələdən sonra hər iki tərəfin yer aldığı vahid komanda yaradıla bilsin. Bunun üçün isə hər iki tərəf siyasi dialoqun şərtlərini yerinə yetirməlidir. Həmi şərtlər bunlardan ibarətdir:

Əvvəla, düşmənçilikdən, bir-birini təhqir etməkdən, aşağılamaqdan imtina edilməlidir.

İkincisi, əməkdaşlıq sahələri yaradılmalıdır. Bu gün Azərbaycanın müxalif çevrələrində iqtidarla əməkdaşlığa satqınlıq, xəyanət kimi baxırlar. Bənzər yanaşma iqtidar çevrəsində də mövcuddur: onlar da özləriylə əməkdaşlıq edən əks-tərəfə əlaltıları, casusları kimi yanaşırlar. Bizim baxışımız isə ondan ibarətdir ki, iqtidarla müxalifətin əməkdaşlığı Azərbaycanın xoşbəxt gələcəyi naminə vahid komanda formalaşdırmaq prinsipinə söykənməlidir.

Təbii ki, bu gün Azərbaycanda vahid komanda yarada biləcək potensiala malik olmayan destruktiv qüvvələr var və onlar həmin ittifaqların yaranmasını istəmirlər. Çünki onlar da iqtidardakı əleyhdarları kimi intiqamçı, ancaq şəxsi maraqlarını güdən qüvvələrdir və əllərində imkianları yoxdur deyə, korrupsiya ilə məşğul ola bilmirlər. Eləcə də Azərbaycan iqtidarının içərisində xarici qüvvələrdən asılı, ölkəni səfil gününə salmaqda maraqlı olan, xalqı parçalamağa çalışan, dövləti zəiflətməyə can atan qruplar var. Hər iki tərəfdəki bu qüvvələr bizim dediyimiz komandanın vəzifələrini yerinə yetirməkdən uzaqdırlar. Buna görə də müxalifətlə iqtidar arasında qurmaq istədiyimiz əməkdaşlığa qarşı ciddi müqavimət göstərirlər. İqtidardakılar milli həmrəyliyin təməlini təşkil edəcək əməkdaşlığı aşağılamaq, müxalifətdəkilər isə bu ideyanı irəli sürənləri özlərindən təcrid etmək xəttini tuturlar. Tərəflərin məsələyə bu cür yanaşması siyasi dialoqun ən böyük problemlərindən biridir. Siyasi ədəbiyyatlarda bu məsələylə əlaqədar çox ciddi araşdırmaqlar aparılıb, nəzəriyyələr ortaya qoyulub.

Siyasi dialoqa mane olan ən təhlükəli amillərdən biri odur ki, ünsiyyət quran tərəflər öz fikirlərini qarşı tərəfə təlqin etməyə, öz maraqlarını maksimum həyata keçirməyə çalışırlar, əks tərəfin maraqlarını heç bir şəkildə nəzərə almırlar. Halbuki, siyasi dialoq fəlsəfəsində hər iki tərəfin maraqlarının təmin edildiyi əməkdaşlıq sahələri yaratmaq tələb olunur. Yalnız bu halda cəmiyyət seçkidən və küçə hərəkatından fərqli üçüncü yolla inkişaf edə bilər.

Siyasi dialoq dünyada az istifadə edilən elə demokratik yoldur ki, seçkidən və küçə hərəkatından kənar üsullarla dəyişiklikləri nəzərdə tutur. Bunun üçün isə siyasi dialoqun şərtlərinə ciddi şəkildə əməl olunmalıdır. Əks halda, siyasi dialoq tərəflərindən birinin digərindən asılı vəziyyətə düşməsinə və ya o cür görünməsinə gətirib çıxarar, bu da effektli nəticə verməz. Sadəcə qarşı tərəfdən bir qrup insanın ayrılmasına yol açar və problem həll edilməmiş qalar.

Siyasi dialoq üçün tərəflər ilk öncə bir-birinin başlıca maraqlarının nədən ibarət olduğunu bilməlidirlər. Əgər hər iki tərəfin maraqları eynidirsə, siyasi dialoq mümkün deyil. Tutaq ki, mən də, İlham Əliyev də prezident olmaq istəyirik. Biz bir-birimizə güzəştə getməsək, təbii ki, razılığa gəlməyimiz mümkün olmaz. Amma iqtidar namizədinin marağı prezident seçilmək, mənim marağım isə ölkənin demokratik inkişafıdırsa, biz bir-birimizin maraqlarına toxunmadan siyasi dialoq qura bilərik.

-Sizin fikirləriniz mənə müasir konfliktologiya elmindəki bir prinsipi xatırladır: “qazan-qazan” prinsipini. Yəni qarşılıqlı münasibətlərdə, danışıqlarda məğlub və ya qalibliyindən asılı olmayaraq, yalnız hər kəsin lehinə olan şərtlər qalıcı sülhün təminatına çevrilə bilər. Əgər qalib tərəf üstünlüyündən istifadə edən məğlub tərəfə zorla öz şərtlərini qəbul etdirsə, məcburiyyətdən yaranan sülh də uzun sürməz. Qısa müddətdən sonra yenə daha qanlı-qadalı münaqişələr ortaya çıxar. Necə ki, II Dünya müharibəsi məhz bu səbəbdən çıxdı. I Dünya müharibəsinin ağır şərtləri Almaniyanı yenidən hərbi yola əl atmağa vadar etdi. İkinci dəfə məğlub olmasına baxamayaraq, Almaniya üzərinə qoyulan ağır təzminatların bir çoxu II Dünya müharibəsindən sonra ləğv olundu. Çünki bəşəriyyət məğlubların heysiyyatı ilə oynamağın və ona çəkə bilməyəcəyi yükü yükləməyin sülhə xidmət etmədiyini anladı. Əgər I Dünya müharibəsindən sonra Almaniyanın boynuna ağır və ədalətsiz təzminatlar qoyulmasaydı, daha dəhşətli II Dünya müharibəsinə də ehtiyac qalmazdı. Məhz bu reallığı nəzərə alan konfkliktoloqlar bağlanan sülh müqavilələrinin məğlublar üçün aşağılayıcı olmamasına, hər iki tərəfin özünü qazanan kimi hiss etməsinə üstünlük verirlər. Siz də, yəqin, siyasi dialoqun əsas şərtindən bəhs edərkən bunu nəzərdə tutursunuz.

-Bəli. Əslində təbiətdə də belədir. Simbioz deyilən hadisə var. Simbioz - iki növdən olan fərdlərin birgə yaşamasının elə bir formasıdır ki, hər iki tərəf xarici mühitlə bilavasitə qarşılıqlı təsirdə olur, bir-biriylə bağlı eyni həyat yaşayır və bir-birinə maneə yaratmırlar. Çünki o biri tərəfin inkişafına mane olsan, özün də məhvə sürüklənərsən. Simbioz həyat parazitlərin həyatından fərqlənir. Parazitlik birinin digərinin hesabına yaşamasına deyilir. Məsələn, qarındakı qurdlar insan həyatından faydalandığı üçün onun ölümünü istəmirlər. Amma keyfiyyətli yaşamağına da imkan vermirlər. Simbioz həyatda isə qarşılıqlı fayda ön plandadır. Bizim də iqtidara təklif etdiyimiz siyasi dialoq simbioz həyatın prinsipinə söykənir.

-Bəli, insanın yaradılış xisləti də qarşılıqlı faydalanma, yardımlaşma üzərində qurulub. İnsan adı da məhz ünsiyyət sözündən əmələ gəlib. Ünsiyyət isə qarşılıqlı faydalılıq prinsipi üzərində dialoq deməkdir.

-Ünsiyyət iki cür olur. Ünsiyyətə qarşı tərəfi məhv etmək üçün də, qarşılıqlı faydalanmaq üçün də girə bilərsən. Qarşılıqlı faydalanma hər iki tərəfin gücündən istifadə edib tərəflərin həyat şərtlərini yaxşılaşdırmaq, inkişaf etdirmək deməkdir. Biz də ortaq gücdən istifadə etmək fəlsəfəsindən çıxış edərək iqtidar və müxalifət arasında siyasi dialoqu dəstəkləyirik...

-Yəni sinerjizm fəlsəfəsini dəstəkləyirsiniz. Enerjilərin birləşib daha güclü enerjiyə çevrilməsini...

-Bəli, cəmiyyətlər mürəkkəb sistem olduqlarına görə, yalnız sinerjizm əsasında inkişaf edə bilər. Təktərəfli hakimiyyətlər və cəmiyyətlər heç vaxt irəliyə gedə bilməz, başqa xalqlardan geri qalar və tədricən yox olub gedərlər. Azərbaycan hakimiyyəti və müxalifəti isə bu həqiqəti hələ də anlaya bilməyib. Təsəvvür edin ki, ölkəni daha yaxşı idarə etmək üçün savadlı kadrlara ehtiyac var, hakimiyyət isə bu problemi həll etmək üçün iki yol seçir: öz övladlarını, nəvələrini, hətta özünü idarə edə bilməyən katibəsini gətirib deputat qoyur. Köməkçisini, sürücüsünü nazir, yaxud nazir müavini təyin edir. Yaxud da pensiyaya göndərdiyi adamı yenidən geri qaytarıb, gənclərin belə çətin bacaracağı işləri onlara həvalə edir. Hətta bunun üçün pensiya yaşı məhdudiyyətini nəzərə almır. Müəllimləri 60-65 yaşında təqaüdə göndərir, amma daha ağır iş olan idarəçiliyi 80-90 yaşlı qocalara tapşırır. Hakimiyyət özünü başqalarına qapalı tutduğuna görə yarıtmaz kadrlarla işləməyə məhkum olub.

Təbiətdə iki cür sistem var: açıq və qapalı sistemlər. Elm sübut edir ki, qapalı sistemlər daha tez dağılırlar. Açıq sistemlər isə özünü yeniləşdirməyə açıq olduğuna görə davamlı inkişaf edirlər. Qapalı sistem nədir? – Sən bir sistem yaradırsan, ancaq öz daxilindəki insanların gücünə kadr siyasətini həyata keçirirsən. Kənardan heç bir qüvvəni ora yaxınlaşdırmırsan. Bu, o deməkdir ki, sən özün özünü qısa müddətdə ölümə məhkum edirsən.

Bizim təklif etdiyimiz açıq sistem isə odur ki, iqtidar mütəmadi olaraq cəmiyyətdəki savadlı kadrları, yeni qüvvələri idarəetmə orqanlarına cəlb etsin. Bu zaman cəmiyyətin yenilənmə prosesi baş verər və inkişaf edən bir sistem yaranar. Əslində həqiqi demokratiya da budur. Karl Popperin bir nəzəriyyəsi var və eynilə belə adlanır – Açıq cəmiyyət nəzəriyyəsi. Açıq cəmiyyətin fəlsəfəsi ondan ibarətdir ki, həm dünyaya açılmalısan, həm də müxalifətdəki yararlı kadrları işə cəlb etməlisən. Azərbaycan isə hər iki sahədə qapalılıq nümayiş etdirir; həm üzv olduğu Avropa Şurasının, BMT-nin qərarlarını yaxına buraxmır, həm də müxalif düşüncəli kadrları özündən təcrid etməyə çalışır. Halbuki, hakimiyyət açıq cəmiyyətə keçərək, həm öz ömrünü uzada bilər, həm də effektivliyini və məhsuldarlığını artırar və cəmiyyətdə yeni situasiya yaranar. Amma iqtidarın açıq sistemə keçə bilməsi üçün müxalifət də gərək buna zəmin yarada. Azərbaycan müxalifəti isə eynilə iqtidar kimi öz ətrafında qapalı bir mühit formalaşdırıb. Müəyyən çərçivə cızıblar, bu çərçivədə iqtidara düşmən olan, xarici ölkələrdən aldıqları məlumatlar əsasında onu ifşa edən bir üsulla fəaliyyət göstərirlər. Bu xarakterlə qarşı tərəflə dialoq səyləri heç bir nəticə verməz. “O olmasın, bu olsun” filmində deyildiyi kimi: “meymun dediyin bəs deyil, hələ salam da verirsən?” Hazırda Azərbaycan siyasi həyatı eynilə bu vəziyyətdədir; hər iki tərəf bir-birinə “meymun” deyir, həm də bir-birinə salam vermək istəyirlər. Bu əhval-ruhiyyə ilə salam alınmaz, filmdə olduğu kimi, dava düşər. Bizim partiya bütün bunları götür-qoy etdikdən sonra bu qərara gəlib ki, biz öz fəaliyyətimizi açıq sistem nəzəriyyəsinə uyğunlaşdıraq. İstənilən vaxt iqtidarla əməkdaşlığa gedə bilək və iqtidarın da demokratik qüvvələrə açılmasına çalışaq. Çünki iqtidar cəmiyyətə, mütərəqqi qüvvələrə açılmasa, həm özü-özünü, həm də cəmiyyəti məhv edə bilər. Bizim son prezident seçkilərində həyata keçirdiyimiz texnologiyanın əsas məğzi də bundan ibarət idi. Bir çoxlarının da anlaya bilmədiyi məqam – niyə Sərdar Cəlaloğlu hakimiyyət namizədinin üstünə radikal şəkildə getmədi sualı da bu prinsipdə gizlidir.

-Belə başa düşdüm ki, siz Azərbaycan reallıqlarını nəzərə alıb hakimiyyətin seçki və ya inqilabi yolla deyil, komanda üzvlərini yeni qüvvələrin hesabına yeniləşdirməklə dəyişdirilməsini təklif edirsiniz. Bu dəyişiklik prosesində ölkə başçısı öz vəzifəsini qoruyur, hakimiyyətin digər qanadları isə tamamilə dəyişilir. Sizin təklif etdiyiniz bu yeniləşmə metodu Türkiyənin hazırkı hakim partiyası AKP tərəfindən də həyata keçirilir. Zaman-zaman Rəcəb Tayib Ərdoğanın öz komanda üzvlərindən imtina edib, müxalifləri cəlb edərək hökumət qurduğunun şahidi oluruq. Faktiki olaraq AKP hakimiyyətinin ilk illərində deputat seçilən, nazir təyin olunan kadrlardan əksəriyyəti dəyişdirilib. Səhv etmirəmsə, AKP “3 dəfədən artıq deputat seçilmək olmaz” prinsipini mənimsəyib. 15-16 illik AKP hakimiyyəti bir neçə hökumət komandasını yola salıb. Görünür, bu partiyanın indiyə qədər iqtidarda qalmasının başlıca səbəbi də yeni qüvvələrlə seçicilərin qarşısına çıxmaq olub. Ölkə rəhbəri dəyişilməsə də, komandanın vaxtaşırı dəyişilməsi faktiki olaraq yeni tərzdə idarətmə mexanizminin qurulmasına gətirib çıxarıb. Vaxtilə AKP ilə qanlı bıçaq olan MHP-nin bir çox aparıcı adamlarının indiki hökumətdə yer alması, növbəti parlament seçkilərinə iki partiyanın koalisiya şəklində getməyə qərar verməsi sizin təklif etdiyiniz açıq cəmiyyət modelinə bənzəyir. Amma məsələ burasındadır ki, Azərbaycan hakimiyyəti hələ də bu anlayışı mənimsəməyib. Türkiyədən fərqli olaraq, bizim hakimiyyətin seçicidən mandat almaq qayğısı yoxdur. Seçkilər saxtalaşdırılır, iqtidar nümayəndələrinin adının qarşısına istənilən rəqəmlər yazılaraq qalib elan olunur. Siz hakimiyyətin bu anlayışını dəyişdirə biləcəyinizi düşünürsünüz?

-Bəli, Azərbaycan hakimiyyəti Türkiyə modelini rahatlıqla ölkəmizdə də tətbiq edə bilər. Biz milli mentalitet baxımından eyni xarakterin daşıyıcılarıyıq. Məhz bu səbəbdən də mən seçki platformama “bir millət-iki dövlət” tezisinin yerinə, “bir millət-bir dövlət” tezisini salmışdım. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti öz siyasi idarəetmə strukturlarını da Türkiyəyə uyğunlaşdırmalıdır.

O ki qaldı hakimiyyətin seçki saxtakarlığı anlayışını mənimsəməsinə, bunun başlıca səbəblərindən birini də müxaliflərin hakim partiyaya aqressiv münasibətində axtarmalıyıq. Mən yenə “O olmasın, bu olsun”dan bir misal gətirəcəyəm. Filmdə bir epizod var, Məşədi İbadın tərəfdarları Rüstəm bəyin evinin hasarına toplanır və başlayırlar mahnı oxumağa: “Ey kimsən orda, aç qapını, aç qapını, gəlib səni öldürək”. Sizcə, bir adama bu cür desən, qapını açar? Özü də o qapını açmaq imkanı təhdid etdiyin tərəfin əlindədir; həmin tərəf qapını açmasa, sən də onu öldürə bilməyəcəksən. Biz də bu yanaşmanı dəyişdirib hakimiyyətlə müxalifət arasında konsolidasiya yaratmağa çalışırıq. Yəni biri var, qapını dost kimi döyəsən, biri də var, öldürmək məqsədini gizlətmədən qapısını döydüyün evin sahibini təhdid edəsən. Biz ümummilli maraqlar naminə hakimiyyət qapısını dost kimi döyürük. ADP bu konstruktiv kursu 2005-ci ildə qəbul edib. Məqsədimiz daha yumşaq siyasətlə cəmiyyətimizin demokratikləşməsinə nail olmaqdır.

-Amma özünüz də etiraf edirsiniz ki, bu təklifi cəmiyyətdə süngüylə qarşılayanlar çoxdur. Siyasət isə “mümkün olanı həyata keçirmək sənətidir”. Sizcə, təklifiniz nə dərəcədə mümkündür?

-İdeyamızın cəmiyyət tərəfindən süngüylə qarşılanmasının bir neçə səbəbi var. Birinci səbəb; cəmiyyətimizdə bu ideyanın əleyhinə olan çox sayda qüvvələr var. İkinci səbəb bizim ideyamıza qarşı çıxış edənlərin siyasi dünyagörüşünün yüksək səviyyədə olmamasıdır.

Bilirsiniz ki, innovasiya xəstəliyi deyilən bir anlayış var. İnnovasiya yenilik deməkdir. İnnovasiya xəstəliyi isə yeniliyə öyrəşməməkdir. Məsələn, təzə bir kostyum alırsan, amma geyindiyin ilk dövrlərdə o, sənin əyninə tam oturmur. Özünü narahat hiss edirsən. Kostyuma öyrəşməyin üçün zamana ehtiyacın olur və bu geyim köhnəldikcə rahatlaşırsan. Yeni düşüncələr də elədir. İlk əvvəl süngüylə qarşılanır, daha sonra isə bütün cəmiyyət tərəfindən mənimsənilir.

Üçüncü səbəb isə; bu ideyanın cəmiyyət üçün faydalı olduğunu dərk edən insanlar da palaza bürünüb ellə sürünmək xətrinə, onun əleyhinə təbliğat aparırlar.

-Sərdar bəy, prezident seçkilərindən qabaq cəmiyyətdə belə bir ümid var idi ki, hakimiyyət səsvermədən sonra islahatlara gedəcək. Amma indiyə qədər bunun təzahürləri ortaya çıxmayıb. İqtidar 86% səs topladığını elan etməklə faktiki olaraq köhnə yolla gedəcəyinin mesajını verdi. Necə düşünürsünüz: bu anlayışa sahib hakimiyyəti hansısa metodlarla açılıma təşviq etmək mümkündür?

-Seçkilərin nəticəsini elan etmək prosesi tam başa çatmayıb. Biz gözlənilən islahatlara gedilib-gedilmədiyinə yalnız seçki prosesi başa çatdıqdan, Konstitusiya Məhkəməsi tərəfindən nəticələr qəbul olunduqdan sonra qiymət verə bilərik...

-Yəni siz inanırsınız ki, islahatlar olacaq?

-Təbiətdə iki cür canlı var. Bəzi canlılar fəsillərdən asılı olaraq dəyişilirlər. Bəziləri isə dəyişilə bilmədiklərinə görə öz sabit xarakterlərinə uyğun məkanlara köçürlər. İctimai həyatda da elədir. Bir yerdə qalmaq istəyənlər situasiyaya görə dəyişikliyə məruz qalmalıdırlar. Dəyişilmək istəməyən hakimiyyətlər isə vəziyyət qarışan kimi vəzifələrini buraxıb qaçıb gedirlər. Azərbaycan iqtidarı da bu iki yoldan birini seçməlidir. Ya dünyanın dəyişələn mənzərəsinə ayaq uydurmalı, ya da hakimiyyətləri ilə yanaşı, vətənləri də itirməlidirlər. Üçüncü yol yoxdur. Bəziləri düşünürlərsə ki, mən 30 ildir hakimiyyətdəyəm, hər şeyi öz xarakterimə uyğunlaşdırmışam, vəziyyət elə bu cür də davam edəcək, yanılırlar. Suriyada baş verənlər uzun müddətli hakimiyyətlərin özünü yeniləmədən ayaq üstə durmağının mümkün olmadığını göstərdi. Yaxud Yunanıstanda Papandreular hakimiyyəti də, hardasa, 30 il çəkdi. Amma onlar da əbədi hakimiyyətə nail ola bilmədilər. Qapalı sistem yaratdıqları üçün həm özlərini, həm də Yunanıstanı iflas etdirdilər. Yunanıstan təcrübəsi göstərir ki, demokratik ölkələrdə belə, qapalı sistemlərin qurulması mütləq iflaslara səbəb olur. Dünyanın heç bir ölkəsində əbədi hakimiyyətlər qurmaq mümkün olmayıb, olmayacaq da. Dəyişilmələr təbii qanunauyğunluqdur. Sənin, mənim gücümdən asılı deyil.

Xalqın iradəsinə qarşı siyasət yürüdən iqtidarlar xarici qüvvələrin iradəsinə tabe olurlar və istər-istəməz beynəxalq sövdələşmələrin predmetinə çevrilirlər. Yenə bunun ən bariz nümunəsi Suriya hakimiyyətidir. Bəşər Əsəd öz hakimiyyətini qorumaq üçün xalqın iradəsinə qarşı Rusiya ilə ittifaq qurdu, amma indi Rusiya onu ABŞ-la sövdələşmə predmetinə çevirib. Adam başa düşməliydi ki, Suriya hara, Rusiya hara? Rusiya niyə gedib Bəşər Əsədi müdafiə etməlidir?

-Bəli, o gün özü də bunu etiraf edirdi. Rusiyaya təşəkkür edərək bildirirdi ki, Suriyanı bizim qədər Rusiya qoruyur. Rəsmən, Rusiyanın bir ərazisinin qubernatoru kimi danışırdı.

-Elədir. Putinlə müqavilə bağlayıb ki, 40 il ərzində Rusiya Suriyada qalacaq. Bu isə o deməkdir ki, az dövlət suverenliyindən Rusiyanın xeyrinə imtina edib. Suriya xalqına qarşı Rusiya ilə birləşib hakimiyyətini qoruyur. Azərbaycan hakimiyyətindəki bəzi dairələr də eyni yolu tutublar.

-Söhbət Suriyadan düşmüşkən, özünüz də qeyd etdiyiniz kimi, son hadisələr zamanı Rusiyanın Bəşər Əsədi axıra qədər müdafiə etməyəcəyi həqiqəti ortaya çıxdı. ABŞ, Fransa və İngiltərə Suriyaya hücuma başlamamışdan bir gün əvvəl Rusiya gəmilərini Tartus limanından çıxardı. Hətta bunu təhlükəsizlik tədbiri kimi qələmə verdilər. Bu fakt göstərir ki, bərk ayaqda Rusiya öz müttəfiqlərini qurban verməyə hazırdır. Niyə Şərq ölkələri, o cümlədən bizimkilər bu hadisələrdən ibrət dərsi götürmürlər?

(Ardı var)

Söhbətləşdi: Heydər Oğuz

Hurriyyet.org

Loading...

QALEREYA