““Keçid Dövrü Qanunları” paketi qəbul edilməlidir” - NATİQ CƏFƏRLİ

  • 2019-07-23 14:47:04
  • |
  • Ölkə /

““Keçid Dövrü Qanunları” paketi qəbul edilməlidir” - NATİQ CƏFƏRLİ

“Yüz minlərlə insan az, ya da çox korrupsiyaya, rüşvətə bulaşıb”

“Məmləkətin altına yerləşdirilmiş çoxlu sayda siyasi, iqtisadi, etnik “minalar” var. Açıq siyasi mübarizənin mümkünsüzlüyü, seçki institutunun məhv edilməsi prosesləri dərin qatlara çəkib, siyasi mübarizəni partizanlaşdırıb. Sistemin daxilində müxtəlif güc mərkəzləri formalaşıb ki, onlar siyasəti dizayn etməyə, öz siyasi oyunlarını (müxalif kəsimlərdən də istifadə etməklə) qurmağa çalışırlar”. Hurriyyet.org xəbər verir ki, bu barədə REAL Partiyasının icra katibi Natiq Cəfərli deyib.

“Məmləkətin normallaşması üçün mütləq Maliyyə Amnistiyası elan edilməlidi”

Cəfərlinin fikrincə, sabah ölkədə demokratik dəyişikliklər baş versə və həmin güc mərkəzləri gün üzünə çıxıb leqallaşmasalar, bir müddət sonra cəmiyyətdə ciddi xəyal qırıqlığı olacaq, güc mərkəzlərinin müxtəlif sabotajları demokratiyaya olan inamı tamamilə məhv edəcək, toplum yenidən “güclü əl” axtarışına çıxacaq: “Buna görə də ölkədə toplumun böyük bir hissəsini razı salan və uzlaşdıran, demokratiya üçün vacib olan “Keçid Dövrü Qanunları” paketi qəbul edilməlidir. Paket 3 qanundan - Lyustrasiya, Reabelitasiya və Maliyyə Amnistiyasından ibarət olmalıdır.
Lyutrasiya: Arxivlər açılmalı, keçmişdə siyasi və içtimai xətası olanlar azı 10 il seçkili orqanlarda təmsilçilik, dövlət və hökumət qurumlarında vəzifə tutmaq hüququndan məhrum edilməlidir.
Reabelitasiya: Müstəqillikdən üzü bəri yaşamaq hüququnun, mülkiyyət və başqa hüquqları pozulanların, həmçinin pis rəftara məruz qalanların reabilitasiya qaydaları müəyyənləşməli, siyasi təqiblər nəticəsində mühakimə olunmuş, siyasi və vicdan məhbusu olmuş şəxslərin hüquqi və maddi reabilitasiyası təmin edilməlidir.
Maliyyə Amnistiyası: Müstəqillikdən üzü bəri yüz minlərlə insan az, ya da çox korrupsiyaya, rüşvətə bulaşıb. Məmləkətin normallaşması üçün mütləq Maliyyə Amnistiyası elan edilməli, bir il müddətində hər kəsə mal və pul varlığını cəzasız bəyan etmək üçün möhlət verilməli, elandan sonra leqallaşma vergisi tutulmalı, həmin vəsait yeni yaradılacaq Rifah Fonduna köçrülməli, həmin vəsait ancaq elm, təhsil və istehsal layihələrinə yönəldilməlidir. Məmurlar və çirkli pulla var-dövlət yığmış hər kəs leqallaşdırdığı vəsaitin yarısını ölkəmizdə müxtəlif sahələrə investisiya qoyması ilə bağlı öhdəlik götürməlidir. Bu şərtləri pozanlar da sərt cəzalandırılmalıdırlar. Ancaq belə yanaşma ilə məmləkət hüzura qovuşa və dayanıqlı inkişaf yoluna qədəm qoya bilər”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA