Keçmiş DTK-MTN zabitindən "istifadə etdiyi" erməni agentlə bağlı İLGİNC AÇIQLAMALAR...

Keçmiş DTK-MTN zabitindən "istifadə etdiyi" erməni agentlə bağlı İLGİNC AÇIQLAMALAR...

"Bu sətirlərin müəllifi də erməni millətindən olan agenti barədə Ermənistan DTK-na, onlar da Gəncəyə və ətrafına köçmüş agent haqqında məlumatlar veriblər"

Hörmətli Adil İsmayılovun agentura şəbəkəsi ilə əlaqədar mövqeyi ilə tanış oldum və bundan sonra zəruri bildiyim qeydləri Hurriyyet.org-un oxucuları ilə bölüşməyi məqsədəuyğun hesab edirəm.

İlk olaraq, təhlükə mənbəyi kimi göstərilən Ermənistandan gələn qaçqınlar arasında agentlərin olması barədə. Qeyd edək ki, Ermənistandan gələn qaçqınlar demək olar ki, SSRİ dövləti rəsmən dağılmazdan əvvəl Azərbaycana gəliblər, yəni əsasən 1988-90-cı illərdə. Daxili əsasnaməyə görə agent yaşayış yerini dəyişdikdə həmin ölkənin yerli DTK strukturuna əməkdaşın yerinin müəyyənləşməsi və əgər gələcəkdə onunla əməkdaşlıq edilməsi məqsədəuyğun hesab edilərsə, onun şəxsi işinin göndərilməsi barədə sorğu göndərilirdi. Əgər qarşı tərəf onunla əməkdaşlıq etməyi qəbul edirdisə həmin struktura, agentin yalnız (!) “şəxsi qovluğu” göndərilirdi. Onun “fəaliyyət qovluğu” (raboçee delo) yerindəcə yandırılırdı. Bəzən sorğu göndərilən struktur həmin şəxslə əməkdaşlığı qəbul etmədikdə onun şəxsi işi idarənin arxivinə göndərilirdi. Bu qaydaya o illərdə həm Ermənistan SSR, həm də Azərbaycan SSR DTK-sı tərəfindən əməl olunub. Yəni, yaşayış yeri Ermənistan olan agentlər haqqında informasiyalar SSRİ DTK Təlimatına uyğun olaraq Ermənistan DTK-nə, yaşayış yeri Azərbaycan olan agentlər isə Azərbaycan DTK-na göndərilib. Ola bilsin ki, bəzi agentlər haqqında informasiya verilməyib. Mümkündür. Bu qarşılıqlı ola bilər. O agentin Ermənistana işləməsinin qarşısını almaq, onu aşkarlamaq da Azərbaycan xüsusi xidmət orqanlarının işidir, o cümlədən Ermənistan təhlükəsizlik xidmətinin də. Nəzərinizə çatdırım ki, SSRİ dağılandan sonra belə bir yerdəyişmələrin yaratdığı problemlər bütün keçmiş Sovet İttifaqı ərazisində yaşanıb və açığı deyim ki, təhlükəsizlik üçün ciddi problem deyil. O insanlara SSRİ DTK-nın agentləri olduğuna görə heç bir cinayət düşmür. Əgər onlar və ya sonradan cəlb olunmuş agentlər Azərbaycana qarşı fəaliyyət göstərsələr və bu aşkarlansa, o zaman cinayət işi açmaq olar. Yeri gəlmişkən, bu sətirlərin müəllifi də erməni millətindən olan agenti barədə Ermənistan DTK-na, onlar da Gəncəyə və ətrafına köçmüş agent haqqında məlumatlar veriblər.

İkinci qrupa – yəni hərbi xidmət dövründə ordunun xüsusi xidmət idarələri tərəfindən əməkdaşlığa cəlb edilmiş agentlərə qaldıqda, bu da problem deyil. O dövrdə SSRİ DTK-nın 3-cü Baş İdarəsinin Müdafiə Nazirliyində həyata keçirdiyi əks-kəşfiyyat tədbirlərindən biri də “Xüsusi Şöbə”nin əməkdaşlığa cəlb etdiyi əsgərlər olub. Həmin əsgərlər tərxis olunan kimi yaşadığı yerin DTK yerli şöbəsinə yuxarıda qeyd etdiyimiz kimi məlumat-sorğu göndərirdi. Yerli şöbə həmin şəxsin əməliyyat şəraitinə uyğun olaraq informasiya mənbəyi ola biləcəyini dəyərləndirib qərar verirdi. Ya imtina olunurdu, ya da əlaqə yaradıb əməkdaşlıq davam etdirilirdi. Yəni, burda da xüsusi bir təhlükə yoxdur. Bu bütün SSRİ üçün xarakterik haldır.

Burda nisbətən təhlükə SSRİ MN-in BKİ (QRU)-nin agentlərindən gələ bilər. Amma, onu da nəzərə almaq lazımdır ki, QRU agentləri o zaman SSRİ ilə qonşu olan dövlətlərin ərazisində “fəaliyyət” göstərmək üçün cəlb olunublar. Onların bəziləri aşkar edilib və yerli strukturların qərarı ilə əməkdaşlıq özümüzlə davam etdirilib. Aşkar olunmayanlar da təhlükəli deyil. Yaş keçib, illər ötüb. QRU üçün isə diversiya – təxribat fəaliyyətini bacaran şəxslər lazımdır. Burda bəzi incəlikləri isə yazmaq məqsədəuyğun deyil.

Azərbaycan Respublikası üçün keçmiş SSRİ agentura şəbəkəsinin təhlükəsi sıfıra yaxındır. Əsas təhlükə Rusiya Federasiyası FTX-nin, o cümlədən Azərbaycanda marağı olan bütün dünya xüsusi xidmət orqanlarının müstəqillik dövründə cəlb etdiyi Azərbaycan vətəndaşlarıdır. Bu kateqoriya agentlər çox təhlükəlidir və ən kiçik informasiya mənbəyindən tutmuş, hadisələrə xüsusi təsir imkanları olan şəxslərin olması istisna deyil. Onları aşkar etmək isə Azərbaycan xüsusi xidmət orqanlarının başlıca vəzifəsidir və ən azı mətbuatda yayılanlardan məlumdur ki, bu cür şəbəkə nümayəndələri yeri gəldikcə ifşa olunur.

Agentura şəbəkəsinin açıqlanması barədə isə Azərbaycan Respublikasının bu yaxınlarda qəbul etdiyi qanuna görə 75 il keçdikdən sonra, kütləvi şəkildə olmasa da, konkret əsaslandırılmış maraq və sorğuya görə açıqlana bilər.

Artıq neçənci dəfədir ki, təkrarlayıram: agentura şəbəkəsinin açılması Azərbaycan xüsusi xidmət orqanının fəaliyyətinə olduqca mənfi təsir göstərə bilər və qəbulolunmazdır.

İlham İsmayıl

SSRİ DTK və Azərbaycan Respublikası MTN-in keçmiş əməkdaşı, polkovnik-leytenant

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA