“Kim Bakını sevmirsə, yaşamasın bu şəhərdə” - MƏLAHƏT BABAYEVA

“Kim Bakını sevmirsə, yaşamasın bu şəhərdə” - MƏLAHƏT BABAYEVA

“Rasim Musabəyovun yazdıqlarına əyalət-şəhər kontekstində yanaşmaq çox ciddi səhvdir”

“Heç kəsin bakılılara, ümumiyyətlə şəhər əhlinə hörmətsizlik etməyə haqqı yoxdur”

“Rasim Musabəyov haqda heç vaxt müsbət fikirdə olmamışam. Bu insan heç vaxt əqidə daşıyıcısı olmayıb, olmayacaq da. O, sadəcə danışmaq xatirinə danışan bir insandır”

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu günlərdə mətbuata verdiyi açıqlamada Milli Məclisin deputatı Rasim Musabəyovun Bakıda yeraltı keçiddə popkorn satan uşağı "həyasız" adlandırması və onun vergi ödəməyini tələb etməsinə sərt reaksiya verib. Partiya sədri sözügedən yazıda Rasim Musabəyovu Azərbaycan xalqını parçalamaqda ittiham edib:

"Xalqı kəndli və şəhərliyə bölmək, halal zəhmətlə pul qazanan insanları təhqir edib alçaltmaq milləti parçalamağa və milli həmrəyliyə zərbə vurmağa hesablanıb. Rasim Musabəyov bilməlidir ki, Azərbaycan elminin əsas daşıyıcıları kəndlərdən çıxmış insanlardır. Bu, bütün dünyada belədir. Çünki kəndlər şəhərlərin urbanizasıyasından kənarda qaldığı üçün oradan daha çox milli dəyərlərə malik olan ziyalı və görkəmli şəxslər çıxır".

Xatırladaq ki, Milli Məclisin deputatı Rasim Musabəyov özünün "Facebook" səhifəsində rus dilində paylaşdığı statusda Bakıda yeraltı keçiddə popkorn satan uşağı həyasız adlandırıb və onun vergi ödəməli olduğunu bildirib:

"Bakılıları və şəhərin qonaqlarını sevindirmək üçün dövlətin milyonlarla manat vəsaitinin xərcləndiyi "Azneft" meydanındakı yeraltı keçiddə popkorn satıcısı həyasızcasına yerləşib və yanıq qoxusu ilə bütün ətrafı iyləndirib. İcazəsiz işləyir, dövlətin elektrik enerjisindən pulsuz istifadə edir, vergi ödəmir. Bütün bunlar Bakı və rayon hakimiyyətinin onlarla işçisinin gözü qarşısında baş verir. Şəxsən satıcıya və keçidin nəzarətçisinə etdiyim irada hələ heç bir reaksiya yoxdur. Au... məmurlar, siz bunu görmürsünüz? Bakılıları zəhərləməmək və bizi qonaqlar qarşısında biabır etməmək üçün kim tədbir görəcək?".

Sərdar Cəlaloğlunun: “...Azərbaycan elminin əsas daşıyıcıları kəndlərdən çıxmış insanlardır. Bu, bütün dünyada belədir. Çünki kəndlər şəhərlərin urbanizasıyasından kənarda qaldığı üçün oradan daha çox milli dəyərlərə malik olan ziyalı və görkəmli şəxslər çıxır” fikri Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Məlahət Babayevanın kəskin etirazına səbəb olub. “Hürriyyət”in redaksiyasına gələn Məlahət xanım bakılılar və şəhərlilər adından Sərdar Cəlaloğlunun sözügedən fikrinə etirazını bildirib.

Biz də qarşı tərəfin mövqeyini olduğu kimi oxucularımıza təqdim edirik:

“Mən, Məlahət Babayeva, Bakı Kəndlər Birliyinin Nəzarət Təftiş Komissiyasının sədriyəm. Bakının elitar zümrəsini təşkil edən Beynəlxalq Xəzər fondunun idarə heyətinin üzvüyəm, 90-cı illərdə sabiq mədəniyyət nazirinin sabiq müavini olmuşam.

Rasim Musabəyovun keçiddə popkorn satan uşaqla əlaqədar söylədiyi fikirlərlə bağlı başlayan kampaniyanı diqqətlə izləyirəm, bu məsələdə deputatın mövqeyini dəstəkləyənləri, o cümlədən Rasim Musabəyovun fikirlərini qəbul etmirəm.

Ümumiyyətlə, Rasim Musabəyobv haqda heç vaxt müsbət fikirdə olmamışam. Bu insan heç vaxt əqidə daşıyıcısı olmayıb, olmayacaq da. O, sadəcə danışmaq xatirinə danışan bir insandır.

Onun keçiddə popkorn satan uşaqla bağlı yazısının adı işverənlikdir. Yəqin ata-ana işsizdir, ailənin ehtiyacı var ki, o uşaq çıxıb orda popkorn satır. Yaxşı günündən bunu eləmir ki. Bəlkə bu uşaq gedib restoranlarda gün keçirir, ya oğurluq edir? Belə olsaydı, Rasim Musabəyovun etirazı əsaslı olardı. Amma halal zəhməti ilə ailəsinə çörək pulu qazanan fədakar azyaşlıya qarşı bu cür qeyri-insani münasibəti əsla dəstəkləmirəm. Gücü yalnız uşağa çatan hörmətli deputat onun halına acıyırdısa, cürəti çatıb bu məsələni parlamentdə qaldıraydı və bu dövlətin vətəndaşı olan uşaqlara dövlət qayğısı tələb edəydi. Yaxud, həmin uşağa yaxınlaşıb ondan xəbər alaydı ki, sənin nə problemin var, oğlum? Bəlkə sənə kömək edə bilərəm? Bunun əvəzinə millət vəkili uşağı təhqir edir. Təbii ki, bu yolverilməzdir və Rasim Musabəyova başucalığı gətirmir.

Əgər Rasim Musabəyov əsl vətəndaşdırsa, vətəninə, vətən övladlarına ürəyi yanırsa, əslən mənsub olduğu Şabran rayonuna səfər edib, orda uşaqların hansı şəraitdə təhsil aldıqları ilə maraqlansın.

Amma hesab edirəm ki, Rasim Musabəyovun yazdıqlarına əyalət-şəhər kontekstində yanaşmaq çox ciddi bir səhvdir.

Mən Rasim Musabəyovun sözügedən yazısını oxumuşam. Burda kənd-şəhər söhbəti yoxdur. O, sadəcə bakılılar və şəhərin qonaqları ifadələrini işlədib.

Bakılıların üstünə gələnlər qarşılarında məni görəcəklər. Sözüm ADP sədri Sərdar Cəlaloğlunadır. Sərdar Cəlaloğlunun məlum fikrinə münasibət bildirmək istəyirəm. Onu da qeyd edim ki, mənimlə söhbətində hörmətli Sərdar bəy onu da qeyd etmişdi ki, Naxçıvan Muxtar Respublikası MEA-na 3 prezident bəxş edib. Sərdar bəydən fərqli olaraq mən - köklü bakılı qızı - Azərbaycanı heç vaxt bölgələrə bölmürəm. Naxçıvan mənim üçün Hüseyn Caviddir, Məhəmməd Əmin Rəsulzadə ilə birgə ADR-in quruculuğunda iştirak edən Şaxtaxtinskilərdir, sovet dönəmində şəxsi münasibətlərindən istifadə edərək Əlimərdan bəy Topçubaşovun siyasi-publisistik irsini gizli yollarla Azərbaycana gətirdən görkəmli ziyalımız Ramiz Abutalıbovdur.

Naxçıvanlı professor Abbas Zamanov öz xatirələrində yazır ki, İkinci Dünya Müharibəsində məni əslən Bakının Suraxanı kəndindən olan hərbi həkim Əlibaba Əmirov sayəsində sağ qaldım. Həmin Əlibaba Əmirov isə anamın doğma dayısı, atamın doğma bibisi oğludur.

Bir daha təkrar edirəm: Mən Azərbaycanı bölgələrə bölmürəm! Amma bəzi məqaqmları hörmətli Sərdar bəyin diqqətinə çatdırmağı özümə borc bilirəm. Sərdar bəy, sizin həkim olduğunuzu nəzərə alaraq, əslən Bakıdan olan tanınmış həkimlərin adlarını çəkmək istəyirəm.

AMEA-nın ilk prezidenti, 1913-cü ildə Odessada Tibb Universitetini bitirmiş akademik Mirəsədulla Mirqasımov, AMEA-nın daha bir prezidenti, akademik Rauf İsmayılov, AMEA-nın indiki prezidenti, geologiya-mineralogiya elmlər doktoru Akif Əlizadə-üçü də köklü bakılıdır.

Hörmətli Sərdar bəy, sizin Tibb Universitetini bitirdiyinizi nəzərə alaraq, xatırlatmaq istəyirəm ki, təhsil aldığınız universitetin 8 rektoru köklü bakılı olub: Akademik Balabala Məcidov, professor Zəhra Quliyeva və başqaları...

Tibb sahəsi üzrə bakılı akademiklərdən Fuad Əfəndiyevin, Mirzərza Nəzirovun, Vəli Axundovun və başqalarının adını çəkə bilərəm.

Əslən Bakıdan olan 8 qadın akademikimiz var. İzzət Orucova, Zaqafqaziyanın, o cümlədən Naxçıvanın qədim tarixi abidələrini tədqiq edən Məşədixanım Nemətova, Sara Aşurbəyli, hüquq sahəsində yeganə akademikimiz Məsumə Məlikova, Nailə Vəlixanlı və başqaları... Tibb üzrə 50-dən çox bakılı professorumuz var.

Xüsusi vurğulamaq istəyirəm ki, təqdim etdiyim faktlar iki ensiklopediyadan - Azərbaycan Sovet və Cümhuriyyət ensiklopediyalarından götürülüb. Əlimdəki siyahını da görürsünüz (əlindəki nazik dəftərə qeyd etdiyi siyahını göstərir red.)

Hörmətli Sərdar bəy, sizin təhsil aldığınız Tibb Universitetində 30 yaşında professor adını alan, böyük pedaqoq alim Kamil Balakişiyev, 32 yaşında professor olan Törə Qədimova, professor Əbülfəz Qarayev, Tibb Universitetinin rektoru, professor Zəhra Quliyeva, professor Zəhra Salayeva... Siyahını uzatmaq olar.

Müxtəlif sahələr üzrə əslən Bakıdan olan 50-dən çox akademikimiz var, hələ hamısını dəqiqləşdirməmişəm.

Hamımızın sevimlisi, akademik Ziya Bünyadov Seyid Yəhya Bakuvinin nəslindəndir, köklü bakılıdır. Riyaziyyatçı alim Arif Babayev, Azərbaycanda şərqşünaslıq elminin əsasını qoyan Əbdülkərim Əlizadə, Tofiq Alxasov, sovet dönəmində 10 il yeganə qaz sənayesi naziri olan Sabit Orucov, Nəriman Quliyev, Məmmədarif Dadaşzadə, Əziz Mirəhmədov kimi alimlər əslən Bakıdandır. Elə bircə Əmircan kəndi 5 akademik yetirib.

Bakılı Möhsün bəy Xanlarov 1883-cü ildə Almaniyada kimya elmləri doktoru adına layiq görülən ilk azərbaycanlıdır. Professor Mirzə Axundov isə Almaniyada tibb təhsili alan ilk azərbaycanlıdır. 1098-ci il təvəllüdlü Allahverdi Əliyev 1916-cı ildə Kiyevdə professor adını alıb.

Mən hələ əslən Azərbaycanın müxtəlif bölgələrindən olan, amma Bakıda doğulan ziyalı və alimləri xatırlatmıram. Hərçənd ki, onlar da Bakımızın bir hissəsidir.

Hörmətli Sərdar bəy, siz Qəzənfər Musabəyovu rusdilli olmaqda ittiham edirsiniz. Nəzərinizə çatdırım ki, həmin insan Naxçıvan Muxtar Respublikasının qurucularından biridir.

Çox qəribə bir şeydir. Hər kəs öz yanında olan bir-iki alimi tanıyır, amma bilmir ki, Bakı nə qədər görkəmli ziyalı yetirib.

Sonda bir daha qeyd etmək istəyirəm ki, mən ziyalıyam. Vətənimi kəndlilərə, şəhərlilərə bölmürəm. Mənim üçün Azərbaycan bütövdür, bütün soydaşlarım əzizdir. Onu da deyim ki, bakılılar qədim dövlətçilik ənənələrinin daşıyıcıları olduqlarından heç vaxt regionçu olmayıblar.

O ki qaldı Bakıya, Bakı təkcə biz köklü bakılıların deyil, Bakıda yaşayan, Azərbaycan vətəndaşı olan hər kəsindir, hamımız bu şəhəri sevirik. Bakı hər zaman bizim olub, bizim də olacaq.

Kim bizim kimi düşünmürsə, kim bu şəhəri sevmirsə, bu şəhərə nifrət edirsə, biz bakılıların üstünə gəlməsin, yaşamasın bu şəhərdə.

Təbii ki, bakılıların arasında da hər cür insan var. Amma biz yatmış vulkana bənzəyirik. Yatmış vulkanı oyatmayın. Çünki onun odlu-alovlu lavası yerli camaata hörmətsizlik edənləri, bizə qarşı regionçuluq siyasəti yürüdənləri, bizi əzməyə çalışanları yandırıb kül edər.

Bir daha təkrar edirəm: heç kəsin bakılılara, ümumiyyətlə şəhər əhlinə hörmətsizlik etməyə haqqı yoxdur!”

Hazırladı: İnci TÜRKEL, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA